Məhkəmə qərarları › İş №2-1(105)-83/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-83/2021

15.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-83/2021 15.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Hökümə Çingiz qızı Babayeva və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X11 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı “Quba rayonu Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin və 0,25 ha pay torpağının nənəsi X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-33/2020 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin və 0,25 ha pay torpağının nənəsi X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-33/2020 saylı qərardadı ilə X14 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nənəsi X4 miras qalan torpaq sahəsi və üzərində olan fərdi yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Uzun müddətdir ki, cavabdeh onun müraciətlərini əsassız olaraq cavablandırmır və ya müxtəlif bəhanələrlə rədd edir. DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, **********81 saylı cavab məktubu ilə hüquqların dövlət qeydiyyatından əsassız olaraq imtina edilmişdir. Belə ki, cavab məktubunda göstərilir ki, “Zərqava kəndində yerləşən mərhum X8 məxsus fərdi yaşayış evinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanmasına dair DƏDRX-in 5 saylı Ərazi İdarəsinə daxil olmuş xx.xx-2016-cı il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yaranmışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır”.Cavabdan da görünür ki, cavabdeh müxtəlif bəhanələrlə uzun müddət ərzində süründürməçilik etmiş və nəhayətdə əsaslandırılmamış və qanunsuz cavab vermişdir. Qeyd edilən torpaq sahəsi və fərdi yaşayış evi nənəsindən ona miras kimi qalmışdır. O həmin torpaq sahəsini və fərdi yaşayış sahəsini faktiki qəbul edərək onun dəyərli xassələrindən istifadə edir. Qonşu ilə mübahisənin olması nənəsinin torpaq sahəsinə və fərdi yaşayış evinə reyestrdən çıxarış verilməsindən imtina üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-33/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı Quba rayonu, Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin və 0,25 ha pay torpağının nənəsi X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. İş apelyasiya icraatında olarkən qərardan üçüncü şəxs X14 apelyasiya şikayəti vermiş və qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmiş, məhkəməyə buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə təqdim etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli 2-1(118)-83/2021 saylı qərardadı ilə apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilmiş və apelyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən digər fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yaranmışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2016-cı il tarixli, **********81 nömrəli məktubla əsaslı olaraq imtina olunmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.2 daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi. Həsənov Eİməddin Mütəllim oğluhün mərhum X22 qızının Quba rayonu Zərqava kəndində yerləşən 0.25 ha pay torpağı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ümumiyyətlə müraciəti olmamışdır və bu barədə imtina cavabı verilmədiyi üçün inzibati orqanının inzibati aktı mövcud deyildir. Üçüncü şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuzdur. Belə ki, iş üzrə toplanmış materiallardan da görünür ki, həmin torpaq sahəsində 1928-ci il tarixdə tikilmiş ev olmuşdur. Həmin evdə iddiaçının atası X3 ilə babaları Həsənov Hacıxələf ailəsi ilə yaşamışdır. 1958-ci il tarixində isə üçüncü şəxsin atası X17 həmin yerdəki torpaq sahəsində, bu evin yanında başqa bir ev tikdirib və orada yaşamağa başlayıb. Beləliklə, həm iddiaçının atası X3 və həm də onun atası X17 həmin 0, 26 ha torpaq sahəsində tikilmiş evdə yaşayıblar. Babası 1999-cu il tarixində rəhmətə gedib, nənəsi Həsənova Əsli isə 2007-ci il tariixində rəhmətə gedib. Atası Ağaşərif rəhmətə gedəndən sonra isə həmin ev anası X5 adına keçib və anasıın adına 0, 15 ha həyətyanı torpaq sahəsi olub. Anası da 2018-ci il tarixdə rəhmətə gedib. Qeyd olunan 0, 26 ha torpaq sahəsi iddiaçının göstərdiyi 0,34 ha torpaq sahəsinin daxilində olub. Yəni həmin sahə tək iddiaçıya deyil, həm də onların ailəsinə məxsus olmuşdur. Ona görə də iddiaçının tələbi qanunsuzdur. Onu da qeyd edir ki, iddiaçının atası həmin sahədə 0,8 ha torpaq sahəsini qanunsuz tutmuşdur və hətta bələdiyyə tərəfindən ona təklif olunmuşdur ki, həmin sahə həm onun, həm onların ailələri arasında bölünüb satın alınsın, yəni rəsmiləşdirilsin. Dövlət arxivinin Quba filialının arxiv arayışından da görünür ki, Zərqova kənd sovetinin 1957-1959-cu illərə aid kənd üzrə təsərrüfat kitabında atasının mülkiyyətində 1928-ci ildə tikilmş yaşayış evi və 0, 26 ha torpaq sahəsi, 1958- 1959-cu illərdə 0,12 ha həyətyanı torpaq sahəsi olub. Atası rəhmətə gedəndən sonra həmin ev anası X5 adına keçib və anasının adına 0,15 ha həyətyanı torpaq sahəsi olub. Quba rayon İH Zərqova İƏD üzrə nümayəndəliyinin xx xxxxxxx 2014-cü il tarixli arayışından da görünür ki, bu iki ailə barəsində münaqişəni daim iddiaçı yaradır. Məhkəmə öz qərarında mübahisəli 0, 25 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsulları istehsalı üçün Quba rayon AİK-nın tərəfindən X9 və ailə üzvlərinə, 0,34 ha torpaq sahəsinin də onun ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün verildiyini göstərsə də, cavabdeh təşkilatın iddiaçının tələbini təmin etməməsinin səbəbi olan onun da həmin sahəyə hüququnun olduğunu nəzərə almamışdır. Belə ki, Həsənova Əsli onun də nənəsidir və ona verilən həmin sahədə tək iddiaçının deyil, onun da ailə üzvləri illər uzunu yaşayıblar. Məhkəmədə iştirak etmiş olsaydı, bu halı sübut edəcək bütün sənədləri məhkəməyə təqdim edə bilərdi. Beləliklə, İnzibati məhkəmədə əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması təmin olunmamış qalmışdır və bu hal məhkəmənin qərarının ləğv edilməsi üçün əsasdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X18 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətlərinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan : JN 265 seriyalı, 30315018 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X9 verilmişdir JN 223A serialı, 30315018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.34 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X9 verilmişdir, eyni zamanda fərdi yaşayış evinə dair Texniki paspotrun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X15 və ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. JN-224A serialı, 30315018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0,15 ha hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X7 verilmişdir. İş materiallarında olan 1406 saylı arxiv arayışından görünür ki, Quba RİHB-nın Zərqova İnzibati ərazi Vahidi üzrə nümayəndəliyinin 2001-2005-ci illərə aid Zərqova kəndi üzrə təssərüfatbaşına kitabında X12 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində ümumi sahəsi 96 kv.m, o cümlədən yaşayış sahəsi 51 kv.m olan 1959-cu ildə tikilmiş yaşayış evi və şəxsi istifadəsində 0.15 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Az-1 239851 nömrəli ölüm haqqında Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X15 xx.xx.2007-ci ildə vəfat etmişdir. xx.xx.2007-ci il tarixli, 01 reyestr nömrəli Vəsiyyətnaməyə əsasən mərhum X15 adına olan daşınmaz əmlakını nəvəsi İddiaçı vəsiyyət edərək vermişdir. Quba rayon İHB-nin Zərqava İƏD üzrə nümayəndəliyinin xx.xx.2014-cü il tarixli, 43 saylı arayışından görünür ki, X2 şəhəri, Zərqava kəndində yaşamış, 2007-ci ildə Quba şəhəri, Zərqava kəndində vəfat etmiş, vəfat etdikdən sonra təsərrüfatı 0.34 ha həyətyanı torpaq sahəsi, 0.25 ha özəl pay torpağı və evini nəvəsi İddiaçı idarə edir. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, **********81 saylı cavabdan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Quba rayonu, Zərqava kəndində yerləşən JN-223A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X8 məxsus 0,34 ha torpaq sahəsinin JN-224A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X7 məxsus 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi, X14 tərəfindən JN-223A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X8 məxsus 0,34 ha torpaq sahəsindən zəbt edilmə faktının müəyyən edilməsi üçün məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli ekspert rəyi ilə müəyyən olunur ki, Quba rayonu, Zərqava kəndində yerləşən JN-223A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X10 məxsus 0,34 ha torpaq sahəsinin JN-224A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X7 məxsus 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən olunmuşdur. X1 məxsus olan torpaq sahəsinin X14 tərəfindən zəbt olunmasını müəyyən etmək mümükün olmamışdır. İşin hallarından görünür ki, iddiaçı Həsənov İddiaçı Əsli Nağdəli qızının qanun üzrə vərəsəsi olduğundan müvafiq olaraq əmlakları nənəsinin adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh isə daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən digər fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yarandığını və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmadığını, bu səbəbdən də fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarışın hazırlanmasının mümkün olmadığını bildirmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin və 0,25 ha pay torpağının nənəsi X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və ona əsaslanmışdır ki, «Hüquqların dövlət qeydiyyatından imtina»-nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. İddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Cavabdeh qərarı o əsasla mübahisələndirmişdir ki, daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən digər fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yaranmış və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamış, bu səbəbdən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin texniki göstəricilərini əks etdirən texniki pasport və dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmamışdır. Cavabdehin digər bir dəlili isə ondan ibarətdir ki, Həsənov Eİməddin Mütəlİim oğlunun mərhum X6 Quba rayonu Zərqava kəndində yerləşən 0.25 ha pay torpağı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı ümumiyyətlə müraciəti olmamışdır və bu barədə imtina cavabı verilmədiyi üçün inzibati orqanının inzibati aktı mövcud deyildir. Üçüncü şəxs qərarı o əsasla mübahisələndirmişdir ki, 0, 26 ha torpaq sahəsi iddiaçının göstərdiyi 0,34 ha torpaq sahəsinin daxilində olub. Yəni həmin sahə tək iddiaçıya deyil, həm də onların ailəsinə məxsus olmuşdur. Ona görə də iddiaçının tələbi qanunsuzdur. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Mülki Məcəllənin 157.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə kollegiyası ilk öncə cavabdehin apelyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hesab olunur. Quba rayon Aqrar İslahat Komissiyasının verdiyi JN 265 serialı, 30315018 nömrəli şəhadətnaməyə əsasən 0.25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X9 verilmiş, həmçinin JN 223A serialı, 30315018 nömrəli Şəhadətnaməylə 0.34 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X9 verilmiş və X9 və ailə üzvlərinə fərdi yaşayış evinə dair Texniki pasport verilmişdir. İş materiallarında istinad olunan arayışlardan görünür ki, torpaq sahələri və fərdi yaşayış evi İddiaçı istifadəsindədir. Bu səbəbdən cavabdehin həmin arqumenti-daşınmaz əmlakın müayinəsi zamanı həyətyanı torpaq sahəsində yerləşən digər fərdi yaşayış evinin sakini ilə torpaq sahəsi üzərində mübahisə yaranması və müayinənin baş tutmaması texniki pasport və dövlət reyestrindən çıxarışın verilməsindən imtina üçün əsas ola bilməz. Cavabdehin digər arqumenti isə 0.25 ha pay torpaqla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə iddiaçının ümumiyyətlə müraciətinin olmamasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçının ümumiyyətlə bu iş üzrə subyektiv hüququ o səbəbdən mövcuddur ki, mərhum nənəsi vəsiyyətnaməyə əsasən adına olan daşınmaz əmlakını nəvəsi İddiaçı vəsiyyət edərək vermişdir. İddiaçı da nənəsindən qalan bütün əmlaka dair mərhumun adına mülkiyyət hüququnu əldə etmək üçün cavabdeh inzibati orqana müraciət etmişdir. İş materiallarına əlavə edilmiş vəsiyyətnamədən görünür ki, həmin vəsiyyətnamədə iddiaçıya 0.35 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsi üzərində olan ev və 0.25 ha özəl pay torpağı vəsiyyət edilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh inzibati orqanın həmin torpaq sahəsinə baxışa gəlməsinə əsas məhz iddiaçının müraciəti əsasında vəsiyyətnamə ola bilərdi. Vəsiyyətnamə ilə isə 0,34 ha torpaq sahəsi və onun üzərində tikilmiş fərdi yaşayış evi ilə yanaşı, 0,25 ha pay torpağının da X15 tərəfindən iddiaçıya vəsiyyət olunduğu aydın görünür. Digər bir tərəfədən isə cavabdeh inzibati orqan etirazında 0.25 ha pay torpaqla bağlı müraciətin olmamasını qeyd etmədiyi halda, yalnız apelyasiya şikayətində həmin məsələyə toxunmuş, lakin bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə kollegiyası cavabdehin həmin dəlilini də əsassız hesab edir. Üçüncü şəxsin apelyasiya şikayətinin dəlili ondan ibarətdir ki, 0, 26 ha torpaq sahəsi iddiaçının göstərdiyi 0,34 ha torpaq sahəsinin daxilində olub. Yəni həmin sahə tək iddiaçıya deyil, həm də onların ailəsinə məxsus olmuşdur. Ona görə də iddiaçının tələbi qanunsuzdur. İş üzrə təyin edilmiş ekspertizanın nəticəsi olaraq verilmiş rəyə əsasən də müəyyən edilmişdir ki, Quba rayonu, Zərqava kəndində yerləşən JN-223A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X10 məxsus 0,34 ha torpaq sahəsinin JN-224A kod 30315018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə X7 məxsus 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Üçüncü şəxsin apelyasiya şikayətinin digər dəlili isə ondan ibarətdir ki, həmin sahəyə onun da hüququnun olduğu nəzərə alınmalıdır. Bununla bağlı isə kollegiya qeyd edir ki, iddiaçının tələbi Quba rayonu Zərqava kəndində yerləşən 0,34 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinin və 0,25 ha pay torpağının nənəsi X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə bağlıdır. İş materiallarına əlavə edilmiş 265 serialı, 30315018 nömrəli Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.25 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X9 verilmişdir. JN 223A serialı, 30315018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 0.34 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X9 verilmişdir, eyni zamanda fərdi yaşayış evinə dair Texniki paspotrun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X15 və ailə üzvlərinə fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Həmin sənədlər və həmin torpaq sahəsinin iddiaçının mərhum nənəsinə məxsus olmasını nə cavabdeh, nə də üçüncü şəxs mübahisələndirmirlər. Kollegiya qeyd edir ki, iddia tələbi mərhum Əsli Həsənovanın adına ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu müəyyən edən çıxarışın verilməsi ilə əlaqədardır və İddiaçı öz adına miras əmlakın rəsmiləşdirilməsi ilə bağlı deyil. Bu səbədən məhkəmə kollegiyası üçüncü şəxsin dəlillərini də əsassız hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mərhum X15 özünə məxsus torpaq sahəsini nəvəsi olan İddiaçı vəsiyyət etmiş və Mülki Məcəllənin 1193-cü maddəsi ilə miras əmlakdan məcburi pay hüququ olan vərəsələr onlara çatası paydan notariat qaydasında imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1166-ci maddəsinə əsasən vəsiyyət anlayışı fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi isə iddiaçının müraciətindən imtina etdikdə həmin maddədə göstərilmiş heç bir hala əsaslanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Beləliklə qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmişdir. Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər isə qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Odur ki, hər iki apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və üçüncü şəxs X14 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(118)-33/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar