Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-839/2024 27.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X18 qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdehin nümayəndələri X7 və X4, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(118)-20/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı ərizə ilə Abşeron rayonu Görədil bələdiyyəsinə müraciət edərək, uzun illərdir istifadə etdiyi 0,08 ha torpaq sahəsinin ona satılmasını xahiş etmiş, bu məqsədlə iddiaçı tərəfindən Görədil bələdiyyəsinin hesabına 200.000 (iki yüz min) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 30 noyabr 2007-ci il tarixli, 1487 nömrəli rəyinə əsasən Görədil bələdiyyəsinin alqı-satqı predmeti olan 0,08 ha torpaq sahəsinin iddiaçıya satılmasına etiraz edilməmişdir. Abşeron rayonu, Görədil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarına əsasən iddiaçıya Görədil kəndində uzun illərdir istifadə etdiyi 0,08 ha torpaq sahəsinin ona satılması qərara alınmışdır. 30 noyabr 2007-ci il tarixdə ayrılan 0,08 ha torpaq sahəsi Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışında (1:10000 miqyası) göstərilmişdir. İddiaçı ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu, Görədil kəndində yerləşən 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 28 may 2021-ci il tarixli, **********25 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı, Görədil bələdiyyəsi tərəfindən iddiaçıya 0,08 ha torpaq sahəsinin 30 noyabr 2007-ci il tarixdə ayrılmasına baxmayaraq, alqı-satqı aktının, rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Əlavə olaraq baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin yüksək gərginlikli (6 kVt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Həmçinin, müraciət üzrə əlavə edilmiş sənədlərdə torpaq sahəsinin 1 (bir) konturda yerləşdiyi göstərilməsinə baxmayaraq, faktiki vəziyyətdə torpaq sahəsinin 2 (iki) konturda, bir hissəsinə dair isə X6 adına ləğv edilmiş DT və XK tərəfindən **********0540 nömrəli (A№195417) torpaq sahəsinin planı və ölçüsü tərtib edildiyi müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin tələbləri baxımından ərizənin icrası mümkün olmamışdır. Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Görədil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Görədil kəndindən ona satılmış 0,08 ha ölçüdə olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Abşeron rayonu Görədil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 0,08 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi məqsədi ilə bütün lazımi sənədləri əlavə etməklə cavabdehə müraciət etmişdir. Lakin, cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək, iddiaçının Abşeron rayonu Görədil bələdiyyəsinin qərarı ilə ona ayrılmış 0,08 ha torpaq sahəsinin 138 kv.m. hissəsindən imtina etdiyini bildirmiş və Abşeron rayonu Goradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Goradil kəndindən ona ayrılmış 0,0662 ha ölçüdə olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və torpaq sahəsinin planı və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(118)-20/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu Göradil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,0662 ha ölçüdə olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və planı və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim Vəfa Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, torpaq sahəsinin iddiaçıya bələdiyyə tərəfindən satılması iş materialları ilə təsdiq edilir. Alqı-satqı aktının, rayon icra hakimiyyəti orqanının memarlıq rəyinin tərtib iddiaçının müraciətinin təmin olunmasından imtina üçün mötəbər dəlil hesab edilə bilməz. Həmin sənədlərin düzgün və qanunauyğun şəkildə tərtib edilməsi iddiaçının deyil, bələdiyyənin və müvafiq dövlər otqanlarının vəzifələrinə aid olmuşdur. Cavabdehin torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin altında yerləşməsinə dair dəlilini də əsassız hesab edən məhkəmə qeyd edir ki, bu dəlilin torpaq sahəsinə dair münasibətdə qeyd edilməsi iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər. Torpaq