Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-820/2024 09.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı "əmrlərin etibarsız hesab edilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)- 3369/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1999-cu il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətə başlamış, xx.xx.2004-cü il tarixdən xx.xx-2007-ci il tarixədək Nərimanov RHK-nın 2-ci bölmə rəisinin böyük köməkçisi, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Qaradağ RHK-nın bölmə rəisi hərbi komissar müavini, xx.xx.2008-ci il tarixdən xx.xx.2012ci il tarixədək Şuşa RHK-nın hərbi komissarı vəzifələrində işləmiş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa rayon bölməsinin rəisi vəzifəsinin icraçısının xx.xx.2012-ci il tarixli, 14 nömrəli əmrinə əsasən 02 iyul 2012-ci il tarixdən bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixədək həmin vəzifədə işləmiş, SHXÇDX rəisinin - xx.xx.2013-cü il tarixli, 0219 ş/h nömrəli əmri ilə Xidmətin Şuşa rayon bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2014-cü il tarixli, 050 ş/h nömrəli əmri ilə Xidmətin Şuşa rayon bölməsinin rəisi İ.İddiaçı “polkovnik-leytenant” hərbi rütbəsi verilmiş, xx.xx.2016-cı il tarixli, 032 ş/h nömrəli əmri ilə o, həmin vəzifədən azad olunaraq Xidmətin Astara rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Həmin şöbədə xidmət etdiyi zaman 2017-ci ilin noyabr ayında İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 32.5, 321.1 və 341.2.1-ci maddələri ilə cinayət işi başlanılmış, istintaq zamanı Bakı Hərbi Məhkəməsinin 04 noyabr 2017-ci il tarixli, 4-369 nömrəli qərarı ilə onun barəsində 03 ay həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddəti xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Eyni gündə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2017-ci il tarixli, 075 ş/h nömrəli əmrinə əsasən xidmətlərində buraxdıqları ciddi nöqsanlara görə Xidmətin bir neçə zabitləri o cümlədən, “polkovnik-leytenant” İ.İddiaçı tutduğu vəzifədən azad edilərək Xidmət rəisinin sərəncamına götürülmüşdür. xx.xx.2017-ci il tarixli, 187 n/h nömrəli əmrlə isə o, Xidmətin Aparatının şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bundan sonra Astara rayon şöbəsinin Səfərbərlik hazırlığı və Səfərbərlik bölməsinin zabitinin xx.xx.2017-ci il tarixli, 107 nömrəli əmrinə şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Daha sonra SHXÇDX rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Xidmət rəisinin sərəncamında olan “polkovnikleytenant” İ.İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış; Xidmətin xx.xx.2017-ci il tarixli, 188 n/h nömrəli əmrinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, hərbi qeydiyyata götürülmək üçün Xidmətin Sumqayıt şəhər idarəsinə göndərilmişdir. Cəlilabad Hərbi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 1-1(096)-29/2016 nömrəli hökmünə əsasən İ.İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313, 32.5, 321.1 və 341.2.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 313-cü maddəsi üzrə 1500 manat məbləğində cərimə cəzasına, CM-nin 32.5, 321.1-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 1500 manat məbləğində cərimə cəzasına, CM-nin 341.2.1-ci maddəsi üzrə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə, 1500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza 4000 manat məbləğində cərimə cəzası təyin edilmiş, CM-nin 69.4-cü maddəsinə əsasən təyin olunmuş cərimə cəzası İ.