Məhkəmə qərarları › İş №2-1(105)-837/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-837/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-837/2025 04.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızının və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-cü il tarixli, 2-1(118)-132/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmağı ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14844/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərardadı ilə inzibati işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında 11 iyul 2017-ci il tarixli, 0223gm saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə birinci instansiya məhkəməsinin 20 iyun 2025-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2010-cu ilin oktyabr ayında Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində gizirlik kursuna başlamış, kursu bitirdikdən sonra Azərbaycan Ordusunda xidmət etmişdir. 2017-ci ilin may ayına qədər xidmətdə olmuş, qeyd edilən tarixdə hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində tamamilə əsassız və qanunsuz olaraq saxlanmış, sorğu-suala və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsində 2017-ci ilin iyul ayında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçıya qarşı edilmiş bu qanunsuzluğa baxmayaraq, 2020-ci il 24 oktyabr tarixdə səfərbərliklə hərbi xidmətə yollanmış və Vətən Müharibəsində iştirak etmişdir. Nəticədə 5 noyabr 2020-ci il - 10 noyabr 2020-ci il tarixlərdə Laçın rayonun azadlığı uğrunda döyüşlərdə iştirak edərək, həmin rayonun işğaldan azad edilməsi üçün hərbi xidmət fəaliyyəti göstərmişdir. Nəticədə Vətən müharibəsində iştirakla bağlı müvafiq medallarla təltif olunmuşdur. Həmin dövrdə, yəni 2017-ci ilin may-iyul aylarında xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağında razı olmasa da, 2017-ci ilin may-iyun aylarında, o cümlədən sonrakı tarixlərdə elə bir vəziyyət yaranmışdır ki, harasa müraciət edib haqqı tələb etmək imkanı sadəcə mövcud deyildi. Qanunsuz olaraq saxlanılmış, sonradan sərbəst buraxılan zaman yüzlərlə ağır işgəncəyə məruz qalmış digər hərbi qulluqçular kimi iddiaçıya şikayət etməməyi üçün hədə-qorxu gəlinmiş, yazılı şəkildə iltizama imza atmaqla xəbərdarlıq olunmuşdur. Bundan başqa, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı məsələni məhkəmə qaydasında mübahisələndirməzdən öncə 2017-ci ilin may-iyun aylarında çoxsaylı hərbi qulluqçulara, o cümlədən iddiaçıya qarşı törədilmiş cinayət əməllərinin araşdırılması, təqsirkar və zərərçəkmiş şəxslərin müəyyən edilməsi lazım idi. Nəhayət həm iddiaçının, həm də digər zərərçəkmiş şəxslərin çoxsaylı müraciətlərindən sonra 17 dekabr 2021-ci il tarixdə qeyd edilən cinayət əməllərinin yenidən araşdırılmasına başlanılmış, bu məqsədlə Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşər Nazirliyinin müstəntiqlərindən ibarət birgə İstintaq Qrupu yaradılmışdır. İstintaq Qrupu yaradıldıqdan sonra iddiaçı da ifadə vermiş, ona məlum olan hallar, üzləşdiyi qanunsuzluqlar, eləcə də əsassız olaraq hərbi xidmətdən kənarlaşdırılmağı ilə bağlı məlumat vermişdir. Nəticədə Baş Prokurorluğun İstintaq İdarəsinin 7 mart 2022-ci il tarixli qərarı ilə qanunsuz saxlanıldığı və ağlasığmaz işgəncələrə məruz qaldığı üçün zərərçəkmiş şəxs qismində tanınmışdır. Bu qərar iddiaçıya Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən 2022-ci ilin iyul ayında təqdim olunmuşdur. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassız hesab etdiyi üçün zərərçəkmiş şəxs qismində tanınma qərarını aldıqdan dərhal sonra iddiaçı cavabdehə 2022-ci ilin iyul ayında ərizə ilə müraciət edərək, 11 iyul 2017-ci il tarixli əmrin ləğv edilməsini və işə bərpa edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh iddiaçının xidməti uyğunsuzluqla ehtiyata buraxılmağının səbəbini göstərə bilməmişdir. 2017-ci ilin iyul ayında da bu əmr iddiaçıya elan edilməmiş, onun mahiyyəti indiyə qədər aydın deyildir. Əmrin sadəcə sorğu-suala cəlb edilməyilə bağlı olduğunu bildirib, ehtiyata buraxmışdılar. Xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmri qanunsuz və əsassızdır. İddiaçı həm qanunsuz saxlanılıb ağır işgəncələrə məruz qaldığına görə, həm də əsassız və qanunsuz olaraq ehtiyata buraxıldığına görə mənəvi iztirab və sarsıntı keçirmiş, şərəf və ləyaqəti ləkələnmişdir. 2017-ci ilin may-iyun ayları ərzində qanunsuz saxlanılmış qeyri-insani rəftara və ağır işgəncələrə məruz qalmış digər hərbi qulluqçular kimi iddiaçı da “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. 2017-ci ildə əsassız olaraq xidmətə uyğunsuzluğa görə ehtiyata buraxılmağı, işgəncələrə məruz qalmağı iddiaçının iş fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmış, səhhətində ciddi problemlər yaranmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur. Belə ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli müvafiq əmri ilə iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Lakin iddiaçı inzibati orqanın 11 iyul 2017-ci il tarixli əmrini 5 il sonra mübahisələndirmişdir. Bununla da iddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 21 oktyabr 2022-ci il tarixli, 1/S-9548 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikasının müdafiə nazirinə və Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisinə ünvanladığı ərizələrə (yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə) Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində baxılmışdır. Məlumat üçün təkrar olaraq bildirilmişdir ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Əlavə olaraq bildirilmişdir ki, ərizə komanda üzrə məruzə edilmiş və yenidən həqiqi hərbi xidmətə qəbul olunmağı barədə yuxarı komandanlıq tərəfindən müsbət qərar qəbul edilməmişdir. Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli, 0223gm nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini, gizir İddiaçı “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini, gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün N nömrəli hərbi hissənin komandirinin “Təqdimat”ın əsaslandırılması hissəsindən qeyd edilir ki, “Gizir İddiaçı 19 noyabr 2014-cü il tarixdən N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandirinin müavini vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində xidmətə münasibəti və məsuliyyəti, vəzifəsini tutduğu vəzifə həcmində vicdanla yerinə yetirməsi və təşəbbüskarlığı qənaətbəxş olmayıb. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, tutduğu vəzifəsini layiqincə yerinə yetirmir. Təşəbbüskardırlığı zəifdir. Şəxsi nizam-intizamı və dürüstlüyü aşağı səviyyədədir. İradəsi, dözümlülük və etibarlıq səviyyəsi qənaətbəxş deyil, vəzifəsini tam yerinə yetirməməsi bir gizir kimi məsuliyyətinin dərk etməməsindən irəli gəlir. Nizamnamə qaydalarını bilir, lakin gündəlik iş prinsipini onların tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Qanunları və rəhbəredici sənədlərin tələblərini bilir. Tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilmir. Gizir İddiaçı komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirmir. Bir gizir kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində mütəmadi olaraq çalışmır. Yuxarıda göstərilənləri nəzərə alaraq gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm”. 27 aprel 2017-ci il tarixli 1-ci “Söhbət vərəqəsi”ndən görünür ki, İddiaçı yazılı izahat verərək, xidmət etmək istədiyini bildirmişdir. 27 iyun 2017-ci il tarixli 2-ci “Söhbət vərəqəsi”ndən görünür ki, İddiaçı yazılı izahat verərək, xidmətin davam etdirilməsini xahiş etmişdir. 27 iyun 2017-ci il tarixli İddiaçı dair N nömrəli hərbi hissənin 1812-ci taborunun komandiri tərəfindən tərtib edilmiş “Xidməti xasiyyətnamə”də qeyd edilir ki: “X4 N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində ona həvalə edilmiş vəzifələri və verilən tapşırıqları vaxtında və dəqiq yerinə yetirə bilməmişdir. Xidmət etdiyi müddət ərzində özünü nizam-intizamsız, bacarıqsız bir gizir kimi göstərir. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, vəzifəsini layiqincə yerinə yetirilməsi üçün əlindən gələni etmir. Təşəbbüskar deyil. Kollektivdə və yoldaşları arasında hörmətə malik deyil. İradəsizdir. Nizamnamə qaydalarını bilir, lakin gündəlik iş prinsipini onun tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Komandır və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlıvaxtında və dəqiqliklə yerinə yetirmir. Bir gizir kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır. Öz üzərində qətiyyən çalışmır. Ona bildirilən iradlardan nəticə cixarmamışdır. Hərbi geyim formasına diqqət göstərmir və səliqə səhmanına daimi olaraq riayət etməyə çalışmır”. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-cü il tarixli, 2-1(118)-132/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında 11 iyul 2017-ci il tarixli, 0223gm saylı əmri İddiaçı aid olan hissədə ləğv edilməsi, İddiaçı işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının ehtiyata buraxılmasına dair təqdimatdan və sənədlərdən görünür ki, iddiaçı 19 noyabr 2014-cü il tarixdən N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandirinin müavini vəzifəsində xidmət etdiyi müddət ərzində xidmətə münasibəti və məsuliyyəti, vəzifəsini tutduğu vəzifə həcmində vicdanla yerinə yetirməsi və təşəbbüskarlığı qənaətbəxş olmadığı, xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş olmadığı, tutduğu vəzifəsini layiqincə yerinə yetirmədiyi, şəxsi nizam-intizamı və dürüstlüyü aşağı səviyyədə olduğu, iradəsi, dözümlülük və etibarılıq səviyyəsi qənaətbəxş olmadığı, vəzifəsini tam yerinə yetirməməsi bir gizir kimi məsuliyyətinin dərk etməməsindən irəli gəldiyi, Nizamnamə qaydalarını bilməsinə baxmayaraq, lakin gündəlik iş prinsipini onların tələblərinə uyğun həcmdə qurmağı bacarmadığı, qanunları və rəhbəredici sənədlərin tələblərini bilməsinə baxmayaraq, tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilmədiyi, gizir İddiaçı komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirmədiyi, bir gizir kimi öz xidməti vəzifəsini məsuliyyətini dərk etmədiyi, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmadığı və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində mütəmadi olaraq çalışmadığı üçün N nömrəli hərbi hissənin komandiri tərəfindən iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddiaçının göstərilən əsasla ehtiyata buraxılması barədə təqdimat verilmiş, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini, gizir İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılaraq qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon şöbəsinin sərəncamına göndərilmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması səbəbi onun hər hansı bir məsuliyyətə cəlb olunması deyil onun nizam-intizamsız bir hərbi qulluqçu olması olmuşdur. Azərbaycan Respublikası Silahlı X1 qeyd olunur ki, möhkəm hərbi intizam yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmağın əsas şərtidir. Müasir dövrdə hərbi intizamın rolu əvəz edilməzdir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi intizam hərbi qulluqçuların yüksək şüurluğuna və vətənpərvərlik borclarını dərindən dərk etmələrinə, xalqımızın beynəlmiləlçilik ənənələrinə sadiq olmalarına və Vətənə sonsuz məhəbbət bəsləmələrinə əsaslanır. Lakin bunlar öz hərbi borcuna etinasız yanaşan hərbi qulluqçulara məcburiyyət tədbirlərinin tətbiqini istisna etmir. Bütün komandirlər (rəislər) bu Nizamnamənin tələblərini rəhbər tutaraq, hissə və bölmələrdə hərbi intizamın daim yüksək səviyyədə saxlanmasını təmin etməyə borcludurlar. Hərbi intizam bütün hərbi qulluqçuların Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrində müəyyən olunmuş qaydalara ciddi riayət etməsi deməkdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hesab edir ki, qeyd olunan iddianın təmin edilməsinə dair məhkəmənin qərarı və buraxılmış prosessual müddət bərpa edilməsinə dair qərardadı əsassızdır və ləğv olunmalıdır. Hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. Göründüyü kimi qeyd edilən hallarla bağlı Müdafiə Nazirliyi qərar qəbul edərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda deyil, yuxarıda qeyd edilən xüsusi qanunlarda nəzərdə tutulmuş qaydaları rəhbər tutur və həmin qaydaları tətbiq edir. Məhz buna görə də, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması zamanı “İnzibati icraat haqqında" Qanunun tələblərinin pozulmasına dair məhkəmənin mövqeyi ilə razılaşmırlar. Çünki, hərbi qulluqçu həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrlərin verilməsi zamanı inzibati aktda məhkəmənin göstərdiyi qaydaların gözlənilməsi ‘Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə nəzərdə tutulmamışdır. İnzibati aktı qəbul edən Müdafiə Nazirliyi “İnzibati icraat haqqında” Qanunun normasına istinad etmədiyindən əmrin verilməsində həmin qanunun tələblərinə əməl edilməməsi də istinad etmək düzgün deyildir. Məhkəmə öz qərarında hesab edib ki, iddiaçıya qarşı tətbiq edilmiş cəza tədbiri çox sərt olmaqla yanaşı, həm də əsassızdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması cəza deyil. Hərbi qulluqçu ilə xidməti münasibətlərinə bir tərəfli qaydada son qoymasıdır. İddiaçı barəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (Mərkəzi İcra Hakimiyyəti) qərar qəbul edərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. İşin hallarından müəyyən olunur ki, mübahisə predmeti Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli 0223gm nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. Həmin mübahisələndirilən inzibati akt- Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0223gm nömrəli əmridir. Əmr isə 11 iyul 2017-ci il tarixlidir. İddiaçı isə sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə deyil 5 il sonra mübahisələndirmişdir. Göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürməklə məhkəmədə iddia qaldırmışdır. Beləliklə, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın müddətinə dair mümkünlük şərti ödənilmədiyindən iddia mümkün sayılmamalıdır. Sumqayıt inzibati Məhkəməsinin 2-1(118)-132/2025 nömrəli 15 aprel 2025-ci tarixli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Lakin, inzibati işə baxan birinci instansiya məhkəməsi tərəfindən işin yuxarda qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi qulluqçuların statusu” haqqında Qanun Maddə 26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti

2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir.

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə:

155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir. Bu zaman buraxılmaq üçün bir neçə əsası olan müsbət attestasiya edilmiş hərbi qulluqçular buraxıldıqdan sonra ən yüksək hüquqlar və güzəştlər verən əsasla, yaşlarına və səhhətlərinə görə buraxılmaq hüququ olanlar isə onların arzusu nəzərə alınaraq bu səbəblərdən birinə əsasən buraxılmağa təqdim edilirlər.

156. Hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

162. Hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. ... İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır.

Azərbaycan Respublikası Silahlı X3:

43. Hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Komandir (rəis) öz səlahiyyəti çatan və nalayiq hərəkət etmiş hərbi qulluqçuya onun fikrincə daha çox tərbiyəvi təsir göstərə bilən hər hansı cəzanı verə bilər. ...

Zabitlərin, gizirlərin, miçmanların və müddətindən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsində baxılmağa verilmək, həm də intizam cəzası vermək qadağandır. Gizirlərə və miçmanlara verilən intizam cəzaları

61. Gizirlərə və miçmanlara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; ... ğ) vəzifələrinə tam uyğun olmamaları barədə xəbərdarlıq; d) aşağı vəzifəyə keçirmə; e) gizir və miçmanların hərbi rütbələrini bir pillə aşağı salma (kiçik gizir və kiçik miçmanlardan başqa) ə) xidmət vaxtı başa çatmamış ehtiyata buraxma; z) gizir və miçmanları hərbi rütbələrindən məhrum edib, həqiqi hərbi xidmət vaxtı başa çatanadək müddətli xidmət hərbi qulluqçuları sırasına keçirmə; i) sülh dövründə gizir və miçman hərbi rütbələrindən məhrum edib, ehtiyata buraxma intizam cəzaları verilə bilər. ... İntizam cəzalarının verilmə qaydası

85. Hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır.

88. Eyni bir nalayiq hərəkət üçün bir neçə cəza vermək, cəzaları birləşdirmək, bilavasitə təqsirkarın əvəzinə bütün şəxsi heyəti cəzalandırmaq və həmçinin həbs müddətini müəyyənləşdirmədən həbs etmək qadağandır. ...

93. Hər bir intizam cəzası nalayiq hərəkətin törədilməsi barədə rəisin məlumat aldığı gündən — bu iş barəsində təhqiqat aparılırsa, təhqiqatın qurtardığı gündən — 10 sutka keçənə qədər verilməlidir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ...

İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdehin “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma haqqında 11 iyul 2017-ci il tarixli, 0223gm saylı əmrinin ləğv edilməsi, işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinə nail olmaqdan ibarətdir. Eləcə də iddiaçı müvafiq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərkən əlavə olaraq ərizə təqdim edərək iddia müddətinin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə etirazının dəlillərindən biri iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə əlaqədar olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-132/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək hazırki inzibati iş üzrə iddia verilməsi üçün buraxılmış prosessual müddət bərpa olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, iddiaçı Qusar rayon hərbi komissarlığı tərəfindən 09 oktyabr 2006-cı il tarixdə hərbi xidmətə çağırılmış, 09 aprel 2008-ci il tarixdə Daxili İşlər Nazirliyinin 20 mart 2008-ci il tarixli, 148 saylı əmrinə əsasən ehtiyata buraxılmışdır. Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzinin rəisinin 06 oktyabr 2010-cu il tarixli, 278 nömrəli əmrinə əsasən kursant, 07 mart 2011-ci il tarixdən N nömrəli hərbi hissədə atəş şəhərciyinin rəisi, 04 iyul 2011-ci il tarixdən N nömrəli hərbi hissədə tankodrom rəisi avtodrom rəisi, 06 yanvar 2014-cü il tarixdən N nömrəli hərbi hissədə 7043-cü motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini, 19 noyabr 2014-cü il tarixdən N nömrəli hərbi hissədə 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini vəzifələrində həqiqi hərbi xidmət keçmiş, 23 may 2016-cı il tarixdə xidmət müddəti 07 mart 2021-ci il tarixədək uzadılmış, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli, 0223gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Eləcə də iş materiallarına əlavə olunmuş 07 mart 2022-ci il tarixli qərardan görünür ki, İddiaçı ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İ-73821 nömrəli medalın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İ-5386 nömrəli medalın surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 dekabr tarixli, 2373 nömrəli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. Hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılmış və xidməti vəzifələrinin gələcək icrasından azad olmağa ehtiyacı olan hərbi qulluqçuların buraxılması hərbi hissə tərəfindən hərbi həkim komissiyasının qərarı olandan sonra bir aydan gec olmayaraq icra edilməlidir. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. İş materiallarına əlavə olunmuş 27 aprel 2017-ci il tarixli 1-ci “Söhbət vərəqəsi”ndən görünür ki, İddiaçı yazılı izahat verərək, xidmət etmək istədiyini bildirmişdir. Eləcə də 27 iyun 2017-ci il tarixli 2-ci “Söhbət vərəqəsi”ndən görünür ki, İddiaçı yazılı izahat verərək, xidmətin davam etdirilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı müvafiq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, bundan sonra isə İİ Qarabağ müharibəsində könüllü olaraq iştirak etməklə “Vətən müharibəsi iştirakçısı” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Eləcə də iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 fevral 2025-ci il tarixli, 2(102)-378/2025 nömrəli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli, 2(103)-5896/2024 nömrəli qərarı dəyişdirilmiş, vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına 7000 (yeddi min) manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Həmçinin Bakı Hərbi Məhkəməsinin 28 dekabr 2023-cü il tarixli, 1-1(093)-73/2023 nömrəli hökmü maddi daşıyıcıda iş materiallarına əlavə olunmuşdur. Həmin hökmdə aşağıdakılar qeyd olunmuşdur: “...vəzifəli şəxs kimi silah tətbiq olunmaqla İddiaçı hüquqlarının kobud şəkildə pozulmasında ifadə olunan ağır nəticələrə səbəb olan təkrarən qulluq səlahiyyətini aşaraq mütəşəkkil dəstənin məqsədlərinə nail olmaq məqsədilə İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək Beyləqan rayonu Daşburun qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin əvvəllər hauptvaxt kimi, həmin vaxt isə əşya anbarı kimi istifadə edilən köhnə tikilisində və əsgər yataqxanasında 6 gün müddətində qeyd edilən qaydada güclü fiziki ağrı, habelə mütəmadi olaraq etiraf etmədiyi halda saxlandığı yerdən çıxa bilməyəcəyini bildirməklə və şəxsiyyətinin ifrat dərəcədə alçaldılmasında əks olunan psixi iztirablar verilməklə düşmən hərbi qulluqçuları və ya xüsusi xidmət orqanları ilə əlaqələrinin olması ilə bağlı etirafedici ifadələr almaqdan ötrü mütəşəkkil dəstənin digər üzvləri ilə birlikdə qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və hərəkətlər edib faktiki xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi qismində çıxış edən şəxs kimi dəstəyə rəhbərlik edən şəxsin göstərişi ilə təkrarən işgəncə verməklə iradəsinə zidd olaraq əlləri və gözləri bağlı vəziyyətdə mütəşəkkil dəstə tərkibində silah və silah qismində istifadə edilən əşyalardan istifadə edilməklə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edərək kobud şəkildə konstitusion hüquqlarının pozulmasında ifadə olunan, yəni İddiaçı və onun yaxın qohumlarının cəmiyyət arasında mövcud nüfuzunu reallığı əks etdirməyən məlumatların yayılması formasında aşkarcasına alçaltmaqla sonuncunun “düşmənlə əməkdaşlıq edən hərbi qulluqçu” kimi “vətən xaini” adı ilə “ləkələməklə” ağır nəticələrə səbəb olan ikidən artıq şəxsi adam oğurluğu ilə bağlı olmayan təkrarən qanunsuz azadlıqdan məhrum etmişdir...” Eləcə də həmin hökmdən görünür ki, İddiaçı məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verərək ifadəsində göstərmişdir ki, “...Təxminən bir həftəyə yaxın orada qalmış, bir həftədən sonra İntiqam onları sıraya düzmüş onlara «burda nə olub burda qalsın, qayıdacaqsız briqadaya» demişdir. Briqadaya qayıtdıqdan sonra Şahin Qəhrəmanov onlara “mən bilirdim ki, belə bir şey yoxdur, ancaq siz tərxis olunursunuz” demiş və dərhal onları ordudan tərxis etmişlər...” İş materiallarından da göründüyü kimi iddiaçı Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli, 0223gm nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus şəxsi iş materiallarında olan müvafiq sənədlərdən görünür ki, iddiaçı müxtəlif dövrlərdə attestasiya olunaraq fəaliyyəti müsbət qiymətləndirilmişdir. Belə ki, 23 sentyabr 2016-cı il tarixdə İddiaçı vəzifəsini icraetmə qabiliyyəti, idarəetmə bacarığı bölməyin fəaliyyətinə dəstəyi və problemləri həll etmə bacarığı müsbət qiymətləndirilmiş, attestasiya rəisinin rəyində onun məsuliyyətli olduğu, cavabdehlik hissinə malik olduğu, intizam qaydalarına riayət etdiyi, tabeliyində olanlara qarşı münasibətini nizamnamə qaydaları çərçivəsində qurduğu, tərbiyəli, səmimi və düz danışan olduğu qeyd olunmuşdur (iş materialları, səh. 74-75). Daha sonra isə 28 iyun 2017-ci il tarixdə N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqım komandirinin müavini, gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün N nömrəli hərbi hissənin komandiri “Təqdimat” vermişdir. Sözügedən “Təqdimat”-ın əsaslandırılması hissəsindən qeyd edilir ki: “Gizir İddiaçı 19 noyabr 2014-cü il tarixdən N nömrəli hərbi hissənin 1812-ci motoatıcı taborunun motoatıcı bölüyünün motoatıcı taqımının komandirinin müavini vəzifəsində xidmət edir. Xidmət etdiyi müddət ərzində xidmətə münasibəti və məsuliyyəti, vəzifəsini tutduğu vəzifə həcmində vicdanla yerinə yetirməsi və təşəbbüskarlığı qənaətbəxş olmayıb. Xidməti işinə münasibəti və məsuliyyəti qənaətbəxş deyil, tutduğu vəzifəsini layiqincə yerinə yetirmir. Təşəbbüskardırlığı zəifdir. Şəxsi nizamintizamı və dürüstlüyü aşağı səviyyədədir. İradəsi, dözümlülük və etibarlıq səviyyəsi qənaətbəxş deyil, vəzifəsini tam yerinə yetirməməsi bir gizir kimi məsuliyyətinin dərk etməməsindən irəli gəlir. Nizamnamə qaydalarını bilir, lakin gündəlik iş prinsipini onların tələblərinə uyğun həcmdə qurmağı bacarmır. Qanunları və rəhbəredici sənədlərin tələblərini bilir. Tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilmir. Gizir İddiaçı komandir və rəislər tərəfindən verilən əmr və tapşırıqları vaxtlı-vaxtında və dəqiqliklə yerinə yetirmir. Bir gizir kimi o, öz xidməti vəzifəsinin məsuliyyətini dərk etmir, xidməti vəzifəsinə məsuliyyətlə yanaşmır və hərbi bilik səviyyəsinin artırılması üçün öz üzərində mütəmadi olaraq çalışmır. Yuxarıda göstərilənləri nəzərə alaraq gizir İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm”. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda inzibati orqan tərəfindən sadalananların sübutu kimi hər hansı konkret faktlar göstərilmir, sadəcə formal mülahizə olaraq sadalanır. Göründüyü kimi iddiaçının zərərçəkmiş şəxs qismində tanındığı cinayət əməlləri törədilməzdən əvvəlki dövrlərdə onun fəaliyyəti müsbət qiymətləndirilmiş, sözügedən cinayət əməlləri törədildiyi dövrlərdə isə İddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı əsassız müvafiq əmr imzalanmışdır. Məhkəmə kollegiyası iddiaçının müvafiq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasını, bu əsasla ona müvafiq kompensasiya ödənilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcudluğunu, eləcədə mübahisələndirilən inzibati aktın əsaslandırılmamasını, ona qarşı edilmiş işgəncələrə baxmayaraq İkinci Qarabağ müharibəsində könüllü iştirak edərək müvafiq medallarla təltif edilməsini əsas götürərək hesab edir ki, iddiaçının ehtiyata buraxılması ilə əlaqədar hazırkı iş üzrə mübahisələndirilən əmr qanunsuz olmaqla onun hüquqlarını pozmuşdur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş təqdimat və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 11 iyul 2017-ci il tarixli, 0223gm nömrəli əmri iddiaçıya aid olan hissədə qanunsuz əmr kimi qəbul olunmalı və ləğv edilməlidir. “Hərbi qulluqçuların statusu haqqında” AR Qanununun 26.2-ci maddəsinin tələbinə əsasən onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Bu səbəbdən birinci instansiya məhkəməsi 11 iyul 2017-ci il tarixli, 0223gm saylı əmrin İddiaçı aid olan hissədə ləğv edilməsi ilə yanaşı, İddiaçı işə bərpa edilməsi, itirilmiş illərin əmək stajına hesablanması, məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-cü il tarixli, 2-1(118)-132/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar