Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-83/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və iş üzrə məhkəmə qərarının icra ediləcəyi günə qədər alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)- 1028/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. İddiaçı razılaşmayaraq, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Ucar rayonunun Müsüslü kəndində anadan olmuşdur. xx.xx.1980-ci il tarixdə hərbi xidmətə getmişdir və xx.xx.1982-ci il tarixdə isə hərbi xidmətdən qayıtmışdır. xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhər X1 daxil olmuşdur və 27 iyun 1986-ci il tarixdə həmin Texnikomu “Kimya sənayesində avtomatik qurğuların istismarı” ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə başladığı 1982-ci ildən “Sumqayıt İEM-2” də elektrik mantyoru (xx.xx.1982-xx.xx.1988=5 il 5 ay), yüksək gərginlikli labaratoriyada kimya, qazan, turbin sexlərinin elektrik avadanlıqlarına xidmət edən usta (xx.xx.1988-xx.xx.2002=14 il 5 ay 24 gün), yüksək gərginlikli labaratoriyada kimya, qazan, turbin sexlərinin elektrik avadanlıqlarına xidmət edən böyük usta (xx.xx.2002-xx.xx.2006=3 il 6 ay 27 gün) işləmiş və indiyə kimi də həmin müəssisədə işləyir. Məhkəməyə təqdim etdiyi, əmək kitabçasından və işəgötürən müəssisə tərəfindən verilmiş müvafiq arayışlardan da görünür ki, xx.xx.1980-xx.xx.1982=2 il 1 ay, xx.xx.1982-xx.xx.1988=5 il 5 ay, xx.xx.1988-xx.xx.2002=14 il 5 ay 24 gün, xx.xx.2002-xx.xx.2006=3 il 6 ay 27 gün. Göründüyü kimi iddiaçının ümumilikdə 25 il 6 ay 21 gün əmək stajı var və bu stajın 12 il 6 aydan artıq müddəti pensiya təyinatının tənzimləyən qanunun və qaydaların tələb etdiyi kimi güzəştli şərtlərlə pensiya təyinatı üçün hüquq verən peşə və sahələrə aiddir. Bu da o deməkdir ki, əmək fəaliyyəti və mövcud olan sığorta stajı imkan verir ki, ona 57 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin. xx.xx.2021-ci il tarixdə o cavabdeh DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına ərizə ilə rəsmi qaydada müraciət edərək ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli cavabı ilə onun müraciətini təmin etməmiş və göstərmişdir ki, “işlədiyiniz vəzifələr qazanxanaların, turbin (buxar-qaz turbini) avadanlığının yanacaqötürücü avadanlığın xidməti və təmiri ilə məşğul olan bütün adlarda elektrik montyorları və avadanlığın yerində təmiri üzrə ustalar, böyük ustalar vəzifələrinə uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının ona güzəştli şərtlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina etməsi tamamilə qanunsuz və əsassızdır. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır və əmək kitabçası olmadıqda qanunvericilikdə nəzərdə tutulmuş sənədlər də iş stajının müəyyən edilməsi üçün əsasdır. Cavabdeh təşkilatın imtina məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin əvvəlcə 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya, daha sonra isə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahıya istinad etmişdir. Halbuki, onun xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş 2 saylı siyahının “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlanan 8-ci bölməsinin təsiri altına düşür. Bu siyahıda: 1) 2140000а-18455 şirift - qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərlərini; 2) 2140000b- 23362 şirift - avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini) yanacaq ötürmə, tozhazırlamanı özündə ehtiva etmişdir. Yuxarıda qeyd edilən peşə və sahələr məhz onun işlədiyi peşə və sahələrlə eynilik təşkil edir. Lakin cavabdeh təşkilat ona pensiya təyinatını aparmamaq üçün söz oyunu oynayır və ölkə Prezidenti tərəfindən Tərəqqi medalına layiq görülmüş nümunəvi bir işçinin ağır və zərərli iş şəraitində keçmiş əmək fəaliyyətini kölgə altına salmış olur.
4. Cavabdeh etirazında qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirirlər ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdatıəsı Nazirinin əmr və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsində qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri və qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinin istehsalat sahələrinin ustaları, böyük ustaları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 18 oktyabr 2021-ci il tarixli 19- KŞ nömrəli arayışında xx.xx.1982-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “Sumqayıt İEM”-in elektrik sexində elektrik montyoru, xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə yüksək gərginlikli laboratoriyada usta, xx.xx.2002xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi sahələr yuxarıda qeyd olunan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinə və qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikası xidmət sahəsinə uyğun deyil.
5. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1028/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilərək, İddiaçı əmək kitabçasında qeyd edilmiş əmək stajının və hərbi biletində qeyd edilmiş hərbi xidmət müddətinin sosial sığorta stajına daxil olunaraq, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi (ödəniş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir) öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır.
6. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. (xx.xx.2022-ci il tarixdən sonrakı redaksiyada) 9.1 Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
13. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...
14. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (...) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa (...)
Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: (...) v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti (...)
Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
15. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 noyabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
20. Hazırda qüvvədə olan qanunvericilik əvvəllər qüvvədə olmuş qanunvericiklə o şəxslərə güzəştli şərtlərlə pensiya hüququ vermişdir ki, həmin şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək tam əmək stajını toplamış olsun.
21. Belə ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).
22. xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);
23. xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır);
24. xx.xx.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
25. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 01 yanvar 2006-cı il tarixədək azı 25 il iş stajına malik olmaqla bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləmiş olduğundan hazırkı mübahisəyə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarını tətbiq etmək lazımdır.
26. Cavabdeh iddiaya etiraz ərizəsində göstərmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair 18 oktyabr 2021-ci il tarixli 19-KŞ nömrəli arayışında xx.xx.1982-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində “Sumqayıt İEM”-in elektrik sexində elektrik montyoru, xx.xx.1988-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində həmin sexdə yüksək gərginlikli laboratoriyada usta, xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə həmin sexdə böyük usta vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, adıçəkilən şəxsin işlədiyi sahələr yuxarıda qeyd olunan qazanxana, turbin (qaz turbini), yanacaqötürmə, tozhazırlama sexlərinə və qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikası xidmət sahəsinə uyğun deyil.
27. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1961-ci il tarixdə Ucar rayonunun Müsüslü kəndində anadan olmuşdur. xx.xx.1980-ci il tarixdə hərbi xidmətdə getmişdir və xx.xx.1982-ci il tarixdə isə hərbi xidmətdən qayıtmışdır.
28. Cavabdehin qeyd edilən dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarla təsdiq edilmiş 2 saylı siyahının “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” adlanan 13-cü bölməsinin təsiri altına düşür.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına 2 №-li əlavə-“İstehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı”nda Xİİİ bölmə elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı adı ilə adlanır. Qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (2140000a-18455) Xİİİ bölmənin “a” yarımbəndində, avadanlığın qoyulmuş yerlərdə təmiri üzrə ustalar, böyük ustalar (qazanxana, turbin (buxar-qaz turbini)) yanacaq ötürmə, tozhazırlama (2140000b-23362) “b” yarımbəndində göstərilmişdir.
30. İş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin arayışında qeyd edilir ki, xx.xx.1961-ci il təvəllüdlü İddiaçı “Sumqayıt İEM-2”-də xüsusi zərərli iş şəraitində işləmişdir: - xx.xx.1982-ci ildən (əmr № 111-k) xx.xx.1988-ci ilə qədər elektrik sexində elektrik montyoru vəzifəsində; - kod: 2140000а - 18455; xx.xx.1988-ci ildən (əmr № 10-k) xx.xx.2002-ci ilə qədər elektrik sexində yüksək gərginlikli labaratoriyada kimya, qazan, turbin sexlerinin elektrik avadanlıqlarına xidmət edən usta vəzifəsində; - kod: 2140000b - 23362; xx.xx.2002-ci ildən (əmr № 10-kş) xx.xx.2021-ci ilə qədər elektrik sexində kimya, qazan, turbin sexlerinin elektrik avadanlıqlarına xidmət edən böyük usta vəzifəsində; - kod: 2140000b - 23362; xx.xx.2021-ci ildən (əmr 31-kş) indiyədək elektrik sexinin rəisi vəzifəsində işləyir.
31. 2 №-li siyahının Xİİİ bəndinə uyğun olan vəzifəsi yaşa görə güzəştli şərtlərlə pensiya hüququ keçir.
32. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 13 №-li əmrinə əsasən “Sumqayıt İEM2” hüquqi şəxs kimi ləğv edilmişdir. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli 43 №-li əmrinə əsasən yeni hüquqi şəxs, yaranmışdır "xxxx" MMC.
33. xx.xx.2004-cü il tarixli 52 №-li əmrinə əsasən "xxxx" MMC – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır.
34. "xxxx" ASC-nin xx.xx.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti – "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır.
35. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş, həmin qərar “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
36. Məhkəmə kollegiyası iddiaçının gördüyü işin, tutduğu vəzifənin və malik olduğu peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə ilə eyniliyini, işlədiyi müəssisədəki fəaliyyət sahəsini və işin konkret hallarını nəzərə almaqla hesab edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmək hüququ yaranmışdır.
37. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan şərtlər iddiaçıya münasibətdə mövcud olduğundan, iddiaçıya 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1028/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.