Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-837/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2553/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı məxsus AO seriyalı, ******* nömrəli hərbi biletin qeydlərinə əsasən o, xx.xx.2005-ci il tarixdən xx.xx.2007-ci il tarixədək Azərbaycan Respublikası Silahı Qüvvələrində hərbi xidmət etmiş, Azərbaycan Respublikası MN-nin N nömrəli hərbi hissə komandirinin xx.xx.2007-ci il tarixli, 134 nömrəli əmrinə əsasən AR Silahı Qüvvələrindən ehtiyata buraxılmışdır. İddiaçı 23 may 2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan "Vətən Müharibəsi" dövründə cəbhədə iştirak etməyi nəzərə alınaraq, ona müharibə veteranı adının verilməsini xahiş etmişdir. İnzibati orqan 05 sentyabr 2023-cü il tarixli, 2/2-8005 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarının tələblərini əsas tutaraq, döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və müəssisələrdə xidmət etmədiyinə, işləmədiyinə, habelə, həmin hərbi hissə və bölmələrə ezam olunmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərin AR Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən müharibəsi” dövründə cəbhədə iştirak etməyi nəzərə alınaraq, ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı erməni işğalçıları tərəfindən işğal edilmiş torpaqların azad edilməsi ilə əlaqədar 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Ordusu tərəfindən əks-hücum əməliyyatları başlandıqdan sonra həmin döyüşlərdə iştirak etmək üçün müxtəlif dövlət orqanlarına müraciət etsə də, yaşının çox olduğu nəzərə alınmaqla, onun döyüş əməliyyatlarında iştirak etməsinə şərait yaradılmamış, zəruri olduqda çağırılacağı barədə məlumat verilmişdir. Onun döyüş əməliyyatlarında iştirak etməsi mümkün olmasa da, orduya mülki şəxs qismində kömək etmək məqsədilə dostu X1 ilə birlikdə onun mülkiyyətində olan “Kamaz 6520 yük” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə döyüş gedən əraziyə getmiş və həmin vaxtdan xx.xx.2020-ci il tarixədək Beyləqan rayonunda yerləşən “037” nömrəli hərbi briqadanın tərkibində Cəbrayıl və Qubadlı rayonu ərazisində sürücü qismində hərbi əməliyyatların aparılması ilə əlaqədar olaraq hərbi yüklərin və sursatların daşınmasında, həmçinin, digər işlərin görülməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə orada olarkən maşının alışması nəticəsində əli və bədəninin müxtəlif nahiyələri yanmışdır. Bununla bağlı o, Sanqaçalda yerləşən hospitala gətirilmiş, lakin, sonra özü oradan çıxıb özəl müalicə müəssisənə getmişdir. Həmin müddətdə və qeyd olunan ərazilərdə iddiaçının “037” nömrəli hərbi briqadanın tərkibində sürücü qismində iştirak etməsi və orduya köməklik etməsini orada olan şəxslər (döyüşçülər, mülki şəxslər və s.) təsdiq edirlər. Göründüyü kimi, iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsi dövründə cəbhədə iştirak etməyi öz təsdiqini tapır. Qeyd edir ki, həmin tarixdə könüllü olaraq cəbhədə iştirak etdiyinə görə onun adı rəsmi olaraq qeydiyyata alınmamışdır. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, müraciəti təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi hazırkı işdə cavabdeh kimi göstərilə bilməz. İddiaçı ilə cavabdeh arasında hər hansı rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. Bakı İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(112)-15255/2023 nömrəli qərardadı ilə iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2553/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı sübuta yetirilməlidir. Hazırkı halda, iddiaçı iddia tələbinin əsası kimi aparılmış hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini əsas gətirərək, belə bir iddia tələbini irəli sürsə də, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddia tələbi qanunvericiliyin qeyd olunan dispozitiv şərtləri ilə uzlaşmır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqan imtina cavabı verməkdə haqlı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N gün ərzində hərbi hissədə deyil, “037” nömrəli hərbi briqadanın tərkibində döyüş əməliyyatlarında sürücü kimi iştirak etmişdir. Hərbi biletində bu barədə qeydiyyat aparılmamışdır. - Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. (-) Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qayd işiaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamə:
1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (-)
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin doqquzuncu-on birinci abzaslarında göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir,(-) (-)
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 3. Hərbi qulluqçu statusunun əldə edilməsi və itirilməsi Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 18. Səfərbərlikdən tərxisetmə 18.1. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə həyata keçirilir. (-)
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixli, 275 nömrəli Fərmanı: 2.1. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun ............ 18.1-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi (-) 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtinası təşkil edir. Belə ki, işə baxan məhkəmə iddiaçının döyüş əməliyyatlarında iştirakının və ehtiyata buraxılmasının qanunvericiliyin tələblərinə müvafiq qaydada təsdiq olunmaması əsası ilə iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin yuxarıda qeyd edilən 1-ci bəndinin 10-cu abzasının təhlilindən müəyyən edilir ki, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək olan müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş aşağıdakı şəxslərə “müharibə veteranı” adı və vəsiqəsi verilir: Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində: 1) Hərbi hissə və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş hərbi qulluqçulara; 2) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara; 3) Döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi hissə və ya orqanların mülki işçilərinə; 4) Döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə. Qeyd olunan şəxslər dairəsini bir qədər də konkretləşdirərək kollegiya qeyd edir ki, həmin siyahıya 3 kateqoriyadan olan şəxslər – 1) hərbi qulluqçular, 2) hərbi hissə və ya orqanların mülki işçiləri, 3) həmin ərazilərə ezam olunmuş şəxslər aiddir. Hansı ki, həmin şəxslərin də döyüş əməliyyatlarında iştirakı müvafiq sənədlər hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiq edilməlidir. Hazırda iddiaçı tələbinin əsası kimi onun könüllü olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə “037” nömrəli hərbi briqadanın tərkibində Cəbrayıl və Qubadlı rayonu ərazisində sürücü kimi hərbi yüklərin və sursatların daşınmasında və digər işlərin görülməsində iştirak etdiyini, iştirakı zamanı yanıq xəsarətləri aldığını qeyd edir və bu halların ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün əsas olduğunu iddia edir. Nəzərə almaq lazımdır ki, iddiaçının döyüş əməliyyatlarında iştirakı qanunvericilikdə təsbit edilmiş yuxarıda sadalanan sənədlərlə təsdiqlənməlidir. İşdən görünür ki, iddiaçı onun Vətən müharibəsində iştirakı barədə arayışın verilməsi barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə ərizə ilə müraciət etmiş, həmin orqan iddiaçının müraciətindən imtina edərək xx.xx.2023-cü il tarixli, 3-431/2-474/2023 nömrəli məktubunda bildirmişdir ki, müraciətlə əlaqədar N nömrəli hərbi hissəyə sorğu göndərilmiş, lakin, həmin hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında İddiaçı Vətən müharibəsində iştirak etməsi barədə heç bir məlumat qeyd olunmamışdır. Cavabdeh inzibati orqanın da imtinasının və etirazının dəlilləri analoji məzmundadır. İşin qeyd edilən hallarını da iddiaçı özü də etiraf edir. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərində və məhkəmə iclasında izahatında 2020-ci ilin oktyabr ayında döyüş əməliyyatlarına könüllü olaraq yollandığını, hərbi hissənin tərkibində deyil, “037” nömrəli hərbi briqadanın tərkibində xidməti barədə heç bir qeydiyyat aparılmadığını bildirmişdir. Qeyd edilməlidir ki, qanunvericilikdə təsbit edilmiş təminat növləri, o cümlədən, maddi-texniki təminat növləri adından da göründüyü kimi, özündə rəhbər şəxslər və ya hərbi hissə komandiri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsini ehtiva edir. Hansı ki, iddiaçı tərəfindən yuxarıda sadalanan işlər, heç bir tapşırıq əsasında deyil, könüllü olaraq iddiaçının özü tərəfindən vətənpərvərlik hissləri ilə yerinə yetirilmişdir. Ona görə də, iddiaçı tərəfindən döyüş əməliyyatları aparılan dövrdə göstərilən xidmətlər “döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqlar” kimi qəbul edilə bilməz. Digər tərəfdən, kollegiya qeyd edir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020ci il tarixədək olan dövr ərzində, adıçəkilən ərazilərdə döyüş əməliyyatlarının müvafiq təminat növləri üzrə tapşırıqları “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün yalnız: 1) Hərbi qulluqçular; 2) Hərbi hissə və ya orqanların mülki işçiləri; 3) Döyüş əməliyyatları gedən ərazilərə ezam olunmuş şəxslər yerinə yetirə bilər. Hazırkı işin tərəflər arasında mübahisələndirilməyən hallarından isə müəyyən edilir ki, iddiaçı 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək olan dövr ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırılmamış, döyüş əməliyyatlarında hərbi qulluqçu kimi iştirak etməmiş, o cümlədən, döyüş əməliyyatlarının heç bir təminat növü üzrə tapşırıqları icra etməmiş, yalnız döyüş əməliyyatları gedən ərazilərdə xalqın nümayəndəsi kimi könüllü olaraq hərbi yüklərin və sursatların daşınmasında fəallıq göstərmişdir. Digər iki kateqoriyadan olan şəxslər isə hərbi hissə və ya orqanların mülki işçiləri və ya döyüş əməliyyatları gedən ərazilərə ezam olunmuş şəxslərdir hansı ki, iddiaçının həmin şəxslərə aid olmaması da işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq, hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün qanunvericilikdə təsbit edilmiş əsaslar müəyyən edilmədiyindən, iddianı rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2553/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.