Məhkəmə qərarları › İş №2-1(105)-82/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-82/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-82/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (X8 iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə) (Açar sözlər: torpaq sahəsinə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X9, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsinə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2449/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Qusar rayonu Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərar əsasında İddiaçı 0.02 ha torpaq sahəsi ayrılmışdır. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina bildirişindən görünür ki, “Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, Qusar rayonu Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün Sizə satılmış 0.02 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin əsilləri ərizənizə əlavə edilməmişdir. Bildiririk ki, 0.02 ha torpaq sahəsinə dair ərizənizə əlavə olunmuş sənədlər kserosurətdir. Nəzərinizə çatdırırıq ki, həmin sənədlərin əsilləri və yaxud arxiv çıxarışları təkdim olunmalıdır.Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Müayinə aktından görünür ki, Qusar rayonu Çiləgir Bələdiyyəsinin 01.11 2007-ci il tarixli, 21 saylı qərarına əsasən Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən, sahibkarlıq məqsədilə iddiaçıya satılmış 0.02 hektar torpaq sahəsinə naturada tərəfimizdən müayinə baxışı keçirilmişdir, baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsinə iddiaçının adına ləğv edilmiş DT və XK tərəfindən sahibkarlıq məqsədilə 0.02 hektar olmaqla xx.xx.2007-ci il tarixli, A № 043424 blank və **********0049 kadastr nömrəli torpaq sahəsinin planı və ölçüsü işlənilmişdir, həmin torpaq sahəsinin planı və ölçüsündəki koordinatları torpaq sahəsinin naturada faktiki istifadə vəziyyətinə olan koordinatlara uyğundur. Lakin torpaq sahəsinin koordinatlarını TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 0.015 hektar hissəsi digər şəxs X6 məxsus JN-43 nömrəli şəhadətnamə ilə üstüstə düşməsi məlum olmuşdur, bundan əlavə torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmaqla aqrar islahat uqodiyası kolluqlara aiddir. Bundan əlavə torpaq sahəsi bütövlükdə ərazidən keçən “35 kV”-luq yüksək gərginlikli elektrik xəttinin qoruma zolağına düşür. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Qusar rayonu,Çiləgir kəndi üzrə X4 məxsus torpaq sahəsinə verilmiş JN-43 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” aşkar edilməmişdir. Azərbaycan Respublıkasının İqtisadıyyat Nazırliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2025ci il tarixli məktubundan görünür ki, arxivdə aparılmış araşdırma zamanı Qusar rayonunun Çiləgir kəndi ərazisində JN-43 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə’nin X3 adına tərtib edilməsinə dair məlumat aşkar edilməmişdir. Arxivdə saxlanılan Qusar rayonu, Çiləgir kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısında 43 nömrə ilə başqa vətəndaşların adları (X1, X11, X2) qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Qusar rayonu Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərara əsasən Qusar rayunu Çiləgir kəndi ərazisində yerləşən, sahibkarlıq məqsədilə ona satılmış 0.02 ha torpaq sahəsinə daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar rayonu, Çiləgir kənd ərazisindən sahibkarlıq məqsədilə Çiləgir bələdiyyəsinin ehtiyyat fondundan 01 noyabr 2007-ci il tarixil 21 nömrəli Qərara əsasən Qusar rayon Bələdiyyəsindən 0.02 ha sahəni satın almışdır. Həmin qərara əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritçəkmə Komitəsi tərəfindən yerquruluşu planı çəkilmiş və yerin ölçüləri götürülmüşdür. Həmin trorpaq sahəmi X19 kitabında xx.xx.2008-ci il tarixli AN 043424 saylı 244 nömrə ilə uçota alınmışdır. Ona məxsus olan Qusar rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini müsbət həll etməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Ağabalayev X12 rayonu, Çiləgir kəndi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmişdir.Müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-Ə-0607-8/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki:“Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, Qusar rayonu Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarı ilə sahibkarlıq məqsədi üçün Sizə satılmış 0.02 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin əsilləri ərizənizə əlavə edilməmişdir.Bildiririk ki, 0.02 ha torpaq sahəsinə dair ərizənizə əlavə olunmuş sənədlər kserosurətdir. Nəzərinizə çatdırırıq ki, həmin sənədlərin əsilləri və yaxud arxiv çıxarışları təkdim olunmalıdır.Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənizin icrası ərazi idarəsi tərəfindən mümkün olmamışdır.Məlumat üçün bildiririk ki, ərizənizə əlavə olunmuş sənədlər ərazi idarəsində aşkar edilmədiyi üçün təsdiqlənmiş surətlərin verilməsi mümkün olmamışdır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2449/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Qusar rayonu Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərara əsasən Qusar rayunu Çiləgir kəndi ərazisində yerləşən, sahibkarlıq məqsədilə iddiaçıya satılmış 0.02 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə tərəfindən dövlət arxivinə sorğu göndərilmiş və Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 3-48-30RA/2-2xx-xx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arxiv çıxarışından müəyyən olunur ki, iddiaçıya qanuni əsaslarla torpaq sahəsi ayrılmışdır. Bu səbəbdən cavabdehin gətirdiyi 1-ci arqument əsassızdır. Qusar rayonu Çiləgir Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarı qəbul edilərkən qanunvericiliyin tələbi gözlənilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən əldə edilmişdir. Bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir. Alqı-satqı müqaviləsinin ümumi prinsiplərinə əsasən alıcı müqavilə üzrə alqı-satqı predmetinin dəyərini satıcıya ödəməli, satıcı isə dəyəri ödənilmiş əşyanı sənədləri ilə birlikdə alıcının mülkiyyətinə verməlidir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi 2-ci arqument ilə bağlı, yəni torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmaması və texniki müayinənin keçrilməməsinə münasibətdə “İnzibati icraata haqqında” Azərbaycan Respublikası Qanunun 28.1.2 və 45.1-ci maddələrinə əsasən cavabdeh inzibati orqanın inzibati orqan kimi inzibati araşdırma aparmaq və sübutları təqdim etmək vəzifələri vardır. İş materiallarından müəyyən olunur ki, cavabdeh bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Belə olduğu tədqirdə cavabdeh təşkilatın öz mülahizələrinə əsaslandığı və iddia tələbinin təmin edilməməsi illə bağlı gətirdiyi bütün arqumentlər öz əhəmiyyətini itirmiş olur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, vətəndaş tərəfindən sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, 'həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən mülkiyyət hüququ müəyyən edilmiş daşınmaz əmlakla bağlı məhkəmə tikinti-texniki ekspertizasını təyin etməmişdir. Bundan əlavə sənədlərin kserosurətindən görünür ki, Qusar rayonu, Çiləgir bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı- satqısına dair aktın tərtibetmə və qeydiyyata alınma tarixləri yoxdur. Yəni həmin alqı-satqı aktı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən qeydiyyata alınmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi və üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ..... Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 0.02 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, torpaq ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin əsli və ya arxiv çıxarışı təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı əsasında sözügedən torpaq sahəsi iddiaçıya satılmış, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz və həmin qərarın arxiv çıxarışı mövcud olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən bələdiyyənin ehtiyat fondu torpaqlarından iddiaçının adına torpaq sahəsinin ayrılmasının məqsədəmüvafiq olması barədə rəy verilmiş, habelə torpaq sahəinin plan və ölçü sənədi tərtib edilərək, kadastr kitabında uçota alınmışdır. Həmin torpaq sahəsinin yerləşmə vəziyyətinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmiş, bələdiyyə və müvafiq torpaq şöbəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada mövcuddur, torpaq sahəsinin plan və ölçü sənədində olan koordinatları iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarına uyğundur, kənd təsərrüfatı təyinatlı, aqrar islahat uqodiyası kolluqlara aiddir, torpaq sahəsi bütövlükdə 35 kv-luq yüksək gərginlikli elektrik xəttinin qoruma zolağına düşür, lakin sözügedən torpaq sahəsinin koordinatları 0,015 ha hissədə elektron kadastr uçot məlumat bazasında üçüncü şəxs X5 məxsus JN-43 nömrəli şəhadətnamə ilə üst-üstə düşdüyü qeyd edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-43 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və onun tərtib edilməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsi naturada mövcuddur, iddiaçının faktiki istifadəsindədir, habelə yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Göstərilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya cavabdehin imtina və şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin arxiv çıxarışı mövcud olduğu halda, cavabdeh inzibati orqan formal olaraq sənədlərin əsli və ya arxiv çıxarışının təqdim edilməməsi halına istinad etmişdir. Halbuki, cavabdhe inzibati orqan özü də inzibati icraat çərçivəsində həmin sənədlərin arxiv çıxarışını əldə etmək imkanına malik olmuşdur. Bu baxımından kollegiya hesab edir ki, həmin hissədə şikayətin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan şikayətin dəlili kimi torpaq sahəsinin alqı-satqısına dair aktın tərtibedilmə və qeydiyyata alınma tarixlərinin olmaması, həmin aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeydiyyata alınmaması halına istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, qeyd edilən sənədlərin qanunla müəyyən edilmiş qaydada tərtib edilməsi və qeydiyyata alınması məhz müvafiq qurumların səlahiyyətinə aiddir. Göründüyü kimi həmin hal məhz həmin qurumların öz səlahiyyətlərini lazimi qaydada və vaxtında icra etməməsinin nəticəsində ortaya çıxmaqla, iddiaçının təqsiri ilə əhatə olunmamış, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Başqa sözlə desək, qeyd edilən hal iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Bu hal isə özlüyündə inzibati icraat haqqında qanunvericiliyin tələblərinə, məqsədinə və prinspilərinə (mütənasiblik) ziddir. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının adına torpaq sahəsinin ayrılması barədə bələdiyyə qərarı qüvvədə olmaqla, onun ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmiş, habelə həmin torpaq sahəsinin ayrılmasının məqsədəmüavfiq hesab edilməsində dair həmin dövrdə səlahiyyətli qurum qimsində çıxış edən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş rəy də hazırda qüvvədədir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də dəlili əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Kollegiya cavabdehin istinad etdiyi digər dəlilləri ilə bağlı qeyd edir ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı təqdim edilmiş, torpaq sahəsi naturada mövcud olmaqla, faktiki iddiaçının istifadəsindədir, sənəd üzrə yerləşməsi ilə faktiki istifadə vəziyyətində hər hansı uyğunsuzluq aşkar edilməmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh müayinə aktında sözügedən torpaq sahəsinin sənəd üzrə elektron məlumat bazasına əsasən JN-43 nömrəli şəhadətnamədə əks olunmuş torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etsə də, həmin şəhadətnamənin və onun verilməsinə əsas olmuş sənədlərin mövcudluğu aşkar edilməmişdir. Nəticə etibarilə cavabdeh iddiaçıya məxsus olan torpaq sahəsinin mövcud olmayan sənədlə üstüstə düşməsi ilə bağlı hala istinad edir ki, bu hal qanunvericiliyin tələbinə ziddir. Başqa sözlə desək, torpaq sahəsi üzərində hüququn yaranması üçün hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməlidir. İndiki halda isə iddiaçıya məxsus torpaq sahəsinin hər hansı qüvvədə olan və real olaraq mövcud olan hüquqmüəyyənedici sənədlə ayrılan torpaq sahəsi ilə üst-üstə düşməsi halı müəyyən edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, torpaq sahələrinin sənəd üzrə üst-üstə düşmə halı o halda mövcud ola bilər ki, hər bir torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olmuş olsun. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsinin başqa şəxsə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmə halı mövcud deyildir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri həmin hissədə də əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, cavabdeh sözügedən torpaq sahəsinin müvafiq elektrik xəttinin mühafizəsi zonasında yerləşdiyini qeyd edir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, yuxarıda istinad edilən müvafiq Qaydalarda qeyd edilən halın torpaq sahəsinə dair mülkiyyət hüququnun məhdudlaşdırılmasına əsas olan hal kimi müəyyən edilməsinə dair hər hansı imperativ norma öz əksini tapmamışdır. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi həmin hala istinad edilməsi özlüyündə qanunvericilik normalarının tələbinə zidd olmaqla, mülkiyyət hüququnun əsassız yerə məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bu baxımından kollegiya hesab edir ki, həmin hissədə də cavabdehin arqumenti əsassız olmuşdur. Kollegiya cavabdehin müvafiq məhkəmə ekspertizası keçirilməsi ilə bağlı dəlilinə münasibətdə onu qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə əsasən iş üçün əhəmiyyət kəsb edən hər hansı halın müəyyən edilməsi üçün xüsusi bilik tələb edən sualların izah edilməsinə zərurət olması ekspertiza təyin edilməsi üçün əsas hesab edilir. İndiki halda isə işin yuxarıda müəyyən edilmiş faktiki və hüquqi halları əsasında iş üçün əhəmyyət kəsb edən halların müəyyən edilməsi üçün xüsusi bilik tələb edən halların olduğu aşkar edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin dəlili də əsassız olmuşdur. Göründüyü kimi, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmış və bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunla müəyyən edilmiş hər hansı əsas aşkar edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2449/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar