Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-826/2025 03.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(118)-3072/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçıya xx.xx.2021-ci ildə beş il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı müharibə əlili kimi Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 94 saylı sərəncamı ilə içmtiyazlı şəxs kimi mənzil növbəsinə götürülmüş, daha sonra yaşayış yerinin dəyişməsi ilə əlaqədar Xaçmaz rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli sərəncamı ilə Xaçmaz rayonunda mənzil növbəsindən çıxarılmış və mənzil uçot sənədləri Cavabdehnə göndərilmişdir. “X5” MMC tərəfindən verilmiş 4250 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı “X4 İnvestisiya Korporasiyası“ ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən “Abşeron Gənclər” şəhərciyi yaşayış kompleksində 2019-cu ilin yanvarından 2024-cü ilin may ayına qədər blok 84 mənzil 47-də qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1999cu il tarixə Xaçmaz rayonu, Pirqulu-oba kəndində doğulmuş və 21 fevral 2024-cü il tarixdən ünvan 3 ünvanında pasport qeydiyyatındadır. İddiaçı faktiki yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 5-29/2-K-22/3-068/3-H1/2024 saylı məktubu ilə cavab vermişdir ki, XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavadehin imtinasını əsassız hesab etməklə onun 3-cü qrup Vətən müharibəsi əlili kimi Abşeron rayonunda mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “onun xx.xx.2021-ci il tarixli, 94 saylı sərəncamı ilə Xaçmaz rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində üçüncü dərəcəli Vətən müharibəsi əlili kimi uçota alındığı mənzil növbəliliyinin Abşeron rayonunda davam etdirilməsi üçün qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1999-cu il təvəllüdlüdür, Xaçmaz rayonunda anadan olmuş, 3-cü qrup Vətən müharibəsi əlilidir. Əvvəlki qeydiyyatı Xaçmaz rayonunda olduğu üçün müharibə əlili kimi həmin rayonun icra hakimiyyəti orqanı tərəfindən mənzil uçotuna götürülmüşdür. O, faktiki yaşayış yerini dəyişdiyi üçün mənzil növbəsinin də Abşeron rayonuna köçürülməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmişdir. Lakin cavabdehin 5-29/2-K-22/3-068/3-111/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Cavabdehin imtinası qanunsuzdur və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi iddiaçı tərəfindən düzgün qoyulmamışdır, belə ki, iddiaçı ərizəsində Xaçmaz rayonunda mənzil uçotunda olduğunu bildirir, lakin eyni zamanda da Abşeron rayonuna qeydiyyatını dəyişdiyi üçün Abşeron rayonunda da mənzil uçotuna götürülməsini xahiş edir. Əslində iddiaçı tələbdə mənzil uçotunun Xaçmaz rayonundan Abşeron rayonuna köçürülməsinin təmin edilməsini xahiş edə bilərdi. İddiaçının iddia tələbində olduğu kimi rayon İcra Hakimiyyətinə də müraciət edərək onun Abşeron rayonunda mənzil uçotuna götürülməsini xahiş etmişdir. Lakin Abşeron rayonunda 5 (beş) il daimi pasport qeydiyyatı olmadığından müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtina belə əsaslandırılmışdır ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli 845-İİİQ nömrəli Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Abşeron rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydaları” nın 8-ci bəndinə əsasən “yaşayış sahəsinə ehtiyacı olan şəxslər Cavabdehndə o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 (beş) il ərzində Abşeron rayonunda yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir”. İstər iddiaçının mənzil uçotunun köçürülməsi, istərsə də mənzil uçotuna götürülməsi onun pasport qeydiyyatından asılıdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(118)-3072/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçının daimi yaşayış yeri Xaçmaz rayonu, Pirquluoba kəndi deyil, Abşeron rayonudur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti iddia ərizəsinə etirazla uyğun əsaslandırmış, cavabdeh Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(118)-3072/2025 nömrəli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı izahatına əlavə olaraq izah etdi ki, o, 2017-ci ildən Bakıda, 2019-cu ildən isə Abşeron rayonu Xırdalan şəhərində kirayə mənzildə yaşayır. 2023-cü ildən Abşeron rayonunda dostunun evinə qeydiyyata düşmüşdür. Faktiki olaraq 6 ildir Xırdalanda yaşayır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 31.1. Əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 48. Sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələri 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. (-) Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması (-) 49.4. Yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. (-) Maddə 50. Vətəndaşların sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilməsinin əsasları 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 50.2. Vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş bu Məcəllənin 51.2-1-ci maddəsi nəzərə alınmaqla, özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.2-1. Bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X2 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Maddə 53. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina 53.1. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. 53.2. Uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunu Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.[1] Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), himayədar valideynin (himayədar ailənin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli və iddia tələbi rədd edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini iddiaçının Cavabdeh tərəfindən mənzil növbəsinə götürülməsi təşkil edir. İddiaçının hüquqi marağı mənzil uçotuna alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 18/2-23983 saylı məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Xaçmaz rayonu Pirquluoba kəndində, xx.xx.2023-cü il tarixdən hazıradək ünvan 4 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Abşeron rayonunda dostunun evinə qeydiyyata düşmüş, faktiki olaraq isə başqa ünvanda kirayədə yaşamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyatda olduğu ünvan istənilən halda onun yaşayış yeri hesab olunmur. Mülki Məcəllənin 27.1-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin birinci abzasında deyilir ki, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Eyni zamanda Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müvafiq normaları yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilməsinin əsaslarını tənzimləmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən qeydiyyatda olduğu ünvan barədə sənəd təqdim edilsə də, faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşaması, həmin ünvanda təsərrüfat idarə etməsi barədə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı özü də məhkəmə iclasında qeydiyyatda olduğu ünvanda yaşamadığını bildirmişdir. Qeyd olunan hal isə özü özlüyündə iddia tələbinin əsassızlığını göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yəni, əgər iddiaçı özünün yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmasını tələb edirsə, bu halda həmin hüququn yaranması üçün tələb olunan bütün hüquqi və faktiki halların mövcudluğunu o sübuta yetirməlidir. Hazırkı iş üzrə isə iddiaçı zəruri olan faktiki və hüquqi şərtləri sübut edə bilməmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Cavabdeh inzibati orqan apellyasiya şikayətində qeyd edir ki, məhkəmə qanunvericilkidə 5 il müddəti ilə bağlı tələbin mövcud olmadığını, bu səbəbdən də iddia tələbinin təmin olunmasının vacibliyini əsas gətirərək iddianı təmin etmişdir. Bildirilir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli, 845-İİİQ nömrəli Qanununun 5-ci bəndinə əsasən Azərbaycan Respublikasında qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşıların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” nın 8-ci bəndinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxslər Abşeron rayonunda o halda mənzil uçotuna götürülürlər ki, azı son 5 il ərzində Abşeron rayonunda yaşamış olsunlar və pasport qeydiyyatında olsunlar. Yaşayış müddəti Abşeron rayonunda pasport qeydiyyatının olması ilə müəyyən edilir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati orqanın istinad etdiyi Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 27 dekabr 1983-cü il tarixli Qərarı ilə təsdiq olunmuş “Abşeron rayonunda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları” və həmin qaydalarla müəyyən edilmiş “son 5 il ərzində pasport qeydiyyatında olmaqla yaşamaq” şərti artıq inzibati orqanın praktikasına çevrilmişdir. Bu praktikaya zidd qərar qəbul edilməsi həmin praktikaya etimad edən digər vətəndaşların da hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(118)-3072/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.