Məhkəmə qərarları › İş №2-1(105)-827/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-827/2024

23.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-827/2024 23.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Quliyev İsmayıl Rza oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə Şərifova Mahirə Vahid qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-19/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsi barədə İddiaçı ərizəsinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-48/2021 nömrəli, 30 may 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə qarşı “cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən dəymiş maddi ziyana görə 150.000 (yüz əlli min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, əldən çıxmış faydaya görə 100.000 (yüz min) manat və ödənilmiş 30(otuz) manat dövlət rüsumunun, cəmi 300030 (üç yüz min otuz) manat pul məbləğinin onun xeyrinə tutulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-48/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 19/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-48/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qərarı tamamilə ləğv edilmiş, iddia qismən təmin edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1615/2023 nömrəli 07 sentyabr 2023-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-19/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-19/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarı qanuni qüvvəyə mindiyinə görə 30 oktyabr 2023-cü il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Müvafiq qərar cavabdehə çatdırılmasına baxmayaraq, onun icrası barədə hər hansı əsaslı məlumat və yaxud sübut məhkəməyə daxil olmamışdır. Həmçinin məhkəmə tərəfindən cərimənin tətbiq olunması barədə cavabdehə dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq cavabdeh orqan müvafiq qərarın icrasını tam olaraq təmin etməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə şifahi vəsatətlər verərək, uzun müddət keçməsinə baxmayaraq müvafiq məhkəmə qərarının cavabdeh tərəfindən icra olunmadığını bildirmişdir. Bu səbəbdən də cavabdeh barəsində icra tədbirlərinin görülməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan məhkəmə qərarının tam icra olunmaması barədə məhkəməyə yazılı əsaslı sübut təqdim etməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla bildirmişdir ki, vəsaitin ayrılması üçün Maliyyə Nazirliyinə müraciət olunmuş və müvafiq vəsait agentliyə daxil olandan sonra nəzərdə tutulmuş vəsait iddiaçıya veriləcəkdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-48/2021 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-19/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qərarı 30 oktyabr 2023-cü il tarixdən icraya yönəldilsə də, əsaslı səbəblər olmadan icra olunmadığına görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 500 manat məbləğində cərimə edilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-19/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarı ilə İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 955 m2 torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 28650 manat pul kompensasiyasının İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunmuşdur. Nəzərə alınmalıdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə bağlı cavabdeh təşkilata kifayət qədər vaxt verilmiş, lakin cavabdeh təşkilat məhkəmə qərarı ilə qət edilmiş maliyyə vəsaitini iddiaçıya verilməsinin mümkünsüzlüyü (yəni özündən asılı olmayan səbəblər üzündən) ilə bağlı tutarlı dəlilləri məhkəməyə təqdim etməmişdir. Hesab olunur ki, məhkəmənin qanuni qüvvəsini almış qərarının icra edilməsindən boyun qaçırmaq məqsədi ilə cavabdeh təşkilat müxtəlif bəhanələr edərək məhkəmə qərarını icra etməkdən yayındığına görə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq 500 manat məbləğində cərimə edilməlidir. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət ehtiyacları üçün alınan əmlakın dəyərinə (kompensasiya) vəsait ayrılması səlahiyyəti Maliyyə Nazirliyinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2006-cı il tarixli 1729 nömrəli Sərəncamı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Avtomobil yolları" X3 vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli 13 nömrəli qərarı ilə ‘Avtomobil yolları” X3 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları" təsdiq edilmişdir. Həmin qaydalara əsasən Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etməkdir. Fond dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin xərclənməsi "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa və Dövlət Xəzinədarlığının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı ilə bağlı istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir. Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Bununla əlaqədar, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədilə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Ödənilməsi nəzərdə tutulan kompensasiya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldığı təqdirdə qərarın icrası təmin ediləcəkdir və bu barədə iddiaçıya məlumat verilmişdir. Göründüyü kimi borclu olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirsələr də, məhkəmə bu halları araşdırmamış və nəticədə haqsız olaraq cərimə təyin etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı 60.1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.2. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Maddə 129. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, onların icrası məcburidir və məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ Bənd 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarı Bənd 25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. Bənd 26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mübahisəyə dair işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-19/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarı qanuni qüvvəsini almışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə bağlı cavabdeh təşkilata kifayət qədər vaxt verilmiş, lakin cavabdeh təşkilat məhkəmə qərarı ilə qət edilmiş maliyyə vəsaitini iddiaçıya verilməsinin mümkünsüzlüyü (yəni özündən asılı olmayan səbəblər üzündən) ilə bağlı tutarlı dəlilləri məhkəməyə təqdim etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-48/2021 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-19/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmçinin nəzərə almaq lazımdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddələrində təsbit olunmuş məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. İcra olunmamış məhkəmə qərarı həmin hüququnun mahiyyətinin təhrif olunmasına səbəb olur. Hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarına da uyğundur. Belə ki, həmin qərarın 25-ci bəndinə əsasən, inzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İstinad olunan qərarın 26-cı bəndinə görə, İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətində qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədilə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edildiyi, ödənilməsi nəzərdə tutulan kompensasiya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldığı təqdirdə qərarın icrasının təmin ediləcəyi qeyd olunmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə Maliyyə Nazirliyi arasında olan məsələ qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsinə mane olmamalıdır. Belə ki, məhkəmə qərarının icrasının təmin edilməsi qeyri-müəyyən vaxta təxirə salına bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” 19 noyabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə görə icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir. Hazırki halda qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra edilməsi üçün 30 oktyabr 2023-cü il tarixdə cavabdeh inzibati orqana göndərilməsinə baxmayaraq, bu günkü tarixə kimi icra edilməmişdir. Bu isə o deməkdir ki, “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsinin tələbi kobud şəkildə pozulmuşdur. Hazırki halda məhkəmə qərarının icra edilməsi məqsədilə zəruri hərəkətlərin həyata keçirilməsi cavabdehin vəzifəsidir. Bu səbəbdən də cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlillər əsassızdır. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi inzibati orqana cərimə tətbiq edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89 və 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-48/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar