Məhkəmə qərarları › İş №2-1(105)-835/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-835/2024

31.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-835/2024 31.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi-hakim), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı "qərarın ləğv edilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(118)-2337/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli, **********887600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ilə kameral yoxlama nəticəsində X2 barəsində 2023-cü ilin may ayı üzrə 35.750,00 manat əlavə dəyər vergisi hesablanmışdır. İddiaçı X2 cavabdeh DVX-nin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə“ xx.xx.2023-cü il tarixli, **********887600 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2015-ci il tarixdən vergi ödəyicisi kimi, xx.xx.2022-ci il tarixdən isə əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınmışdır. Əsas fəaliyyəti boya, lak və buna bənzər örtüklərin, mətbəə boyalarının və mastikalarının istehsalıdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə iddiaçının ƏDV depozit hesabına səhvən 35750,0 manat vəsait köçürmüşdür. Belə ki, iddiaçı tərəfindən həmin şirkətə hər hansı bir mal, iş və xidmət təqdim edilməmişdir və qeyd edilən ƏDV məbləği üzrə əsas məbləğ bank hesabına daxil olmamışdır, onlar arasında heç bir vergi tutulan əməliyyat aparılmamışdır. Həmin şirkət tərəfindən iddiaçının ƏDV depozit hesabına səhvən 35750,0 manat vəsaitin köçürülməsi nəticəsində iddiaçının MMC-yə 35750,0 manat borcu yaranmışdır. SonradanMMC xx.xx.2023-cü il tarixdə iddiaçıya müraciət edərək ƏDV depozit hesabına səhvən köçürdüyü 35750,0 manat vəsaitin geri qaytarılmasını xahiş etmişdir. ƏDV depozit hesabına səhvən köçürülmüş məbləğ isə vergi orqanı tərəfindən gəlir vergisi üzrə dövlət büdcəsinə yaranmış borcuna silinmişdir. Məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya kameral uyğunsuzluq məktubu göndərilmiş və həmin idarənin “Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********887600 nömrəli qərar ilə iddiaçıya əlavə dəyər vergisi üzrə 35750,0 manat əlavə vergi məbləği hesablanmışdır. Mövcud vəziyyətdə iddiaçının həm dövlət büdcəsinə 35750,0 manat vergi borcu yaranmış, həm də bank hesabı və ƏDV depozit hesabı bağlı olduğundan "xxxx" MMC-nin səhvən köçürdüyü ƏDV-ni geri qaytara bilmədiyindən həmin müəssisəyə borcu yaranmışdır. Eyni zamanda, mal təqdim etdiyi digər sahibkarların da iddiaçıya yaranmış borc məbləği bank sərəncamlarına görə ödənilmədiyindən sahibkarlıq fəaliyyəti tamamilə iflic olmuşdur. Qeyd edilən hesablama tamamilə qanunsuz və əsassızdır. Belə ki, hər hansı mal (iş, xidmət) təqdim etmədiyi halda vergi orqanı tərəfindən qanunsuz olaraq ƏDV hesablanmışdır. Bununla bağlı xx.xx.2023-cü il tarixində Dövlət Vergi Xidmətinə **********686600 saylı inzibati şikayət ünvanlamış, lakin inzibati şikayəti təmin edilməmişdir. Şikayətinin təmin edilməməsinin əsası kimi qeyd olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə fərdi sahibkarın ƏDV-nin subuçot hesabına "xxxx" MMC tərəfindən daxil olan 35.750,0 manat ƏDV məbləğinin elə həmin tarixdə iddiaçı tərəfindən şəxsi hesab vərəqəsində yaranmış gəlir vergisi bəyannaməsi üzrə borc öhdəliklərinin yerinə yetirilməsi məqsədilə könüllü olaraq dövlət büdcəsinə ödənildiyi müəyyən edilmişdir. Bu da nəticədə vergi ödəyicisinin şəxsi hesab vərəqəsində mövcud olan fiziki şəxsin gəlir vergisi üzrə yaranmış öhdəlikdən yayınma sxeminin yaradılması məqsədi daşıdığını ifadə edir. Hesab edir ki, bu qərar da qanunsuz və əsassızdır. Belə ki, ƏDV depozit hesabına səhvən vəsaitin köçürülməsində iddiaçının iradə ifadəsi olmamışdır, dolayısı ilə bu əməliyyat üzrə hər hansı bir vergi üstünlüyü əldə etmək məqsədi olmamışdır. Belə ki, Vergi Məcəlləsində vergidən yayınma sxeminə verilən anlayışdan da göründüyü kimi vergidən yayınma sxemi məqsədi ilə aparılan əməliyyat vergi üstünlüyü əldə etmək məqsədi ilə həyata keçirilməlidir. Bu halda onun vergi üstünlüyü əldə etmək məqsədi olmamışdır. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, vergi ödəyicisinin 2023-cü ilin may ayında ƏDV depozit hesabına 51050 manat mədaxil olmasına baxmayaraq, o, əlavə dəyər vergisini boş təqdim etdiyi üçün uyğunsuzluq yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli, **********562000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin, vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayına 51050,0 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********666100 nömrəli Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü ildə yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edərək hesablanmış vergi məbləğini azaldılmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixdə **********637600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmişdir. Lakin vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba əsaslı izahat vermədiyi və dəqiqləşdirilmiş hesabat təqdim etmədiyi üçün kameral vergi yoxlaması ilə 2023-cü ilin may ayına 51050,0 manat ƏDV hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü il tarixli **********887600 nömrəli Qərarı göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(118)-2337/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, cavabdehin xx.xx.2023-cü il tarixli, **********887600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı ləğv edilmişdir (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 166-cı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” nın tələbləri pozulmaqla qəbul edilmişdir. Belə ki, iddiaçının hər hansı mal (iş, xidmət) təqdim etmədiyi halda vergi orqanı tərəfindən ona qanunsuz olaraq ƏDV hesablanmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənədlər öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. İşə baxan məhkəmə sözügedən maddi hüququ normalarını işin faktiki hallarına uyğun olaraq mübahisə üzrə tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə yanlış qənaətə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1909/2024 saylı qərarında qeyd edilmişdir ki, göründüyü kimi, qanunvericilikdə xx.xx.2024-cü il tarixdən qüvvəyə minən dəyişiklik edilənədək, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri ödənilmədiyi halda, yalnız ƏDV məbləğinin ödənilməsini, vergi ödəyici üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmasına dair norma nəzərdə tutmamışdır. Odur ki, iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etməklə cavabdeh haqlı olmamışdır. Eyni zamanda, iş üzrə tərəflərindən müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə də birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Ərizə birinci instansiya məhkəməsi tərəfindən təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi və şikayətə etirazla eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və iddiaçının mühasibi eyni şəxs olduğundan MMC-yə məxsus vəsait 35750,0 manat səhvən iddiaçının ƏDV depozit hesabına köçürülmüşdür. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 58. Vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyaları (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyası) ... 58.6. bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 94. Sübut etmək vəzifəsi 94.0. Verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. ... Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. ... Maddə 159. Vergitutma obyekti 159.1. Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. ... Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyası) 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə aşağıdakı vaxtda aparılmış sayılır: 166.1.1. bu Məcəllənin 16.1.8-ci maddəsində göstərilən, nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt; 166.1.2. qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt; 166.1.3. malların (işlərin, xidmətlərin) təqdim edilməsi üzrə yaranan debitor borclar üzrə – iddia müddətinin bitdiyi vaxt; 166.1.4. natura şəklində aparıldıqda, habelə barter edildikdə – aktivlərin əldə edildiyi (barter edildiyi) vaxt; 166.1.5. əvəzsiz təqdim edildiyi hallarda təqdimetmənin həyata keçirildiyi vaxt; 166.1.6. tələb hüququ güzəşt edildikdə – güzəşt edilən məbləğ üzrə tələb hüququnun güzəşt edildiyi vaxt. ... 166.7. Bu maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulur. ... Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV (mübahisələndirilən qərarın qəbul edildiyi vaxt qüvvədə olan redaksiyası) 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaiməfaktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi” Qaydaları: 1.4. Malları (işləri, xidmətləri) alan şəxs (bundan sonra – alıcı) tərəfindən elektron qaimə-fakturalarda göstərilən malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin (bundan sonra – satıcı) bank və digər ödəniş hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. ... 2.2. Alınmış mallara (işlərə, xidmətlərə) görə təqdim edilmiş elektron qaiməfakturaları üzrə ödənilməli olan ƏDV-nin məbləği vergi ödəyicisi, o cümlədən ƏDV məqsədləri üçün qeydiyyatda olmayan büdcə təşkilatları, dövlət müəssisələri, səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən ƏDV-nin depozit hesabına ödəniş sərəncamları əsasında köçürülür. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddı 47. Sübutların qiymətləndirilməsi Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, hazırkı işdə iddiaçının hüquqi marağı vergi orqanı tərəfindən onun barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” nömrəli qərarının ləğvinə yönəlmişdir. Bu qərarla iddiaçı barəsində 2023-cü ilin may üzrə 35.750,00 manat əlavə dəyər vergisi hesablanmış və verginin hesablanmasına əsas ƏDV depozit hesabına vəsait ödənildiyi halda, iddiaçının həmin əməliyyat üzrə ƏDV vergisini bəyan etməməsidir. İddiaçı dəlillərində onun barəsində həmin verginin hesablanmasının əsassızlığını "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iddiaçının mühasibi eyni şəxs olduğundan MMCnin depozit hesabı əvəzinə, xx.xx.2023-cü il tarixdə iddiaçının ƏDV depozit hesabına səhvən 35750,0 manat vəsait köçürüldüyü ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən müvafiq qərarla iddiaçı barəsində vergilərin hesablanması zamanı Vergi Məcəlləsinin 166-cı maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları” nın tələblərinin pozulduğunu bildirərək iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırkı iş üzrə iddiaçının ƏDV depozit hesabına vəsaitin səhvən köçürülməsindən asılı olmayaraq, hər bir halda ƏDV-nin əsas məbləği ödənilmədiyindən onun barəsində vergi hesablana bilməzdi. Belə ki, Vergi Məcəlləsinin 159-cu maddəsi ƏDV üzrə vergitutma obyektini, 166-cı maddəsi ƏDV üzrə vergi tutulan əməliyyatların aparıldığı vaxtı, 175-ci maddəsi isə ƏDV əvəzləşdirilməsini, ƏDV üzrə hesabat dövrünü tənzimləyir. Yuxarıda istinad edilən həmin normaların əlaqəli təhlilindən görünür ki, vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlər) dəyəri ödənilən gündən gec olmayaraq ƏDV-nin məbləği ödənilməlidir. Vergi ödəyicisinə malların (iş və xidmətlər) dəyəri ödənilən 1 iş günü müddətində ƏDV məbləğinin ödənilməsinə görə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Malların dəyəri ödənilmədən ƏDV məbləği ödənildiyi halda əvəzləşdirməyə yol verilmir. Beləliklə, əsas məbləğlə ƏDV məbləğinin ayrı-ayrı dövrlərdə ödənilməsi mümkündür. ƏDV məbləğinin əsas məbləğlə eyni vaxtda (gec olmadan) ödənilməsi vergi ödəyicisini maliyyə sanksiyasından azad edir, lakin qanunvericilik əsas məbləğ ödənilmədən ƏDV-nin ödənilməsinə hər hansı məhdudiyyət də qoymur. ƏDV məbləğinin əsas məbləğdən əvvəl ödənilməsi vergi ödəyicisinə yalnız əvəzləşdirməyə imkan vermir. Qeyd edilməlidir ki, ƏDV bəyannaməsi aylıqdır. Yəni, təqvim ayında olan əməliyyatları vergi ödəyicisi ƏDV hesabatında bəyan etməlidir. Büdcə qarşısında yaranan ƏDV vergisi isə daxil olan əsas məbləğ əsasında formalaşır. Belə ki, Vergi Məcəlləsinin 01 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş yuxarıda qeyd edilən 166.1-ci maddəsinə əsasən, ƏDV tutulan əməliyyatın vaxtı, təqdim olunmuş mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Ödəmə dedikdə isə təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin, yəni əsas məbləğin ödənilməsi vaxtıdır. Başqa sözlə, 01 yanvar 2020-ci il tarixdən təqdim olunmuş mallara (işlər və xidmətlər) görə ƏDV-nin hesablanması həmin malların (işlər və xidmətlər) ƏDV-siz dəyərinin ödənildiyi hesabat ayında həyata keçirilir. Hazırkı işin tərəflər arasında mübahisələndirilməyən hallarından isə müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdən etibarən əsas məbləğ ödənilmədən, yalnız ƏDV məbləği iddiaçının ƏDV depozit hesabına ödənilmişdir. Əsas məbləğ ödənilmədiyindən, iddiaçı təqvim ayında ƏDV vergisi bəyan etməmişdir. Qeyd olunan normaları hazırkı işə tətbiq edən məhkəmə kollegiyası hesab edir ki, əsas məbləğin ödənilməməsi yuxarıda da qeyd edildiyi kimi, vergi ödəyicisi üçün ƏDV-ni bəyan etmək vəzifəsi yaratmadığı kimi, vergi orqanına hazırkı halda həmin əməliyyatın baş verdiyi dövr üzrə vergi hesablamağa da əsas vermir. Həmçinin, qeyd edilməlidir ki, VM-nin 166.7-ci maddəsinə 05 dekabr 2023-cü il tarixli, 1033 nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olan redaksiyasına əsasən, 166-cı maddənin məqsədləri üçün ödəmə dedikdə, təqdim edilmiş malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin ödənilməsi nəzərdə tutulurdu. Həmin maddənin xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş redaksiyasında isə ödəmə dedikdə, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyərinin və ya ƏDV məbləğinin ödənilməsi nəzərdə tutulur. Göründüyü kimi, qanunvericilikdə xx.xx.2024-cü il tarixdən qüvvəyə minən dəyişiklik edilənədək, malların (işlərin, xidmətlərin) ƏDV-siz dəyəri ödənilmədiyi halda, yalnız ƏDV məbləğinin ödənilməsini, vergi ödəyicisi üçün ƏDV məbləğini bəyan etmək öhdəliyi yaratmasına dair norma nəzərdə tutmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji mübahisə üzrə 2-1(102)-1909/2024 nömrəli qərarında da eyni mövqe ifadə olunmuşdur. Qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, cavabdeh iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etməklə haqlı olmamış, mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(118)-2337/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar