Məhkəmə qərarları › İş №2-1(105)-829/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-829/2025

16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-829/2025 16.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər: daşınmaz əmlaka dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi, hüquqmüəyyənedici sənədin olmaması) Sədrlik edən və məruzəçi-hakim X7, hakimlər Quliyev İsmayıl Rza oğlu və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, X25 katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “bağ torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun mərhum şəxəs məxsus olmasına dair arayış verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1997-ci il tarixdə ölmüşdür. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, ərazi idarəsinin arxiv saxlananda olan məlumatların araşdırılması zamanı müəyyən olunmuşdur ki, X9ma ayrılmış Novxanı bağ massivi ərazisində yerləşən 1643 saylı torpaq sahəsi Sumqayıt Şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı idarəsi tərəfindən 2 hissəyə bölunərək Mehdiyeva X34 və Mehdiyev X23 ilə yeni icarə müqavilələri bağlanmışdı. Sözügedən torpaq sahəsi həmin icarə müqavilələri əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almmış, sonradan başqa şəxslərin adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2249/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qətnaməsinə əsasən ərizə qismən təmin edilmiş, 18 mart 1966-cı il tarixli, 07 saylı protokolun X4 məxsus olması faktı müəyyən edilmiş, ərizə qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində mərhum X5 0.25 ha torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DWJ və DBF fayllarında mübahisə predmeti olan torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Sumqayıt şəhəri Novxanı Qəsəbəsində yerləşən 1643 saylı torpaq sahəsinin divarları çərçivəsində yerləşən 0.25 ha torpaq sahəsinə və üzərində yerləşən tikiliyə dair müvafiq hüquq müəyyən edici sənədi (çıxarış), hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın (37 nömrəli forma üzrə arayış) və ya digər hüquq müəyyən edici sənədin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məcburi qaydada verilməsini öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun mərhum X4 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X3 övladı olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciəti ondan ibarət olmuşdur ki, 04 avqust 1997-ci il tarixdə vəfat etmiş anası X4 Sumqayıt şəhəri Novxanı qəsəbəsində yerləşən 1643 saylı bağ sahəsi üzrə çəkilmiş divarları çərçivəsində yerləşən 0.25 ha torpaq sahəsinə və üzərində yerləşən tikiliyə dair müvafiq hüquq müəyyən edici sənədi (çıxarış), hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın (37 nömrəli forma üzrə arayış) və ya digər hüquq müəyyən edici sənədin verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi 06 aprel 2024-cü il tarixli, 3-21-3-31/2- 1244/2024 saylı bildirişi ilə müraciəti üzrə xahişinin yerinə yetirilməsindən imtina edilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən 0.25 ha torpaq sahəsi üzərində faktiki vəziyyətinə uyğun olaraq mülkiyyət hüququnun mərhum X4 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2249/2024 saylı, 18 dekabr 2024cü il tarixli qətnaməsinə əsasən 18 mart 1966-cı il tarixli, 07 saylı protokolun X4 məxsus olması faktı müəyyən edilmişdir. Beləliklə də, iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ərazi İdarəsinin arxiv saxlancında olan məlumatların araşdırılması zamanı müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0.25 ha olan 1643 saylı bağ torpaq sahəsinin X12 ayrılması barədə Sumqayıt şəhər Bağlar İdarəsinin xx.xx.1966-cı il tarixli, xx.xx.1975-ci il və xx.xx.1985-ci il tarixli 2231 saylı bağ icarə müqavilələri bağlanmışdır. 1992-ci ilin iyul ayında Sumqayıt şəhər Bağlar İdarəsi tərəfindən tərtib olunmuş akt ilə X21 ərizəsinə əsasən ona məxsus müvafiq bağın 0.12 ha hissəsinin qızı İddiaçı verilməsi qeyd olunmuşdur. Bununla əlaqədar Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan B-1643 saylı bağ torpaq sahəsinin İddiaçı ayrılması barədə Sumqayıt şəhər Bağlar İdarəsinin xx.xx.1992-ci il tarixli, 3090 saylı bağ icarə müqaviləsi bağlanmışdır. 1995-ci ilin mart ayında Sumqayıt şəhər Bağlar İdarəsi tərəfindən tərtib olunmuş akt ilə X10 ərizəsinə əsasən ona məxsus müvafiq bağın 0.12 ha hissəsinin oğlu Mehdiyev X18 verilməsi qeyd olunmuşdur. Bununla əlaqədar Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 1643 saylı bağ torpaq sahəsinin Mehdiyev X18 ayrılması barədə Sumqayıt şəhər Bağlar İdarəsinin xx.xx.1995-ci il tarixli, 2776 saylı bağ icarə müqaviləsi bağlanmışdır. Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan B-1643 saylı bağ torpaq sahəsinin İddiaçı adına ********* qeydiyyat nömrəli, **********02 reyestr nömrəli xx.xx.2007-ci il tarixli reyestrdən çıxarış verilmişdir. Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 1643 saylı bağ torpaq sahəsinin Mehdiyev X15 adına ********* qeydiyyat nömrəli, **********11 reyestr nömrəli xx.xx.2007-ci il tarixli reyestrdən çıxarış verilmişdir. xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhər 2 saylı DNK-da bağlanmış 4Ə1/73 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Mehdiyev X24 ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 1643 saylı bağ torpaq sahəsini X2. Onun adına xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhər 6 saylı DNK-da bağlanmış 4Ə/4- 580 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X22 ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan 1643 saylı bağ torpaq sahəsini Topçibaşev Cahangir Arif oğluna satmışdır. xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhər 2 saylı DNK-da bağlanmış 4Ə1/72 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan B1643 saylı bağ torpaq sahəsini X1. Onun adına xx.xx.2008-ci il tarixdə ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhər 1 saylı DNK-da bağlanmış 4Ə-400 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X17 ona məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi ərazisində yerləşən ümumi sahəsi 0.12 ha olan B-1643 saylı bağ torpaq sahəsini Topçibaşev Cahangir Arif oğluna satmışdır. Hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı olduğu halda, işə baxmış birinci instansiya məhkəməsi ümumiyyətlə iddianın mümkünlüyü məsələsini heç araşdırmamışdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Hazırki inzibati iş üzrə iddia tələbi sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışın verilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin mərhum şəxs tərəfindən iki hissəyə bölünərək, övladları ilə yeni icarə müqavilələləri bağlanılmış, həmin sənədlər əsasında onların adına mülkiyyət hüququ dövlət qeydiyyatına alındığından, sonradan başqa şəxslərin adına özgəninkiləşdirildiyindən, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Novxanı bağ massivi ərazisində yerləşən 0,25 ha olan 1643 saylı bağ torpaq sahəsinin X10 adına ayrılmasına dair Sumqayıt Şəhər Bağlar İdarəsinin xx.xx.1966-cı il, xx.xx.1975-ci il və xx.xx.1985-ci il tarixli bağ icarə müqavilələri bağlanılmışdır. Daha sonra Sumqayıt Şəhər Bağlar İdarəsi tərəfindən 1992-ci il tarxdə akt tərtib edilərək, X10 ərizəsinə əsasən ona məxsus olan 0,25 ha bağın 0,12 ha hissəsinin iddiaçıya verilməsi qeyd edilmiş, bununla əlaqədar həmin İdarə tərəfindən iddiaçının adına 0,12 ha B-1643 saylı bağ torpaq sahəsinin ayrılması barədə xx.xx.1992-ci il tarixli,3090 saylı bağ icarə müqaviləsi bağlanılmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ iddiaçının adına dövlət qeydiyyatına alınmış, daha sonra isə alqı-satqı müqavilələri əsasında özgəninkiləşdiirlmiş, hazırda başqa şəxs mülkiyyətçi kimi çıxış etmişdir. Daha sonra həmin Bağlar İdarəsi tərəfindən 1995-ci il tarixdə alt tərtib edilərək, X10 ərizəsinə əsasən ona məxsus olan qalan bağ torpaq sahəsinin (0,13 ha) 0,12 ha hissəsinin oğlu Mehdiyev X18 verilməsi qeyd edilmiş, bununla əlaqədar həmin İdarə tərəfindən Mehdiyev X15 adına 0,12 ha 1643 saylı bağ torpaq sahəsinin ayrılması barədə xx.xx.1995-ci il tarixli, 2776 saylı bağ icarə müqaviləsi bağlanılmışdır. Sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ Mehdiyev X15 adına dövlət qeydiyyatına alınmış, daha sonra isə alqı-satqı müqavilələri əsasında özgəninkiləşdiirlmiş, hazırda başqa şəxs mülkiyyətçi kimi çıxış etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı qeyd edilən icarə müqavilələrinə aid arxiv işinin əsli tələb edilərək, tədqiq edilmişdir. İş materiallarından görünür ki, Sumqayıt XDS-nin 18 mart 1966-cı il tarixli 7 №li protokolunun 19 saylı qərarı ilə 0,25 torpaq sahəsinin X10 adına ayrılması qeyd edilmişdir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, X6 iddiaçının anası olmaqla, 04 avqust 1997-ci il tarixdə vəfat etmişdir, iddiaçı onun vərəsəsi qismində çıxış etmişdir. Həmçinin, iş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, müayinə aktının məzmununda torpaq sahəsinin faktiki ölçüsünün 0,25 ha olduğu, üç tərəf mişar daşı ilə əhatə olunduğu, mübahisəli halın olmadığı, iki mərtəbəli fərdi yaşayış evinin, hövuz və həyət tikilisinin olduğu, yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşmədiyi qeyd edilmişdir. Bundan əlavə, məhkəməyə təqdim edilmiş ortofoto görüntünün məzmunundan görünür ki, iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi mərhum şəxsin adına bağ icarə müqaviləsi əsasında ayrılmış, sonradan oğlu və qızına ərizəsi əsasında verilmiş və onun əsasında yeni bağ icarə müqavilələri bağlanılaraq, mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış torpaq sahələri ilə qonşuluğunda yerləşir. İndiki halda iddiaçı hazırda iddia etdiyi torpaq sahəsinin Sumqayıt XDS-nin 18 mart 1966-cı il tarixli 7 №li protokolunun 19 saylı qərarı ilə mərhum anasının adına ayrılması, bağ icarə müqaviləsi ilə ayrılan və özgənikiləşdirilmiş 0,25 ha torpaq sahəsi ilə eyni torpaq sahəsi olmadığını əsas gətirərək, hazırki iddia tələbini irəli sürmüşdür. Kollegiya iddianının əsaslılığı ilə bağlı onu qeyd edir ki, iddiaçının anası mərhum şəxsin adına 025 ha bağ torpaq sahəsinin ayrıldığı, həmin bağ torpaq sahəsinin isə iki yerə bölünərək, iddiaçı və mərhum şəxsin oğlunun adına yeni icarə müqaviləsi bağlanılaraq, mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Həmçinin, işin müəyyən edilmiş hallarından görünür ki, mərhum şəxsin adına bağ icarə müqaviləsi ilk dəfə xx.xx.1966-cı ildə bağlanılmış, iddiaçının istinad etdiyi Sumqayıt XDS-nin qərarı 18 mart 1966cı il tarixdə qəbul edilmiş, həmin qərarda torpaq sahəsinin ölçüsünün 0,25 ha olduğu qeyd edilmişdir. İndiki halda iddiaçı həmin qərarın başqa bağ torpaq sahəsinə aid olduğunu qeyd etsə də, ona dair icarə müqaviləsinin mövcudluğu ilə bağlı hər hansı sənəd və ya mötəbər sübut məhkəməyə təqdim etməmiş, habelə məhkəmə araşdırması zamanı da mərhum şəxsin adına bağlanmış başqa icarə müqaviləsinin mövcudluğu müəyyən edilməmişdir. Bundan əlavə, qeyd edilməlidir ki, bağ torpaq sahəsi yalnız müvafiq qərarın qəbul edilməsi əsasında deyil, habelə Bağlar İdarəsi ilə bağlanılmış icarə müqaviləsi əsasında istifadəyə verilirdi. İndiki halda isə iddiaçının mərhum anasının adına 0,25 h abağ torpaq sahəsinin ayrılması barədə qərar, habelə bağ icarə müqaviləsi mövcud olmuş, həmin sənədlər əsasında ayrılmış torpaq sahəsinə dair yeni bağ icarə müqavilələri bağlanılaraq, onun əsasında mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Belə olan halda kollegiya hesab edir ki, işin müəyyən edilmiş həmin halları iddiaçının müvafiq qərara istinad etməklə, başqa bağ torpaq sahəsinin mərhum anasının adına ayrılması ilə bağlı dəlilini təkzib etməklə, iddianının əsaslılığını müəyyən etməyə imkan vermir. İndiki halda isə iddiaçı tərəfindən həmin halları təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddiaçının mərhum anasının adına başqa bağ torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlərin (bağ icarə müqaviləsi və s.) mövcudluğu müəyyən edilməmiş, iddiaçı tərəfindən də həmin hala dair heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə, kolegiya iddiaçının istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, iddaçı həmin sahənin uzun müddət onların faktiki istifadəsində olduğunu, hazırda da onların istifadəsində olduğunu bildirir. Bununla bağlı kollegiya onu qeyd edir ki, iddiaçı və ya onun mərhum anası tərəfindən sözügedən bağ torpaq sahəsinin qanuni sahibi olması və ya hər hansı hüquqi bağlılığının olması halı müəyyən edilmədiyindən, həmin əmlaka qanuni əsas olmadan istifadə edilmişdir. Belə olan halda kollegiya qeyd edir ki, qanuni əsas olmadan uzun müddət istifadə edilməsi halı mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməməklə, torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədin mövcudluğunu əvəz etmir. Bu baxımından kollegiya hesab edir ki, iddiaçının arqumenti həmin hissədə də əsassız olmuşdu. Qeyd edilən hallara əsasən kollegiya onu qeyd edir ki, işin yuxarıda müəyyən edilmiş halları əsasında iddiaçının mərhum anasının adına ayrılmış 0,25 ha bağ torpaq sahəsinin üzərində mülkiyyət hüququnun artıq dövlət qeydiyyatına alınması halı müəyyən edildiyindən, habelə onun adına başqa bağ torpaq sahəsinin ayrılması halı müəyyən edilmədiyindən, iddianının əsaslılığı müəyyən edilməmişdir. Nəticə etibarilə iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamış, cavabdehin imtina ilə bağlı hərəkətləri qanuni olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən halları ətraflı araşdırılmamış, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin və onun əsasında mülkiyyət hüququnun yaranması üçün əsasların mövcud olub-olmaması halları qanunvericiliyin tələbi baxımından düzgün dəyərləndirilməmiş, cavabdehin imtina əsasları ətraflı araşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1260/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar