Məhkəmə qərarları › İş №2-1(105)-827/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-827/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-827/2025 06.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynli Nailə Natiq qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşdan, yəni 8 aprel 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-2688/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçıya məxsus ИТ-İ № ******* nömrəli əmək kitabçasında olan məlumatlara görə o, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Aznəqliyyattikinti” trestinin 446 saylı Tikinti İdarəsində fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.2001-ci il tarixədək “Aznəqliyyattikinti” trestinin “Tikinti hissələri” zavodunda elektrik qaynaqçısı, xx.xx.1988-ci il tarixdə SSRİ Nəqliyyat tikinti nazirliyinin xx.xx.1988-ci il tarixli 120 № li əmrinə əsasən “Aznəqliyyattikinti” “Aznəqliyyatyoltikinti” ASTB adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 114 №-li 20 may 1994-cü il tarixli Fərmanı ilə “Aznəqliyyatyoltikinti” ASTB Dövlət şirkətinə çevirilmiş (Struktur bölməsi olan “Tikinti hissələri” zavodu da daxil olmaqla ), xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 851 №-li Sərəncamı ilə (16 iyul 1998-ci il tarixli) "xxxx" Dövlət Şirkəti Səhmdar Cəmiyyətinə çevirilmişdir. İddiaçıya aid AO № ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən, İddiaçı ümumi iş stajı 25 ildən az (12 il 2 ay 24 gün (xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Belə ki, ИT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.1994- cü il tarixləri arasındakı dövr ərzində "Azərnəqliyyatyoltikinti” ASC-də işlədiyi qeyd olunmuşdur. Əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 6-7-ci səhifələrindəki 6-7-ci qeydlərdə müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunmuşdur. Buna görə də adıçəkilən müəsissədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəflərindən aidiyyəti üzrə sorğu göndərilmiş, müvafiq sorğuya cavab olaraq həmin müəssisənin arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi qeyd edilmişdir. Bu səbəbdən də həmin dövrü iş stajına daxil etmək mümkün deyildir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 11061,62 manat təşkil edir. Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbin 19 sentyabr 2024-cü il tarixli, 354 nömrəli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə xx.xx.2015-ci il tarixdən gözətçi vəzifəsində işləyir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən “X7” QSC-nin 28 fevral 2025-ci il tarixli BSC-X-25-0189/001 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Armatur zavodunda və zavodun ("Azəryolnəqliyyattikinti" ASTB) mexanika sexində işlədiyi elektrik qaynaqçısı peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı" nın 33-cü “Ümumi peşələr” bölməsinin "əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (23200000-19906), eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci Ümumi peşələr bölməsinin "əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələri ilə eynilik təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşdan, yəni 8 aprel 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür, 1982- 1984-cü illlərdə hərbi xidmətdə olmuş, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilədək (1 il 1 ay 23 gün) Tİ-446 "Aznəqliyyattikinti” trestində 2-ci dərəcəli fəhlə, xx.xx.1985-ci ildən xx.xx.2001-ci ilədək (15 il 8 ay 2 gün) Tikinti detalları, Armatur zavodunda 2-ci və 3-cü dərəcəli elektrik qaynaqçısı işləmiş, xx.xx.2015-ci il tarixdən hazırki tarixədək isə Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsində çalışmaqdadır. İddiaçı ümumi iş stajının 26 il 1 ay 14 gün təşkil etdiyini və həmin iş stajının da 12 il 6 aydan çox hissəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı olduğunu iddia edərək bu əsasla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubu ilə güzəştli şərtlərlə pensiyanın təyin edilməsindən imtina etmişdir. İddiaçı yuxarıda qeyd olunan hallara əsasən müvafiq iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin iddiaçının ümumi iş stajının 25 ildən az olması və güzəştli iş stajının olmaması səbəbindən müraciətin müsbət həllinin mümkün olmayacağı Mərkəzi Filial tərəfindən xx.xx.2024-cü il tarixli məktubla yazılı şəkildə bildirilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 25 ildən az (12 il 2 ay 24 gün (xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1984- xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər) olmaqla güzəştli iş stajının olmadığı qeyd edilmişdir. İddiaçıya aid l/İTl ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-də işlədiyi qeyd olunmuş, lakin əmək kitabçasının 6-7-ci səhifələrindəki 6 və 7-ci qeydlərdə müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması səbəbindən iddiaçının adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən aidiyyəti üzrə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq müəssisənin arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi bildirilmişdir. Bu səbəbdən də həmin dövrün onun iş stajına daxil edilməsi mümkün olmamışdır. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının 11061,62 manat təşkil etdiyindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-2688/2025 nömrəli nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan iddiaçının həmin stajının 25 ildən az olmaqla 12 il 2 ay 24 gün təşkil etdiyini bildirmişdir. Lakin məhkəmə bu hesablamanı əsassız qəbul edərək bildirir ki, iddiaçı xx.xx.1982-xx.xx.1984 tarixləri aralığında (müddətli həqiqi hərbi xidmətdə), xx.xx.1984-xx.xx.1985 (Tİ-446 “Aznəqliyyattikinti” tresti, 2-ci dərəcəli fəhlə), xx.xx.1985-xx.xx.2001 (Tİ-446 Armatur zavoduna İİ dərəcəli elektrik qaynaqçısı, xx.xx.1986-cı il tarixdə İİİ dərəcəli elektrik qaynaqçısı, xx.xx.1988-ci il tarixdə “Aznəqliyyattikinti” trestinin “Aznəqliyyatyoltikinti” adlandırılmasından sonra xx.xx.1989-cu il tarixdə İV dərəcəli elektrik qaynaqçısı kimi çalışaraq xx.xx.2001-ci il tarixdə işdən azad edilmişdir. İş materiallarında olan ******* nömrəli Əmək kitabçasına əsasən iddiaçı xx.xx.2015-ci il tarixdən hazırki vaxtadək Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbə texniki işçi-gözətçi vəzifəsində çalışmaqdadır. Yəni, iddiaçının 2006-cı il tarixədək (əmək kitabçasının əsas götürüldüyü tarixlərdə) 18 il 10 ay 8 gün, ümumilikdə isə 60 yaşının tamam olduğu – xx.xx.2024-cü il tarixədək 27 il 8 ay 20 gün sığorta (iş) stajı mövcud olmuşdur. Güzəştli stajla bağlı isə məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçının güzəştli stajını olmadığını əsas tutmaqla ərizənin icrasından imtina etmişdir. Lakin məhkəmə sorğusu nəticəsində əldə edilmiş “X7” QSC-nin arayışına əsasən cavabdeh tərəfindən mübahisələndirilən dövr olan xx.xx.1985-xx.xx.2001-ci tarixlərində iddiaçı tərəfindən icra edilən vəzifələrin yuxarıda da qeyd olunduğu üzrə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrin sırasına daxil olduğu müəyyən edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Qanunvericilikdə şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə işləməsinə dair arayışın analoji müəssisə tərəfindən deyil, iş yeri tərəfindən tərtib edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda qeyd edilməlidir ki, "X7" QSC-nin məhkəmə sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2025-ci il tarixli BSC-X-25-0189/001 nömrəli məktubda müəssisənin istehsalat profilinin "Azərnəqliyyatyoltikinti” ASC ilə eyni olması barədə hər hansı məlumat qeyd edilməmişdir. Müəssisə tərəfindən onunla eyni istehsalat profili üzrə ixtisaslaşmayan başqa bir müəssisədə çalışmış şəxs barəsində verilən arayış, həmin şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu müəyyən edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən “...söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir’’. Hazırkı iş üzrə məhkəmə tərəfindən iddiaçının bilavasitə icra etdiyi funksional vəzifənin Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunan siyahıda nəzərdə tutulan hansı vəzifə və ya peşə ilə eynilik təşkil etdiyi müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Beləliklə, qanunvericilik normalarının tələbləri və işin faktiki hallarını nəzərə alaraq hesab edirik ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbini iddiaçıya 60 yaşdan, yəni 8 aprel 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi təşkil edir. Cavabdeh inzibati orqan imtina cavabını onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən az (12 il 2 ay 24 gün (xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1984xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyini, güzəştli iş stajının isə olmaması, əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə şübhələrin olması, əmək kitabçasının 6-7-ci səhifələrindəki 6-7-ci qeydlərdə müvafiq olaraq sözlərin yazılışında qarışıq olaraq kiril və latın qrafikalı hərflərdən istifadə olunması, iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına təhvil verilmədiyi qeyd olunması, bu səbəbdən həmin dövrün iş stajına daxil edilməsinin mümkün olmaması, qanunvericiliyə əsasən müəyyən edilmiş pensiya kapitalına malik olmaması halına istinad edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması: b) azı 25 il ümumi iş stajına malik olması; c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. İndiki halda cavabdeh tərəfindən iddiaçının qanunla tələb olunan ümumi iş stajının 25 ildən az - 12 il 2 ay 24 gün (xx.xx.1982-xx.xx.1984-cü il və xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajının olmaması hallarına istinad edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialllarında olan iddiaçıya məxsus əmək kitabçasına görə iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixdən Tİ-446 “Aznəqliyyattikinti” tresti, 2-ci dərəcəli fəhlə vəzifəsindən çalışması, xx.xx.1985-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Tİ-446 Armatur zavoduna İİ dərəcəli elektrik qaynaqçısı vəzifəsində çalışması, xx.xx.1986-cı il tarixdə İİİ dərəcəli elektrik qaynaqçısı, xx.xx.1988ci il tarixdə “Aznəqliyyattikinti” trestinin “Aznəqliyyatyoltikinti” adlandırılmasından sonra xx.xx.1989-cu il tarixdə İV dərəcəli elektrik qaynaqçısı kimi çalışaraq xx.xx.2001-ci il tarixdə işdən azad edilməsi, xx.xx.2015-ci il tarixdən hal-hazıradək Sumqayıt şəhər 33 nömrəli tam orta məktəbə texniki işçi-gözətçi vəzifəsində çalışmaqdadır. Cavabdeh iddiaçının həmin müəssisədə işləməsini əmək kitabçasında aparılan bəzi qeydlərdə (7-ci qeyddə) kiril və latın qrafikalarından qarışıq istifadə edildiyindən və müəssisənin sənədlərinin Milli Arxivdə aşkar edilməməsi ilə bağlı şübhə altına alır və həmin dövrü onun ümumi iş stajına daxil etməkdən imtina edir. Kollegiya tərəfdən tərəflərin iştirakı ilə əmək kitabçasına baxış keçirilərkən cavabdehin nümayəndəsi bildirdi ki, 7-ci qeyddə “Довлəт” sözündə “o” hərfinin üzərində iki nöqtə işarəsini və “Azərbaycan” sözünün “ə” hərfi ilə yazılmasını kiril və latın qrafikalı əlifbalarının hər ikisindən istifadə kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, bu kimi dəlil iddiaçının həmin müəssisədə işləməsini təkzb edən əsas kimi çıxış edə bilməz. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bununla kifayətlənməyərək məhkəmə kollegiyası iddiaçının işlədiyi müəssisənin özəlləşdirilməsi zamanı işçilərinin sırasında iddiaçını adının olub-olmaması məsələinin yoxlanlması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu göndərmişdir. Həmin sorğuya cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ll Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 336 nömrəli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin 9 müəssisəinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 34.34 faizi özəlləşdirilmiş, dövlət mülkiyyətində qalan 65.66 faiz səhmlərinin isə investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılan zaman əsas iş yeri keçmiş "xxxx" Dövlət Şirkətinin “Tikinti Detalları” zavodu olan işçilərin siyahısı təqdim edilmişdir. xx.xx.2000-ci il tarixə olan vəziyyətə təqdim edilmiş həmin siyahıya görə İddiaçı göstərilən müəssisənin işçisi olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan məlumatların mötəbər olmaması halı müəyyən edilmədiyindən və bu hal təsdiq edilmədiyindən, dolayısı ilə həmin qeydləri təkzib edən hər hansı sübut təqdim edilmədiyindən mübahisələndirilən dövr iddiaçının ümumi iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, müəssisənin fəaliyyət dövrü ilə bağlı arxiv sənədlərinin təhvil verilməməsi (əmək haqqı cədvəlləri, əmrlər və s.) hazırki iddia üzrə iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsini məhdudlaşdırmamalıdır. Həmçinin, qeyd edilməlidir ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, № 2-1(102)- 594/2021 saylı qərarı) Həmçinin kollegiya iddiaçının güzəştli iş stajına malik olmaması halına münasibət bildirirək qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən müəyyən edilmişdir ki, İddiaçı Armatur zavodunda və zavodun ("Azəryolnəqliyyattikinti" ASTB) mexanika sexində işlədiyi elektrik qaynaqçısı peşəsi “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı" nın 33-cü Ümumi peşələr bölməsinin "əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (23200000-19906), eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 35-ci Ümumi peşələr bölməsinin "əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələri ilə eynilik təşkil edir. Bu səbəbdən cavabdehin iddiaçının işlədiyi sahənin oxşar müəssisə kimi arayış alınan “X7” şirkətinin sahəsinə uyğun olmaması barədə dəlilinin araşdırılmasına zərurət qalmamışdır. Məhkəmə kollegiyası cavabdehin iddiaçının fərdi hesabının sığorta hisssəində qeydə alınan pensiya kapitalının pensiya təminatına imkan verməməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2024-cü il tarixdə yarandığından və həmin vaxt qüvvədə olan qanunvericlikdə belə bir tələb olmadığından bu dəlil də əsassız hesab edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan bütün şərtlər (pensiya yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənildiyindən, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, gəldiyi nəticə əsaslı və qanuni olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan hallar əsasən hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyun 2025-ci il tarixli, 2-1(118)-2688/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar