Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-822/2025 04.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X2 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı İddiaçı MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət reyestrində qeydiyyat alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(118)-1244/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçılar İddiaçı MMC və X4 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi üzərində İddiaçı MMC-nin hüquqlarının dövlət reyestrində qeydiyyat alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı kimi İddiaçı MMC-nin saxlanılmasını, Quba rayon İcra Hakimiyyətinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1996-cı il tarixli 53 saylı qərarı ilə Quba rayonu Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi X6 (“Xəndan” X3) mülkiyyətinə verilmişdir. Vərəsəlik hüququ əsasında “Xəndan” Kəndli fermer təsərrüfatı X7 adına keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən “Xəndan” Kəndli fermer təsərrüfatı İddiaçı MMC-nə çevrilmişdir. İddiaçı MMC-nin 100% pay sahibliyi ilə təsisçisi X10 olmuşdur. 19 iyul 2023cü il tarixində Xaçmaz rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən müvafiq yoxlamalardan sonra torpaq sahəsinin İddiaçı MMC-nə məxsus olması müəyyən edildikdən sonra təsdiq edilmiş X8 Müqaviləsinə əsasən X10 İddiaçı MMC-nin 100% payını arvadı X1 bağışlamışdır. İddiaçı MMC-i cavabdeh ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edərək Quba rayonu Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını və texniki pasportun hazırlanmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilən xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-12421/2023 saylı məktubda göstərilmişdir ki, torpaq sahəsinin sərhədləri təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamış və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bundan əlavə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmişdir. Bu əsaslarla ərizənin icrasından “Daşınmaz Əmlakın Dövlət Reyedstri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələri rəhbər tutularaq imtina edilmişdir. Cavabdeh tərəfindən müraciətinə verilən ikinci-xx.xx.2023-cü il tarixli 3-21-3-34/212479/2023 saylı cavab məktubda göstərilmişdir: ”...tərəfinizdən göstərilən torpaq sahəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir və torpaq sahəsi faktiki yerində 338 ha ölçüdə öz əksini tapmışdır.” “... ərizəyə əlavə olunmuş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitabında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır.” Bu əsaslarla ərizənin icrasından “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələri rəhbər tutularaq imtina edilmişdir. Nəzərə alaraq ki, cəmi 1 (bir) ay qabaq notariat qaydasında X8 müqaviləsi təsdiqlənən zaman bu məsələlər yoxlanılmış, torpaq sahəsinin İddiaçı MMC-nə məxsus olması müəyyən edilmiş, cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 12421/2023 saylı və xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-12479/2023 saylı cavab məktubunda göstərilənlərin faktiki yalan olması, mövcud olmaması, cavabdehin istinad etdiyi “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinin nə onun cavabların biri digərinə, nə də ki, sənədlərə uyğun gəlməməsini, Kostitusiyaya və Qanunlara zidd olduğunu nəzərə alaraq yenidən cavabdehə müraciət etmişdir və onlara aid torpaq sahəsinə digər hansı şəxsin adına və hansı sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir? Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə torpaq sahəsi 1919.0 ha təşkil etmişdir. Ondan 338 ha kiminsə adına qeydiyyat alınmışdırsa yerdə qalan 1600 ha torpaq sahənin aqibəti nə olmuşdur? Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə kim tərəfindən, hansı əsaslarla və hansı sənədlə ləğv edilmişdir? Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin ləğv edilməsinə dair hər hansısa məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə aktı varmı? Cavabdehin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-2967/2024 saylı cavab məktubunda göstərilib ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə istinad edilərək daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüququn mübahisələndirilə bilməsi, Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməsi formasında “izah” verilmişdir. Göründüyü kimi cavabdehin üçüncü cavabının da birinci və ikinci cavablarında olduğu kimi işin mahiyyətinə heç bir aidiyyəti yoxdur, məktublar bir-birinə ziddiyət təşkil edir, eyni məsələ üzrə müxtəlif və ümumiyyətlə iddiaçının ərizəsində göstərilənlərə aidiyyəti olmayan hüquq normalarına istinad edilmişdir, iddiaçının ərizədə qaldırdığı sualların heç birinə cavab verilməmişdir ki, bu da onun hüquqlarının pozulması ilə yanaşı qanunlara ziddir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı müraciət edilmiş, torpaq sahəsinin sərhədləri ərizəçilər tərəfindən təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bundan əlavə, torpaq sahəsi üçün ərizəyə əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizələrin icrasından xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-12421/2023 nömrəli məktubla imtina edilmişdir. Qeyd edildiyi kimi, ərizədə qeyd edilən “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında da öz əksini tapmamışdır. Bununla da torpaq sahəsinin yerləşdiyi yer sənəd üzrə məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxem mövcud deyildir. Həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: 14 nömrə ilə qeydə alınmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 53 saylı qərarına əsasən 1919 ha torpaq sahəsi “Xəndan” KFT-nin mülkiyyətinə verilmişdir. İddiaçı MMC-nin nizamnaməsinin surəti iş materiallarına əlavə edilmişdir. Nizamnamənin 1.3-cü bəndində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsinin xx.xx.1999-cu il tarixli 4/126 nömrəli qərarı ilə dövlət qeydiyyatına alınmış “Xəndan” X3 (VÖEN **********) bazasında yenidən təşkilin çevrilmə formasında onun hüquqi varisi İddiaçı MMC olaraq qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli X8 müqaviləsinə əsasən X10 "xxxx" MMC-dən ona məxsus 100 faiz payı arvadı X1 bağışlamışdır. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Quba AİK sənədlərində xx.xx.1996-cı il tarixli 53 saylı qərar aşkar edilməmişdir. Məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2628/2024 saylı məktubunda qeyd edilmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Söhüb kəndi üzrə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 53 saylı Qərarı və ona əlavə edilmiş sənədlər, eləcə də “Xəndan” kəndli fermer təsərrüfatına dair məlumat aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixli müayinə aktında qeyd edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş Dövlət Torpaq Komitəsinin Quba rayon şöbəsinin təsdiq etdiyi şəhadətnamədə sözügedən torpaq sahəsi 1919.0 ha olaraq (“Sənəm” yaylağ və “Yarımca” yaylağı) göstərilmişdir. Həmin Şəhadətnamədə mülkiyyətçi “Xəndan” kəndli fermer təsərrüfatı qeyd olunmuşdur. Şəhadətnamədə “Sənəm" yaylağı 1695.0 ha, “Yarımca" yaylağı isə 224.0 ha olaraq göstərilməsinə baxmayaraq baza məlumatlarında olan xəritə materiallarına əsasən “Sənəm" yaylağı 1681.83 ha kimi, “Yarımca” yaylağı isə 209.96 ha (ümumilikdə 1891.79 ha) olaraq göstərilmişdir. Qeyd edilir ki, “Sənəm" yaylağı baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu İnformasiya sisteminə (TEKUİS) əsasən Kənd Təsərrüfatı təyinatlı kateqoriyalı olub mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir və baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. “Yarımca” yaylağı baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUlS) əsasən Kənd Təsərrüfatı təyinatlı kateqoriyalı olub mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir və həmin torpaq sahəsinin 170.0 ha hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində xx.xx.2023 reyestr tarixli, **********31 reyestr nömrəli çıxarışa əsasən Quba rayon İcra Hakimiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür, qalan hissədə isə heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmə mövcud deyil. Bildirilir ki, iddiaçı “Yarımca” yaylağından istifadə etmir. Mübahisəli torpaq sahəsinə dair tərəflərindən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə **********31 reyestr nömrəli çıxarışın verilməsinə əsas olan sənədlərin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron bazada mövcud olan “Azərbaycan Respublikası Quba rayonu Söhüb kəndi “Müşfiq” adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”nə əsasən “Yarımca yay otlağı” yaylağının yerləşdiyi torpaq sahəsi kənd təsərrufatı təyinatlı örüş torpaq sahəsidir. 1993-cu ilə aid “Azərbaycan Respublikası Quba rayonunun yay otlaqlarının dövlət torpaqlarının uçotuna aid yerquruluşu planı”na və “Azərbaycan Respublikası Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qusar, Quba rayonları ərazisində “Şahdağ Milli Parkı”na ayrılacaq torpaqların yerquruluşu planı”na əsasən “Sənəm xanım yaylağı” yaylağının yerləşdiyi torpaq sahəsinin bir hissəsi kənd təsərrufat təyinatlı örüş torpaq sahəsi, bir hissəsi isə Şahdağ Milli Parkının ərazisinə düşməklə xüsusi qorunan topraqlara aiddir. Aparılmış araşdırma nəticəsində “04 yanvar 1997-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” nin surəti və həmin şəhadətnamənin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri Mərkəzin arxivində aşkar olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(118)-1244/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Aynur Axundova). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mövcud olan faktlara obyektiv hüquqi qiymət verməmiş, onun tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumlarının qərarlarının, Azərbaycan Dövlətinin tərəfdar çıxdığı və ratifikasiya etdiyi Beynəlxalq Qanunların, maddi və prosessual hüquq normalarının tələbləri kobud surətdə pozulmuş, sübutlara obyektiv hüquqi qiymət verilməmiş, iddiaçı tərəfinin sübut və dəlilləri müzakirəsiz buraxılmış, tətbiq edilməli olan hüquq normaları tətbiq edilməmiş, Qanunların Aliliyi təmin olunmamış, iddiaçının xeyrinə qiymətləndirilməli olan işin halları, sübutlar, maddi və prosessual hüquq normaları qeyri-qanuni olaraq iddiaçının əlehinə istiqamətləndirilmiş, tərəflərə müxtəlif münasibətlər nümayiş etdirilmiş, cavabdehlərin məhkəmədə iştirakı təmin edilməmiş, iş üzrə hərtərəfli,tam və obyektiv araşdırma aparılmamış bununla da hakim işin nəticələrində cavabdehin xeyrinə maraqlı, iddiaçıya münasibətdə isə qeyri-obyektiv, qərəzli və ədalətsiz olmasını açıq-aşkar nümayiş etdirmiş nəticədə də əsassız, qanunsuz və ədalətsiz qərar çıxarılmışdır. Bu səbəblərdən və aşağıda göstərilən dəlillərə əsasən şikayət edilən qərar ləğv edilməlidir. İşə baxan məhkəmə tərəfindən faktiki olaraq heç bir araşdırma aparılmadan, cavabdehlərin məhkəmədə iştirakını təmin etmədən, sübutlar və dəlillər hərtərəfli, tam və obyektiv tədqiq edilmədən, onlara obyektiv hüquqi qiymət verilmədən iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. İş üzrə xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində cəmi 3 məhkəmə iclasları keçirilmişdir. Həmin məhkəmə iclaslarında tərəflərdən yalnız iddiaçı tərəf iştirak etmişdir. Digər tərəf, o cümlədən nə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi, nə də cavabdeh Quba rayon İcra Hakimiyyəti prosesdə iştirak etməmişdilər. Məhkəmədən hər iclas zamanı o, xahiş və tələb etmişdir ki, cavabdehlərin iştirakı məhkəmədə təmin edilsin və onlar öz imtinalarını məhkəmədə əsaslandırsınlar, lakin təxminən bir il müddətində onların iştirakı təmin edilməmişdir. Bununla da Azərbaycan Respublikası MPM-nin iş üzrə məhkəmə baxışının prinsiplərini müəyyənləşdirən 14-cü maddəsinin tələbləri köklü şəkildə pozulmuşdur. Həmin maddədə qanunverici imperativ formada müəyyən etmişdir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. İddia ərizəsində göstərildiyi kimi iddia tələbi iki cavabdehə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə və Quba rayon İcra Hakimiyyətinə qarşı yönəldilmişdir. Lakin nədənsə cavabdeh-Quba rayon İcra Hakimiyyəti iş üzrə iştiraka cəlb edilməmiş, onun bu məsələyə dair münasibəti aydınlaşdırılmamışdır. Bu hal məhkəmənin qərarında göstərilənlərlə mübahisəsiz sübuta yetirilir. Belə ki, nə məhkəmə iclası protokolunda, nə məhkəmənin qəbul etdiyi qərarda Quba rayon İcra Hakimiyyətinin iş üzrə cavabdeh olması, onun bu məsələyə münasibəti, məhkəmə iclaslarına gəlməməsinin səbəbləri, ümumiyyətlə bu iş üzrə cavabdeh olması göstərilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.2 və 69.3cü maddələrinə əsasən məhkəmə qərarının giriş hissəsində onun qəbul edildiyi tarix və yer, qərarı qəbul edən məhkəmənin adı, qərarın qəbul edilməsində iştirak edən hakimlərin (hakimin) soyadı, adı, atasının adı, proses iştirakçılarının adı, soyadı, atasının adı, ixtisası və vəzifəsi, yaşayış yeri, habelə məhkəmə icraatmda onların statusu göstərilməlidir. Məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. Lakin işə baxan məhkəmə tərəfindən bu prosessual normaların tələbləri pozulmuşdur. Məhkəmə aktında yalnız cavabdehlərdən birinin-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinin cavabdeh qismində qismində iştirakı və mövqeyi göstərilmişdir. Digər cavabdeh-Quba rayon İcra Hakimiyyəti barəsində isə heç bir qeyd yoxdur. Qeyd olunanlara əsasən məhkəmənin hərəkətləri prosessual hüquq normalarının kobud pozulması kimi qiymətləndirilməli və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 387-ci maddələri rəhbər tutularaq birinci instansiya məhkəməsinin şikayət edilən qərarı ləğv edilməlidir. Üçüncü: Məhkəmə öz qərarının əsaslı olmasının sübutu kimi cavabdehin ona verdiyi cavablara və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 26 may 2025-ci il tarixli məktubunda göstərilənlərə “ ’’Yarımca yay otlağı” yaylağının yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş torpağ sahəsidir. “Sənəm xanım yaylağı” yaylağının yerləşdiyi torpaq sahəsinin bir hissəsi kənd təsərrüfatı təyinatlı örüş torpağ sahəsi, bir hissəsi isə Şahdağ Milli Parkın ərazisinə düşür...” istinad etmişdir. Bununla bağlı bildirilir: 1. “Sənəm xanım yaylağı” torpaq sahəsinin Şahdağ Milli Parkın ərazisinə düşən hissəsi ilə bağlı onun heç bir iddia və tələbi yoxdur. Onun tələbi Quba rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1996-cı il tarixli 53 saylı qərarı ilə ona ayrılan bu hissəyə aid olmayan və ’’Yarımca yay otlağı” sahəsinə düşən torpaq sahəsinə aiddir. Məhkəmənin istinad etdiyi “sənədlərdə” ona verilmiş torpaq sahələri ilə bağlı göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, cavabdeh tərəfindən müraciətinə verilən xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-12421/2023 saylı məktubda göstərilmişdir ki, torpaq sahəsinin sərhədləri tərəflərindən təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamış və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bundan əlavə Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ləğv edilmişdir. Cavabdeh tərəfindən müraciətinə verilən ikinci-xx.xx.2023cü il tarixli 3-21-3- 34/2-12479/2023 saylı cavab məktubda göstərilmişdir: -’’...tərəfinizdən göstərilən torpaq sahəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir və torpaq sahəsi faktiki yerində 338 ha ölçüdə öz əksini tapmışdır.” -“... ərizənizə əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitabında qeydiyyatdan keçməmişdir və elektron məlumat bazasında öz əksini tapmamışdır.” Bu göstərilənlərlə bağlı suallar yaranır. Birinci sual: “Əgər torpaq sahəsinin sərhədləri təyin edilmədiyindən torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdırsa necə müəyyən etmişdilər ki, bu torpaq sahəsi ’’Yarımca yay otlağı” yaylağının kənd təsərrüfatı təyinatlı örüş torpağ sahəsinə, bir hissəsi “Sənəm xanım yaylağı” yaylağının yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpağ sahəsinə, bir hissəsi isə Şahdağ Milli Parkın ərazisinə düşür” İkinci Sual: “Əgər torpaq sahəsinin yerini dəqiq müəyyən etmək mümkün olmamışdırsa hansı səbəblərdən Torpaqın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ləğv edilmişdir” Üçüncü Sual: “Nədən cavablarında göstərməyiblər ki, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə kim tərəfindən nə vaxt və hansı əsaslarla ləğv edilmişdir” Dördüncü Sual: “Əgər həqiqətən də Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ləğv edilmişdirsə nədən 19 iyul 2023cü il tarixində notariat qaydasında X8 Müqaviləsi təsdiqlənən zaman bu məsələlər notarius tərəfindən yoxlanılmış, torpaq sahəsinin İddiaçı MMC-nə məxsus olması və Şəhadətnamənin qüvvədə olması müəyyən edilmişdir” Beşinci Sual: Cavabdehin ona ünvanladığı ikinci-xx.xx.2023-cü il tarixli 3-21-3-34/2- 12479/2023 saylı cavab məktubda göstərilmişdir: -’’...tərəfinizdən göstərilən torpaq sahəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Əgər ona verilən torpaq sahəsinin sərhədlərini və yerini dəqiq müəyyən etmək mümkün olmamışdırsa necə müəyyən etmişdilər ki, başqa şəxsə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş torpaq sahəsi əvvəllər ona verilmiş və onun göstərdiyi torpaq sahəsidir. Altıncı Sual: Quba rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1996-cı il tarixli 53 saylı qərarı ilə ona ayrılan torpaq sahəsinin adına dövlət reyestr xidmətində qeydə alınmamasının və Çıxarışın verilməməsinin əsas səbəbi kimi ”Yarımca yay otlağı” yaylağının kənd təsərrüfatı təyinatlı örüş torpağ sahəsinə, bir hissəsi “Sənəm xanım yaylağı” yaylağının yerləşdiyi torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpağ sahəsinə, bir hissəsi isə Şahdağ Milli Parkın ərazisinə düşməsi göstərilirsə, necə olur ki, bu torpaq səhəsinə digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Başqasına veriləndə bu torpaq sahəsi həmin ərazilərə düşmürmü” Yeddinci sual: “ Əgər Quba rayon Aqrar İslahat Komissiyasının 23 dekabr 1996-cı il tarixli 53 saylı qərarı, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitabında qeydiyyatdan keçməmişdirsə və elektron məlumat bazasında öz əksini tapmamışdırsa, cavabdeh tərəf bu torpaq sahəsi ilə bağlı məkublarında göstərdikləri məlumatları haradan əldə etmişdilər” Məhkəmənin heç bir araşdırma aparmadan, cavabdehlərin məhkəmədə iştirakını təmin etmədən, bu suallara aydınlıq gətirmədən, işi birtərəfli, ona qarşı qeyri-obyektiv və qərəzli aparması, əsassız və ədalətsiz qərarın qəbul edilməsi ilə nəticələnmişdir. Belə vəziyyətdə iz üzrə çıxarılmış məhkəmə aktı heç cür obyektiv və qanuni ola bilməz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının nümayəndəsi və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mübahisənin predmetini cavabdehin Söhüb Aqro” MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan Quba rayonu, Söhüb kəndi ərazisində yerləşən 1919.0 ha torpaq sahəsi üzərində onun hüquqlarının dövlət reyestrində qeydiyyat alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşmaqla aşağıdakıları qeyd edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq təsbit edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələridir. (Qanunun 8.0.5-ci maddəsi). İddiaçı da tələbinin əsası kimi 14 nömrə ilə qeydə alınmış 04 yanvar 1997-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə istinad edir. Həmin Şəhadətnamədə isə mübahisəli torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 53 nömrəli qərarına əsasən verildiyi qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının xx.xx.2024-cü il tarixli arxiv arayışında qeyd edilmişdir ki, X15 Komissiyasının sənədlərində xx.xx.1996-cı il tarixli 53 saylı qərar aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli 3-21-3-60/2-2628/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Söhüb kəndi üzrə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996-cı il tarixli 53 saylı Qərarı və ona əlavə edilmiş sənədlər, eləcə də “Xəndan” kəndli fermer təsərrüfatına dair məlumat aşkar edilməmişdir. Göründüyü kimi iddiaçının hüquq müəyyənedici sənəd qismində istinad etdiyi şəhadətnamədə qeyd olunan olunan Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1996cı il tarixli 53 nömrəli qərarının mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Bu səbəbdən də iddiaçının istinad etdiyi müvafiq Şəhadətnamə məhkəmə kollegiyası tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin mötəbərliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Eyni zamanda birinci instansiya tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş Dövlət Torpaq Komitəsinin Quba rayon şöbəsinin təsdiq etdiyi şəhadətnamədə sözügedən torpaq sahəsi 1919.0 ha olaraq (“Sənəm” yaylağ və “Yarımca” yaylağı) göstərilmişdir. Həmin Şəhadətnamədə mülkiyyətçi “Xəndan” kəndli fermer təsərrüfatı qeyd olunmuşdur. Şəhadətnamədə “Sənəm" yaylağı 1695.0 ha, “Yarımca" yaylağı isə 224.0 ha olaraq göstərilməsinə baxmayaraq baza məlumatlarında olan xəritə materiallarına əsasən “Sənəm" yaylağı 1681.83 ha kimi, “Yarımca” yaylağı isə 209.96 ha (ümumilikdə 1891.79 ha) olaraq göstərilmişdir. Qeyd edilir ki, “Sənəm" yaylağı baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu İnformasiya sisteminə (TEKUİS) əsasən Kənd Təsərrüfatı təyinatlı kateqoriyalı olub mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir və baza məlumatlarında olan xəritə materialları üzərində heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmür. “Yarımca” yaylağı baza məlumatlarında olan torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUlS) əsasən Kənd Təsərrüfatı təyinatlı kateqoriyalı olub mülkiyyət növü isə dövlət mülkiyyəti kimi göstərilmişdir və həmin torpaq sahəsinin 170.0 ha hissəsi baza məlumatlarında olan xəritə materialları üzərində xx.xx.2023 reyestr tarixli, **********31 reyestr nömrəli çıxarışa əsasən Quba rayon İcra Hakimiyyətinə məxsus torpaq sahəsi ilə üst-üstə düşür, qalan hissədə isə heç bir mülkiyyət sənədi ilə üst-üstə düşmə mövcud deyil. Bildirilir ki, iddiaçı “Yarımca” yaylağından istifadə etmir. Mübahisəli torpaq sahəsinə dair tərəflərindən sxem tərtib olunmuş, koordinatar və ortofoto görüntülər müayinə aktına əlavə edilmişdir. Bundan əlavə məhkəmə sorğusuna cavab olaraq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, elektron bazada mövcud olan “Azərbaycan Respublikası Quba rayonu Söhüb kəndi “Müşfiq” adına təsərrüfatın ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsi”nə əsasən “Yarımca yay otlağı” yaylağının yerləşdiyi torpaq sahəsi kənd təsərrufatı təyinatlı örüş torpaq sahəsidir. 1993-cu ilə aid “Azərbaycan Respublikası Quba rayonunun yay otlaqlarının dövlət torpaqlarının uçotuna aid yerquruluşu planı”na və “Azərbaycan Respublikası Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qusar, Quba rayonları ərazisində “Şahdağ Milli Parkı”na ayrılacaq torpaqların yerquruluşu planı”na əsasən “Sənəm xanım yaylağı” yaylağının yerləşdiyi torpaq sahəsinin bir hissəsi kənd təsərrufat təyinatlı örüş torpaq sahəsi, bir hissəsi isə Şahdağ Milli Parkının ərazisinə düşməklə xüsusi qorunan topraqlara aiddir. Aparılmış araşdırma nəticəsində “04 yanvar 1997-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” nin surəti və həmin şəhadətnamənin verilməsinə əsas olmuş ilkin torpaqayırma sənədləri Mərkəzin arxivində aşkar olunmamışdır. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsidir və iddiaçının həmin torpaq sahəsi üzərində hüququnun yaranma əsası mövcud deyil. İddiaçı tərəfindən eyni zamanda xx.xx.2023-cü il tarixli X8 müqaviləsinə də istinad olunmuşdur. Kollegiya qeyd edir ki, sözügedən müqavilənin mübahisəli torpaq sahəsinin üzərində hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqəsi olmamaqla, hüquq müəyyənedici sənəd qismində çıxış etmir. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iş üzrə məhkəmə iclaslarında tərəflərdən yalnız iddiaçı tərəf iştirak etmişdir. Digər tərəf, o cümlədən nə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsi, nə də cavabdeh Quba rayon İcra Hakimiyyəti prosesdə iştirak etməmişdilər. Eləcə də iddia ərizəsində göstərildiyi kimi iddia tələbi iki cavabdehə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR-i publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə və Quba rayon İcra Hakimiyyətinə qarşı yönəldilmişdir. Lakin cavabdeh Quba rayon İcra Hakimiyyəti iş üzrə iştiraka cəlb edilməmiş, onun bu məsələyə dair münasibəti aydınlaşdırılmamışdır. Bu hal məhkəmənin qərarında göstərilənlərlə mübahisəsiz sübuta yetirilir. Belə ki, nə məhkəmə iclası protokolunda, nə məhkəmənin qəbul etdiyi qərarda Quba rayon İcra Hakimiyyətinin iş üzrə cavabdeh olması, onun bu məsələyə münasibəti, məhkəmə iclaslarına gəlməməsinin səbəbləri, ümumiyyətlə bu iş üzrə cavabdeh olması göstərilməmişdir. Kollegiya sözügedən dəlilləri əsassız hesab edir. Belə ki, iş materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Quba rayon İcra Hakimiyyətinə sərəncam və məhkəmə bildirişi göndərilmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçı kimi İddiaçı MMC-nin saxlanılmasını, Quba rayon İcra Hakimiyyətinin cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Ərizə birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilmiş, Quba rayon İcra Hakimiyyəti cavabdeh sırasından çıxarıldığından növbəti məhkəmə iclasları barədə məlumatlandırılmamışdır. Əlavə olaraq kollegiya qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı müvafiq icra hakimiyyətinin cavabdeh olmasının tələb edilməsi başa düşülən deyil. Bu səbəbdən də iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 may 2025-ci il tarixli, 2-1(118)-1244/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.