Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-827/2023 20.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mərhum həyat yoldaşı X1 mülkiyyətində olan təsərrüfat obyektinin onun adına sənədləşdirilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2287/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X1 mülkiyyətində olan təsərrüfat obyektinin onun adına sənədləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2287/2023 nömrəli qərardadı ilə 2-1(118)-2287/2023 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. İş materiallarından müəyyən olunduğu kimi mübahisə predmeti olan daşınmaz əmlak Bakı şəhəri Ramana qəsəbəsində yerləşir. İddiaçının hazırkı iddiası öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla inzibati məhkəmələrdə baxılmalı olan mübahisə olsa da, iddiaçı müstəsna aidiyyət qaydalarını pozmaqla məhkəməyə müraciət etmişdir. Halbuki, qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, aidiyyət məsələsinin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillər İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərardad işin faktiki hallarının obyektiv qiymətləndirilməməsi nəticəsində qəbul edilmişdir. Belə ki, fərqli bir iddia ilə həmin işə 2019-cu ildə Sabunçu Rayon Məhkəməsində baxılmış (qərardadın surəti qoşmadadır) və mülki iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Sonra bu işə Abşeron Rayon Məhkəməsində baxılmış və aydın olmuşdur ki həmin işə İnzibati Məhkəmədə baxılmalıdır. Bunu nəzərə alaraq iddia tələbini dəyişdi və Sumqayıt İnzibati Məhkəməsini müraciət etd. Ancaq Sumqayıt İnzibati Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2-1(118)-2287/2023 saylı qərardadı ilə mülki işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması barədə qərar alındı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etirar daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Maddə 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Maddə 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 8.6. İnzibati məhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinin inzibati kollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə mübahisə predmetini iddiaçı mərhum həyat yoldaşı X1 mülkiyyətində olan təsərrüfat obyektinin onun adına sənədləşdirilməsini təşkil edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, müayinə olunan torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 2866 nömrəli sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin idarəçiliyində keçmiş X4 hüdudları daxilində yerləşir və inzibati olaraq Bakı şəhərinə (Sabunçu rayonu) aid edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İndiki halda mübahisə predmetini məhz daşınmaz əmlaka dair hüquqla bağlı inzibati hüquq münasibətləri təşkil edir və həmin daşınmaz əmlakı inzibati ərazi vahidi olaraq Sabunçu rayonu ərazisində yerləşir. Qeyd olunan inzibati ərazi vahidi üzrə ərazi aidiyyətinə görə səlahiyyətli məhkəmə orqanı qismində Bakı İnzibati Məhkəməsi çıxış edir. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, qeyd olunan qanunvericilik normalarında ərazi aidiyyətinin müəyyən edilməsinin meyarı kimi məhz daşınmaz əmlakın və ya ərazinin olduğu yer qeyd edilmiş və bu norma imperativ norma kimi müəyyən edilməklə, bununla bağlı hər hansı istisna norma nəzərdə tutulmamışdır. Bundan əlavə, qeyd olunmalıdır ki, inzibati ərazi vahidlərinin bölgüsü və sərhədlərinin müəyyən edilməsi ilə bağlı məsələlər məhz müvafiq qanunvericilik normaları (“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunu) ilə müəəyən edilmiş qaydada tənzimlənir. Nəticə etibarilə iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmaqla, mübahisə predmeti olan ərazinin inzibati ərazi vahidi olaraq məhz Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilməsini təkzib edilməsinin əsası kimi çıxış etmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, inzibati işi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2287/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-827/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-827/2023
20.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver