Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-834/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı cavabdehin 02 mart 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və İctimai Birliyin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-482/2024 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 02 mart 2023-cü il tarixli imtinasının qanunsuz hesab edilməsi və İctimai Birliyin qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 28 dekabr 2022-ci il tarixdə “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyini təsis etmişlər və onun təsis edilməsi barədə qərar qəbul etmişlər. Həmin tarixdə təsis yığıncağı keçirilmişdir və həmin prtokoldan görünür ki, təsisçi İddiaçı1 oöğlu iki il müddətinə Birliyin sədri seçilmiş, həmçinin Biroiyin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi, Birliyin dövlət qeydiyyatına alınması üçün sənədlərin Ədliyyə nazirliyinə təqdim edilməsinin Birliyin qanuni təmsilçisi İddiaçı1 həvalə edilməsi müəyyən edilmişdir.İddiaçılar lazım sənədləri toplayaraq cavabdeh nazirliyə təqdim etmişlər. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla sənədləri geri qaytarmışdır. Cavabdeh imtinasında göstərmişdir ki, ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır. Cavabdehin bu məktubu imtina cavabı kimi qiymətləndirildiyindən iddiaçılar hazırki idida ilə məhkəməyə müraciət etmişlər. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, “İnsan Hüquqlarının Hüquqi Müdafiəsi” İctimai Birliyinin təsis sənədləri 23 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim olunmuş və qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2023-cü il tarixdə nöqsanın aradan qaldırılmasının zərurliyi barədə qeyd olunmaqla geri qaytarılmışdır. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsinin tələbinə zidd olaraq ərizə bütün təsisçilər tərəfindən imzalanmamışdır Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-482/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh ictimai birliyin qeydiyyata alınması ilə bağlı iddiaçılar tərəfindən təqdim edilmiş sənədləri geri qaytararaq bütün təsisşilər tərəfindən imzalanmalı olduğunu qeyd etmişdir. Cavabdeh faktiki olaraq iddiaçıların müraciətinə mahiyyəti üzrə cavab verməmişdir, qeydiyyata alınmasından imtina etməmişdir, sadəcə ərizənin bütün təsisçilər tərəfindən imzalanmaması səbəbindən geri qaytarmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/2-13- 564/2023 saylı məktub imtina kimi qiymətləndirilə bilməz. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda mümkünlük şərtlərindən biridir. İddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. İddiaçılar qərardaddan apellyasiya şikayəti verərək, qərarddadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edəsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında göstərib ki, cavabdeh faktiki olaraq onların müraciətinə mahiyyəti üzrə cavab verməmişdir, qeydiyyata alınmasından imtina etməmişdir, sadəcə ərizənin bütün təsisçilər tərəfindən imzalanmaması səbəbindən geri qaytarmışdır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2023cu il tarixli 3-16-5/2-13-564/2023 saylı məktub imtina kimi qiymətləndirilə bilməz. Məhkəmənin mövqeyi ilə razılaşmırlar. Hazırkı mübahisənin predmeti (mövzusu) “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinin maddi hüquqi baxımdan təfsiri təşkil edir. Cavabdeh və birinci instansiya məhkəməsi hesab edir ki, qeyri-hökumət təşkilatının dövlət qeydiyyatına alınmasına dair ərizə bütün təsisçilər tərəfindən imzalandığı halda etibarlı sayılır. Lakin həmin ərizə təsisçilərin təsis yığıncağında səlahiyyət verdiyi qanuni təmsilçi tərəfindən imzalana bilər. Bu halda hazırkı iş üzrə əsas sual təsisçilərin belə qanuni təmsilçi müəyyən etməsinin aydınlaşdırılmasıdır. İşin faktiki hallarına əsasən hazırkı iş üzrə təsisçilər təsis yığıncağında İddiaçı1 qanuni təmsilçi kimi seçiblər (təyin ediblər). Bu halda onların qanuni təmsilçi ilə hərəkət etmək iradəsi aşkardır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsi alternativlik prinsipi üzərində qurulur. Həmin hüquq normasına əsasən qeydiyyat müraciəti üçün üç subyekt alternativliyi müəyyən edilir: 1) təsisçi və ya təsisçilər; 2) qanuni təmsilçi və ya qanuni təmsilçilər; 3) vəkil edilmiş şəxs və ya şəxslər. Beləliklə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun üç kateqoriya təsbit edir və bu üç kateqoriya arasında alternativ seçimə imkan verir. Bu kateqoriyalardan başlıcası təsisçi kateqoriyasıdır. Qanuni təmsilçi və ya vəkil edilmiş şəxslər təsisçilərin ilkin iradəsinə əsasən imzalamaq səlahiyyəti əldə edirlər. Burada təsisçi kateqoriyası aydındır. Lakin qanuni təmsilçi və vəkil edilmiş şəxs kateqoriyaları dəqiqləşdirilməlidir. Qanuni nümayəndə ilə vəkil edilmiş şəxs arasında fərq ondan ibarətdir ki, qanuni nümayəndə hüquqi şəxsin daxili hüquqi kimliyinin bir hissəsinə aid olan subyektdir və onun səlahiyyətləri təsis sənədlərindən irəli gəlir. Vəkil edilmiş şəxs isə hüquqi şəxsin daxili (immanent) kimliyinin xaricində mövcud olur və etibarnamə və ya oxşar hüquqi qüvvəli sənədləşdirmə əsasında təmsilçilik səlahiyyətinə sahib olur. Qeyd edilir ki, imzalamaq səlahiyyəti hüquqi cəhətdən əqddir və əqd bağlamağa dair hüquqi iradə ona şamil edilir. Bu halda cavabdehin imtinası zərurət aspektindən o halda əsaslı sayıla bilər ki, ərizəçinin hüquqi sənədləşdirməni aparmağa dair iradəsi bariz olaraq müəyyən olsun. Lakin onların təsis sənədlərindən görünür ki, belə bir iradəyə dair hər hansı hüquqi nöqsan mövcud deyil. Bu halda həmin ərizənin etibarsızlığına dair problem də meydana çıxmır. Bu baxımdan cavabdehin imtinasının hüquqi əsaslandırması mövcud deyil. Birinci instansiya məhkəməsi də öz növbəsində cavabdehlə razılaşsa belə, imtinanın əsaslarını aydınlaşdırmayıb. İşin halları əsasında müəyyən edilir ki, onlar qeydiyyat müraciətini qanuni təmsilçi variantı ilə həyata keçirmək istiqamətində addım atıb və bunu təsis sənədləri əsasında rəsmiləşdirib. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsi iddiaçılara bu alternativliyi seçmək imkanını tanıyıb. Bu halda iddia əsaslı hesab edilməlidir. Qeydiyyata alınmaq üçün müraciət edən qeyri-hökumət təşkilatının təsisçi və ya təsisçiləri “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsində nəzərdə tutulan alternativ seçim imkanlarından birinə əsasən hərəkət edə bilər. Göründüyü kimi yuxarıda şərh edilmiş müvafiq qanunvericilik ərizənin imzalanması ilə əlaqədar alternativ rejim müəyyən edir. Buna uyğun olaraq ərizənin hər bir halda bütün təsisçilər tərəfindən imzalanmasına zərurət yoxdur və qanunvericiliyin buna dair tələbi mövcud deyil. Hazırkı işin halları ilə müəyyən edilir ki, təsisçilər təsis yığıncağında təsisçi İddiaçı1 qanuni təmsilçi kimi seçiblər və sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi vəzifəsini isə yenə İddiaçı1 həvalə ediblər (bax: təsis yığıncağının protokolu və qərarı). Buna uyğun olaraq ərizə qanuni təmsilçi kimi onun tərəfindən imzalanıb. Bu hal isə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.2-ci maddəsinə və “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”nın 2.2-ci bəndinə uyğundur. Çünki təsisçilər qanuni təmsilçi seçməklə alternativ rejimə əsasən qanuni təmsilçi vasitəsilə ərizənin imzalanması istiqamətində iradə formalaşdırıblar və bununla qanunvericiliyin onlara verdiyi dispozitiv səlahiyyətdən istifadə ediblər. Cavabdeh isə həmin Qanunun 5.2-ci maddəsində müəyyən edilmiş ərizənin imzalanmasına dair alternativlik rejiminə zidd hərəkət edərək ərizənin bütün təsisçilər tərəfindən imzalanmasını tələb edir. Bu hal isə həmin Qanunun 5.2-ci maddəsinin tələblərinə ziddir. Nəticə etibarilə, cavabdehin imtinası həm “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun tələblərinə ziddir, həm də “İnzibati icraat haqqında” Qanunla müəyyən edilmiş normaların pozuntusudur. Bununla da cavabdehin imtinası qanunsuz və əsassızdır. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun 11.3-cü maddəsinə əsasən, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda. Cavabdeh imtinasında həmin Qanunun 11.3.1-ci maddəsinə istinad edib. Həmin norma edilən müraciətlə əlaqədar qəti imtinanı müəyyən edir. Bununla da cavabdeh iddiaçıların təsisetmə üzrə bütün hərəkətlərini sıradan çıxarıb. Buna əsasən iddiaçılar qeyri-hökumət təşkilatının qeydiyyatı ilə əlaqədar müvafiq addımları ata bilməyəcəklər. Onların cavabdehə təqdim etdikləri sənədlər qanunvericilik aktlarına uyğun olub, hər hansı ziddiyyət olmayıb. Ərizə İB-nin qanuni təmsilçisi tərəfindən təsdiq edilib, qanuni təmsilçi olduğuna görə ərizənin bütün təsisçilər tərəfindən təsdiq edilməsinə ehtiyac yoxdur. Cavabdehin imtinası onların konstitusion və beynəlxalq hüquqi birləşmək azadlığı hüququnun pozulması ilə nəticələnib. Cavabdeh iddia ərizəsinə etirazında göstərib ki, “Qeyri-hökümət təşkilatları (ictimai birliklər və fondlar)” haqqında qanunun 17.3-cü maddəsinə əsasən qeyri-hökümət təşkilatının dövlət qeydiyyatına alınmasından imtina, pozuntular aradan qaldırıldıqdan sonra sənədlərin dövlət qeydiyyatı üçün yenidən təqdim edilməsinə mane ola bilməz. Sumqayıt İnzibati Məhkəməsi də cavabdehin bu mövqeyi ilə razılaşıb. Məhkəmənin və cavabdehin bu yanaşması qanunsuzdur. Çünki cavabdehin imtina kimi qeyd etdiyi hal Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Qanunun 8.3-cü maddəsində nəzərdə tutulub. Həmin normaya əsasən, təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. Cavabdeh bilərəkdən bu normaya istinad etmir, çünki bu normaya istinad etməklə sənədləri geri qaytardıqda, növbəti müraciət zamanı başqa bir nöqsan göstərmək mümkün deyil. Lakin cavabdeh qanunun 11.3.1-ci maddəsinə istinad edərək sənədləri geri qaytarır ki, bu zaman cavabdeh növbəti müraciətlər zamanı da bu normaya istinad etmək imkanına malik olur. Ona görə də məhkəmə və cavabdehin yanaşması ilə razı deyil. Onların təqdim etdikləri sənədlər qanunvericiliyin tələbinə uyğun olub, Konstitusiya və qanunlara zidd deyil. Cavabdehin imtinası və birinci instansiya məhkəməsinin iddianı rədd edən qərarı İHAK-ın 11-ci maddəsinin hüquqauyğunluq və zərurilik tələbləri ilə ziddiyyət təşkil edir. Cavabdehin imtinası və birinci instansiya məhkəməsinin iddianı rədd edən qərarı bariz surətdə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” Qanunun 5.2-ci maddəsinin açıq-aşkar qeyriadekvat şərhinə əsaslanır (bax yuxarıda). Bundan əlavə, QHT-lərin qeydiyyatına dair praktika da nümayiş etdirir ki, bir çox hallarda çoxlu təsisçi olan ərizəçilər tərəfindən edilmiş müraciətlər qanuni təmsilçi tərəfindən verildiyi hallarda cavabdeh bu QHT-ni qeydiyyata alıb və ya belə qeydiyyat ərizəsindən başqa əsasla imtina edib. Bu baxımdan imtina cavabı cavabdehin mövcud sabit praktikası ilə ziddiyyət təşkil edir. Eləcə də cavabdehin imtinasının heç bir zərurəti yoxdur. Cavabdehin imtinası o halda müəyyən məna kəsb edə bilərdi ki, müraciət ərizəsində ərizəçilərin kollektiv iradəsini müəyyən etmək mümkün olmasın. Halbuki işin halları əsasında bəllidir ki, təsisçilər öz aralarından qanuni təmsilçi seçiblər və həmin qanuni təmsilçiyə müvafiq səlahiyyəti təsis sənədləri əsasında veriblər. Bu cür səlahiyyətləndirmə forması isə Mülki Məcəllənin hüquqi şəxslərin bağlaya biləcəyi əqdlərə dair tələblərinə müvafiqdir. İHAK-nın 11-ci maddəsinin 2-ci bəndinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, iğtişaşın və cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa, heç bir məhdudiyyət qoyula bilməz. Bu maddə silahlı qüvvələr, polis və ya inzibati dövlət orqanları üzvlərinin belə hüquqlarının həyata keçirilməsinə qanuni məhdudiyyətlər qoyulmasına mane olmur. Tərəflərin izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçılar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 44.1. Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Maddə 45.1. Hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Maddə 45.2. Əgər hüquqi şəxs bir neçə təsisçi tərəfindən yaradılırsa, təsisçilər müqavilə bağlayaraq hüquqi şəxsin nizamnaməsini, onun yaradılması üzrə birgə fəaliyyət qaydasını, özlərinin əmlakının ona verilməsi və onun fəaliyyətində iştirak edilməsi şərtlərini müəyyənləşdirirlər. Maddə 46. Hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Maddə 48.1. Hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Maddə 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi cavabdeh inzibati orqanın iddiaçıların müvafiq ictimai birliyin dövlət qeydiyyatına alınması ilə bağlı müraciətinə dair cavab məktubunun qanunsuz hesab edilməsi və həmin birliyin dövlət qeydiyyatına alınması ilə bağlı tələb təşkil edir. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar müvafiq ictimai birliyin dövlət qeydiyyatına alınmaıs ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqanın həmin müraciətə baxılmasına dair cavab məktubunun məzmunundan görünür ki, təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən müvafiq Qanunun 5.2-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən edilmiş, ərzə bütün təsisçilər tərəfindən imzalanmamış, bu baxımından sənədlər geri qaytarılmış, məsələyə nöqsan aradan qalxacağı təqdirdə baxılacağı qeyd edilmişdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan müvafiq normanının tələbinə əsasən ərizənin bütün təsisçilər tərəfindən imzalanmasının zəruri olduğunu qeyd etmiş, iddiaçı tərəf isə ərizənin qanuni təmsilçi vasitəsilə imzalanmasının mümkün olduğunu, bu halda bütün təsisçilər tərəfindən imzalanmasına zərurət olmadığını əsas gətirərək, cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, müvafiq Qanunun 5.2-ci maddəsinin dispozitiv şərtlərinə əsasən hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Yuxarıda istinad edilən mülki qanunvericilik normalarının tələbinə əsasən hüquqi şəxsin yaradılması onun qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı andan müəyyən edilir. Həmçinin, hüquqi şəxsin dövlət qeydiyyatına alınmasınadək əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı öhdəliklərə görə məsuliyyət daşıyır. Həmçinin, qanunvericilik normasının tələbinə əsasən qanuni təmsilçi hüquqi şəxsin nizamnaməsinə əsasən qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxsdir. İndiki halda iddiaçıların ərizəsinin mahiyyəti məhz hüquqi şəxsin yaradılması ilə bağlı olmaqla, həmin ərizə məhz təsisçilərin iradə ifadəsinin nəticəsi olaraq ortaya çıxır. Qanuni təmsilçi isə təsisçilərin səlahiyyətini təmsil edən şəxs qismində deyil, məhz qurumu təmsil etmək səlahiyyətinə malikdir. Başqa sözlə desək hüquqi şəxsin yaradılmasınadək onun yaradılması ilə bağlı öhdəliklərə görə məhz təsisçilər hüquqi məsuliyyət daşıdığından, habelə hüquqi şəxsin yaradılması ilə bağlı təsis sədədləri, o cümlədən dövlət qeydiyyatına alınması ilə bağlı ərizə və digər sənədlər məhz təssiçilər tərəfindən tərtib edilməli, onların iradə ifadəsini ehtiva etməlidir. Bu baxımından qeyd edilən qanunvericilik normasının dispoztiv şərtində hüquqi şəxsin dövlət qeydiyyatına alınması ilə bağlı ərizənin təsisçilər, qanuni təmsilçilər və ya onların vəkil etdiyi şəxslər tərəfindən təsdiq edilməsi ilə bağlı tələb qeyd edilmişdir. Qeyd edilən normanın məzmunu “təsisçilər və ya qanuni təmsilçi...” kimi ifadə edilməmiş, “təsisçi, qanuni təmsilçi...” kimi ifadə edilmişdir. Bu hal isə özlüyündə həmin ərizənin təsdiq edilməsi zamanı qanuni təmsilçinin təsisçini əvəz etmək kimi imkana malik olduğunu ehtiva etməmiş, təsisçilərin, qanuni təmsilçilərin imzalanması tələbi qeyd edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdeh inzibati orqanın müraciətə baxılmasına dair cavab məktubu imtina xarakterli olmamaqla, yol verilmiş çatışmazlığın aradan qaldırılması ilə bağlı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, indiki halda cavabdehin imtinası və ya hərəkətsizlik nümayiş etdirməsi halı hazırki tələb üzrə zəruri mükünlük şərti qismində çıxış etdiyindən, indiki halda isə həmin hallar müəyyən edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-482/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-834/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-834/2024
13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver