Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-834/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 03 may 2019-cu il tarixli **********2 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)- 882/2020 saylı qərarına izah verilməsinə dair ərizəsi barədə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-882/2020 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-882/2020 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı 03 may 2019-cu il tarixli **********2 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası qismən təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-882/2020 saylı qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2021-ci il il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2021-ci il il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və cavabdehin kassasiya şikayəti təmin edilməmişdir. Qərar icra olunması üçün xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir. Daha sonra iddiaçının ərizələrinə əsasən Yasamal rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, göstərilən qərarın icra edilmədiyini bildirmiş və məcburi işburaxmaya görə əmək haqqının məhkəmə qərarı icra olunana qədər ödənilməli olması ilə bağlı izah verilməsini xahiş etmişdir. Belə ki, icra məmuru məhkəmə qərarında tutulmalı olan əmək haqqının dəqiq məbləğinin göstərilməməsi ilə bağlı qərarı icra etmir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-882/2020 nömrəli qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(118)-882/2020 saylı qərarının icrası ilə bağlı izah edilmişdir ki, İddiaçı məcburi işburaxmaya görə əmək haqqı işdən azad edildiyi vaxtdan məhkəmə qərarı icra olunana qədər ödənilməlidir. Cavabdeh qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(118)-882/2020 nömrəli qərardadını əsassız, qanuna zidd və qeyri obyektiv hesab edir. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “3 may 2019-cu il tarixli, **********2 nömrəli əmrin ləğv edilməsi, əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iş üzrə qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2 fevral 2022-ci il tarixli, 2- 1(102)-387/2022 nömrəli Qərarının icrası və ondan irəli gələn hüquqi nəticələrlə bağlı müvafiq işlər görülmüşdür. Göründüyü kimi iddia tələbi 3 hissədən ibarətdir: 1. Nazirliyin 3 may 2019-cu il tarixli, **********2 nömrəli əmrinin ləğv edilməsi; 2. İddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi; 3. iddiaçıya məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi. Qərarın “əmrin ləğv edilməsi” hissəsində icrasını təmin etmək məqsədilə Nazirliyin 13 may 2022-ci il tarixli, **********6 nömrəli əmri ilə Nazirliyin “İddiaçı və E.Quliyevin əmək müqavilələrinə xitam verilmələri barədə” 3 may 2019-cu il tarixli, **********2 nömrəli əmri İddiaçı aid hissədə ləğv edilmişdir (əmrin surəti təqdim edilmişdir). Qərarın “iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi” hissəsinin icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Fərmanının 1.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondu əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılmışdır. Həmin fərmanın 7-ci hissəsində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti öz fəaliyyətlərini davam etdirsinlər. Qeyd edilənlərdən göründüyü kimi yeni publik hüquqi şəxslər dövlət qeydiyyatına alındığı günədək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini davam etdirməsi tapşırılır. Dolayı yolla bu yeni publik hüquqi şəxslərin qeydiyyata alındığı vaxtdan Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətini dayandırması deməkdir. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 1.3-cü bəndinə əsasən Nazirliyin strukturuna daxil olan orqanların siyahısından Dövlət Sosial Müdafiə Fondunun adı çıxarılmışdır. Həmin Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilmiş və 5.5.6-cı yarımbənd bu redaksiyada verilmişdir: “Nazirliyin Aparatının işçilərini, Nazirliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla), digər işçiləri (bu Əsasnamənin 5.5.6-1-ci yarımbəndi nəzərə alınmaqla) vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür”. Həmin Fərmanla yeni 5.5.6-1-ci bənd də əlavə edilmişdir: “Nazirliyin tabeliyindəki publik hüquqi şəxslərin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə, habelə onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə razılıq verir”. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun” Nizamnaməsi” nin 4.5.6-cı yarımbəndinə əsasən Fondun idarə, filial və nümayəndəliklərinin yaradılması barədə qərar qəbul etmək səlahiyyəti X7 verilmişdir. Həmin Fərmanın 4.11.11-ci yarımbəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun, o cümlədən onun idarə, filial və nümayəndəliklərinin, habelə tabeliyindəki digər qurumların işçilərinin (təsərrüfat cəmiyyətlərində isə yalnız rəhbərlərin) vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə Nazirliklə razılaşdırmaqla qərarlar qəbul edir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2019-cu il tarixli 912 nömrəli Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu icra hakimiyyəti orqanı kimi ləğv edilmiş, onun əsasında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxs yaradılması tapşırılmış və Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanına əsasən qeyd edilmiş qurumlar fəaliyyətə başlamışdır. Nazirliyin 22 sentyabr 2022-ci il tarixli **********6 nömrəli əmri ilə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli bölmələrinin bir sıra işçilərinin dövlət qulluğuna xitam verilməsi barədə” Nazirliyin 28 iyul 2020-ci il tarixli **********9 nömrəli əmrinin 1.1-ci yarımbəndinə əlavə olunan siyahıya İddiaçı adı əlavə edilmişdir (əmrin surəti təqdim edilmişdir). Eyni zamanda İddiaçı Nazirliyin 28 iyul 2020-ci il tarixli **********9 nömrəli əmrinə edilmiş dəyişiklik əsasında ehtiyat kadrlar siyahısına əlavə edilmiş və Azərbaycan Respublikasının Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemində müvafiq dəyişikliklər edilmişdir (reyestrdən çıxarış təqdim edilmişdir). Həmçinin İddiaçı əmək müqviləsinə xitam verilməsi barədə bildirişin etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək Münasibətləri və Məşğulluq” altsistemində (ƏMAS) müvafiq dəyişiklik edilmişdir (ekran görüntüsü təqdim edilmişdir). İddiaçı 3 noyabr 2017-ci il tarixdən 3 may 2019-cu il tarixinədək Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin Sosial yardım və müavinət sektorunda sektor müdiri vəzifəsində (dövlət qulluqçusu, əmək haqqı-345 manat, 20 sentyabr 2020-ci il tarixindən əmək haqqı-520 manat) çalışmışdır. 18 aprel 2022-ci il tarixində İddiaçı Nazirliyə dəvət edilərək Nazirliyin Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsində görüş keçirilmiş və ona halhazırda Sumqayıt şəhərində fəaliyyət göstərən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialının (Sumqayıt, Abşeron, Xızı) Ünvanlı dövlət sosial yardımının təminatı şöbəsində vakant aparıcı mütəxəssis vəzifəsi (əmək haqqı-1800 manat) təklif olunmuş və bu barədə 28 aprel 2022-ci il tarixli **********7 nömrəli, 28 iyun 2022-ci il tarixli **********8 nömrəli və 2 fevral 2023-cü il tarixli 3-17-0/2-E-1084/2023 nömrəli məktublar (iş materiallarında mövcuddur) göndərilmiş, lakin İddiaçı hal-hazıradək təklif edilən vəzifə ilə bağlı münasibətini bildirməmişdir. Qərarın “məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsi” hissəsinin icrasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1076 nömrəli Fərmanının 2-ci hissəsi ilə ləğv edilmiş - Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 İyun tarixli 976 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin 1.1-ci bəndində qeyd edilirdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsindən göründüyü kimi Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu inzibati orqan olmuşdur. Bu fakt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 14.1.4-cü yarımbəndində də təsbit olunmuşdur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2021-ci il tarixli 61 nömrəli qərarı ilə 14,1.4-cü yarımbənd ləğv edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2021-ci il tarixli 57 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 dekabr 2008-ci il tarixli 277 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”ndan “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu, onun yerli bölmələri” adı çıxarılmışdır. Həmçinin Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə görə Publik hüquqi şəxs dedikdə dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilat nəzərədə tutulur. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu hüquqi şəxs deyil, dövlətin icra hakimiyyəti olmuşdur. Bu hüquqi şəxsin bir formadan başqa formaya keçməsi deyildir. Həmçinin Nizamnaməsindən göründüyü kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun işçilərinə münasibətdə Nazirlik özünün işə götürən səlahiyyətlərini itirmişdir. Həmçinin İddiaçı işdən azad olunduğu dövrdə qüvvədə olan “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanununun 8.1.6-cı maddəsinə əsasən əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124cü maddələri ilə müəyyən edilən dövlət orqanları - müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələri 5-ci kateqoriya dövlət orqanlarıdır. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2019-cu il tarixli 485 nömrəli Fərmanının 3.9.1-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər. Həmin Qanununun 2.4-cü maddəsinə əsasən bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Qeyd edilənlərdən göründüyü kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu dövlət büdcəsindən maliyyələşmir və işçiləri dövləq qulluqçuları hesab edilmir. Bu səbəbdən İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi mümkün deyil. Bununla əlaqədar olaraq, Qərarın “iddiaçıya məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” hissəsində icrasını təmin etmək məqsədilə İddiaçı ödəniləcək məcburi işburaxma müddəti üçün müəyyən olunmuş əməkhaqqı (xx.xx.2019- cu il tarixindən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun dövlət orqanı kimi ləğvi tarixinədək) İddiaçı ona aid bank hesabını təqdim etmədiyindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin depozit hesabına köçürülmüşdür (ödəniş tapşırığı təqdim edilmişdir). “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinə əsasən tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: Belə ki, Qərardadda qeyd olunan məcburi işburaxma müddinə görə əmək haqqının iddiaçının işə bərpa olunduğu günədək ödənilməsi ilə bağlı bildiririk ki, İddiaçı Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda iş təklifini bu günədək qəbul etməməklə icra sənədinin icrasına mane olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, izahatında apellyasiya şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Maddə 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməməlidir. Hazırki iş üzrə iddiaçının tələbi müvafiq məhkəmə qərarına “əmək haqqına dair məbləğin məhkəmə qərarı icra olunduğu tarixə qədər tutulması” haqqında izah verilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilərək, məhkəmə qərarının icrası ilə bağlı “iddiaçıya məcburi işburaxmaya görə əmək haqqı işdən azad edildiyi vaxtdan məhkəmə qərarı icra olunana qədər ödənilməlidir” məzmunda izah verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarına izah verilməsinə əsas olan hallar mövcud olmalı və bu hallar qərarın məzmunun dəyişməsinə səbəb olmamalıdır. Qeyd edilən əsas qismində isə məhkəmə qərarında qeyri-müəyyənliyin, anlaşılmazlığın mövcud olması halları çıxış edə bilər. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4№li Qərarının 14-cü bəndində qeyd edilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda, işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Göründüyü kimi məhkəmə qərarının izah edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar olmalı və həmin əsaslar qərarın məzmunu dəyişdirilməsinə səbəb olan hal kimi çıxış etməməlidir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən müvafiq məhkəmə qərarına izah verilməsi barədə ərizəsində ərizənin verilməsinə əsas olan hallar kimi müvafiq məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icra məmuru tərəfindən icra edilməməsi, icra məmurunun buna bəhanə olaraq qərarda əmək haqqı məbləğinin göstərilməməsi halına istinad etdiyini, müvafiq inzibati orqan tərəfindən ona məktub ünvanlayaraq, depozitə pul qoyulması və işə bərpa edilməsi ilə bağlı sənədlər tələb edilməsi, həmin məktubun məzmunun ona aydın olmaması, ona hansı illər və aylar üçün nəqədər pul ödənilməsi, onu hansı vəzifəyə götürülməsi barədə ətraflı məlumat verilməsini istədiyini, qərarın icrası ilə bağlı ona müddətli əmək müqvailəsi təklif edildiyini, lakin onun bunu qəbul etməməsi, sosial sığorta stajının bərpa edilməməsi, bununla əmək fəaliyyəti və pensiya təminatı hüquqlarının pozulması, onun işlədiyi sektor müdiri vəzifəsinin hazırda şöbə müdiri vəzifəsi kimi fəaliyyət göstərməsinin nəzərə alınaraq, həmin vəzifə üzrə müddətsiz məhkəmə qərarının icra olunduğu tarixə qədər işə bərpa edilməsi üzrə qərara şərh edilməsini qeyd etmişdir. Məhkəmə kollegiyası iddiaçının ərizənin əsası kimi istinad etdiyi hallarla bağlı qeyd edir ki, həmin hallar məhkəmə qərarına izah verilməsi üçün əsas qismində çıxış etməmişdir. Belə ki, iddiaçının ərizədə istinad etdiyi halların məzmunundan görünür ki, həmin hallar məhkəmə qərarının qeyri-müəyyənliyi və ya anlaşılmazlığı ilə bağlı olan hallara aid olmamaqla, məhz icra sənədinin icrası ilə bağlı olan hallardan ibarət olmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 14.1-ci maddəsinin tələbinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmçinin, qeyd edilməlidir ki, hazırki iş üzrə müvafiq məhkəmə qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 03 may 2019-cu il tarixli **********2 saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə kollegiyası qeyd edilən halları əsas götürərək, hesab edir ki, indiki halda məhkəmə qərarında hər hansı qeyri-müəyyənliyin və ya anlaşılmazlığın, habelə ziddiyyətli halın olması müəyyən edilməmiş, hansı ki yalnız həmin hallar müəyyən edildiyi halda qərarın izah edilməsi mümükün ola bilərdi. Bu baxımından məhkəmə kollegiyası qeyd edilən halları əsas götürərək hesab edir ki, iddiaçının məhkəmə qərarına izah verilməsi ilə bağlı ərizəsi əsassız olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, bununla da iş ürzə gəldiyi nəticə yalnış olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-882/2020 saylı qərarına izah verilməsinə dair iddiaçının ərizəsi təmin edilməməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-882/2020 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(118)-882/2020 saylı qərarına izah verilməsinə dair iddiaçının ərizəsi təmin edilməsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 3ə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-834/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-834/2023
20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver