Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-83/2025 19.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X8 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri X3, Nümayəndə2 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya ödənişlərinin xx.xx.2020-ci il tarixdən ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(118)-2739/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). Ermənistan SSRİ Nazirlər Sovetinin Peşə və Texniki Təhsil üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 814964 nömrəli diploma əsasən iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək texniki peşə məktəbində təhsil almışdır. H3 seriyalı, ******* nömrəli hərbi biletə əsasən iddiaçı 1979-1981-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçının təqdim etdiyi ЛРМ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan SSR Əzizbəyov adına Kolxozda, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 27 nömrəli Tikinti idarəsi 2 nömrəli TREST-də, xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək Sumqayıt “Sənayekommunaltinkiti” İdarəsində (hazırkı “Azərsənayetikinti” SC 2 saylı Müəsissisəsi) işləmişdir. İddiaçı 03 oktyabr 2023-cü il tarixdə ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A-253344/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim olunan APM ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək kolxozda əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. Lakin, sözügedən əmək kitabçasında iddiaçının qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarıda qeyd olunan dövr üzrə il ərzində işlədiyi adam günlərinin miqdarı və il ərzində müəyyən edilmiş əmək günlərinin minimumu haqqında məlumatlar göstərilməmişdir. Qeyd olunan səbəblərdən iddiaçının kolxozda işlədiyi dövrlərin ümumi iş stajına daxil edilməsi mümkün olmamış, nəticədə iddiaçının ümumi iş stajı 25 ildən az (18 il 22 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1988-xx.xx.1995-ci il, xx.xx.1995- xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1996-cı il və xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. İddiaçının betonçu vəzifəsində işlədiyi sahənin sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərə aid olub-olmaması barədə hər hansı məlumat qeyd olunmadığından həmin dövrlərin iddiaçının güzəştli iş stajına daxil edilməsi mümkün olmamış, nəticədə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (8 il 9 ay 14 gün (xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etmişdir. İddiaçının təqdim etdiyi “Azərsənayetikinti” SC-nin 28 iyul 2023-cü il tarixli, 09/59 nömrəli arayışı sözügedən Qaydanın 2 nömrəli əlavəsində nəzərdə tutulmuş formaya uyğun tərtib edilməmiş, lazımi məlumatlar arayışda qeyd edilməmişdir. İddiaçının ümumi iş stajı 25 ildən az (18 il 22 gün) və güzəştli iş stajı 12 il 06 aydan az (8 il 09 ay 14 gün) olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, onun 1976-cı ildən 1979-cu ilə qədər və 1982-1988-ci illərdə Ermənistan SSR-də işlədiyi əmək stajı nəzərə alınmaqla ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, 1976-cı ildə Texniki Peşə Məktəbinə daxil olmuş, 1979-cu ildə oranı bitirmişdir. 1979-1981-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdə Ermənistan SSR Əzizbəyov adına Kolxozda işə daxil olmuş, xx.xx.1988-ci il tarixdə məcburi köçkünlüklə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1988-ci il tarixdən 27 nömrəli Tikinti İdarəsində işə başlamış və xx.xx.2005-ci ilə qədər 2 nömrəli TREST-də, “Sənayekommunaltinkiti” İdarəsi və “Azərsənayetikinti” SC 2 saylı Müəsissisədə işləmişdir. Onun ümumi iş stajı 28 ilə yaxın olmaqla, pensiya təyin edilməsi hüququ verən iş stajı olduğu üçün 60 yaşda əmək pensiyası hüququ yaranmışdır. İddiaçı müvafiq sənədləri toplamaqla bununla bağlı 03 oktyabr 2023-cü il tarixdə cavabdehə müraciət etmiş, lakin 27 oktyabr 2023-cü il tarixli məktubunda cavabdeh ona güzəştli iş stajının 18 il 22 gün olduğunu bildirərək əmək pensiyasının təyin edilməsinin mümkün olmadığını bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində 1976- 1979-cu il tarixləri ərzində təhsil aldığını və həmin dövrlərin də ümumi iş stajına daxil edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 814964 nömrəli diploma əsasən iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək texniki peşə məktəbində təhsil almışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” nın 4.1.1.4-cü yarımbəndinə əsasən əmək pensiyası təyin edilən zaman xx.xx.2006-cı il tarixədək olan dövr üzrə əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən təhsil dövrü sosial sığorta stajı kimi nəzərə alınır. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, qanunvericilikdə yalnız əyani təhsil müddətinin ümumi iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi diplomda əyani təhsil alması ilə bağlı qeyd olmadığı kimi, onun tərəfindən əyani təhsil alması ilə bağlı əlavə sənəd təqdim edilməmişdir. Qeyd olunan səbəblərdən iddiaçının təhsil aldığı dövrün də ümumi iş stajına daxil edilməsi mümkün olmamışdır. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, ona 57 yaşı tamam olduğu, yəni 26 noyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, lakin pensiya ödənişlərinin xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(118)-2739/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya 26 noyabr 2017-ci ildən (lakin pensiya ödənişləri 03 oktyabr 2020-ci ildən ödənilməsi nəzərə alınmaqla) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən dövrlər üzrə əmək günlərinin minimumu haqqında məlumatların olmaması, təhsil müəssisəsindən arayışın təqdim edilməməsi iddiaçının iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Başqa sözlə, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında, diplomunda və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Əmək kitabçasında və “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsinin 28 iyul 2023-cü il tarixli 09/59 nömrəli arayışından müəyyən olunur ki, iddiaçı betonçu, asfaltbetoçu vəzifəsində uzun müddət işləmişdir. Qeyd olunan vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahında qeyd edilən müvafiq vəzifələrə uyğundur (2290100a-11196, 2290000a-11140 şifrə koduna). Belə olan halda iddiaçının işlədiyi vəzifələr güzəştli şərlərlə iş stajı və ümumi əmək stajını təşkil edən tələbləri tam şəkildə ödəyir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq (apellyasiya şikayətinə əlavədə) qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində betonçu vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin, əmək kitabçasının 4-5-ci səhifələrindəki xx.xx.1993-cü il tarixdən sonrakı dövrə aid qeydlər etibarsız - müvafiq tarixdə mövcud olmayan SSRİ möhürü ilə təsdiq edilmişdir. Buna görə də xx.xx.1988xx.xx.1996-cı il tarixləri arasındakı dövrü iddiaçının güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Həmçinin, Fondun Abşeron-Xızı regional filialı tərəfindən iddiaçının xx.xx.1988xx.xx.1996-cı il tarixədək işləməsi faktı araşdırılaraq “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində qarşılıqlı yoxlama aparılmış və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Qarşılıqlı yoxlama zamanı iddiaçının “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində göstərilən dövr üzrə əmək stajının və əməkhaqqısının qarşılıqlı olaraq araşdırılması arxiv sənədlərinin olmaması səbəbindən mümkün olmadığı müəyyən edilmişdir. Daha sonra məhkəmə sorğusuna əsasən “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsi tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 09/58 nömrəli arayışda qeyd edilən xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövrdə işlədiyi betonçu peşəsi və xx.xx.1993-cü il tarixdən sonrakı dövrün SSRİ dövrünə aid möhürlə təsdiq edilməsinin yerində qarşılıqlı araşdırılmasının nəticəsi barədə təkrarən xx.xx.2025ci il tarixdə akt tərtib edilmişdir. Belə ki, iddiaçının işlədiyi SMD-nin “Azərsənayetikinti” SCnin tabeliyinə verildiyi, həmçinin, sözügedən müəssisənin arxivində işçilərə aid (1996-cı ilədək) sənədlərin saxlanılmadığı müəyyən edilmişdir. Digər tərəfdən, “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 09/21 nömrəli güzəştli iş stajı barədə arayışa münasibətdə bildirirlər ki, sözügedən arayışda iddiaçının həmin müəssisədə xx.xx.1988xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində betonçu vəzifəsində işlədiyi və həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ndakı xx.xx.2022-ci il tarixli dəyişikliyə əsasən asfalt-beton döşəyənlər vəzifəsinin asfalt və beton döşəyənlər vəzifəsi ilə əvəz olunduğu və işlədiyi betonçu vəzifəsinin asfalt və beton döşəyənlər vəzifəsi ilə eynilik təşkil etdiyi qeyd olunmuşdur. Lakin, hesab edirlər ki, iddiaçının işlədiyi betonçu vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (29) bölməsinin fəhlələr (a) bəndində nəzərdə tutulan asfalt və beton döşəyənlər vəzifəsinə uyğun deyildir. Qeyd olunan səbəblərdən iddiaçının ümumi iş stajı 25 ildən az (19 il 11 ay 24 gün (xx.xx.1976-xx.xx.1979-cu il (diplom), xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1988-ci il, xx.xx.1996-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (8 il 9 ay 14 gün (xx.xx.1996- xx.xx.2005-ci il tarixləri arasındakı dövr)) təşkil edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X5 və Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının 1988-1996-cı illər üzrə “betonçu” vəzifəsində işləməsinə dair arayış tərtib edilmiş və göndərilmişdir. Lakin, həmin dövr tərəflərindən ümumi iş stajı kimi qəbul edilmədiyindən müəssisədə qarşılıqlı yoxlama keçirilmiş, lakin, həmin dövrə aid sənədlər arxivdə aşkar edilmədiyindən qarşılıqlı yoxlama aktının tərtib edilməsi mümkün olmamışdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. ...
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası:
4. Sosial sığorta stajının hesablanması 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; ... 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 26 noyabr 2017-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Cavabdeh iddiaçının həm ümumi, həm də güzəştli iş stajını mübahisələndirir. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək (2 il 10 ay 23 gün) texniki peşə məktəbində təhsil almış, 1979-1981-ci illərdə (2 il) hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək (22 il 05 ay 14 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin ümumi iş stajı ilə bağlı apellyasiya şikayətinin dəlillərində mübahisələndirdiyi məsələ 2 hissədən ibarətdir: 1) əmək kitabçasında iddiaçının xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək kolxozda işlədiyi dövr üzrə il ərzində işlədiyi adam günlərinin miqdarı və əmək günlərinin minimumu haqqında məlumatların göstərilmədiyi; 2) əmək kitabçasının xx.xx.1993-cü il tarixdən sonrakı dövrə aid qeydləri həmin tarixdə mövcud olmayan SSRİ möhürü ilə təsdiq edildiyindən xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr üzrə əmək kitabçası məlumatlarının qeyri-mötəbər hesab edilməsi. Cavabdehin birinci dəlilinə münasibətdə kollegiya qeyd edir ki, əmək kitabçasının məlumatlarına əsasən iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan SSR-də Əzizbəyov adına Kolxozda işləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə görə pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işə çıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. Hazırkı halda isə, normada bu qaydadan istisnanı müəyyən edən üzrlü səbəb mövcuddur. Belə ki, Ermənistan SSR-nin varisi kimi Ermənistan Respublikasıdır və hamıya bəlli olan faktdır ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmi-diplomatik münasibətlər təsis edilməmişdir. Bu baxımdan, qeyd olunan dövr üzrə məlumatların yerində araşdırılması mümkün deyildir. Kollegiya hesab edir ki, hazırkı halda əmək iştirakı (adam günü) minimumu normasını müəyyən etmək mümkün olmasa da, bu hal iddiaçının ziyanına şərh oluna bilməz və iddiaçının kolxozda işlədiyi və əmək haqqı aldığı illər iş stajı kimi onun sosial sığorta stajına daxil edilməlidir. Belə ki, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə cavabdeh tərəfindən qaldırıldığından formalaşmış məhkəmə təcrübəsinə əsasən əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki, yuxarıda istinad edilən qanunvericilik normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. İddiaçının mübahisələndirən xx.xx.1982-xx.xx.1988-ci il il tarixləri arasındakı dövr ərzində Ermənistan SSR-də Əzizbəyov adına Kolxozda işləməsi haqqında qeydlər əmək kitabçasında göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, cavabdehin 1-ci dəlili əsassızdır və xx.xx.1982-xx.xx.1988-ci il il tarixləri arasındakı dövr iddiaçının ümumi iş stajına daxil edilməlidir. Cavabdehin ümumi iş stajı ilə bağlı 2-ci dəlili əmək kitabçasının xx.xx.1993-cü il tarixdən sonrakı dövrə aid qeydlərinin həmin tarixdə mövcud olmayan Azərbaycan SSRİ möhürü ilə təsdiq edildiyindən xx.xx.1988-xx.xx.1996-cı il tarixləri arasındakı dövr üzrə əmək kitabçası məlumatlarının qeyri-mötəbər hesab edilməsidir. Bununla bağlı kollegiya bildirir ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilir ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Habelə, hazırda qüvvədə olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1 və 4.1.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə nəzərə alınan sosial sığorta stajı “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə, mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə və hazırda qüvvədə olan qanunvericiliyin normalarına görə əmək kitabçası işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilir. İddiaçının da yuxarıda qeyd edilən əmək kitabçasından göründüyü kimi o, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 27 nömrəli Tikinti idarəsi 2 nömrəli TREST-də işləmişdir. Digər tərəfdən, apellyasiya məhkəməsində icraat zamanı cavabdeh tərəfindən “Azərsənayetikinti” SC 2 saylı Müəsissisəsində yerində yoxlama aparılmış və bununla bağlı cavabdeh orqanın Monitorinq şöbəsinin böyük mütəxəssisi Eyvaz Əhmədov və müəssisənin rəisi tərəfindən 14 yanvar 2025-ci il tarixdə akt tərtib edilmişdir. Aktda qeyd edilənlərdən görünür ki, iddiaçının işlədiyi SMD “Azərsənayetikinti” SC-nin tabeliyinə verilmiş, sözügedən müəssisənin arxivində işçilərə aid (1996-cı ilədək) sənədlər saxlanılmamışdır. Lakin, müəssisənin podratçı təşkilat kimi X4 ilə 1996-cı il tarixində bağlanmış müqavilə, eləcə də, “Azərneftyağ” zavodu ilə bağlanmış müqavilələr əmək kitabçasındakı Azərbaycan SSRİ möhürü ilə təsdiqlənmişdir. xx.xx.1994-cü il tarixində Baş Avtonəqliyyat İdarəsində tərtib edilmiş üzləşmə aktı rus dilində yazılmaqla, hər iki müəssisənin SSRİ dövrünə aid möhürlə təsdiqlənmişdir. Göründüyü kimi mübahisələndirilən dövrdə iddiaçının işlədiyi müəssisə tərəfindən podratçı təşkilat kimi müvafiq işlərin görülməsi ilə bağlı digər müəssisələrlə bağlanmış müqavilələr də əmək kitabçasında olduğu kimi Azərbaycan SSRİ möhürü ilə təsdiq edilmiş və bu fakt cavabdehin özü tərəfindən müəssisədə yerində yoxlama zamanı müəyyən edilmişdir. Qeyd olunan hal əmək kitabçasındakı məlumatların həqiqiliyini bir daha təsdiq edir. Bu baxımdan, kollegiya hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan dövrlərin mötəbərliyi şübhə altına alınmadığından cavabdehin dəlilləri əsassızdır. Beləliklə, iddiaçının hərbi xidmət, təhsil və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı isə cavabdehin mübahisələndirdiyi məsələ iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 27 nömrəli Tikinti idarəsi 2 nömrəli TREST-də betonçu vəzifəsində işlədiyi sahənin sözügedən arayışda istinad edilən 2 nömrəli Siyahıda nəzərdə tutulan yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərə aid olub-olmaması barədə hər hansı məlumat qeyd olunmadığı, bu baxımdan, həmin dövrlərin iddiaçının güzəştli iş stajına daxil edilməsinin mümkün olmadığıdır. Buna münasibətdə kollegiya qeyd edir ki, iddiaçının əmək kitabçası məlumatlarından, eləcə də, “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsi tərəfindən verilmiş 28 iyul 2023cü il tarixli, 09/59 nömrəli güzəştli arayışdan görünür ki, o, xx.xx.1988-ci il tarixdən xx.xx.1996-ci il tarixədək həmin müəssisədə betonçu vəzifəsində işləmişdir. Fondun Abşeron-Xızı regional filialı tərəfindən qeyd olunan dövr üzrə “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində qarşılıqlı yoxlama aparılması qərara alınmış, yoxlama zamanı iddiaçının “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsində göstərilən dövr üzrə əmək stajının və əməkhaqqısının qarşılıqlı olaraq araşdırılması arxiv sənədlərinin olmaması səbəbindən mümkün olmamış və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Güzəştli arayışda iddiaçının həmin dövrdə işlədiyi betonçu vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290100a—11196 kodu üzrə betonçular vəzifəsinə (1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 nömrəli Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) uyğun olduğu qeyd edilsə də, həmin kodda göstərilən sahələrdə işlədiyinə dair sübutlar təqdim edilməmişdir. Bu baxımdan, “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsində yerində xidməti yoxlama apararaq, iddiaçının işə qəbul və işdən çıxma əmrlərinə baxış keçirilməsi, eləcə də, onun həmin müəssisədə işlədiyi betonçu vəzifəsinin 2 nömrəli Siyahının 2290100a— 11196 kodu üzrə betonçular vəzifəsinin (1. Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər (1 nömrəli Siyahıda nəzərdə tutulmuş fəhlə peşələrindən başqa) sahəsinə uyğun olub-olmamasının müəyyən edilməsi ilə bağlı həmin müəssisədə qarşılıqlı yoxlama keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən qeyd olunan müəssisədə qarşılıqlı yoxlama keçirilmiş və bununla bağlı cavabdehin nümayəndəsi və müəssisənin rəisi tərəfindən 14 yanvar 2025-ci il tarixdə akt tərtib edilmişdir. Aktdan görünür ki, “Azərsənayetikinti” SC tərəfindən sənaye sahəsinə aid edilən tikinti-quraşdırma, sənaye borularının çəkilməsi işləri görülmüşdür. Sumqayıt Sənaye Tikinti İdarəsi ilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə 1999-cu ilin avqust ayında bağlanmış müqavilə əsasında iddiaçının işlədiyi SMD “Azərsənayetikinti” SC-nin tabeliyinə verilmiş, sözügedən müəssisənin arxivində işçilərə aid (1996-cı ilədək) sənədlər saxlanılmamışdır. Lakin, müəssisə tərəfindən podratçı təşkilat kimi müvafiq işlərin görülməsi ilə bağlı digər müəssisələrlə müqavilələr bağlandığı müəyyən edilmiş, bununla bağlı 1994-1999-cu illərdə bağlanmış müqavilələrin və təhvil-təslim aktlarının surətləri akta əlavə edilmişdir. Akta əlavə edilmiş 1994-2001-ci il tarixli üzləşmə aktlarından görünür ki, qeyd olunan illərdə iddiaçının işlədiyi “Sənayekommunaltikinti” birliyi 2 nömrəli trest tərəfindən podratçı təşkilat kimi müxtəlif sifarişçi müəssisələrdə (Azərittifaq, “Sintezkauçuk” zavodu, “Promkommunstoy” 3 saylı təsərrüfat hesablı sahə) tikinti-quraşdırma, su xəttinin tikintisi və s. işlər görülmüşdür. Həmçinin, bununla bağlı “Azərsənayetikinti” SC-nin 2 saylı müəssisəsi tərəfindən məhkəməyə ünvanlanmış 11 fevral 2025-ci il tarixli, 09/17 nömrəli məktubda qeyd edilmişdir ki, iddiaçı 24 və 27 nömrəli Tİ-də, SMD idarələri Sumqayıt SAMZ Alkinbenzol, Lindan istehsalatının tikintisində, lokal təmizləyici qurğunun tikintisində, Sumqayıt şəhər Təzyiqli Kanalizasiya nasos stansiyasının kanalizasiya xəttinin, “Avto Vazzapçast” xəttinin, “Sovtransavto” obyektlərinin tikintisində işləmişdir. Eyni zamanda, müəssisə tərəfindən qeyd olunan mübahisəli dövrdə iddiaçının işlədiyi betonçu vəzifəsinə dair güzəştli arayış təqdim edilərək arayışda həmin vəzifənin sahə xüsusiyyətləri olaraq 5-ci dərəcəli xüsusi zərərli zavodlarda yeraltı arxiv və kommunikasiya xətlərinin tikintisində, beton döşəmələrdə və asfalt döşəmələrdə işlər qeyd edilmiş və həmin vəzifənin 2 nömrəli Siyahının 2290100a—11196 kodu üzrə güzəştli şərtlərlə pensiya təyinatına əsas verdiyi göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçınin işlədiyi müəssisə tərəfindən podratçı təşkilat kimi müxtəlif müəssisələrdə tikinti-quraşdırma işləri həyata keçirilmiş, lakin, mübahisələndirilən dövrə (1988-1996-cı il) münasibətdə sənədlər saxlanılmadığından iddiaçının betonçu vəzifəsində arayışda istinad edilən 2 nömrəli siyahının 2290100a—11196 kodu üzrə məhz “metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” sahəsində işlədiyinin müəyyən edilməsi mümkün olmamışdır. 2 nömrəli Siyahının eyniadlı bölməsinin 2290000a—11140 kodu üzrə asfalt — betonçular vəzifəsi güzəştli şərtlərlə pensiya hüququna əsas verən vəzifə kimi göstərilmişdir. İddiaçı da xx.xx.1996-cı il tarixdən xx.xx.2005-ci il tarixədək Sumqayıt “Sənayekommunaltinkiti” İdarəsində (hazırkı “Azərsənayetikinti” SC 2 saylı Müəsissisəsi) asfaltbetonçu vəzifəsində işlədiyindən qeyd olunan 8 il 9 ay 14 günlük dövr 2 nömrəli Siyahının 2290000a—11140 kodu üzrə güzəştli şərtlərlə pensiya hüququna əsas verən vəzifə kimi cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı olaraq qəbul edilmişdir. Göründüyü kimi iddiaçının 01 yanvar 2006-cı il tarixədək 2 nömrəli siyahı üzrə 12.5 ildən artıq güzəştli iş stajının olduğu müəyyən edilmir. Lakin, mübahisələndirilən dövrə münasibətdə nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının xx.xx.2022-ci il tarixədək olan redaksiyasının analoji “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində də eyni vəzifə (asfalt-beton döşəyənlər) güzəştli vəzifə kimi müəyyən edilmişdir. Lakin, Siyahıya xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən “asfalt-beton döşəyənlər” ifadəsi “asfalt və beton döşəyənlər” ifadəsi ilə əvəz edilmişdir. Yəni, qüvvədə olan qanunvericilik “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində işləyən həm asfalt döşəyənlərin, həm də beton döşəyənlərin (2 nömrəli siyahıda qeyd edilən “metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” görməsindən asılı olmayaraq) güzəştli şərtlərlə pensiya hüququnun olduğunu təsbit etmişdir. “Azərsənayetikinti” SC-nin adından da göründüyü kimi müəssisə məhz “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” ilə bağlı fəaliyyət göstərən müəssisə olmuşdur. Bu baxımdan, betonçu ilə beton döşəyənlər vəzifələrinin eyni olub-olmaması, həmçinin, iddiaçının “Azərsənayetikinti” SC-nin 2 nömrəli müəssisəsində xx.xx.1988-ci il tarixdən xx.xx.1996-ci il tarixədək işlədiyi betonçu vəzifəsinin 2 nömrəli Siyahının XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin 2290000a—11140 kodu üzrə asfalt — betonçular vəzifəsinə uyğun olub-olmaması barədə məhkəməyə izahlı arayışın təqdim edilməsi ilə bağlı sözügedən müəssisəyə sorğu verilmişdir. Müəssisə məhkəmənin sorğusuna cavab olaraq 11 mart 2025-ci il tarixli, 09/21 nömrəli məktubu ilə əvvəlki sorğuya cavab olaraq verdiyi 11 fevral 2025-ci il tarixli, 09/17 nömrəli məktubda qeyd edilənləri təkrarlayaraq, əlavə olaraq bildirmişdir ki, iddiaçının işlədiyi betonçu vəzifəsi NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının xx.xx.2022-ci il tarixədək olan redaksiyasının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində də (asfalt-beton döşəyənlər) güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi göstərilmişdir. İddiaçının işlədiyi betonçu vəzifəsi sözügedən siyahının hazırkı redaksiyasının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində göstərilən asfalt və beton döşəyənlər vəzifəsi ilə eyni mahiyyətə malikdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində məktubda qeyd olunanları əsassız hesab edərək iddiaçının işlədiyi betonçu vəzifəsinin NK-nın 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının xx.xx.2022-ci il tarixədək olan redaksiyasının “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində göstərilən asfalt və beton döşəyənlər vəzifəsinə uyğun olmadığını bildirmişdir. Kollegiya şikayətin bu dəlilini də əsassız hesab edərək qeyd edir ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi zaman görə qüvvədə olan 2 nömrəli siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində betonçu vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə kimi göstərilmiş, hazırda qüvvədə olan NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının analoji bölməsində isə betonçu vəzifəsi beton döşəyənlər vəzifəsi ilə əvəz edilmişdir. Yəni, hazırkı halda söhbət həmin vəzifələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, iddiaçının təyin olunduğu işə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Bu məsələ də müvafiq müəssisədən alınmış məlumat əsasında müəyyən edilə bilər ki, iddiaçının həmin dövrdə işlədiyi müəssisənin varisi olan müəssisə də qeyd olunan vəzifələrin funksional eyniliyini təsdiq etmişdir. Göründüyü kimi iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək 27 nömrəli Tikinti idarəsi 2 nömrəli TREST-də betonçu işlədiyi 7 il 03 ay 14 günlük dövr cavabdeh tərəfindən güzəştli staj olaraq qəbul edilən xx.xx.1996-cı il tarixdən xx.xx.2005ci il tarixədək olan 8 il 09 ay 14 günlük dövrlə birgə nəzərə alındığında, onun NK-nın 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıya yuxarıda qeyd olunan dəyişikliyin qüvvədə mindiyi xx.xx.2022-ci il tarixdən ümumilikdə 12.5 ildən artıq güzəştli iş stajına malik olduğu aşkar edilir. İddiaçı 12.5 ildən artıq güzəştli iş stajı xx.xx.2022-ci il tarixdən tamamlandığından hazırkı işə tətbiq edilməli olan norma “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsidir. Yuxarıda istinad edilən həmin normanın tələbinə əasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) 60 yaşına çatmalı; 2) azı 25 il ümumi iş stajı; 3) azı 12,5 il güzəştli iş stajı olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olduğundan artıq xx.xx.2020-ci tarixdə 60 yaşına çatmışdır, eləcə də onun, 25 ildən ümumi, 12.5 ildən artıq güzəştli iş stajı vardır. Odur ki, iddiaçıya Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün bütün şərtlər ödənilir. Beləliklə, kollegiya işin sadalanan hallarını, xx.xx.2022-ci il tarixdən qüvvədə olan qanunvericilikdə “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” sahəsində işləyən beton döşəyənlərin “metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər” görməsindən asılı olmayaraq güzəştli şərtlərlə pensiya hüququ verən vəzifə olaraq qəbul edildiyini və hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən onun pensiya hüququnun yarandığını nəzərə alaraq, hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Bu baxımdan, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyul 2024-cü il tarixli, 2-1(118)-2739/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.