İddiaçı işi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək həbsdə saxlanılma müddəti nəzərə alınmaqla yüngülləşdirilmiş və onun üzərində qəti cəza olaraq 1000 (min) manat cərimə cəzası saxlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək SHXÇDX rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli əmrinin ləğv edilməsi və onun həqiqi hərbi xidmətə bərpa edilməsini xahiş etmişdir. İnzibati orqan xx.xx.2024-cü il tarixli, 3-43-93/2-İ-166/1/2024 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Onun yenidən Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə qəbul olunmağı mümkün sayılmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək hərbi xidmətdən ehtiyata buraxılmasının qanunsuz sayılması, SHXÇDX rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətə bərpa edilməsi, tərxis tarixindən hazıradək keçmiş müddətin hərbi xidmət stajına hesablanılması, qanunsuz ehtiyata buraxılması nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, sonuncu ərizəsində onun həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli və xx.xx.2017-ci il tarixli, 188 n/h nömrəli əmrlərinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Ehtiyata buraxılmağının formal səbəbi xx.xx.2017-ci ildə cinayət əməlini törətməkdə şübhəli bilinərək həbs olunmağı olmuşdur. Bununla əlaqədar bildirir ki, Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarxili qanuni qüvvəyə minmiş hökmü ilə o 1000 (bir min) manat cərimə cəzasına məhkum edilmiş və cəriməni ödəmişdir. Hesab edir ki, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması zamanı qanunvericiliyin tələbləri, eləcə də onun konstitusion hüquqları kobudcasına pozulmuşdur. Belə ki, bütün xidmət dövründə nümunəvi xidmətilə seçilmiş və yuxarı rəislərindən hər hansı intizam cəzası almamış, uzun illər ərzində hərbi komissar müavini, hərbi komissar, SHXÇDX-nin rayon bölməsinin və şöbəsinin rəisi vəzifələrində xidmət etmiş, xidməti vəzifələrinin icrasına münasibəti nəzərə alınmaqla hər dəfə daha yuxarı vəzifələrə irəli çəkilmiş, polkovnik-leytenant hərbi rütbəsinə qədər yüksəlmişdir. SHXÇDX rəisinin xx.xx.2017-ci il tarixli, 034 ş/h nömrəli əmri ilə tərxis edildiyi tarixdən 5 ay əvvəl “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medala layiq görülməyi qeyd etdiklərini bir daha təsdiqləmiş olur. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cavabdeh AR konstitusiyasının bu müddəasını nəzərə alınmadan, təqsirinin olması barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan onu tərxis etmişdir. Həmin Əsasnamənin 158-ci maddəsinin 11-ci abzasında “Barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər” məzmunlu müddəa nəzərdə tutulduğu halda, cavabdeh bu müddəanı pozaraq onu tərxis etmişdir. Halbuki, həmin Əsasnamənin 72-ci maddəsinin ”d” bəndinin 2-ci abzasının 1-ci cümləsinə (Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar) əsasən o vəzifədən azad olunmaqla, sərəncama götürülməli idi. Eyni zamanda, həmin Əsasnamənin 161, 162, 163-cü maddələrində təsbit edilmiş - hərbi qulluqçunu tərxis olunma barədə məlumatlandırma, onunla 2 dəfə söhbət aparma, tibbi şəhadətləndirmə kimi mütləq tələblərə də riayət olunmamışdır. Tərxis edildiyi zaman 18 ildən artıq hərbi xidmət stajının olması, himayəsində 3 (üç) azyaşlı övladının olması da nəzərə alınmamışdır. Hesab edir ki, cavabdeh tərəfindən göstərilən hüquq normalarının tələblərinə riayət olunmaması nəticəsində ona ciddi maddi və mənəvi ziyan vurulmuşdur. Belə ki, həbs edildikdən sonra “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin tələbinə uyğun olaraq, tərxis olunmayacağı təqdirdə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə cərimə cəzasına məhkum edilməyi səbəbindən onun SHXÇDX-nin şəxsi heyətinin sıralarından xaric edilməyi üçün hüquqi əsas da olmayacaqdı, həqiqi hərbi xidmətini davam etdirmək hüququndan məhrum edilməyi hərbi xidmət stajını 20 ilə çatdıraraq pensiya hüququnu əldə etmək imkanını da əlindən almışdır. Cavabdeh iddia tələbinə etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Sadalanan qanunvericilik normalarından və iddiaçının xx.xx.2017-ci il tarixdən ehtiyata buraxılma əmrindən görünür ki, o hazırki tələb üzrə iddia müddətini ötürmüş və bu səbəbdən onun iddia tələbi mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-3369/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti rəisinin sərəncamında olan polkovnik-leytenant İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında Xidmət rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h saylı və nizami hissə üzrə xx.xx.2017-ci il tarixli, 188n/h saylı əmrləri etibarsız hesab edilmişdir (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən xidmət müddəti ərzində törətdikləri cinayət əməllərinə görə həbs olunmuş və barələrində istintaq aparılan hərbi qulluqçular Əsasnamənin 72-ci bəndinə əsasən tutduqları vəzifədən azad olunaraq bütün istintaq dövrü üçün sərəncamda olurlar və barələrində istintaq və ya məhkəmə tərəfindən qərar çıxarılmayana kimi həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. İddiaçının xidmətə uyğunsuzluqla bağlı ehtiyata buraxılmasının əsasları mübahisələndirilən xx.xx.2017-ci il tarixli, 076 Ş/H saylı əmrdə göstərilməsə belə, cavabdehin nümayəndəsinin məhkəmədə verdiyi izahatından bəlli oldu ki, onun Əsasnamənin 41.0.6-cı bəndinə görə ehtiyata buraxılmasının səbəbi törətdiyi cinayət əməlinə görə xx.xx.2017-ci ildən həbsə alınması ilə bağlı olmuşdur. Göründüyü kimi həmin əmrdə iddiaçının xidmətə uyğunsuz anlayışı aydın və anlaşılan deyil. Digər tərəfdən, o da nəzərə alınmalıdır ki, hətta iddiaçının xidmətə uyğunsuz olması səbəbindən ehtiyata buraxılması üçün əsas onun tərəfindən cinayət törətməsi olmasa idi belə, cavabdeh tərəfindən ehtiyata buraxılma zamanı Əsasnamənin 161-ci bəndində göstərilən və imperativ xarakter daşıyan prosedur qaydalarına riayət olunmalı idi. İddiaçı xx.xx.2017-ci il tarixədək intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə xidmətdə göstərdiyi qüsursuz fəaliyətə görə dəfələrlə medalla təltif edilmişdir. Əsasnamənin tələbləri baxımından, hərbi qulluqçu sərəncama götürülərkən o, başqa işlə təmin edilməli və sonra ehtiyata buraxılmalıdır. Lakin, iddiaçı xx.xx.2017-ci il tarixli, 075ş/h saylı əmrlə sərəncama götürülərkən tutduğu vəzifədən azad edilmişdir. Belə olduğu tədqirdə, onun vəzifə sahibi olmadan və ehtiyata buraxılma prosedurlarına riayət edilmədən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması yolverilməzdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hüquqi aktın tərkib ünsürlərindən birinin qanunun əmredici və ya qadağanedici müddəalarına zidd olması etibarsızlığa deyil, aktın qanunsuzluğuna səbəb olur. İnzibati aktı qəbul etmiş inzibati orqanın səlahiyyətli olubolmaması məsələsi ona görə xüsusi əhəmiyyət kəsb edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsinin hazırkı redaksiyasına əsasən, inzibati aktın yalnız müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu inzibati aktın etibarsızlığı üçün əsaslardan biri qismində çıxış edə bilər. Həmin Qanunun 4.1-ci və 4.3-cü maddələrinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələr müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilir. İnzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin həlli qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Göründüyü kimi predmet aidiyyətində söhbət inzibati aktın əsl səlahiyyət daşıyıcısı tərəfindən qəbul edilibedilməməsindən gedir. Yuxarıda qeyd olunanlarla əlaqədar, həmin Qanunun 65.1.2-ci maddəsində təsbit olunmuş qayda problematik hesab edilir. Həmin normaya əsasən, müvafiq səlahiyyəti olmayan inzibati orqar tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. 65.2-ci maddəyə əsasən etibarsız sayılmaq o deməkdir ki, inzibati akt qəbul edildiyi andan heç bir hüquqi nəticə yaratmır. Beləliklə, sözügedən normanın mətninə uyğun olaraq, inzibati aktın səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu heç vaxt onun qanuna zidd olmasına deyil, əksinə, birbaşa etibarsızlığına səbəb olur. Qanunun 65-ci maddəsində sadalanmış əsasların müqayisəsi inzibati aktın yalnız dar şərtlər çərçivəsində, yəni aydın şəkildə anlaşıla bilən müstəsna hallarda etibarsız sayılması nəticəsinə gəlməyə əsas verir. Buraya hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt (İİQ nun 65.1.1-ci maddəsi) və ya maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt (İİQ-nun 65.1.4-cü maddəsi), yaxud faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt (İİQ-nun 65.1.5-ci maddəsi), eləcə də kimə ünvanlandığı aydın olmayan inzibati akt (İİQnun 65.1.6-cı maddəsi) aiddir. Qeyd olunan bu müstəsna hallar mövcud olduqda, inzibati aktın qanuna zidd deyil, birbaşa etibarsız sayılması onsuz da heç bir sual doğurmur. İnzibati aktın müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbulu inzibati orqanların səlahiyyətləri aydın şəkildə qanunla tənzimləndiyi hallarda belə, səlahiyyəti olmayan inzibati orqanın səhvən qərar qəbul etməsini nəzərdə tutur. İnzibati aktın etibarsızlığının tanınmasına dair iddia o halda əsaslı sayıla bilər ki, inzibati akt konkret olaraq İİQ-nun 65-ci maddəsinə əsasən etibarsız olsun. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 fevral tarixli, 593 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə” nin 5.6.12-ci yarımbəndinə əsasən, Xidmət rəisi - vətəndaşları Xidmətə həqiqi hərbi xidmətə və işə qəbul edir, onları işdən azad edir, ali zabit heyəti istisna olmaqla, hərbi qulluqçuları vəzifəyə təyin və vəzifədən azad edir, onları həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxır. İddiaçı Xidmətin zabiti olmuş və onun barəsində hərbi qulluqçu kimi qərar qəbul etmək səlahiyyəti qanunvericiliyə uyğun olaraq Xidmət rəisinə aid edilmişdir. Göründüyü kimi işə baxan məhkəmə “İnzibati icraat haqqında” Qanunun 65.1.2-ci maddəsinə şərh vermiş, lakin qanunvericiliyə şərh vermək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aiddir. Həmçinin, tərəflərindən Sumqayıt İnzibati Məhkəməsinə etiraz təqdim edilərək, İİQ-nun 35 və 73-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 2.2.1, 35.1, 35.3 və 38.1-ci maddələrinə və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarına istinad edərək iddiaçının tələbinin mümkünsüz kimi qiymətləndirilməsi xahiş olunmuşdur. Lakin, məhkəmə, ümumiyyətlə tərəflərindən təqdim olunmuş etiraza münasibət bildirməmiş və “Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək cavabdeh təşkilatın qanunvericiliyin tələblərinə uyğun hərəkət etdiyini və buna görə də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi” cümləsi yazmaqla kifayətlənmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia rədd edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı barəsində 2017-ci ildə aparılmış istintaq tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli şəxs hesab edilmiş və məhkəmənin müvafiq hökmü ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əmrilə 2017-ci ildə iddiaçının xidməti fəaliyyətinə xitam verilmişdir. Həmin tarixdən uzun müddət keçmişdir və icraatın təzələnməsi üçün yeni əsaslar, sübutlar yoxdur, eyni zamanda "İnzibati icraat haqqında" Qanunda nəzərdə tutulan 1 illik müddət də ötmüşdür. Qeyd edilənləri nəzərə alaraq şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, buraxılmış iddia müddəti bərpa edilərək, hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 76 ş/h nömrəli və nizami hissə üzrə xx.xx.2017-ci il tarixli, 188 n/h nömrəli əmrlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: ........ 38.4. Barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi qulluqçu sərəncama çıxarılır və onun həbsdə olduğu müddət, cinayət işinə xitam verildikdə və ya bəraət hökmü çıxarıldıqda, həqiqi hərbi xidmət müddətinə daxil edilir. Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: ...... 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmət keçmə haqqında” Əsasnamə Bu Əsasnamə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.
13. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə müvafiq olaraq dinc dövrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları aşağıdakı son yaş həddinədək xidmət edirlər: baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; ...
15. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların vaxtından əvvəl ehtiyata və ya istefaya buraxılmasına aşağıdakı hallarda yol verilir: xidməti uyğunsuzluğa görə — müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa; ...
72. Hərbi qulluqçular ştat vəzifələrinə təyin edilmək üçün onların birbaşa rəisləri tərəfindən təqdim edilirlər. Hərbi qulluqçuları vəzifələrə təyin edərkən aşağıdakı şərtlərə riayət edilir: ... d) hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi, bir qayda olaraq, onlar müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilmədən aparılır. Müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilirlər. Hərbi təhsil müəssisələrinin məzunları hərbi təhsil müəssisəsini bitirdikdən sonra müvafiq vakant vəzifələrə təyin edilirlər, müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilənlər isə hərbi təhsil müəssisəsini bitirməklə əlaqədar verilmiş məzuniyyəti istifadə edərək korpusa, diviziyaya, gəmi briqadasına bilavasitə gəldikdən sonra təyin edilirlər. ...
156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: ... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ...
158. Törətdikləri cinayətlərə görə məhkum (hərbi rütbəsindən məhrum olunmadan) edilmiş hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılırlar: a) həqiqi hərbi xidmətdə törətdikləri cinayətə görə azadlıqdan məhrum olunanlar; b) törətdikləri cinayətlərə görə azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlər, o cümlədən şərti məhkum olunanlar, yaxud hökmün icrası təxirə salınanlar, həmçinin azadlıqdan məhrum olunmağa məhkum edilib, lakin amnistiya nəticəsində cəza çəkməkdən azad edilənlər. ...
161. Həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.
162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. ... Gözlənilən buraxılma ilə bağlı söhbətlər aşağıdakı qaydada aparılır: polkovnik-leytenant da daxil olmaqla ona qədər olan hərbi qulluqçularla: hərbi hissədə — bilavasitə rəis və hərbi hissə komandiri tərəfindən; ... Həqiqi hərbi xidmətdən buraxılası hərbi qulluqçularla söhbət zamanı yerində həll edilməsi mümkün olmayan suallar qoyularsa, söhbət aparan rəis həmin sualların həllinə lazım ola biləcək məlumatlarla birlikdə bu barədə yuxarıdakı bilavasitə rəisə məlumat verir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmasının təqdim qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir.
Həmin Əsasnaməyə 6 saylı Əlavə “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidməti bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları”:
1. Təqdimat blankda tərtib edilir, hərbi hissə komandiri tərəfindən imzalanır və komanda üzrə bu məsələ ilə bağlı son qərar qəbul etmək səlahiyyəti olan komandirə (rəisə) göndərilir. Təqdimat müvafiq qurumlar vasitəsilə göndərilir. Məxfilik qrifi təqdimatın məzmunundan asılı olaraq müəyyən edilir. ...
3. “Təqdimatın əsaslandırılması” adlı İİ bölmədə göstərilir: ... v) həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən: hərbi xidmətə yararlılıq dərəcələri - nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən müayinə edilib, nə vaxt və hansı hərbi-həkim komissiyası tərəfindən xəstəlik haqqında şəhadətnamə təsdiq edilib, onun dəqiq nömrəsi, xəstəlik haqqında təsdiq edilmiş şəhadətnamədən hərbi xidmətə yararlılıq dərəcəsi haqqında dəqiq ifadə. Əgər hərbi qulluqçu tibbi müayinəyə göndərilməyibsə, bunun səbəbi göstərilir; q) ... nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti; ...
9. təqdimatla birlikdə söhbət vərəqəsi, hərbi-həkim komissiyasının arayışı, şərəf məhkəməsi qərarının surəti, axırıncı attestasiya, şəxsi iş (bu Əsasnamənin 156-cı maddəsinin “v”, “q”, “e”, “ə” bəndləri, 158-ci maddəsinin “b” bəndi ilə buraxıldıqda); ailə vəziyyəti ilə əlaqədar buraxılmanın (qadın hərbi qulluqçuların və həqiqi hərbi xidmət hərbi qulluqçularının) zəruriliyini təsdiq edən sənədlər göndərilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası, ilk növbədə, iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə bağlı qeyd edir ki, işdən göründüyü kimi, iddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli və xx.xx.2017-ci il tarixli, 188 n/h nömrəli əmrlərinin ləğv edilməsinə yönəlmişdir. İddiaçının ilkin tələbi də həmin əmrlərin məhz ləğv edilməsi barədə olmuş, daha sonra iddiaçı birinci instansiya məhkəməsində icraat zamanı tələbini bir neçə dəfə dəqiqləşdirərək, sonda həmin əmrlərin etibarsız hesab edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi də iddiaçının bu məzmunda tələbini təmin etmişdir. Apellyasiya məhkəməsində icraat zamanı isə iddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ilkin iddia tələbində olduğu kimi hərbi xidmətdən ehtiyata buraxılması barədə cavabdehin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli və nizami hissə üzrə xx.xx.2017-ci il tarixli, 188 n/h nömrəli əmrlərinin ləğv edilməsi barədə qərar qəbul edilməsini eyni zamanda, buraxılmış iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 avqust 2024-cü il tarixli, 2-1(105)-820/2024 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş iddia müddətinin bərpa edilməsinə dair ərizə təmin edilmiş, buraxılmış müddət bərpa edilmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçı 1999-cu ildən başlayaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçu kimi xidmət etməklə, məsul vəzifələrdə işləmiş, daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisinin xx.xx.2017-ci il tarixli, 075 ş/h nömrəli əmrinə əsasən o, xidmətində buraxdığı ciddi nöqsanlara görə tutduğu Xidmətin Astara rayon şöbəsinin rəisi vəzifəsindən azad edilərək Xidmət rəisinin sərəncamına götürülmüş, sərəncamda olduğu müddətdə (sərəncamdan 2 gün sonra) qəbul edilmiş xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, həmin tarixli, 188 n/h nömrəli əmrlə isə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. İddiaçının ehtiyata buraxılması barədə əmrdə onun qəbul edilməsinə əsas, yəni xidmətə uyğunsuzluğun səbəbi konkret olaraq göstərilməmişdir. Hazırda iddiaçı ehtiyata buraxılması və şəxsi heyətinin siyahısından çıxarılması barədə əmrləri mübahisələndirərək onların ləğv edilməsini xahiş edir. Kollegiya hesab edir ki, mübahisələndirilən əmrlər aşağıda sadalanan qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun aşağıda sadalanan normalarında barəsində istintaq işi aparılan hərbi qulluqçuların sərəncamda olma və xidmətdən buraxılmalarının xüsusi qaydası təsbit edilmişdir. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin: - 72-ci maddəsinin d) bəndinin 2-ci hissəsinə əsasən cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir. - 158-ci maddəsinin 11-ci bəndində göstərilir ki, barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 38.4-cü maddəsinə görə barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi qulluqçu sərəncama çıxarılır və onun həbsdə olduğu müddət, cinayət işinə xitam verildikdə və ya bəraət hökmü çıxarıldıqda, həqiqi hərbi xidmət müddətinə daxil edilir. Sadalanan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, qanunverici barələrində istintaq işi aparılan və həbsə alınmış hərbi qulluqçuların vəzifədən azad edilmələri və bütün istintaq dövründə sərəncamda olmalarını müəyyən etmiş və onlar barəsində cinayət işi üzrə məhkəmə qərarı çıxarılanadək həqiqi hərbi xidmətdən buraxılmalarını qadağan etmişdir. Qeyd olunan normaları hazırkı işə tətbiq edərək kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə Xidmət rəisinin sərəncamına götürüldükdən sonra həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə sərəncamda saxlanılmalı və yalnız barəsində məhkəmə qərarının (Cəlilabad Hərbi Məhkəməsinin 25 dekabr 2018-ci il tarixli, 1-1(096)-29/2016 nömrəli hökmü) qəbul edildiyi tarixdən sonra onun xidmətdən ehtiyata buraxılması ilə bağlı məsələyə baxılmalı idi. Lakin, işdən görünür ki, cavabdeh inzibati orqan bu formada davranmamış, qanunvericiliyin tələblərini pozaraq iddiaçının sərəncama götürülməsinə dair xx.xx.2017-ci il tarixli əmrdən cəmi 2 gün sonra onun ehtiyata buraxılması barədə xx.xx.2017-ci il tarixli əmr qəbul etmiş və əmrdə xidməti uyğunsuzluğun nədən ibarət olmasını əsaslandırmamış, əmrin qəbul edilməsinə əsas olan sənədləri qeyd etməmişdir. Halbuki, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin yuxarıda sadalanan 161, 162 və 165-ci maddələrinin tələblərindən göründüyü kimi qanunvericilikdə hərbi xidmətdən ehtiyata buraxılma ilə bağlı icraat qaydaları və icraat çərçivəsində ehtiyata buraxılma ilə bağlı həyata keçirilməli olan zəruri tədbirlər (hərbi qulluqçuların bir qayda olaraq, buraxılmaya iki ay qalmış xəbərdar edilməsi, hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı haqqında ən azı iki fərdi söhbətin aparılması, birinci söhbətin buraxılmağa təqdim olunmazdan qabaq aparılması və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin, maddi-məişət təminatının güzəştləri və üstünlüklərinin izah olunması, digər məsələlər üzrə zəruri izahatların verilməsi, onların xidmət illərinin dəqiqləşdirilməsi və bununla bağlı etirazları olduğu halda etirazlara baxılaraq müvafiq qərar qəbul edilməsi və s.) nəzərdə tutulmuşdur. Həmin Əsasnaməyə 6 saylı əlavə - “Hərbi qulluqçulara növbəti hərbi rütbə verilməsi (hərbi rütbəsinin aşağı salınması və bərpa edilməsi, hərbi rütbədən məhrum edilməsi), onların vəzifəyə təyin edilməsi və həqiqi hərbi xidmətdən buraxılması (müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından və hərbi xidməti bağlaşma ilə keçən hərbi qulluqçulardan başqa) üçün təqdimatların tərtib edilməsi Qaydaları” nda həqiqi hərbi xidmətdən buraxılmağa təqdim olunarkən tərtib edilən təqdimatın məzmunu (................ nə vaxt və kim tərəfindən buraxılma haqqında söhbət aparılıb, hərbi qulluqçu xidmət illərinin hesabı ilə tanış edilibmi, onun buraxılmaya münasibəti) və bunu təsdiq edən sənədlər barədə müvafiq məlumatların nəzərdə tutulması ilə bağlı tələblər təsbit edilmişdir. Təqdimat, xüsusilə də xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma barədə təqdimat həmin tələblər nəzərə alınmaqla tərtib olunmalı və təqdimata orada qeyd edilən məlumatları təsdiq edən müvafiq sənədlər əlavə edilməlidir. Kollegiya qeyd edir ki, həmin tələblər imperativ xarakter daşıyır və zabit heyətinə aid hərbi vəzifəli şəxslərin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı hallarda onlara riayət olunmalıdır. Lakin, hazırkı iş üzrə iddiaçının həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağa təqdim olunması ilə bağlı yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunduğu, ümumilikdə, iddiaçının dinlənilmə hüququnun təmin edilməsi müəyyən olunmur. Hərbi qulluqçulara münasibətdə müəyyən edilmiş yuxarıda qeyd edilən xüsusi inzibati prosedur həm də “İnzibati icraat haqqında” Qanunun tələblərindən irəli gəlir. Belə ki, həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, inzibati icraatda dinlənilmə hüququ prosedur prinsip və təminat kimi müəyyən edilmişdir. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinin tələblərindən göründüyü kimi bu hüququn tələblərinə riayət edilməməsi inzibati icraatın nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuzluğuna səbəb olur və müvafiq olaraq həmin inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə araşdırması zamanı iddiaçı barəsində “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) uyğun olaraq mübahisəli əmrlər qəbul edilərkən həm ümumi, həm də sahəvi qanunvericiliklə müəyyən edilən qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Bu təhlil isə mübahisələndirilən əmrlərin qanun pozuntuları ilə müşayiət olunaraq qəbul olunduğuna dəlalət edir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında yaranmış münasibət ilk əmək və xidməti münasibət deyil. Belə ki, iddiaçı hazırki bölməsinin rəisi vəzifəsinə xx.xx.2013-cü il tarixdə təyin edilsə də, o, 1999-cu ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçu kimi xidmət etməklə, bölmə rəisinin böyük köməkçisi, bölmə rəisi hərbi komissar müavini, hərbi komissarı və bölməsinin rəisi kimi məsul vəzifələrdə işləmiş, xx.xx.2014-cü il tarixdə ona “polkovnik-leytenant” hərbi rütbəsi verilmişdir. Eləcə də, işdən görünür ki, iddiaçı Müdafiə nazirinin 19 iyul 2008-ci il tarixli, 0145t nömrəli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 26 iyun 2013-cü il tarixli, 0158 ş/h nömrəli, 0161 ş/h nömrəli və 034 ş/h nömrəli əmrləri ilə müvafiq olaraq “AR Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı, “Qüsursuz xidmətdə görə” 2-ci və 3-cü dərəcəli medalları ilə təltif edilmişdir. Başqa sözlə, cavabdeh iddiaçının peşəkarlığına, səriştəsinə, işgüzar qabiliyyətinə, əmək və icra intizamına bələd və bundan məmnun olduğu üçün onu hər dəfə vəzifədə yüksəltmiş və müxtəlif medallarla təltif etmişdir. Belə olan halda, cavabdeh mübahisələndirilən əmrlərin qəbul edilməsi ilə iddiaçının şəxsiyyətini, peşəkarlıq səviyyəsini, işgüzar qabiliyyətini və s. halları da nəzərə almamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi vəzifəli şəxsin, həm də 18 ildən artıq xidmət etmiş, ehtiyata buraxılmaya qədər xidmətdə fərqlənməyə görə dəfələrlə mükafatlandırılmış hərbi vəzifəli şəxsin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ciddi əsaslara söykənməli və həmin əsaslar müvafiq qaydada rəsmiləşdirilmiş sənədlərlə təsdiq olunmalıdır. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən əsasların və onları təsdiq edən müvafiq sənədlərin mövcudluğu iş üzrə materiallardan görünmür. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq kollegiya hesab edir ki, mübahisələndirilən əmrlər cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozularaq qəbul edildiyindən, həmçinin, iddiaçının şəxsində hərbi qulluqçulara münasibətdə müəyyən edilən xüsusi, eləcə də ümumi inzibati icraat qayda və tələblərinə riayət edilmədiyindən həmin əmrlər qanunsuz və əsassız sayılmalıdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz inzibati aktlar qəbul edilmişdir. Belə inzibati aktlar isə “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinin tələbi baxımından hər bir halda ləğv olunmalıdır. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli və xx.xx.2017-ci il tarixli, 188 n/h nömrəli əmrləri ləğv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-3369/2024 qərarı dəyişdirilsin. İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin xx.xx.2017-ci il tarixli, 076 ş/h nömrəli və xx.xx.2017-ci il tarixli, 188 n/h nömrəli əmrləri ləğv edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.