sahəsinin bir hissəsinin (138 kv.m ) başqa şəxsə verilmiş torpaq sahəsinin ölçü və sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədən imtina etdiyini və torpaq sahəsinin ölçüsü azaldılmaqla mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş sxemdən görünür ki, başqa şəxslərlə üst-üstə düşən hissə torpaq sahələrinin kənarlarında yerləşir, bu baxımdan həmin hissə çıxılmaqla mülkiyyət hüququnun qeydə alınması mümkündür. Həmçinin, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı qüvvədədir. Üçüncü şəxs X2 həmin bələdiyyə qərarının ləğv edilməsinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(118)-3549/2023 saylı qərardadı ilə iddia müddətinin ötürülməsi ilə əlaqədar mümkün sayılmamışdır və qərardaddan verilən apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X1 Abşeron rayon Görədil bələdiyyəsindən alqı-satqı müqaviləsi əsasında fərdi yaşayış evi tikintisi üçün 0,06 ha torpaq sahəsi almışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd edilən torpaq sahəsinə dair A seriyalı, 195417 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. Üçüncü şəxs və 2 azyaşlı övladı mərhum T.Hümbətovun hüquqi varisləridir və ondan miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri 8 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Həyat yoldaşının vəfatından sonra təkbaşına qaldığı və maddi imkanı olmadığından həmin torpaq sahəsində hər hansı bir tikinti işləri apara bilməmişdir. Bir müddət öncə ona məlum olmuşdur ki, Abşeron rayon Görədil bələdiyyəsi tərəfindən mərhum həyat yoldaşına aynlmış həmin torpaq sahəsinin bir hissəsi İddiaçı və onun həyat yoldaşı X11 tərəfindən, digər hissəsi isə X12 adlı şəxs tərəfindən ayrı-ayrılıqda zəbt olunmuş və həmin torpaq sahəsində qanunsuz tikinti işləri aparılmışdır. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını istədiyi torpaq sahəsi mərhum həyat yoldaşından ona və iki övladına miras qaldığına görə həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun tanınması nəticə olaraq onların mülkiyyət hüququnun pozulmasına səbəb olur. Onlara məxsus 0,06 ha torpaq sahəsinin bir hissəsinin iddiaçı tərəfindən zəbt olunması AR ƏMDK yanında X3 X19 Agentliyi, eləcə də hazırkı iş üzrə cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin, birinci instansiya məhkəməsi torpaq sahələrinin üst-üstə düşməsinə və iddia olunan torpağın bir hissəsinə dair T.Hümbətovun adına mərhum torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsinə ümumiyyətlə münasibət bildirməmiş və qəbul edilmiş qərarla onun mülkiyyət hüququ pozulmuşdur. Görədil bələdiyyəsinin qərarlarından göründüyü kimi iddiaçıya torpaq sahəsi xx.xx.2007-ci il tarixli qərarla, yəni xx.xx.2007-ci il tarixində mərhum həyat yoldaşına torpaq sahəsi ayrılandan təxminən 2 ay 13 gün sonra verilmişdir. Bu da həmin qərarın qanunsuz olduğunu sübut edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) şikayətin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; ...
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; ...
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ...
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”: 6-cı bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. 12-ci bənd. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; b) hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (dənizdə, çayda, göldə və s.), dibdərinlətmə, torpaqqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, üzümlük və bağlar üçün dayaqların quraşdırılması, kənd təsərrüfatı bitkilərinin suvarılması; c) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında sudibi ov alətləri ilə balıq və digər su heyvanlarının ovlanması, bitkilərin yığılması və məhv edilməsi, heyvanların suvarılması üçün suvatlar qurulması; ç) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında ümumi hündürlüyü yol səthindən 4,5 m-dən artıq olan maşın və mexanizmlərin keçməsi; d) yeraltı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq, şumlanan torpaqlarda isə 0,45 m-dən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.
“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – Abşeron rayonu, Görədil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Görədil kəndindən iddiaçıya satılmış 0,0662 ha torpaq sahəsinin 0,0254 ha hissəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının, eləcə də apellyasiya şikayətinin dəlillərindən biri torpaq sahəsinin bir hissəsinin X6 adına ləğv edilmiş DT və XK tərəfindən **********0540 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşməsidir. Birinci instansiya məhkəməsi cavabdehin qeyd edilən dəlilini əsassız sayaraq bütövlükdə 0,0662 ha torpaq sahəsinə münasibətdə iddianı təmin etmişdir. Kollegiya hesab edir ki, işə baxan məhkəmənin 0,0662 ha torpaq sahəsinin 0,0254 ha hissəsinə münasibətdə iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə yanlış olmuşdur. Belə ki, işdən görünür ki, Abşeron rayonu, Görədil bələdiyyəsinin 17 sentyabr 2007-ci il tarixli, 14 nömrəli qərarına əsasən X8 600.9 kv.m. torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə dair onun adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən A seriyalı, 195417 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. İşə baxan məhkəmə tərəfindən cavabdeh orqana sorğu verilərək bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsinin naturada mövcud olub-olmaması, eləcə də, bu torpaq sahəsinin koordinatlarının başqa şəxslərə məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı suallarla əlaqədar mütəxəssis rəyinin verilməsi tələb edilmiş, məhkəmənin sorğusuna cavab olaraq cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi verilmişdir. Həmin rəydən görünür ki, iddiaçının faktiki istifadəsində olan 0,0824 ha torpaq sahəsinin 0,0655 ha hissəsi Abşeron rayonu Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşür. Faktiki istifadədə olan 0,0824 ha sahəsinin 0,0138 ha hissəsi başqa şəxslərin mülkiyyətlərində olan torpaq sahələrinin sərhədləri daxilində yerləşir. Mütəxəssis rəyinə əlavə edilən orto-foto xəritədən çıxarışda da faktiki istifadədə olan torpaq sahəsinin 0,0138 ha hissəsinin koordinatlarının başqa şəxslərin mülkiyyətlərində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyü göstərilmişdir. Mütəxəssis rəyində imtina məktubu və iddia ərizəsinə etirazında qeyd edildiyi kimi torpaq sahəsinin bir hissəsinin koordinatlarının X6 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə deyil, başqa şəxslərin mülkiyyətlərində olan torpaq sahələrinin koordinatları ilə üst-üstə düşdüyü göstərildiyindən iddiaçı bu hissədə (0,0138 ha) tələbinin həcmini azaltmış, 0,0662 ha (0,08 ha - 0,0138 ha) torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir, birinci instansiya məhkəməsi də iddiaçının bu məzmunda tələbini təmin etmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyində torpaq sahəsinin üst-üstə düşdüyü göstərilən torpaq sahələrinin mülkiyyət sənədlərindən də görünür ki, həmin şəxslər arasında X10 olmamış, torpaq sahələri üzərində mülkiyyət hüquqları reyestrdə qeydə alınmış başqa şəxslər olmuşdur. Daha sonra isə cavabdeh apellyasiya şikayətində özünün verdiyi mütəxəssis rəyində qeyd edilənlərdən fərqli olaraq, 0,0662 ha torpaq sahəsinin bir hissəsinin hazırda X6 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyünü qeyd etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən şikayətin həmin dəlilinin araşdırılması məqsədilə təkrarən mütəxəssis rəyi alınmışdır. Təkrar alınmış mütəxəssis rəyindən və rəyə əlavə edilən ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, həqiqətən də, iddiaçıya ayrılmış Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,0662 ha torpaq sahəsinin 0,0254 ha hissəsinin koordinatları ilə T.N.Hümbətovun adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 600.9 kv.m. torpaq sahəsinin koordinatları üst-üstə düşür, elektron məlumat bazasına əsasən Görədil bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən 0,0662 ha torpaq sahəsinin koordinatları başqa şəxslərin mülkiyyətlərində olan torpaq sahələri ilə üst-üstə düşmür. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Görədil bələdiyyəsi tərəfindən iddiaçıya 30 noyabr 2007-ci il tarixdə ayrılmış 0,08 ha torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşən 0,0138 ha hissəsindən əlavə, 0,0254 ha hissəsi də həmin bələdiyyə tərəfindən bundan daha əvvəl - 17 sentyabr 2007-ci il tarixdə üçüncü şəxsin mərhum ərinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin, işdən görünür ki, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış torpaq sahəsinin konfiqurasiyası və yeri dəyişdirilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən bələdiyyənin ilkin yerquruluşu planından çıxarışdan müəyyən edilir ki, bələdiyyə tərəfindən iddiaçıya ayrılmış 0,08 ha torpaq sahəsi 15x55 metr ölçülərində düzbucaqlı formasında bir kontur üzrə yerləşir. Daha sonra isə iddiaçı tərəfindən həmin torpaq sahəsinin konfiqurasiyası və sərhədləri dəyişdirilmiş və nəticə etibarilə iddiaçının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 0,0254 ha hissəsinin koordinatları T.N.Hümbətovun adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmüşdür. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddia olunan 0,0662 ha torpaq sahəsinin 0,0254 ha hissəsinə dair X6 adına hazırda qüvvədə olan hüquqmüəyyənedici sənəd (bələdiyyə qərarı) mövcuddur və həmin sahəyə dair sonuncunun adına vaxtilə buna səlahiyyətli orqan - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Kollegiya qeyd edir ki, hazırkı halda mübahisəli torpaq sahəsinin 0,0254 ha hissəsinə T.N.Hümbətovun bələdiyyə qərarı əsasında qanunla gözlənilən mülkiyyət hüququ vardır. Həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması isə T.N.Hümbətovun qanuni əsaslarla istifadəsində və sahibliyində olan torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olacaqdır. Beləliklə, işin qeyd olunan hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın həmin hissədə təmin edilməsi ilə bağlı nəticəsi yanlış olmuşdur. Odur ki, qərar həmin hissədə ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Qalan hissədə, yəni 0,0662 ha torpaq sahəsinin 0,0408 ha (0,0662 ha – 0,0254 ha) hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddianın təmin edilməsi hissəsində isə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, kollegiya cavabdehin digər - torpaq sahəsinə dair alqı-satqı aktının ərizəyə əlavə edilmədiyi, eləcə də, torpaq sahəsinin yüksək gərginlikli (6 kVt) elektrik xəttinin mühafizə zolağında yerləşdiyinə dair dəlillərini əsassız sayan birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq bildirir ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən qeyd edilən prosesin yekununda rəsmiləşdirilməsi məqsədi daşıyan alqı-satqı aktının tərtib edilməməsi 0,0662 ha torpaq sahəsinin yuxarıda qeyd edilən 0,0254 ha hissəsi istisna olmaqla, qalan hissə üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas ola bilməz. Torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 kVt) mühafizə zolağında yerləşməsi ilə bağlı cavabdehin sonuncu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” nın yuxarıda sadalanan normalarının tələblərinə görə, torpaq sahəsi elektrik şəbəkələrinin mühafizə zonalarına düşdüyü hallarda, həmin sahədən istifadə ilə bağlı məhdudiyyətlər nəzərdə tutulsa da, həmin sahə üzərində hüququn qeydiyyata alınmasına heç bir qadağa müəyyən edilməmişdir. İddiaçının sözügedən 0,0662 ha torpaq sahəsi (0,0254 ha hissəsi istisna olmaqla) üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Abşeron rayonu, Görədil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Görədil bələdiyyəsinin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin 0,0662 ha torpaq sahəsinin 0,0254 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı nəticə yanlış olduğundan məhkəmənin qərarı həmin hissədə ləğv edilməklə, iddia rədd edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 may 2024-cü il tarixli, 2-1(118)-20/2024 nömrəli qərarı qismən – Abşeron rayonu, Görədil bələdiyyəsinin 30 noyabr 2007-ci il tarixli, 17 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Görədil kəndindən iddiaçıya satılmış 0,0662 ha torpaq sahəsinin 0,0254 ha hissəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.