Məhkəmə qərarları › İş №2-1(105)-833/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-833/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-833/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(118)-4034/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.2000-ci il təvəllüdlüdür. Vətən müharibəsi iştirakçısıdır, çoxsaylı medallarla təltif edilmişdir. 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başlayarkən döyüş əməliyyatlarında iştirak etmək üçün könüllü surətdə cəbhə böğlgəsinə yollanmışdır. 22 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aparılan döyüş əməliyyatları zamanı mina partlaması ilə bağlı aldığı barotravma nəticəsində kəlləbeyin travması almışdır. 2022-ci ildə ona 2 il müddətinə lll dərəcəli əlilllik təyin edilmişdir. 2024-cü ildə müddət başa çatdıqda ona “diaqnoz əlillik əlamətləri təyin etmir” əsas ilə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin xx.xx.2020-ci il tarixli 20 nömrəli “Travma haqqında arayış” dan görünür ki, xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə “Mina partlayış zədələnməsi. Barotovma. Sağ aşağı ətrafın yumşaq toxumalarının əziyi” xəsarətini almışdır”. Müfdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komssisiyası tərəfindən verilmiş №21789 nömrəli, 25 oktyabr 2021-ci il tarixli “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, funksional tutmalarla, kəkələmə ilə; Posttravmatik sefalgik sindrom, Barotravma (xx.xx.2020), İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) mefr məsafədən eşitməsi ilə” diaqnozu qoyulmuş, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir, 1 nəfər müşayiətçiyə zərurət olduğu qeyd edilmiş və “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. İddiaçının barəsində verilmiş 88 nömrərli forma üzrə göndərişdən görünür ki, ona tibb müəssisəsi tərəfindən əsas diaqnoz kimi T90.5 – “kəllədaxili travmanın nəticələri, partlayış travması nəticəsində barotravma, kəllə-beyin travması, baş beyin silkələnməsi, retroqrad amneziya, posttravmatik ensefalopatiya”, ağırlaşma kimi – F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (ll Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar və nitq qüsuru ilə”; F 62.0 “fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, fəlakət (müharibə) keçirdikdən sonrakı şəxsiyyətin davamlı dəyişiklyi” göstərilmişdir. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının 3-17-4/3-3- 9376/2024 saylı, 24 dekabr 2024-cü il tarixli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1489 saylı ekspert rəyindən görünür ki, İddiaçı “Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, anamnezində funksional tutmalar, kəkələmə ilə” (F07.0) aşkar olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibb müəssisəsinin xx.xx.2024-cü il tarixli, P00233997EVR saylı tibbi göndərişi əsasında qəbul etdiyi əlilliyinin təyin olunmasından imtinaya dair qərarını ləğv etməklə ona Azərbaycan Respublikasının müdafiəsi nəticəsində aldığı hərbi travmaya görə əlilliyin-orqanizmin funksiyasının pozulması faizinə görə təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaçı xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş və 2020-ci il 27 sentyabr tarixində başlamış 44 günlük Vətən müharibəsində könüllü iştirak etmiş, işğalda olan rayonların erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərə qatılmış və hərbi tapşırığı yerinə yetirən zaman minamyot, mina partlaması nəticəsində kəllə-beyin travması almış və Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim komissiyası tərəfindən xəstəlikləri “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qiymətləndirilmişdir. G00021127XRJ saylı, xx.xx.2022-ci il tarixli tibbi göndəriş elektron qaydada cavabdeh orqana təqdim olunmuş, cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixə kimi 2 illik müddətə 3-cü dərəcəli əlillik təyin edilmişdir, lakin sonuncu dəfə xx.xx.2024-cü il tarixdə P00233997EVR saylı tibbi göndərişə cavabdeh tərəfindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtina barədə qərar qəbul edilmişdir. Cavabdehin imtinası tam əsassızdır, belə ki, iddiaçıya Əlilliyin təyin edilməsi meyarlarına uyğun olaraq, 2022-ci ildə əlillik dərəcəsi təyin olunmuş və həmin vaxt diaqnozu belə idi: “kəllədaxili travmanın nəticələri, dissosiativ konvulsiyalar, Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişkənliyi, üzvü mənşəli şəxsiyyət pozuntusu, kəkələmə hüqqana-hüqqana danışma, eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, və s. 2024-cü ildə də eyni diaqnoz əsasında tibbi göndəriş cavabdeh orqana daxil olmuş, əlavə də bu müddət ərzində səhhətində baş vermiş ağırlaşmalara dair tibbi müayinənin nəticələri həmin tibbi arayışa əlavə edilmişdir. Onun barəsində həkim psixiatr Komissiyasının verdiyi rəylə də proftssor F.İsmayılov tərəfindən iddiaçıya “2-ci Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində şəxsiyyət pozuntusu dissosiativ daxilolmalar, funksional tutmalar, kəkələmə F07.0” diaqnozu təsdiq edilir. O, dəfələrlə Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicələrdə olmuş, lakin buna baxmayaraq səhhətində müsbət irəliləyiş olmamışdır. İddiaçı işləmir, ümumiyyətlə, onu heç yerdə işə götürmürlər, ailə üzvləri, ətrafda olan insanlarla mübahisə edir, öz hərəkətlərini idarə etmək imkanında deyil, bütün bunlar müharibənin iddiaçıya yaşatdığı psixoloji stress və aldığı travmaların nəticəsidir, lakin cavabdeh orqan “diaqnozun əlillik əlamətini təyin etməməsi” səbəbi ilə əlillik təyinatından imtina etmişdir. Halbuki, eyni diaqnozla 2022-ci ildə müddətə 3-cü dərəcəli əlillik təyin edilmişdir. İddiaçı belə hesab edir ki, cavabdehin imtinası qanunsuz hesab edilməli və əlilliyin təyin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, xx.xx.2000-ci il təvəllüdlü İddiaçı orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinəsi nəticəsində xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona OFP 35% 2 (iki) il müddətinə əlillik təyini barədə qərar qəbul edilmişdir. Müddət başa çatdıqda İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirilməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 21789 nömrəli Şəhadətnamə verildiyi müəyyən edilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, funksional tutmalarla, kəkələmə ilə. Posttravmatik sefalgik sindrom. Barotravma (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 5063/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (barotravma) şəxsiyyət pozuntusu, funksional tutmalar və kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 12191/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalar və kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının xx.xx.2023-cü il tarixli 2196 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, funksional tutmalar, kəkələmə ilə” kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 6 ay müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024xx.xx.2024-cü il tarixli 3697/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar nitq qüsuru” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2024-xx.xx.2024-cü il tarixli, 15845/24 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotravma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar, dissosiativ daxilolmalar, funksional tutmalar nitq qüsuru” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı sağ ayaqda sızıltı, başağrısı, əsəbilik, özündənçıxmadan şikayətlənmişdir. Dərmanlardan Cycladole, Depakin qəbul etdiyini bildirmişdir. Zahirən səliqəli izlənilmişdir. Nitqində simulyativ kəkələmə nümayiş etdirmişdir. Ünsiyyətə qoşulmuş, suallara ətraflı cavablar vermişdir. Kəkələməsinə görə 4 il müddətində loqopedlə terapiya keçdiyini bildirmiş, lakin bu müddət ərzində heç bir mütəxəssis üzvi patologiya düşünməyərək baş-beyinin MRT müayinəsinə zərurət görməmişdir. Patoloji affekt izlənilməmişdir. Ailəli, 2 və 4 yaşlarında iki övladının olduğunu söyləmişdir. ƏƏSMN tərəfindən Sumqayıt şəhərində mənzillə təmin edilmişdir. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən “Üzvi mənşəli yüngül ifadəli şəxsiyyət pozuntusu, ailə-məişət adaptasiyası, kompensasiya, kəkələmə və tiklərin simulyasiyası” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, “Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə” qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(118)-4034/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funskiyalarının pozulması faizinə uyğun olaraq əlilliyin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır (hakim Mehriban Mahmudlu-Abbaszadə). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə iddiaçıda tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklər mövcudluğu təsdiq edilmişdir. Həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulduğundan iddia tələbi əsaslı hesab edilərək təmin edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslanıdrmış, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Cavabdeh orqanın mütəxəssisləri müəyyən etmişlər ki, idiaçının hazırda psixiki vəziyyəti “Üzvi mənşəli (barotravma) yüngül ifadəli şəxsiyyət pozuntusu, nitq qabiliyyətinin itirilməsi, nümayişkar davranış, ailə-məişət adaptasiyası” kimi qiymətləndirilmişdir ki, bu da əlilliyin təyin edilməsi üçün əsas deyildir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnoz əlillik əlaməti təyin etməməsi" halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”

3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. .....

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə orqanizmin funksiyasının pozulmasının 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli qərar əsasında əlilliyin təyin edilməsindən imtina olunmuş, imtina əsası kimi diaqnozun əlillik əlaməti təyin etməsi üçün əsas olmaması halı çıxış etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçı barəsində qoyulmuş diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş şəxsiyyətin davamlı dəyişikliyi, depressiv sindrom, retroqrad amneziya, funksional tutmalarla, kəkələmə ilə. Posttravmatik sefalgik sindrom. Barotravma (xx.xx.2020). İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini hər iki qulaqda 4 (dörd) mefr məsafədən eşitməsi ilə” təşkil edir. Həmçinin xx.xx.2022-ci il tarixli TSEK müayinəsinin nəticələrinə görə iddiaçının əsas diaqnozu F07.0 Psixi və davranış pozuntuları. Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular. Əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətinin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərlə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükldə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn yüksək intihar riski zamanı) qeyd edilmiş və iddiaçıya orqanizmin funksiyalarının pozulmasının 35 faiz meyarı üzrə 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyininvə konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixli TSEK müayinəsinə əsasən, iddiaçının diaqnozu Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış barotovma nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez təkrarlanan dekompensasiyalar dissosiativ daxilolmalar, funksional tutmalar və nitq qüsuru ilə. Kəkələmə partlayış travması nəticəsində (barotovma, kəllə-beyin travması) fəlakət (müharibə) keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi qeyd edilmişdir və “Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(118)-4034/2025 nömrəli qərardadına əsasən inizbati iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Həmin qərardada əsasən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 1489 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: Yoxlanılan şəxs İddiaçı Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, anamnezində funksional tutmalar, kəkələmə ilə (F07.0) aşkar olunur. Məhkəmənin “əgər F07.0 diaqnozu aşkar edilirsə, aşağıda göstərilən qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir? 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə şəxsə kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı); 7.6.22. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidük, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq): təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti. Bununla bağlı ekspert rəyində cavab vermişdir ki, şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyildir. Yuxarıda qeyd olunan xx.xx.2025-ci il tarixli, 1489 saylı ekspert rəyini tərtib etmiş ekspert həkim-pisixatr X4 məhkəmə kollegiyasının iclasında onlayn formada iştirak edərək izah etdi ki, İddiaçı ambulator məhkəmə psixiatrik müayinə zamanı “Üzvi şəxsiyyət pozuntusu, dissosiativ daxilolmalar, anamnezində funksional tutmalar, kəkələmə ilə” diaqnozu (F07.0) aşkar edilmişdir. Eyni zamanda onda xarici qıcıqlara qarşı həssaslığın yüksək olması, qıcolmalar, maraqların ləngiməsi kimi əlamətlər müşahidə edilmişdir. Ekspert həmçinin qeyd etdi ki, öz rəyində müşahidə anında gördüklərini qeyd etmişdir. Göründüyü kimi iddiaçıda müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərin məhkəmə araşdırması zamanı tədqiq edilmiş ekspert rəyi əsasında öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin halı təkzib edən heç bir dəlilə istinad edilməmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı barəsində müvafiq tibbi göndərişdə əks olunmuş əsas diaqnoz (XBT10 kodu F07.0) əlilliyin təyin edilməsi meyarlarını müəyyən edən müvafiq 187 nömrəli Qərarda əlilliyin təyin edilməsinə əsas olan xəstəliklər kimi qeyd edilmişdir. İndiki halda cavabdeh inzibati orqan iddiaçıda əllliyin təyin edilməsi üçün əsas olan diaqnozun əlillik əlaməti təyin etməməsini qeyd etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmiş, habelə istinad etdiyi halları iddiaçının müayinə nəticələrinə və s. aid müvafiq tibbi sənədlərə istinad edilməklə, əsaslandıra bilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan “diaqnozun əlillik əlaməti təyin etməməsi” halına formal olaraq istinad etməklə, ümumi söz şəklində ifadə etmişdir. Nəticə etibarilə cavabdehin imtina, etiraz və şikayətin dəlili kimi istinad etdiyi hallar (diaqnozun əlillik əlaməti təyin etməməsi) iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində tərtib edilmiş ekspert rəyi əsasında iddiaçıda aşkar olduğu öz təsdiqini tapdığı, habelə həmin xəstəliklərin müvafiq qanunvericilik normasının tələbinə əsasən əlilliyin təyin edilməsi üçün əsas qismində çıxış etdiyi halda, cavabdeh tərəfindən heç bir əsaslandırma aparılmadan, heç bir tibbi sənədə istinad edilmədən diaqnozun əlillik əlaməti təyin etməməsi halına istinad edilməsi əsassız və qanunvericiliyin tələbinə zidd olmuşdur. Beləliklə, kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, tələbin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçıya xx.xx.2024-cü il tarixdən orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 (iki) il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 2-1(118)-4034/2025 nömrəli qərarı dəyişdirilsin, iddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 (iki) il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar