Məhkəmə qərarları › İş №2-1(105)-823/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-823/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-823/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Buduq” Xeyriyyə Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı “Buduq” Xeyriyyə Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki tikilinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-259/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yerin və üzərindəki tikilinin mülkiyyət hüququna dair onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 0,12 ha ərazi artıq 30 ildən çoxdur ki, onun istifadəsindədir. Belə ki, həmin ərazi mülkiyyət formasında sahibliyinə, istifadəsinə, sərəncamına verilməsinə dair Quba Rayon İcra Hakimiyyəti başçısının 5 fevral 1992-ci il tarixli, 41 saylı Sərəncamı ilə əvvəlki təsisat “Buduq” kooperativkomissiyonunun filialının həmtəsisçisi mərhum X1 mülkiyyət formasında sahibliyinə, istifadəsinə və sərəncamına ayrılmışdır. Həmin göstərilən zamandan etibarən onun nümayəndələri həmin əraziyə faktiki sahiblik, istifadə etmişdirlər. Orada 1992-ci ildə birmərtəbəli 20x10 metr = 200 kv.m sahədə bina inşa edərək, kafe kimi istifadə edilmiş, ora qaz, su və işıq çəkdirilmiş, həyətinə asfalt döşətdirilmişdir. Bir müddət sonra Cəmiyyətin, onun təsisatları “Babadağ” qəzetinin redaksiya heyətinin mərkəzi kimi istifadə edilmişdir. Hal-hazırda da, burada həmin təsisatların mərkəzləri fəaliyyət göstərir. Həmin sahə faktiki 3 fevral 1992-ci il tarixdə Quba rayonunun və Quba şəhərinin baş memarlarının, Quba rayon SES-in baş həkiminin, Quba rayonu yanğından mühafizə müfəttişliyinin rəisinin və “Buduq” kooperativ-komissiyonun nümayəndəsi qismində mərhum X1 iştiraklarıla akt tərtib edilərək, Quba Rayon İcra Hakimiyyəti başçısının 5 fevral 1992-ci il tarixli, 41 saylı Sərəncamı ilə “Buduq” Cəmiyyətinin təsisatı olmuş “Buduq” kooperativkomissiyonunun xüsusi müfkiyyət formasında sahibliyinə, istifadəsinə və sərəncamına verilmişdir. 3 aprel 2023-cü il tarixdə həmin əsaslarla və Azərbaycan Respublikası Mülki qanunvericiliyinin müddəalarını rəhbər tutaraq ünvan 1 ünvanında yerləşən sözügedən obyektin ərazisinin Quba Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı əsasında 30 il mübahisəsiz onun sahibliyində və istifadəsində olduğunu nəzərə alaraq, hal-hazırda fəaliyyət göstərən onun adına rəsmiləşdirilərək, Daşınmaz Əmlaka mülkiyyət hüququna dair çıxarışın verilməsi məqsədilə aidiyyatı üzrə cavabdehə müvafiq məktubla müraciət edilmiş, lakin cavabdeh orqan təqdim edilən sənədlər əsasında onun adına mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar, olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyri-yaşayış cinası və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizənizə əlavə edilmiş Quba Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 41 saylı sərəncamı ilə tikinti üçün ayrılmış 0.025 torpaq sahəsinə icarə müqaviləsi, torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri və qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-259/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Buduq” komission-kooperativinin mağazasının tikintisi üçün şəhərin 17-ci məhəlləsində şərq hissəsində 250 kv.m sahənin ayrılması məqsədəuyğun hesab edilmiş, Quba Rayonu İcra Hakimiyyəti başçısının 5 fevral 1992-ci il tarixli, 41 nömrəli sərəncamı ilə Bakı “Şərq” mehmanxanası “Buduq” kooperativ komissionunun filialının tikintisi üçün şəhərin 23-cü kvartalında 250 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 14 aprel 1993-cü il tarixli qərarı ilə iddiaçı Cəmiyyətinin qeydə alınmış və onun rəsmi fəaliyyətinə icazə verilmiş, 12 mart 1994-cü il tarixdə təsis konfransı keçirilmişdir. Cəmiyyətin nizamnaməsinə əsasən cəmiyyətin mərkəzi Bakı şəhərində yerləşir. Əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, iddia olunan tikilinin altında yerləşən torpaq sahəsinin ölçüsü ümumi 980 kv.m, tikinti altı 183,33 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş Quba Rayon İcra Hakimiyyəti başçısının 5 fevral 1992-ci il tarixli, 41 saylı sərəncamı ilə tikinti üçün ayrılmış 0,025 torpaq sahəsinə icarə müqaviləsi, torpaq sahəsinin yerləşdiyi ərazinin təsdiqlənmiş yerquruluşu sxemləri və qeyri-yaşayış binasına dair hüquq müəyyənedici sənədlər, eyni zamanda, torpaq sahəsinin ayrılmasına dair sənəd, yerləşdiyini əks etdirən sxem də təqdim edilməmişdir. Həmçinin, iddia tələbinin əsası kimi istinad olunmuş 0,12 ha ərazinin 30 ildən çox müddətdə cəmiyyətin istifadəsində olması ilə bağlı məhkəmə qeyd edir ki, əldə etmə müddəti ilə bağlı normalar inzibati qanunvericiliyin normaları ilə deyil, mülki qanunvericiliyin normaları ilə tənzimlənir. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddia tələbi torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi sözügedən torpaq sahəsinin müvafiq icra hakimiyyəti başçısının 05 fevral 1992-ci il tarixli 41 saylı Sərəncamı ilə “Buduq” kooperativ-komission filialının adına ayrılması, həmin hüquqi şəxsin həmtəsisçisinin iddiaçının təmsilçisinin mərhum atası olması və torpaq sahəsinin onun mülkiyyətində olması, onun tərəfindən faktiki sahiblik etməsi, o vəfat etdikdən sonra isə hazırki iddiaçının qanuni təmsilçisi tərəfindən istifadə etmələri, akt tərtib edilərək, xüsusi mülkiyyət formasında “Buduq” kooperativ-komission filialına verilməsi, sonra da həmin ərazidə tikili (qeyri-yaşayış sahəsi) inşa etmələrini, bütün kommunal ödənişlərin həmtisisçi qismində çıxış edə iddiaçının təmsilçisinin mərhum atası və o vəfat etdikdən sonra onlar tərəfindən ödənilməsi kimi hallara istinad etmişdir. Göründüyü kimi indiki halda iddiaçı tərəfindən sözügedən torpaq sahəsi və onun üzərində inşa edilmiş tikiliyə dair öz adına tərtib edilmiş hər hansı hüquqmüəyyənedici sənədə istinad edilməmiş, habelə buna dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi sənədlər “Buduq” kooperativ-komission filialının adına tərtib edilmiş sənədlər olduğu halda, iddiaçının həmin hüquqi şəxsin varisi olmasına da dair heç bir sübut təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı da iddiaçının sözügedən hüquqi şəxsin varisi olması halı müəyyən edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı iddiaçı hüquqi şəxsin yaradılmasına dair müvafiq təsis sənədləri və digər sənədləri tələb edilərək, tədqiq edilmişdir. Tədqiq edilmiş həmin sənədlərin məzmunundan görünür ki, iddiaçı hansısa hüquqi şəxsin yenidən təşkili formasında deyil, yeni hüquqi şəxs qismində təsis edilmişdir (yaradılmışdır). Bu hal da özlüyündə iddiaçının sözügedən hüquqi şəxsin hüquqi varisi olması halını təkzib edir. Nəticə etibarilə, iddiaçının adına sözügedən torpaq sahəsi və tikili ilə bağlı tərtib edilmiş hər hansı hüquqmüəyyənedici sənədin mövcudluğu müəyyən edilməmişdir. Bundan əlavə, kollegiya onu qeyd edir ki, idiaçı sözügedən torpaq sahəsi və tikilinin (təsis payı və ya hüquqi şəxsin əmlakındakı payı olaraq) “Buduq” kooperativ-komission filialının həmtəsisçisi kimi hazırki iddiaçının təmsilçisinin mərhum atasına məxsusluğu ilə bağlı hallara istinad etsə də, həmin hallara (təmsilçinin-təsisçinin mərhum atasına məxsus olması və ya onun adına dair tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin (təsis payı və s. olaraq) mövcudluğuna dair dair də heç bir sübut təqdim etməmişdir. Nəticə etibarilə məhkəmə araşdırması zamanı sözügedən əmlakın iddiaçı ilə hüquqi bağlılığını (nimzanamə kapitalındakı əmlak payı və ya təsis payına münasibətdə) miras əmlak qismində də əmlak hüququnun yaranması və ötürülməsi əsaslarının da müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır. Başqa sözlə desək, iddiaçı o halda subyektiv hüquqa malik ola billərdi ki, sözügedən torpaq sahəsinə və onun üzərində inşa edilmiş tikiliyə dair onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin mövcudluğu və ya digər formada iddiaçının sözügedən əmlaklarla hüquqi bağlılığının (qanuni sahibliyi və ya digər əmlak hüquqlarının) olması müəyyən edilmiş olardı. İndiki halda isə iddiaçının sözügedən əmlaklarla bağlı hüquqi bağlılığının (qanuni sahibi və ya istifadəçisi və ya mülkiyyətçisi) olması halı müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmadığından, bu hal isə prosessual qanunvericiliyin tələbinə əsasən iddianın mümkün sayılmaması üçün əsas qismində çıxış etdiyindən, hazırki iddia tələbi mümkün sayılmamalıdır. Həmçinin, kollegiya iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı (uzun müddət hüquqi şəxsin təmsilçisinin mərhum atasının və daha sonra onların istifadəsində olması, kommunal ödənişlərin ödənilməsi və s.) onu qeyd edir ki, həmin hallar özlüyündə iddiaçının sözügedən torpaq sahəsinə dair hər hansı əmlak hüququnun yaranmasının hüquqi əsası qismində çıxış etməməklə,nəticə etibarilə qeyd edilən hallar həmin hüquqa malik olması halını müəyyən etməyə imkan verməməklə, hazırki iddia tələbinin mümkünlüyü baxımından iddiaçının subyektiv hüquqa malik olmasının əsası qismində çıxış etməmişdir. Başqa sözlə desək, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olması üçün onun həmin torpaq sahəsinə və ya tikiliyə dair əmlak hüququ (hüquqi bağlılığı) mövcud olmalı idi, indiki halda isə belə bir halın müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə iddiaçının sözügedən əmlaklarla hüquqi bağlılığının olması halı və iddiaçıya münasibətdə cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının hansı hüquqlarının (əmlak hüquqlarının və s.) və ya qanuni maraqlarının pozulması halı müəyyən edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi halını yoxlamadan, tələbə mahiyyəti üzrə baxmışdır, bu hal isə prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur, qeyd edilən hallar isə birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas hesab olunur. Bu baıxmından kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin edilməli, qalan (işin faktiki və hüquqi hallarına aid) hissədə isə şikayətin dəlilləri işin yuxarıda müəyyən edilmiş halları əsasında təkzib olunduğundan, şikayət həmin hissədə əsassız olmaqla, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-259/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar