Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-831/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Şüvəlandaşı müəssisəsinə qarşı iş üzrə (Açar sözlər: siyahıya alınmış əmlakının satılması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh Şüvəlandaşı müəssisəsinə qarşı siyahıya alınmış əmlakının satılması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2408/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Əmlakının siyahıya alınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şüvəlandaşı müəssisəsinin əmlakının siyahıya alınması qərara alınmışdır. Əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şüvəlandaşı müəssisəsinin 3000 manat dəyərində kəsici kombaynı siyahıya alınmışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlakı məsul saxlanma üçün ona təhvil verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2023-cü ildə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 739,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 3000 manat məbləğində siyahıya alınmış əmlakının satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Şüvəlandaşı müəssisəsi (VÖEN **********) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafİq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildirişlər verilməsinə baxmayaraq yaranmış borc məbləğləri yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli müvafiq qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə İcbari Tibbi Sığorta Fonduna yaranan 739,96 manat borcuna görə 3000 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********6 saylı protokol tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fondlara ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2408/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 89.6-cı maddəsində vergi orqanı tərəfindən əmlakın siyahıya alınmasının həmin Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla ardıcıllığı müəyyən edilmişdir. Qeyd olunan mudəalara əsasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Göstərilən müddəalara əsasən vergi orqanı yalnız vergi öhdəliyinin yerinə yetirilməsi üçün «zəruri və kifayət olan həcmdə» əmlakın satılması barədə məhkəməyə müraciət edə bilər. Qeyd edək ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə, vergi ödəyicisinin əmlakı təkcə vergi öhdəliyinin deyil, həmçinin həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınır. Bununla yanaşı Vergi Məcəlləsinin 90.4-cü maddəsi də əmlakın satışından əldə edilən məbləğlərin hesablanmış vergilərdən sonra faizlərin və maliyyə sanksiyalarının ödənilməsini nəzərdə tutur (Vergi Məcəlləsinin 89.5-ci və 90.4-cü maddələrinin tələbləri nəzərə alınarsa elə həcmdə əmlak satışa çıxarılmalıdır ki, onun satışından əldə edilən vəsait həm də “tənbeh tədbirlərinin yönəldilməsi və əmlakın satışı üzrə xəzrlərin” ödənilməsi üçün kifayət etsin). Lakin məhkəməyə müraciət edənədək vəziyyət dəyişərsə, vergi orqanı siyahıya aldığı bütün əmlakın yox, yalnız yuxarıda göstərilənləri təmin etmək üçün zəruri və kifayət olan əmlakın satışı barədə məsələ qaldıra bilər. Qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir. İnzibati iş materialları ilə müəyyən edilir ki, hazırki iş üzrə **********6 saylı, 06 fevral 2023-cü il protokol əsasında siyahıya alınmış kombayna dair mövcud sənədlərin məhkəməyə təqdim edilməsi üçün aidiyyatı üzrə həm iddiaçı orqana, həm cavabdehə məhkəmə sorğusu ünvanlansa da, məhkəməyə hazırki iddia üzrə əmlaka dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qeyd edilən tələb üzrə məhkəmənin araşdırmalı olduğu məsələ borcun mövcudluğu, əmlakın siyahıya alınması haqqında qərarın qüvvədə olması, həmin əmlakın vergi ödəyicisinə məxsusluğunun və borcun siyahıya alınmış əmlakın dəyərinə mütənasibliyinin müəyyən edilməsidir. Məhkəmənin bu əsaslandırmasının maddi hüquq normalarına ziddir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisi olan Şüvəlandaş müəssisəsinin (VÖEN **********) əmlakının siyahıya alınması haqqında xx.xx.2023cü il tarixli, **********6 nömrəli qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar tədbirlər görülərkən vergi ödəyicisinin yalnız Bakı şəhəri, Xəzər rayonu, Türkan ŞTQ ünvanında yerləşən daş karxanasında kəsici kombaynın olduğu müəyyən edilmiş, yaranmış borcun ödənilməsi ilə bağlı görülmüş digər tədbirlər nəticə vermədiyindən xx.xx.2023-cü il tarixli **********6 nömrəli protokol tərtib edilməklə vergi ödəyicisinin özünün iştirakı ilə qeyd olunan əmlak siyahıya alınmışdır. Məhkəmənin dəlili vergi orqanı tərəfindən dəyəri 3000 manat olan siyahıya alınmış əmlakın real dəyəri ilə cavabdehin borcu arasında kifayət qədər uyğunsuzluğun olması ilə bağlıdır. Məhkəmənin bu mövqeyi də iddianın rədd olunması üçü əsas kimi çıxış edə bilməz. Belə ki, iş materiallarından da göründüyü kimi vergi ödəyicisinin əmlakı xx.xx.2023-ci il tarixdə siyahıya alınmış və xx.xx.2023-cü il tarixli protokolla rəsmiləşdirilmişdir. Göründüyü kimi siyahıya alınmanın həyata keçirilməsi tarixindən məhkəmənin qərarının qəbul edildiyi tarixə qədər kifayət qədər vaxt keçmişdir. Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Belə olan halda da aydındır ki, siyahıya alınmış əmlaklar vergi ödəyicisinin özünə məsul saxlamaya verildiyindən vergi ödəyicisi həmin əmlaklardan bu müddət aralığında istifadə etmişdir. Bu da onu deməyə əsas verir ki, hazırda sözügedən əmlakların dəyərinin siyahıya alınma tarixinə olan dəyəri eyni ola bilməz. Vergi Məcəlləsinin 90.3-cü maddəsinə əsasən məhkəmə qərarlarına əsasən verilən icra vərəqələri əsasında qiymətləndirici dəvət olunaraq siyahıya alınmış əmlakın satılması üçün həmin tarixə olan bazar qiyməti ilə həmin əmlakı qiymətləndirir. Digər tərəfdən həmin maddədə məhkəmənin də əmlakı qiymətləndirməsi imkanı nəzərdə tutulmuşdur. Məhkəmə bütün bu qeyd edilənləri nəzərə almadan vergi ödəyicisinin iddia ərizəsi üzrə borcu ilə əmlakın real qiymətinin uyğun olmadığını bildirərək işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29. Mülkiyyət hüququ ....İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir:nağd pul vəsaitləri;bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair);hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər;istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər;inventarizasiya aparılmaqla digər əmlak. Maddə 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. Maddə 89.8. Əmlakın siyahıya alınması vergi ödəyicisinin, habelə müşahidəçilərin və zəruri hallarda mütəxəssislərin iştirakı ilə vergi orqanı tərəfindən həyata keçirilir.Əmlakın siyahıya alınmasını həyata keçirən vergi orqanı vergi ödəyicisinin (onun qanuni və (və ya) səlahiyyətli nümayəndəsinin) əmlakın siyahıya alınması prosesində iştirak etməsinə icazə verməməyə səlahiyyətli deyildir.Əmlakın siyahıya alınması prosesində müşahidəçilərə, mütəxəssis kimi iştirak edən şəxslərə, həmçinin vergi ödəyicisinə (onun nümayəndəsinə) onların hüquq və vəzifələri izah edilməlidir. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir.Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir:89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur.89.14.2. Vergi ödəyicisinin bu qaydaları pozaraq siyahıya alınmış mallara dair bağladığı əqdlər qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab edilir.89.14.3. Vergi ödəyicisi siyahıya alınmış malları məsul saxlamaya qoymaq üçün qəbul etməkdən imtina etdikdə və ya vergi ödəyicisinin malları saxlamaq üçün müvafiq şəraiti olmadıqda, vergi orqanının vəzifəli şəxslərinin (şəxsinin), vergi ödəyicisinin (və ya onun nümayəndəsinin), iki müşahidəçinin və obyektin məsul şəxsinin iştirakı ilə edilən hərəkətlər protokolla rəsmiləşdirilərək mallar yerindəcə qablaşdırılır, möhürlənir və obyektdən vergi orqanının müəyyən etdiyi digər vergi ödəyicisində və ya vəzifəli şəxsdə məsul saxlamaya qoyulmaq ücün götürülür. ..... Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Maddə 90.3-1. Dövlət əmlakı istisna olmaqla, vergi ödəyicisinin siyahıya alınmış dəyəri 5000 manatadək olan daşınar əmlakları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) müəyyən etdiyi qaydada vergi orqanının müəyyən etdiyi ticarət şəbəkələrində (o cümlədən satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi cavabdehin icbari tibbi sığorta borcunun ödənilməsinin təmin edilməsi ilə əlaqədar ona məxsus olan müvafiq əmlakın satılması ilə bağlıdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, vergi qanunvericiliyinin yuxarıda istinad olunan normalarının tələbinə əsasən vergi ödəyicisi müvafiq vergi öhdəliklərini icra etmədiyi halda, məhz ona məxsus olan əmlak siyahı alınmaqla, satılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi məhz cavabdehin iddiaçı qarşısında yerinə yetirilməli olan 739,96 manat məbləğində borc öhdəliyinin mövcud olmasına istinad etmişdir. Həmçinin, iddiaçı həmin hala istinad edərək, əmlakın siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar qəbul etmiş, əmlakın siyahıya alınması haqqında xx.xx.2023-cü il tarixli protokol tərtib edilmişdir. Qeyd edilən protokolun məzmunundan görünür ki, siyahıya alınan əmlak qismində iddiaçıya məxsus olan daşınar əşya (kəsici kombayn) qeyd edilmiş, onu dəyəri kimi 3000 manat qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, qeyd edilən sənədlər vergi ödəyicisinin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş, habelə əmlakın məsul saxlanmaya verilməsi barədə akt tərtib edilərək, vergi ödəyicisinin nümayəndəsi tərəfindən təhvil alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, cavabdeh vergi ödəyicisinin hazırki tarixə ödəniləməyən borc öhdəliyinin məbləği 5685,64 manat təşkil edir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iddiaçı tərəfindən siyahı alınmış əmlak hazırda cavabdehə məxsus olan əmlak qismində çıxış etdiyindən, onun vergi borcu öhdəliyinin icrasının təmin edilməsi ilə bağlı hazırki iddia tələbi VM-nin 89-cu madəsinin dispozitiv şərtləri ilə uzlaşır. Belə ki, qeyd edilən normanın məzmunundan görünür ki, vergi ödəyicisinin yerinə yetirilməli olduğu vergi borcu öhdəliyinin icrasının təmin edilməsi məqsədilə məhz ona məxsus olan əmlak siyahıya alına bilər. İddiaçının siyahıya aldığı və satılmasını tələb etdiyi əmlak hazırda cavabdehə məxsus olan əmlak qismində çıxış etmişdir. Belə ki, iş materiallarında olan əmlakın siyahı alınması və məsul saxlanmaya verilməsi ilə bağlı tərtib edilmiş sənədlərin məzmunundan görünür ki, qeyd edilən əmlakın siyahı alınması ilə bağlı qannunla müəyyən edilmiş müvafiq tədbirlərin həyata keçirilməsində vergi ödəyicisinin nümayəndəsi iştirak etmiş, habelə həmin sənədlərin heç birinin məzmununda əmlakın vegri ödəyicisinə məxsus olmamasına dair heç bir qeyd əks olunmamışdır. Qeyd edilən əmlak daşınar əşya olmaqla, həmin əmlak vergi ödəyicisinə məxsus olmadığı halda, vergi orqanı tərəfindən müvafiq tədbirlərin icrası zamanı vergi ödəyicisi tərəfindən bu barədə vergi orqanına məlumat verilə və həmin hala dair sübutlar təqdim edilə, siyahı alınması ilə bağlı tədbirlərin görülməsi zamanı etiraz edilə bilər, habelə müvafiq sənədlərin tərtibi zamanı həmin hala dair məlumatı, etirazı qeyd edə bilərdi. İndiki halda isə həmin hal müəyyən edilməmişdir. Bu hal özlüyündə qeyd edilən əmlakın vergi ödəyicisinə məxsus olmasını müəyyən etməyə imkan verir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hallar tam araşdırılmadan, həmin əmlakın məhz vergi ödəyicisinin özünün iştirakı ilə siyahı alınması və məsul saxlanmaya verilməsi kimi hallara əhəmiyyət verməyərək, əmlakın vergi ödəyicisinə məxsus olmaması ilə bağlı gəldiyi qənaəti işin hallarına uyğun olmamaqla, yanlış olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Yuxarıda istinad edilən vergi haqqında qanunvericiliyin tələbinə əsasən vergi ödəyicisi yaranmış borc öhdəliklərinin lazimi qaydada icra etmək vəzifəsini daşıyır. Qeyd edilən vergi borcu öhdəliyinin lazımi qaydada icra edilməməsi halı məhz iddiaçı vergi orqanı tərəfindən həmin öhdəliyin icrasının təmin edilməsi məqsədilə qanunla müəyyən edilmiş müvafiq tədbirləri görmək səlahiyyətini verir. Həmçinin, qeyd edilməlidir ki, indiki halda cavabdehə münasibətdə vergi orqanı tərəfindən həmin səlahiyyətlərin icrası zamanı qanunvericiliyin norma və prinsiplərinin tələbinin pozulması halı müəyyən edilməmişdir. Belə ki, indiki halda cavabdehin icra edilməmiş vergi borcu öhdəliyi mövcuddur, satılması tələb olunan əmlak məhz cavabdehə məxsus əmlakdır. Həmçinin, vergi borcunun məbləği (739,96) ilə satılması tələb olunan əmlakın dəyərini (3000 manat) müqayisəli təhlil etdikdə, vergi orqanı tərəfindən mütənasiblik prinsipinin tələbinə və bununla bağlı vergi haqqında qanunvericiliyinin tələbinə də riayət edildiyi müəyyən edilmişdir. Başqa sözlə desək, qanunvericiliyin tələbinə əsasən vergi orqanı məhz vergi borcu öhdəliyinin icrasınının təmini üçün zəruri və kifayət olan həcmdə əmlakın satışı barədə məsələ qaldıra bilər. Vergi Məcəlləsinin 90.4-cü maddəsi də əmlakın satışından əldə edilən məbləğlərin hesablanmış vergilərdən sonra faizlərin və maliyyə sanksiyalarının ödənilməsinə yönəldilməsini nəzərdə tutur (Vergi Məcəlləsinin 89.5-ci və 90.4-cü maddələrinin tələbləri nəzərə alınarsa elə həcmdə əmlak satışa çıxarılmalıdır ki, onun satışından əldə edilən vəsait həm də «tənbeh tədbirlərinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin» ödənilməsi üçün kifayət etsin). Vergi orqanı elə bu qədər əmlakı da siyahıya almağa borcludur. Həmçinin, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin hazırda yerinə yetirməli olduğu borc öhdəliyinin məbləği 5685,64 manat təşkil edir. Bu hal isə özlüyündə cavabdehin iddiaçı qarşısında yaranmış borc öhdəliklərini lazimi qaydada və vaxtında icra etməməsini, öhdəliklərinin icrasından yayındığını deməyə əsas verir. Nəticə etibarilə iddiaçı cavabdehin borc öhdəliklərinin lazimi qaydada və vaxtında icrasının təmin edilməsi üçün qanunla müəyyən edilmiş müvafiq tədbirlərin görülüməsi ilə bağlı iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Başqa sözlə desək, iddiaçı vergi orqanının əmlakın siyahıya alınması və satılmasına dair cavabdeh barəsində etdiyi hərəkətləri VM-nin 89-cu maddəsində ehtiva olunan dispozitiv şərtlərinin tələbinə uyğun olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, iş üzrə gəldiyi nəticə işin hallarına və vergi haqqında qanunvericiliyin norma və prinsiplərinin tələbinə uyğun olmamış, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edilmədiyindən, bununla da iş üzrə gəldiyi nəticə düzgün olmadığından, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2408/2024 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Şüvəlandaşı müəssisəsinin xx.xx.2023-cü il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 739,96 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə ona məxsus 3000 manat məbləğində siyahıya alınmış əmlakı-1 ədəd kəsici kombayn Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada satılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-831/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-831/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver