Məhkəmə qərarları › İş №2-1(105)-832/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-832/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-832/2025 04.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “xx.xx.2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi barədə imtinasının əsassız hesab edilərək ona həmin tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 40% pozulması ilə bağlı 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(118)-2957/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçıya 2008-2015-ci illərdə lll dərəcəli, 2016-2021-ci illərdə isə ll dərəcəli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 22 may 2008-ci il tarixli, 227 nömrəli Qərarına əsasən iddiaçının xx.xx.N4-cü il tarixdə aldığı xəsarətin hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd edilmişdir, diaqnozau aşağıdakı kimi qeyd edilmidir : “Sol körpücüküstü nahiyyənin odlu silahla güllə və qəlpə yaralanması”. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasının Qərarına əsasən 11 may 2024-cü il tarixdə əlillik əlamətinin təyin edilməməsi səbəbindən iddiaçıya əlillik verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi barədə imtinasının əsassız hesab edilərək xx.xx.2021-ci il ildən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ll dərəcəli əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.2024-cü il tarixli imtinanın əsassız hesab edilməsi və həmin tarixdən orqanizm funksiyalarının 61-80 faiz pozulması ilə bğalı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı N1-N4-cü illərdə İ Qarabağ müharibəsində iştirak etmiş və döyüşlərdə yaralandığı üçün N saylı hərbi hissə komandirinin N iyun N4-cü il tarixli 179 saylı əmr ilə ştatdan kənar edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2008-ci il tarixli 227 nömrəli Qərarı ilə İddiaçı aldığı yara hərbi travma kimi qiymətləndirilmiş və döyüşlərdə yaralandığı qeyd edilmişdir. Sonuncu dəfə xx.xx.2016-cı il tarixdə 6 saylı Tibbi Sosial Ekspertiza Komissiyasının qərarına əsasən ona ikinci qrup əlillik təyin edilmiş, lakin xx.xx.2021-ci il tarixdə yeni diqanoz olaraq “əlillik əlaməti təyin edilmir” diaqnozu qoyulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. İş üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixli T 110/2025 saylı məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, vətəndaş İddiaçı adına verilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: Y.36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol körpücüküstü nahiyənin odlu silahla güllə və qəlpə yaralanması” kimi; Ağırlaşmalar: G54.2-boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, sol bazu kələfinin posttravmatik pleksopatiyası, G83.2-yuxarı ətrafların mono-plegiyası, sol yuxarı ətrafın süst monoparezi, proksimal 2 bal, distal 3 bal, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşdırılması, sol yuxarı ətrafın funksiyasının pozulması, əmək qabiliyyətinin itirilməsi, M24.5-oynaqların kontrakturası, sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası, uzaqlaşma 25 dərəcə, M79.5-yumşaq toxumalarda qalmış yad cisim, sol körpücük sümüyü üstündə yumşaq toxumalarda, sol ikinci qabırğanın proksimal səviyyəsində, Th4 fəqərə cisminin səviyyəsində, sol V-Vl qabırğalar səviyyəsində 17x10mm ölçülü 4 ədəd və bir neçə ədəd 1-2 mm ölçüdə metal qəlpələr” diaqnozu ona stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik və laborator instrumental müayinələrin nəticəsində müəyyən edilsə də, xx.xx.2023-cü ildə DTSERA-nın əyami müayinəsi zamanı sol çiyində və sağ pəncədə zəif nəzərə çarpan çapıq, hərəkətlər sərbəst və tam həcmdə olmuş, əzələ kütləsi simmetrik, hipotrofiya izlənməmiş, əzələ gücü saxlanılmış, vətər refleksləri bərabər və canlı alınmışdır” kimi qeyd olunmuş,istər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli arayışında, istərsə də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəanasının xx.xx.2024-cü il tarixli 3125 nömrəli tibbi rəyində olan diaqnozlar kliniki öz təsdiqini tapmamış, heç bir nevroloji defisit və patofunksional pozuntu aşkar edilməmişdir. İş üzrə təyin edilmiş xx.xx.2025-ci il tarixli T419/2025 saylı təkrar məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, vətəndaşda “Əsas diaqnoz: Y.36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, sol körpücüküstü nahiyənin odlu silahla güllə və qəlpə yaralanması” kimi; Ağırlaşmalar: G54.2boyun sinir köklərinin digər rubrikalarda təsnif olunmayan zədələnməsi, sol bazu kələfinin posttravmatik pleksopatiyası, G83.2-yuxarı ətrafların mono-plegiyası, sol yuxarı ətrafın süst monoparezi, proksimal 2 bal, distal 3 bal, Z73.6-əmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşdırılması, sol yuxarı ətrafın funksiyasının pozulması, əmək qabiliyyətinin itirilməsi, M24.5-oynaqların kontrakturası, sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası, uzaqlaşma 25 dərəcə, M79.5-yumşaq toxumalarda qalmış yad cisim, sol körpücük sümüyü üstündə yumşaq toxumalarda, sol ikinci qabırğanın proksimal səviyyəsində, Th4 fəqərə cisminin səviyyəsində, sol V-Vl qabırğalar səviyyəsində 17x10mm ölçülü 4 ədəd və bir neçə ədəd 1-2 mm ölçüdə metal qəlpələr” diaqnozu müəyyən edilsə də, şəxsin 01.10.224-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı yuxarı və aşağı ətraflarda parez əlamətləri izlənilməmiş, sol yuxarı ətrafda tonus normal olmuş, reflekslər D=S, əzələ hipotrofiyası qeyd olunmamış, bilək sallanması müşahidə edilməmişdir. -Vətəndaş akademik M.Ə.Mirqasımov adına X1 xx.xx.2025-ci il tarixdə “G54.0-Sol bazu pleksopatiyası, G83.2-Sol yuxarı ətrafın monoparezi, R52.2-daimi ağrı, M42-yayılmış osteoxondroz, diaqnozu ilə müyainə və müalicədə olmuşdur. -vətəndaş İddiaçı məhkəmə-tibbi müayinə zamanı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmiş və xx.xx.2025-ci il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “Y36.4, L90.5, M70.5, M10.1, M24.5, M62.5, R52.1, Z73.6-Odlu silahla yaralanmadan sonra sol çiyin nahiyəsinin ön səthində kobud dartıcı çapıq toxumaları, sol supraklavikulyar sahədə, sol İİ qabırğa proksimalı səviyyəsində, Th4 fəqərə cismi səviyyəsində, sol V-Vİ qabırğalararası səviyyədə –17x10 mm ölçülü 4 ədəd və bir neçə 1-2 mm ölçülü metal qəlpələri, sol akromioklavikulyar oynağının İİİ dərəcəli artrozu, sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 23°), əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması” diaqnozu qoyulmuşdur. Cavabdehin iddia tələbinə dair etirazlarının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçı barədə xx.xx.2022, xx.xx.2023-cü il tarixlərində qərarlar olmasına baxmayaq iddiaçı həmin qərarları 30 gün ərzində mübahisələndirməmiş və iddiaçının müvafiq qərarlardan məlumatı sms vasitəsi ilə olmuşdur. xx.xx.1968-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti xx.xx.2021-ci il tarixli, 0215003AAD0R nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz: əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə əlillik vəziyyəti xx.xx.2022-ci il tarixli, C00002706ENM nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz: əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyəti yenidən xx.xx.2023-cü il tarixli K00112037KGQ nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz: əlillik əlaməti təyin etmir barədə növbəti qərar verilmişdir. Sonuncu dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2008-ci il tarixli 227 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol körpücüküstü nahiyənin odlu silahla güllə və qəlpə yaralanması. Sol çiyinüstü nahiyyənin irinləmə və ağırlaşmış qəlpə yarası və yad cismi (qəlpə). Sol döş qəfəsinin ön divarının yad cismi (güllə)” diaqnozlu travmanın səbəb əlaqəsi kimi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyənləşdirilmişdir. X11 xx.xx.2022-xx.xx.2022-ci il tarixli çıxarışında diaqnoz “Döş qəfəsinin sol yarısının odlu silah yaralanmasından sonrakı çoxsaylı yad cismi. Döş əzələlərinin zədələnməsi, dartıcı çapıq toxuması ağrılarla. Restriktiv tipli mötədil ventilyasiya pozuntusu. Sol körpücük sümüyünün bitişmiş sınığı. Sol bazu oynağının artrozu, qarışıq kontrakturası və ətrafın hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması, ağrı” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2024-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sol çiyin üstü nahiyyədə ön səthində kobud dartıcı çapıq toxuması. Sol körpücük sümüyünün aktomial ucunun bitişmiş sınığı, aktomioklavikulyar oynağının İİİ dərəcəli artrozu, sol körpücük sümüyü üstündə yumşaq toxumalarda, sol İİ qabırğanın proksimal səviyyəsində, Th4 fəqərə cismi səviyyəsində, sol V-Vİ qabırğalar səviyyəsində təxminən 17x10 mm ölçülü 4 ədəd və bir neçə 1-2 mm ölçüdə metal qəlpələri, sol bazu oynağının yaxınlaşdırıcı kontrakturası, əzələ atrofiyası, daimi ağrı sindromu və sol yuxarı ətrafın funksiyasının pozulması” kimi qeyd olunmuş, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2024-cü il tarixli 3125 nömrəli Tibbi Rəyində diaqnoz “Keçirilmiş (xx.xx.N4) Hərbi travma, sol körpücüküstü nahiyədə odlu silahla güllə və qəlpə yaralanması nəticəsində, sol bazu kələfinin postravmatik neyropatiyası. Sol yuxarı ətrafın süst monoparezi. Hərəki və hissi funksiyanın pozulması, xroniki ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsində keçirilmiş xx.xx.2024-cü il tarixli, 1824 nömrəli Spirometriya müayinəsinin nəticəsi “Xarici ventilyasiya pozğunluğu qeyd olunmur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Beləliklə, hal-hazırda əlillik təyinatına əsas verə biləcək heç bir nevroloji defisit və patofunksional pozuntu müayinə zamanı aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(118)-2957/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı barəsində xx.xx.2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi barədə cavabdehin imtinası əsassız hesab edilərək ona xx.xx.2024-cü il tarixdən etibarən orqanizm funksiyalarının 61-80 faiz pozulması ilə bağlı əlilliyin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şəxsə əlillik təyin edilməsi şəxsin sağlamlıq vəziyyətində mövcud olan faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həminhallara uyğun gəlinmiş nəticəyə dair aktın qəbul edilməsi ilə bağlıdır. Yuxarıda qeyd edilmiş məhkəmə-tibbi ekspertizasının keçirilməsi və nəticəsi İddiaçı barəsində onun sağlamlıq vəziyyətinə uyğun əlilliyin təyin edilməsi üçün sözügedən aktın hüquqi əsasını təşkil edir. Göründüyü üzrə əlilliyin təyin olunması iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdehin etirazını belə təhrif edərək, etirazlarının şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurgulamışdır. Bu isə işin nəticələrinin “Diaqnoz əlillik əlaməti təyin etməməsi" barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilir ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin agırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırılır ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi" halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40% pozulması ilə bağlı 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun münayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatlafrında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. ... Bənd 3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 26 dekabr 2017-ci il tarixli 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” : Bənd 3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi "Hərbi–həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş electron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını, ekspertin və mütəxəssisin fikirlərini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40% pozulması ilə bağlı 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnoz əlillik əlaməti təyin etməməsi olmuşdur. İşin hallarından müəyyən edilir ki, iddiaçı İ Qarabağ müharibəsi zamanı döyüş əməliyyatlarında iştirak edən zaman 15 aprel N4-cü il tarixdə güllə və qəlpə yarası almışdır. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə birinci instansiya məhkəməsinin qərardadları əsasında məhkəmə-tibbi ekspertizaları təyin olunmuş və icra edilmişdir. Həmin ekspertizaların nəticələrində iddiaçının mövcud xəstəlikləri, qüsurları və travmaları ilə bağlı faktiki hallar ətraflı şəkildə araşdırılmış və bu hallara dair oxşar məzmunlu rəy və qənaətlər ifadə edilmişdir. Birinci instansiya məhkəməsi sözügedən ekspertiza rəylərini digər sübutlarla müqayisəli şəkildə qiymətləndirərək iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edildiyi nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında onlayn qaydada dindirlən iş üzrə təkrar məhkəmətibb ekspertizasının rəyini vermiş ekspert X2 rəyi müdafiə etdi və izah etdi ki, müayinə zamanı əzələ atrofiyası və parez əlamətləri aşkar edilməmişdir bununla bağlı ixtisaslaşmış tibb müəssisələri kimi Respublika Klinik Xəstəxanasına və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndərilmişdir. Məhkəmə araşdırması zamanı alınmış "Respublika Neyrocərrahiyyə Xəstəxanası" X14 İddiaçı barəsində olan 25 noyabr 2025-ci il tarixli 18-1-5/2-1051/2025 nömrəli rəyindən görünür ki, iddiaçıda “Keçirilmiş odlu silah yaralamasından sonrakı vəziyyət. Döş qəfəsinin sol yarısının çoxsaylı qəlpələri; sol bazu pleksopatiyası; sol yuxarı ətrafın monoparezi. Onurğanın bütün şöbələrinin yayılmış osteoxondrozu” diaqnozunun müəyyən edildiyi qeyd edilir. Həmçinin məhkəmə iclasına onlayn formada qoşulmuş Respublika Neyrocərrahiyyə Xəstəxanası" X14 İddiaçı barəsində 25 noyabr 2025-ci il tarixli 18-1-5/2-1051/2025 nömrəli rəyi vermiş həkim-neyrocərrah Emil İsmayılov iddiaçının əlini tam sıxa bilməməsini, ətraf əzələlərinin zəifləməsindən sonra limfostaz, yəni limfa durğunluğu yaranmasını, dörd ətrafın hər birində əzələ zəifliyinin olmasını, hərəkət məhdudluğunun monoparez şəklində olmasını qeyd etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və həkim-neyrocərrah E.İsmayılovun diaqnozlarını nəzərə alaraq qeyd edir ki, iddiaçının diaqnoz əlamətləri (XBT-10 G83) “serebral iflic və digər paralitik sindromlar” (monoparez, hemiparez, hemiplegiya, paraplegiya və tetraplegiya) uyğunluğu göstərmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”n “Sinir sistemi xəstəlikləri” adlanan 6-cı bəndinin G83 koduna aid olan 6.5.1.1-ci bəndinə görə ayrı-ayrı ətrafların parezləri və tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1.5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə), cüzi statodinamik pozuntular orqanizm funksiyalarının 40 faiz pozulmasına görə 1 il müddətinə əlilliyin təyin edilməsinə əsas verir. Beləliklə, kollegiya hesab edir ki, iddiaçıda Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış güllə və qəlpə yaralanması nəticəsində (G83) “serebral iflic və digər paralitik sindromlar” kodlu xəstəlik yaranmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin dəlilləri əsassız olmuşdur. İddiaçının əlilliyinin səbəb əlaqəsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar) cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh şikayətinin dəlillərində iddiaçı barədə “Diaqnoz əlillik əlaməti təyin etməməsi" qərarının qüvvədə olmasına istinad etmişdir. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 40% pozulması ilə bağlı 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyul 2025-ci il tarixli, 2-1(118)-2957/2025 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı barəsində xx.xx.2024-cü il tarixli əlilliyin qiymətləndirilməsi barədə cavabdehin imtinası əsassız hesab edilərək ona xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 40% pozulması ilə bağlı 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar