Məhkəmə qərarları › İş №2-1(105)-828/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-828/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-828/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “diplomun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(118)-1149/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 2015 – 2021-ci illərdə Rusiya Federasiyasının “Rusiya Federasiyası mülki müdafiə, fövqəladə hallar və fəlakət nəticələrinin aradan qaldırılması işləri üzrə Nazirliyinin Dövlət Yanğın Xidmətinin Sankt-Peterburq Dövlət Universiteti” ndə “Milli Təhlükəsizliyin hüquqi təminatı” ixtisası üzrə qiyabi təhsil almış və ona Dövlət Attestasiya Komissiyasının 09 iyun 2021-cı il tarixli, 25 saylı qərarı ilə 24 iyun 2021-ci il tarixdə 107805 ******* nömrəli bakalavr diplomu verilmişdir. İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə ərizə ilə müraciət edərək 107805 ******* nömrəli, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh 07 iyul 2022-ci il tarixli, NA00004864 nömrəli qərarı ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, ərizəçi ali təhsil pilləsinin dövlət standartı ilə müəyyən edilmiş tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3-cü bölməsinə əsasən, ərizəçinin ixtisası üzrə aldığı təhsilin müddəti Azərbaycan Respublikasında ona ekvivalent ixtisas üzrə təhsilin müddətinə uyğun gəlmir. Belə ki, ərizəçinin təhsil aldığı ölkədə olduğu müddət müvafiq tədris proqramının mənimsənilməsi üçün kifayət hesab oluna bilməz. Qeyd olunanlara əsasən ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınması mümkün hesab olunmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Rusiya Federasiyasında “Rusiya Federasiyası mülki müdafiə, fövqəladə hallar və fəlakət nəticələrinin aradan qaldırılması işləri üzrə Nazirliyinin Dövlət Yanğın Xidmətinin Sankt-Peterburq Dövlət Universiteti” tərəfindən iddiaçının adına verilmiş 107805 ******* nömrəli, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-2021-ci illər arasında Rusiya Federasiyasında “Rusiya Federasiyası mülki müdafiə, fövqəladə hallar və fəlakət nəticələrinin aradan qaldırılması işləri üzrə Nazirliyinin Dövlət Yanğın Xidmətinin Sankt- Peterburq Dövlət Universiteti”ndə qiyabi təhsil forması üzrə təhsil almış, “Milli Təhlükəsizliyin hüquqi təminatı” ixtisası üzrə hüquqşünas peşəsi ilə təltif olunmuşdur. Rusiya Federasiyasının ərazisində tam təhsil proqramını mənimsəmiş və tədris planını yerinə yetirmiş, ixtisas üzrə dövlət imtahanlarını vermiş və diplom işini müdafiə etmişdir. Dövlət Attestasiya Komissiyası tərəfindən 09 iyun 2021-ci il tarixli qərarla ona “Milli təhlükəsizliyin hüquqi təminatı” ixtisası üzrə ali təhsil haqqında 107805 ******* nömrəli diplom verilmişdir. İddiaçı həmin diplomun tanınması və ekvivalentliyinin müəyyən olunması ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçının xarici pasportunun təsdiq edilmiş surətindən görünür ki, o təhsil müddəti ərzində həmin ölkəyə dəfələrlə gedib gəlmiş, təhsil proqramını mənimsəmiş, müvafiq imtahanları vermişdir. İddiaçı bəzi zamanlarda təyin edilmiş imtahan günlərindən daha əvvəl imtahan vermiş, 2015-2019-cu illərdə bütün təhsil proqramında iştirak etmişdir. Bundan sonra dünyada baş verən pandemiya ilə bağlı, həmçinin, AR-da çalışdığı üçün o ərizə ilə ali təhsil müəssisəsinə müraciət etmiş və həmin müraciət əsasında ona xüsusi və sürətləndirilmiş dərs rejimi tətbiq edilmiş, təhsilini distant olaraq davam etdirmişdir. Bakı İnzibati Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2-1(112)-11244/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı onun təhsil aldığı ölkədə olduğu qısa müddət ərzində olması (2015/2016-cı tədris ili üzrə - 3 gün, 2016/2017-ci tədris ili üzrə - getməyib, 2017/2018-ci tədris ili üzrə - 7 gün, 2018/2019-cu tədris ili üzrə - 25 gün, 2019/2020-ci tədris ili üzrə -1 semestr- 5 gün, İİ semestr- getməyib (pandemiya dövrü), 2020/2021-ci tədris ili üzrə - getməyib (pandemiya dövrü)), həmin müddət ərzində iddiaçının diplom əlavəsində göstərilən tədris yükünü dövlət standartlarının tələblərinə uyğun yerinə yetirməsinin qeyri-mümkün olması müəyyən edilmişdir. Bu səbəbdən, iddiaçıya müvafiq sənədin verilməsindən imtina edilməsi barədə inzibati akt qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası oxşar işlər üzrə qərarlarında dəfələrlə (2-1(102)-265/2020, 2-1(102)-251/2021 saylı) xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və onların ekvivalentliyinin müəyyən edilməsinin cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olmasını vurğulamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” nın 8.7.2-ci yarımbəndinə əsasən qiyabi forma üzrə tələbələrin auditoriya dərslərinin həcmi bakalavriat səviyyəsində ildə 180-240 saat nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları’’nın 3.2.3-cü yarımbəndinə əsasən qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” nın 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azerbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu olmalıdır. Qeyd olunan işin hallarından isə müəyyən olunur ki, iddiaçının təhsil aldığı ölkə ərazisində olduğu müddət qanunvericilikdə göstərilən təhsilin normativ müddətindən azdır. Eyni zamanda, Ali Məhkəmənin İnzibati Kollegiyası oxşar işlər üzrə 2-1(102)-43/2022, 2-1(102)-377/2022, 2-1(102)-682/2022 saylı qərarlarında iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli 2-1(118)-1149/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına Rusiya Federasiyasında “Rusiya Federasiyası mülki müdafiə, fövqəladə hallar və fəlakət nəticələrinin aradan qaldırılması işləri üzrə Nazirliyinin Dövlət Yanğın Xidmətinin Sankt-Peterburq Dövlət Universiteti” tərəfindən verilmiş 107805 ******* nömrəli, xx.xx.2021-ci il tarixli diplomun tanınması və ekvivalentiyi haqqında şəhadətnamə verilməsi vəzifəsi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 noyabr 2023-cü il tarixli, 2-1(105)-533/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(118)-1149/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. (hakim Hökümə Babayeva). Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 12 iyun 2024-cü il tarixli, 2-1(102)-779/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(105)-533/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı 2019/2020-ci və 2020/2021-ci tədris illərində pandemiya ilə əlaqədar distant texnologiyaların tətbiqi ilə təhsil almasını bildirsə də, 2015-2018-ci illərdə 3 tədris ili müddətində cəmi, 10 gün təhsil aldığı ölkənin ərazisində olması ilə səbəbləri və bu səbəblərə dair sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbini təmin edərkən Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli, 455 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında təhsil, elmi dərəcələr haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş” ə istinad etmişdir. Halbuki, həmin Sazişin 6-cı, 7-ci və 8-ci maddələrinə əsasən tanınmanın qiyabi təhsilalma forması vasitəsilə təhsil almış şəxslərə aid edilməməsi müəyyən olunur. İddiaçının cavabdehə icraat zamanı təqdim etdiyi 1959/15 nömrəli, xx.xx.2015-ci tarixli “ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” Müqavilənin 2.1-ci bəndindən iddiaçının qiyabi formada təhsil aldığı müəyyən edilir ki, bu da yuxarıda göstərilən Sazişin iddiaçıya münasibətdə tətbiqini istisna edir. Həmçinin, işə baxan məhkəmə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin 23 avqust 2017-ci il tarixli, 816 nömrəli əmrinə və Rusiya Federasiyasının adları qeyd edilməmiş qanunvericilik normalarına istinad etmişdir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının təqdim etdiyi 1959/15 nömrəli, 3015-ci il tarixli “ödənişli təhsil xidmətlərinin göstərilməsi haqqında” Müqavilənin 2.1-ci bəndində onun qiyabi formada təhsil alması göstərilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı əlavə olaraq məhkəmə kollegiyasının iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, sərhədkeçmə məlumatlarına nəzər yetirildikdə görünür ki, 2017-ci ildə xaricə giriş-çıxış məlumatları olmamışdır, təhsil aldığı təhsil müəssisəsində distant texnologiyaların tətbiqindən istifadə edilmiş, mühazirə və seminarlarda iştirak edilməsi üçün şəxsi kabinet yaradılmış, istehsalat fəaliyyəti ilə məşğul olan şəxslər üçün iş yerindən arayış təqdim edilməklə müəyyən vaxt çərçivəsində bütün imtahanların verilməsi üçün şərait yaradılmışdır. Bəzi vaxtlar bir gün ərzində 6 imtahanda iştirak etmişdir. 2017-ci ildə istehsalat yükünün çox olması ilə əlaqədar təhsil aldığı xarici ölkədə olmamışdır. Distant texnologiyaların tətbiqi ilə qiyabi təhsil almışdır. 2018-2019-cu illərdə həm distant texnologiyaların tətbiqi ilə, həm də şəxsən iştirak edərək təhsilini davam etdirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ OLUNAN HÜQUQ: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0.9. distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma forması; 1.0.36. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası – xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya) ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənəd; Maddə 13. Təhsilalma formaları 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Maddə 27. Təhsil haqqında dövlət sənədi 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələri 29.0. Təhsil sahəsində dövlətin vəzifələri aşağıdakılardır: 29.0.21. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək; (-). Maddə 44. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil almaq hüququ (-) 44.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 nömrəli Fərmanı: 2.2-ci bənd. Qanunun 29.0.21 və 44.2-ci maddəsində (xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müəyyən olunması üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” Qaydaları: 1.2-ci bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. 1.6-ci bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. 1.7-ci bənd. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması, ekvivalentliyinin müəyyən edilməsi və müvafiq Şəhadətnamənin verilməsi sənəd sahibinin ərizəsi və ya maraqlı olan təşkilatın, hüquqi və fiziki şəxslərin müraciəti əsasında həyata keçirilir. 2.3-cü bənd. Ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. 3.2-ci bənd. Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). 3.5-ci bənd. Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğun olması və aşkar olunan uyğunsuzluğun aradan qaldırılmasının mümkün üsulları haqqında ekspert rəyi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunur. 3.6-cı bənd. Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. 3.7-ci bənd. 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydaları: 1.6-cı bənd. Bakalavriat səviyyəsində əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddəti 4-5 ildir (qiyabi forma üzrə təhsil müddəti əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə təhsilin normativ müddətindən bir il artıqdır). Bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”: 5.4-cü bənd. Ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: - əyani; - qiyabi; - distant (məsafədən); - sərbəst (eksternat). 5.5-ci bənd. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli, 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti” 1.5. Ali təhsil üzrə Ali təhsil pilləsinin bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4-5 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 aprel 2010-cu il tarixli, 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” 5.5. Ali təhsil pilləsinin müvafiq səviyyələri üzrə təhsil müddətləri təhsil proqramları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsil müddəti 4-5 (qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır) ildir. Magistratura səviyyəsində əyani forma üzrə həmin müddət 1,5-2 (qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır) ildir. 8.7. Ali təhsil müəssisələri tələbələrinin tədris yükünün ümumi həcmi və normaları aşağıdakı kimi müəyyənləşdirilir: (-) 8.7.5. Əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 8.7.6. Təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində 8-18, magistratura səviyyəsində isə 8-10 həftədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cu il tarixli, 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.3. Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. 3.2.4. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq, tələbələrə bakalavriatda 240-300 kredit (əsas (baza ali) tibb təhsilində 300-360 kredit), magistraturada təhsilin normativ müddəti 1,5 il olduğu halda 90, 2 (iki) il olduğu halda isə 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının 107805 ******* nömrəli, xx.xx.2021-ci il tarixli diplomunun tanınması və ekvivalentiyi haqqında şəhadətnamənin verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı diplomunun tanınması və ekvivalentiyi haqqında şəhadətnamənin verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş və məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı təhsil müddəti ərzində Azərbaycan Respublikası ərazisində çalışdığından və pandemiya dövrü ilə əlaqədar olaraq təhsilini distant texnologiyaların tətbiqi ilə qiyabi formada almış, bu səbəblərdən təhsil dövrü ərzində də Rusiya Fedeasiyasına müxtəlif tarixlərdə, yalnız imtahanlarda iştirak etmək üçün getmişdir. “Təhsil haqqında” Qanunda və həmin Qanunun tətbiqi ilə bağlı normativ xarakterli aktlarda distant təhsilalma forması bilavasitə təsbit edilmişdir. Həm də nəzərə alınmalıdır ki, ali təhsil pilləsi üzrə bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddət ilə bağlı qanunvericilik aktlarının qəbul olunmaması və distant təhsilin dövlət standartlarının müəyyən edilməməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramınının uğurla bitirilməsni təsdiq edən, bu və ya digər dərəcədə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin tanınmasından imtinanın, buradan da, hazırkı məzmunda iddianın rədd edilməsinin qeydşərtsiz (Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərdə nəzərdə tutulan hallar istisna edilməklə) əsası kimi çıxış edə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, ödənişli təhsil xidmətlərinin göstərilməsinə dair xx.xx.2015-cı il tarixli, 19959/15 nömrəli müqavilədə göstərilmişdir – Təhsil sahəsində federal nəzarət xidməti tərəfindən müddətsiz verilmiş xx.xx.2012-ci il tarixli, 2437 saylı lisenziyaya əsasən təhsil fəaliyyətini həyata keçirən Federal dövlət büdcə ali təhsil müəssisəsi “Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və X2 Aradan Qaldırılması Nazirliyinin X3 Xidməti Sankt-Peterburq Universiteti” (FDBALM) X4 Nazirliyinin YMX Sankt-Peterburq Universiteti), Nizamnaməyə əsasən hərəkət edən universitetin rəisi E.N.Çijikovun şəxsində (bundan sonra Universitet adlanan) və vətəndaş İddiaçı (universitetə təhsil almaq üçün qəbul olunduqdan sonra Tələbə adlanan) (hər ikisi birlikdə isə Tərəflər adlanan) müqaviləni aşağıda qeyd olunan şərtlərlə bağladılar. Müqavilənin predmeti - qiyabi təhsil forması üzrə ““Milli təhlükəsizliyin hüquqi təminatı” fakültəsinin “Hüquqşünas” ixtisası üzrə hazırlığı. Təhsil müddəti 6 il təşkil edir. İş materiallarında olan iddiaçının təhsil aldığı Universitet tərəfindən ona ünvanlanmış 27 sentyabr 2022-ci il tarixli məktubdan görünür ki, aralıq və yekun dövlət attestasiyalarının COVİD-19 pandemiyası ilə əlaqədar distant təhsil texnologiyaları vasitəsilə qismən keçirilməsi Rusiya Təhsil və Elm Nazirliyinin xx.xx.2016-cı il tarixli, 1614 nömrəli əmrinin tələblərinə cavab verirdi. “Təhsil haqqında” Qanunun 2-ci maddəsinin 23cü bəndinə, 34-cü maddəsinin İ hissəsinin 3-cü bəndinə əsasən tələbələrə konkret tələbə xüsusiyyətləri və təhsil ehtiyacları nəzərə alınmaqla, məzmununun fərdiləşdirilməsi əsasında təhsil proqramının inkişafını təmin edən fərdi tədris planına əsasən təhsil almaq üçün akademik hüquq verilir. Fərdi tədris planı üzrə təhsil həmişə sürətləndirilmiş tədris demək deyil. Belə ki, İddiaçı qiyabi təhsil formasında təhsil almaq üçün Rusiya Təhsil və Elm Nazirliyinin xx.xx.2016-cı il tarixli, 1614 nömrəli əmrinin 3.3-cü bəndində nəzərdə tutulmuş 6 illik müddət ərzində fərdi tədris planına əsasən təhsil almışdır. İddiaçı təhsil proqramını tam mənimsədiyi üçün Universitetin xx.xx.2021-ci il tarixli, 111-647 nömrəli əmrinə əsasən yekun dövlət attestasiyasından keçməsinə icazə verilmişdir. 2021-ci ilin may-iyun aylarında davam edən COVİD-19 pandemiyasını nəzərə alaraq universitetin xx.xx.2021-ci il tarixli, 111-502 nömrəli əmrinə əsasən qiyabi təhsil alan tələbələr üçün yekun dövlət attestasiyası distant formatda keçirilmişdir. İddiaçı yekun dövlət attestasiyasından müvəffəqiyyətlə keçmiş, bununla bağlı Dövlət Attestasiya Komissiyasının 09 iyun 2021-ci il tarixli, 25 saylı qərarına əsasən ona “Milli təhlükəsizliyin hüquqi təminatı” fakültəsi üzrə hüquqşünas ixtisası və 23 iyun 2021-ci il tarixdə 107805 ******* nömrəli diplom verilmişdir Beləliklə yuxarıda göstərilən sənədlərdən göründüyü kimi iddiaçının qiyabi formada təhsil aldığı bildirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, təhsilin qiyabi və distant formalarının eyniləşdirilməsi yanlışdır. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.6-cı bəndinə görə bakalavriat səviyyəsində əyani (tədrisə tam cəlb olunma - fulltime və tədrisə qismən cəlb olunma - parttime), qiyabi və distant (məsafədən) təhsilalma formaları müəyyən edilir. Distant (məsafədən) formada bakalavr hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan əsasnamə əsasında həyata keçirilir. Göründüyü kimi qanunvericilikdə ayrılıqda həm qiyabi, həm də distant təhsil forması nəzərdə tutulmuş, qiyabi təhsil forması ilə eyni zamanda distant formadan istifadə edilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı norma göstərilməmişdir. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun aldığı tədrisin qanunvericiliyə uyğun həyata keçirilməsi, diplomun tanınmasının isə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaların tələbinə cavab verməsi şərtdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində qeyd edilir ki, 13.1. Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: 13.1.1. əyani; 13.1.2. qiyabi; 13.1.3. distant (məsafədən); 13.1.4. sərbəst (eksternat). Göründüyü kimi, qanunla qiyabi və distant (məsafədən) təhsil formaları fərqli təhsil formaları kimi müəyyən edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərinin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci maddəsinə əsasən, maliyyə kvalifikasiyalar çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzr təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tanınma üzrə ümumi tələblərdən biridir. Qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Bu mənada, hazırkı işdə qiyabi formada xaricdə alınmış bakalavriat təhsilinin Azərbaycan Respublikasının müvafiq təhsil sahəsində dövlət standartlarına uyğunluğu müəyyən olunmalıdır. Qeyd edilən standartlar həm də tədrisin yükünə və yerinə yetirilməsi qaydasına dair tələbləri də özündə ehtiva edir. Təhsil alınan ölkədə faktiki olunan müddətləri hər bir halın fərdi xüsusiyyətləri də göz önündə tutulmaqla sözügedən tədris yükünün və yerinə yetirilməsi qaydasının qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olma müddəti nəzərə alındıqda onun tərəfindən tədris yükünün yerinə yetirilmədiyi və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərə uyğun olmadığı müəyyən edilir. Ekvivalentlik haqqında şəhadətnamənin verilməsi ilə bağlı mübahisələrə baxılarkən qiymətləndirilməli ilk məsələ alınmış təhsilin forması ilə bağlı məsələdir. İddiaçının aldığı bakalavr təhsilinin qiyabi formada olması işin mübahisəsiz halıdır. Nəzərə almaq lazımdır ki, təhsilin forması olaraq qiyabi və distant fərqli təhsil formalarıdırlar. Ona görə də iddiaçının halına münasibətdə qiyabi təhsil formasına dair tələblər tətbiq olunmalı, bunun üzərindən hüquqi dəyərləndirmələr aparılmalıdır. Belə ki, ölkəmizdə bakalavriat təhsilinin qiyabi formada həyata keçirilməsinə münasibətdə hər il müəyyən tədris yükünü yerinə yetirmək, eləcə də müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak tələb olunur. Belə olan halda, xaricdə alınmış qiyabi formada bakalavriat təhsili üzrə ixtisasın ölkəmizdə tanınması və ekvivalentliyinin müəyyən edilməsi məhz Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğunluğun müəyyən olunmasından asılıdır. İş materiallarından da aydın olur ki, iddiaçı Rusiya Federasiyasında təhsil aldığı 2015/2016-cı tədris ili - 3 gün, 2016/2017-ci tədris ili - xarici ali təhsil aldığı ölkədə olmayıb, 2017/2018-ci tədris ili - 7 gün, 2018/2019-cu tədris ili - 25 gün ali təhsil aldığı ölkədə olmuş, 2020-2021-ci tədris ili pandemiya dövrünə təsadüf etdiyindən distant formada təhsilini davam etdirmişdir. Başqa sözlə iddiaçı 2015-2018-ci illərdə təhsil aldığı ölkədə cəmi 10 gün, 2018-2019cu illərdə 25 gün olmuş, digər dövrlərdə isə ümumiyyətlə təhsil aldığı ölkəyə getməmişdir. Deməli, o, tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirak etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının auditoriya dərslərində iştirak etdiyi dövrlərdə də tədris yükünün dövlət standartlarına uyğun yerinə yetirməsi mümkün deyildir. Çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli, 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı” na əsasən hər il üzrə auditoriya dərslərinin həcmi 180-240 saat müəyyən edilmişdir. Lakin iddiaçının təhsil müddəti bu şərti ödəmir. İddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində olmaması alınan biliyin təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək iddiaçının diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin imtinasını əsaslı sayır. Ali Məhkəmənin qərarında qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 2015, 2016, 2018, 2019-cu illərdə bir neçə dəfə təhsil aldığı xarici ölkəyə gedibgəldiyini bildirsə də, iddiaçının təhsil aldığı müddətdə (2015, 2016, 2018) mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib gəlməsi müəyyən olunmamış, məhkəmə tərəfindən iddiaçının həmin ölkədə olmaması və qısa müddətdə olması səbəbləri araşdırılmamışdır. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, qeyd olunan halların araşdırılması məqsədilə İddiaçı məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilmişdir. İddiaçı bildirir ki, sərhədkeçmə məlumatlarına nəzər yetirildikdə görünür ki, 2017-ci ildə xaricə giriş-çıxış məlumatları olmamışdır, təhsil aldığı təhsil müəssisəsində distant texnologiyaların tətbiqindən istifadə edilmiş, mühazirə və seminarlarda iştirak edilməsi üçün şəxsi kabinet yaradılmış, istehsalat fəaliyyəti ilə məşğul olan şəxslər üçün iş yerindən arayış təqdim edilməklə müəyyən vaxt çərçivəsində bütün imtahanların verilməsi üçün şərait yaradılmışdır. Bəzi vaxtlar bir gün ərzində 6 imtahanda iştirak etmişdir. 2017-ci ildə istehsalat yükünün çox olması ilə əlaqədar təhsil aldığı xarici ölkədə olmamışdır. Distant texnologiyaların tətbiqi ilə qiyabi təhsil almışdır. 2018-2019-cu illərdə həm distant texnologiyaların tətbiqi ilə, həm də şəxsən iştirak edərək təhsilini davam etdirmişdir. Məhkəmə kollegiyası geyd edir ki, məhkəməyə təqdim edilən sənədlərdə “2021-ci ilin may-iyun aylarında davam edən COVİD-19 pandemiyasını nəzərə alaraq universitetin xx.xx.2021-ci il tarixli, 111-502 nömrəli əmrinə əsasən qiyabi təhsil alan tələbələr üçün yekun dövlət attestasiyası distant formatda keçirilmişdir.” qeydi vardır. Lakin iddiaçının təhsil aldığı təhsil müəssisəsinin pandemiyadan əvvəl də həmin ölkənin qanunvericiliyinə uyğun olaraq qiyabi təhsilin distant formada tətbiq edilməsi müəyyən olunmur. Kollegiya, iddiaçının xaricdə təhsil alarkən pandemiya dövründə distant təhsil texnologiyalarından istifadə olunduğunun mümkünlüyünü və təhsilin alındığı ölkədə bunun yolverilənliyini nəzərə alır. Lakin, burada həlledici olan qeyd edilən qaydada xaricdə alınmış qiyabi bakalavriat təhsilinin Azərbaycanda bakalavriat təhsilinin qiyabi formasına münasibətdə əsas standartlara uyğun olmadığıdır. Başqa sözlə, Azərbaycan Respublikasının qanunvericiliyi tədris ili ərzində tələbənin müəyyən müddətlərdə tədrisə faktiki cəlb olunmaqla auditoriya dərslərində iştirakını qiyabi formada bakalavriat təhsilinin həyata keçirilməsinin əsas prinsiplərindən biri və müvafiq olaraq Azərbaycan Respublikasında təhsilin bu formasına qoyulan tələb kimi müəyyən etmişdir. İddiaçının halında sözügedən tələbə riayət olunmamışdır. Kollegiya, həmçinin nəzərə alır ki, qeyd edilən tələbə iddiaçının iradəsi ilə bağlı olmayan obyektiv hallara görə riayət edilməsinin mümkün olmadığına dair iddiaçı tərəfindən hər hansı sübutlar da təqdim olunmamışdır. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, qanunvericiliyin tələblərinə görə diplomun tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu müəyyən olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə olduğu müddətlər tədris normativinin yerinə yetirilməsi baxımından yetərli sayıla bilməz. Belə olan halda, məhkəmə araşdırması zamanı iddia tələbinin əsası kimi istinad edilən hallar öz təsdiqini tapmadığından, cavabdeh tərəfindən yuxarıda sadalanan qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmədiyindən iddiaçı iddia tələbində haqlı deyildir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(118)-1149/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar