Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-83/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Nümayəndə1 və üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, 01.01.2018-ci il tarixdən 30.09.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, 2017-ci ilin hesabına maddi yardımın, AR Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)- 1075/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Fövqəladə Hallar Nazirliyində hərbi xidməti dövrü sərəncamda olduğu 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddətin qanunsuz hesab edilməsi və göstərilən dövr üçün aylıq əmək haqqının, 2017-ci ilin yekunlarına görə birdəfəlik pul mükafatının, 01.01.2018-ci il tarixdən 30.09.2018-ci il tarixədək olan dövr üçün birdəfəlik pul mükafatının, 2017-ci ildə istifadə etmədiyi 45 gün növbəti məzuniyyətə görə və 2018-ci ildə iddiaçıya verilməli olan 45 günlük növbəti məzuniyyətin ona verilməmiş 34 gününə görə müvafiq kompensasiyanın, 2017-ci ilin hesabına maddi yardımın, Fövqəladə Hallar Nazirliyində hərbi xidmət dövrü istifadə etmədiyi əşya əmlakı əvəzinə pul kompensasiyasının və 2017-ci ildə kirayədə yaşadığına görə mənzil kirayəsi üçün 1 illik kompensasiyanın hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2007-ci ildən 18.12.2018-ci il tarixədək Fövqəladə Hallar Nazirliyində (2007-ci ildən 17.04.2017-ci il tarixədək N №-li hərbi hissədə, 10.09.2018-ci il tarixdən 18.12.2018-ci i tarixədək N №-li hərbi hissədə) zabit kimi, cəmi N təqvim ili həqiqi hərbi xidmət keçmiş və AR X2 18.12.2018-ci il tarixli 1731/ş №li əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin "J" bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Tələbinin hüquqi əsasları Fövqəladə Hallar Nazirliyində hərbi xidmət keçərkən və 2018-ci ilin dekabr ayında hərbi xidmətdən ehtiyata buraxılarkən bir çox aşağıda sadalanan maddi təminat və istirahət hüquqları hərbi hissə komandanlığı tərəfindən pozulmuşdur. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə fövqəladə hallar orqanları əməkdaşı təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə 3 ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən 6 ayadək uzadıla bilər. İddiaçı isə 17.04.2017-ci il tarixdə X2 müvafiq əmri ilə heç bir əsas gətirilmədən xidmət etdiyi N №-li hərbi hissədə "şöbə rəisinin baş köməkçisi" vəzifəsindən sərəncama çıxarılmış və 10.09.2018-ci il tarixədək X2 sərəncamında olmuşdur. 10.09.2018-ci il tarixdə isə N №li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədən 18.12.2018-ci ildə ehtiyata buraxılmışdır. Sərəncamda olduğum müddət ərzində cəmi 4 ay 17.04.2017-ci il tarixdən 17.08.2017-ci il tarixədək aylıq pul təminatı ilə təmin edilmişdir. 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddət üçün heç bir növ pul təminatı (aylıq maaş) ödənilməmişdir. Onun 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddət ərzində (12 ay 23 gün) sərəncamda olmağı qanunsuz olmuş və bu müddət üçün aylıq pul təminatı tam həcmdə hesablanaraq ona ödənilməlidir. Sumqayıt İnzibati Məhkəmənin 2-1(118)-50/2020 saylı 29.10.2020-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı AR Fövqəladə Hallar Nazirliyində sərəncama götürüldüyü 17.08.2017-ci il tarixdən əvvəlki vəzifədə aldığı aylıq əmək haqqı üç ay müddətinə hesablanaraq iddiaçıya ödənilməsi AR Fövqəladə Hallar Nazirliyinə həvalə edilməsi və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır (hakim İsmayıl Quliyev). Qərardan iddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəmənin 2- 1(118)-50/2020 saylı 29.10.2020-ci il tarixli qərarının təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.03.2021-ci il tarixli 2-1(105)-222/2021 saylı qərarı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, qərar ləğv edilərək iş yenidən baxılması üçün birinci isntasniya məhkəməsinə göndərilmişdir (sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad, hakimlər Məmmədov Zaur və Qafari Səyyad). Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 saylı qərarını ilə iddianın qismən təmin edilməsi, İddiaçı 17 avqust 2017-ci il tarixdən 10 sentyabr 2018-ci il tarixədək ödənilməli olan 8680.85 manat əmək haqqı, 2017-ci il üçün 447.0 manat maddi yardım, 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat, 2017-ci ilin müvafiq dövrü üçün 727.85 manat məzuniyyət əvəzinə pul kompensasiyası və 2018-ci ilin 34 gün istifadə edilməmiş məzuniyyət günləri üçün 573.78 manatın ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinn üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardan cavabdeh apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 saylı qərarının 2017-ci il üçün 447.0 manat maddi yardım, 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat ödənilməsi hissəsində ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarda istinad olunan “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi qulluqçuların pul təminatı haqqında” Əsasnamə qüvvədə deyil. Belə ki, maddi yardım və mükafat məbləğlərinin ödənilməsi öhdəliyi hazırda qüvvədə olmayan normativ-hüquqi aktın müddəalara əsaslandırılıb. Digər məsələ isə iddiaçının xidmət dövründə xidmətə səhlənkar yanaşması nəticəsində hərbi hissədə cinayət hadisəsi baş verib. İddiaçının cinayət hadisəsi ilə bağlılığını sübuta yetirən dəlillər Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən bizə təqdim edilmiş təqdimatda da öz əksini tapmışdır. Əlavə maddi yardımın ödənilməsi isə yalnız əməkdaşın müraciəti əsasında verilir, amma iddiaçı xidmət dövründə heç bir müraciət ünvanlamayıb. Ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 saylı qərarının 2017-ci il üçün 447.0 manat maddi yardım, 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat ödənilməsi hissəsində ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNƏ İDDİAÇİNİN ETİRAZİ İddiaçı apellyasiya şikayətinə etiraz verərək göstərmişdir ki, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi Azərbaycan Respublikası Baş Prokurorunun müavini-korrupsiyaya qarşı mübarizə Baş idarəsinin rəisinin 2018-ci il tarixli Təqdimatı sübutlar sırasından çıxarılmalıdır. Belə ki, cavabdeh həmin sübutu birinci instansiya məhkəməsində sübut kimi təqdim etməmiş və apellyasiya şikayətində həmin təqdimatın hansı səbəbdən birinci instansiya məhkəməsində təqdim edilməməsini göstərməmişdir. Hətta nəzəri cəhətdən qəbul edilsə də, təqdimatda göstərildiyi kimi onun həmin texniki vasitələrin çatışmazlığında günahı olmuşdur, bu ona əsas vermir ki, o həm 2017-ci il üçün, həm də 2018-ci il üçün birdəfəlik pul mükafatından məhrum edilsin. Hərbi qulluqçuların pul təminatını tənzimləyən 19.10.2017-ci il tarixli “Azərbaycan Respublikası Silahlı qüvvələrinin hərbi X1 haqqında” Əsasnamədə yazılıb: Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzalandığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı verilir. Müdafiə Nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, Müdafiə Nazirliyinin baş idarə, idarə, müstəqil şöbə və təşkilat rəisləri, birlik, birləşmə və hissə komandirləri xidmət ili ərzində intizam qaydalarına riayət etməyən, intizam qaydasında cəzalandırılan, nalayiq hərəkətlərə yol vermiş, cinayət əməli törətmiş və döyüş hazırlığında zəif nəticələr göstərmiş hərbi qulluqçuların mükafat miqdarını azaltmaq və ya onları mükafatdan məhrum etmək hüququna malikdirlər. Lakin o birdəfəlik pul mükafatından məhrum edilmək üçün qeyd olunan əsasnamənin 27.3.-cü maddəsində nəzərdə tutulan hərəkətlərdən heç birini etməmişdir. 2017-ci il üçün maddı yardımın verilməsi “Azərbaycan Respublikası Silahlı qüvvələrinin hərbi X1 haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamədə yazılıb: Hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dərə vəzifə və hərbi rütbə maaşları həcmində birdəfəlik maddi yardım ödənilir. Maddi yardım hərbi qulluqçulara onların müraciətləri əsasında hərbi hissə komandirinin əmri, komandirə (rəisə) isə-yuxarı komandirin (rəisin) əmri əsasında, maddi yardımın məbləği göstəriliməklə, onlar məzuniyyətə, müalicəyə gedərkən, xidməti yerdəyişmələr zamanı, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqda və digər hallarda ödənilir. Göründüyü kimi ən azından ehtiyata buraxılarkən 2017-ci il üçün ödənilməmiş maddi yardım ona ödənilməli idi və maddi yardımın hərbi qulluqçulara ödənilməsi, birdəfəlik pul mükafatının ödənilməsindən fərqli olaraq hər hansı bir əsaslarla məhdudlaşdırılmır. Ona görə də apellyasiya şikayətinin rədd edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini və Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 saylı qərarının 2017-ci il üçün 447.0 manat maddi yardım, 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat ödənilməsi hissəsində ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 saylı qərarı 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat ödənilməsi hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayəti ilə mübahisələndirilən 2017-ci il üçün 447.0 manat maddi yardım tutulması hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə görə fövqəladə hallar orqanlan əməkdaşı təşkilatı-ştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar,habelə intizam tənbehi qaydasında vəzifədən azad edildikdə 3 ayadək müddətdə müvafiq icra hakimiyyəti orqanının sərəncamında saxlanıla bilər. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən 6 ayadək uzadıla bilər. İddiaçı 17.04.2017-ci il tarixdə AR X2 müvafiq əmri ilə xidmət etdiyi N №-li hərbi hissədə “şöbə rəisinin baş köməkçisi” vəzifəsindən sərəncama çıxarılmış və 10.09.2018-ci il tarixədək X2 sərəncamında olmuşdur. 10.09.2018-ci il tarixdə isə N №-li hərbi hissədə tabor komandirinin müavini vəzifəsinə təyin edilmiş və həmin vəzifədən 18.12.2018-ci ildə ehtiyata buraxılmışdır. 17.08.2017-ci il tarixdən 10.09.2018-ci il tarixədək olan müddət üçün ona heç bir növ pul təminatı (aylıq maaş) ödənilməmişdir. “Azərbaycan Ordusunun Hərbi X1 Haqqında Əsasnamə” nin 27.1-ci bəndinə əsasən hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulardan başqa) cari ilin yanvar ayında ötən ilin yekunlarına görə qoşunların yüksək döyüş hazırlığının saxlanılmasına, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsinə və nöqsansız intizama görə əmrin imzalandığı günə əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı (bundan sonra – pul mükafatı) ödənilir. Müvafiq komandirlərin (rəislərin) mükafatın ödənilməsi haqqında əmrləri imzaladığı gün sərəcamda olan, o cümlədən sərəncamda olduqları dövrdə vəzifələrin müvəqqəti icrasına buraxılmış, yaxud uzun müddət sərəncamda olmaları ilə əlaqədar pul təminatı almaq hüququnu qismən və ya tam itirmiş hərbi qulluqçulara pul mükafatı verilərkən onların tutduğu sonuncu əsas vəzifə maaşı nəzərə alınır. Həmin Əsasnamənin 27.5-ci bəndinə əsasən “Xidmətdə olan hərbi qulluqçulara birdəfəlik pul mükafatının ödənilməsi birləşmə, hissə komandirinin, xüsusi təyinatlı təhsil müəssisələrinin, müəssisə və təşkilat rəislərinin vəsatətləri əsasında tabelik münasibətlərinə uyğun olaraq Müdafiə nazirinin müavinlərinin, Silahlı Qüvvələr və qoşun növü komandanlarının və birlik komandirlərinin əmri əsasında həyata keçirilir. Bu zaman əmr layihələri Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ilə razılaşdırılır”. “Azərbaycan Ordusunun Hərbi X1 Haqqında Əsasnamə” nin 27.6-cı bəndinə əsasən “İl ərzində hərbi xidmətdən ehtiyata və ya istefaya huraxılan hərbi qulluqçulara pul mükafatının ödənilməsi tabelik münasibətlərinə uyğun olaraq Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, baş idarə, idarə rəisləri və birlik komandirləri ilə razılaşdırılmaqla hərbi hissə komandirinin əmri əsasında həyata keçirilir”. Yuxarıda qeyd olunanlardan göründüyü kimi sərəcamda olan şəxslərə pul mükafatının verilməsi məsələsi inzibati oraqanın mülahizəsi əsasında həll edilməklə onun diskresion səlahiyyətidır. Buna görə birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayəti ilə mübahisələndirilən iddiaçıya 2017-ci ilin müvafiq dövrü üçün 894 manat, 2018ci ilin yanvar-avqust ayları üçün 636 manat mükafatin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası 2017-ci il üçün 447 manat maddi yardımın iddiaçıya ödənilməli olmamaması ilə bağlı apellyasiya şikayətinin dəlilini isə əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunan Əsasnamənin 28.2-ci bəndinə əsasən maddi yardım hərbi qulluqçulara onların müraciətləri əsasında hərbi hissə komandirinin əmri ilə, komandirə (rəisə) isə-yuxarı komandirin (rəisin) əmri əsasında, maddi yardımın məbləği göstəriliməklə, onlar məzuniyyətə, müalicəyə gedərkən, xidməti yerdəyişmələr zamanı, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldıqda və digər hallarda ödənilir. Həmin Əsasnamənin 28.3-cü maddəsinə əsasən maddi yardımın məbləği müəyyənləşdirilərkən maddi yardımın verilməsi haqqında əmrin imzalandığı günə hərbi qulluqçuların aldığı maaşlar nəzərə alınır. Bu zaman vəzifə maaşına artımlar, üstəliklər və əlavə ödənişlər nəzərə alınmır. Sərəncamda olan hərbi qulluqçulara maddi yardım verilərkən onların sonuncu tutduğu əsas vəzifələr üzrə maaşlar əsas götürülür. Yəni, yuxarıda qeyd olunan Əsasnamənin 28.3-cü bəndinə əsasən maddi yardımın ödənilməli olması cavabdeh inzibati orqanın vəzifəsi kimi təsbit edilmişdir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və yuxarıda qeyd olunan qanunvericilik normalarina əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 saylı qərarı iddiaçıya 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayəti ilə mübahisələndirilən 447 manat maddi yardımın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AzərbaycanRespublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 saylı qərarı 2017-ci ilin müvafiq dövrü üçün 894.00 manat, 2018-ci ilin yanvar-avqust ayları üçün 636.00 manat mükafat ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin üzərinə qoyulması hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin olunmasin. Sumqayıt İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2-1(118)-1075/2021 saylı qərarı apellyasiya şikayəti ilə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-83/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-83/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver