Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-84/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı “xxxx” firmasının vəkili X1, Maraqlarına toxunan şəxs “xxxx” MMC-nin vəkili və nümayəndəsi X2 iştirakı ilə İddiaçı “xxxx” firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2-1(85)-1439/2019 saylı qərardadından maraqlarına toxunan şəxs “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə 30 aprel 2021-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2-1(085)-1439/2019 saylı qərarı ilə iddiaçı “xxxx” firmasının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, Çerkassi küçəsi, 11-ci mikrorayon ərazisində yerləşən 259.0 kv.metr qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Qərar qanuni qüvvəyə mindikdən sonra 17.10.2019-cu il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Cavabdeh 25.11.2019-cu il tarixli məktubunda bildirmişdir ki, qərar icra olunmuş və göstərilən qeyri-yaşayış sahəsi üzərində cavabdehin mülkiyyət hüququ qeydə alınaraq müvafiq çıxarış verilmişdir. 16.06.2020-ci il tarixdə “xxxx” MMC vəsatətlə məhkəməyə müraciət edərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 26.08.2019-cu il tarixli, 2-1(085)-1439/2019 saylı qərarının ləğv edilməsi, onun üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsini, eləcə də üçüncü şəxsləri prosesə cəlb etməyərək qanunsuz qərar çıxarmışdır. Nəticədə “xxxx” MMC-nin qanunla qorunan hüquq və maraqları pozulmuşdur. Belə ki, DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi yanlış ərazi hüdudları göstərməklə, əslində “xxxx” MMC-yə icarə hüququ ilə məxsus olan torpaq sahəsində yerləşən tikintiyə çıxarış vermişdir. 05.04.2019-cu il tarixdə Sumqayıt bələdiyyəsi ilə “xxxx” MMC arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 11000 kv.metr torpaq sahəsi “xxxx” MMC-nin icarəsinə verilmişdir. Lakin “xxxx” MMC əsassız olaraq məhkəməyə müraciət edərək “xxxx” MMC-nin sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsində yerləşən tikiliyə çıxarış alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb edilən tikilinin hansı torpaq sahəsinin üzərində yerləşməsini müəyyən etmədən və maraqlı şəxsləri prosesə cəlb etmədən qərar qəbul etmişdir. Bundan başqa məhkəmə faktiki mövcud olmayan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ qeydə alınması barədə qərar qəbul etmişdir. Məhkəmə qərarı çıxarılan vaxt sözügedən tikili əslində mövcud olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(85)-1439/2019 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardaddan narazı qalan maraqlarına toxunan şəxs “xxxx” MMC apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli, 2-1(85)- 1439/2019 saylı qərardadının ləğv edilərək ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Sumqayıt şəhər Bələdiyyə Şurasının 24.12.2004-cü il tarixli 150 X saylı protokol qərarı ilə “xxxx” firmasına qeyri-yaşayış binasının inşası üçün Sumqayıt şəhərinin Çerkassi küçəsində, 11-ci mikrorayon ərazisində 480 kv.metr torpaq sahəsi ayrılmışdır. Bundan sonra səlahiyyətli dövlət qurumları ilə razılaşdırılmış eskiz layihəsi əsasında həmin torpaq sahəsində 2006-cı ildə “xxxx” firması tərəfindən 259.0 kv.m ölçüdə qeyri-yaşayış binasının inşa etdirilməsindən xeyli müddət keçməsinə və ondan artıq bir neçə il ərzində mübahisəsiz istifadə edilməsinə baxmayaraq, müxtəlif səbəblərdən, o cümlədən bir dövlət orqanlarının səlahiyyətlərinin digər dövlət orqanlarına verilməsi, həmçinin tikililərin dövlət qeydiyyatına alınmasına dair tələblərin dəyişməsi səbəbindən ümumi sahəsi 259.0 kv.m olan bu qeyri-yaşayış binası üzərində müəssisənin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına nail ola bilməmişdir. Sumqayıt İnzibati-iqtisad məhkəməsinin 28.06.2019-cu il tarixli, 2-1(085)-1439/2019 nömrəli qərarı ilə Sumqayıt şəhəri, Çerkassi küçəsində, 11-ci mikrorayon ərazisində yerləşən 259,0 kv.metr qeyri-yaşayış binası üzərində “xxxx” firmasının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmaq qərara alınmışdır. Lakin müvafiq qərar “xxxx” MMC-nin hüquq və maraqlarının pozulmasına gətirib çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi yalnış ərazi hüdudları göstərməklə, əslində xxxx MMC-yə icarə hüququ ilə məxsus olan torpaq sahəsində yerləşən tikintiyə çıxarış verilmişdir. 05.04.2019-cu il tarixdə Sumqayıt Bələdiyyəsi ilə xxxx MMC arasında icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 11000 kv.m torpaq sahəsi xxxx MMC-nin icarəsinə verilmişdir. Lakin xxxx MMC əsassız olaraq məhkəməyə müraciət edərək, xxxx MMC-nin sahibliyinə və istifadəsinə verilmiş torpaq sahəsində yerləşməyən tikiliyə çıxarış alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Təəssüflər olsun ki, məhkəmə işə baxarkən çıxarışın verilməsi tələb edilən tikilinin hansı torpaq sahəsinin ərazisində yerləşməsini müəyyən etmədən qərar qəbul etmişdir. Belə olan halda isə, birmənalı olaraq xxxx MMC-nin sahiblik və istifadə hüququ pozulmuşdur. Hesab edir ki, məhkəmə qərarı ləğv edib, xxxx MMC zəruri cəlb etmə əsasında işə cəlb etməli və işə yenidən baxmalıdır. Məhkəmənin “xxxx” MMC-nin işə cəlb etməsi üçün əsaslar bunlardır: birincisi Rahil 88 MMC qeyd edilən qərarla xxxx MMC-yə məxsus olan 11000 kv metr torpaq sahəsini tamamilə zəbt etmiş, ikincisi xxxx MMC-nin iddia etdiyi tikili, xxxx MMC-yə 2004-cü ildə verilmiş torpaq sahəsində yerləşməmişdir. Ümumiyyətlə xxxx MMC-nin çıxarış aldığı tikili mövcud olmamış, məhkəmə yalnız sənədlər əsasında qərar qəbul etmişdir ki, bu da xxxx MMC-nin hüquqlarına toxunmuşdur. Çünki Çıxarış verilməsi ilə bağlı qərar qəbul etdikdən sonra Reyestrdəki qeydiyyat xxxx MMC-yə icarə müqaviləsi ilə məxsus olan torpaq sahəsində mövcud olmayan 259 kv.metr qeyri-yaşayış sahəsinə verilmişdir. Yuxarıda qeyd edilənlərə məhkəmə tərəfindən heç bir qiymət verilməmiş, sadəcə icarə hüququnun qeydiyyata alınmamasını əsas gətirərək ərizəni rədd etmişdir. Halbuki qeyd edilən əsaslar tamamilə fərqlidir. Belə ki, qeyd edilən tikili ümumiyyətlə mövcud deyildir. İkincisi xxxx MMC tikildiyi iddia edilən (əslində mövcud olmayan) torpaq sahəsinin hansı koordinatda yerləşməsi müəyyən edilmədən belə bir qərarın verilməsi tamamilə əsassızdır. Sadəcə Rahil 88 aldığı əsassız çıxarışa istinad etməklə xxxx MMC-nin torpaq sahəsini zəbt edib tikinti işlərini həyata keçirmişdir, bu isə yolverilməzdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs “xxxx” MMC-nin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla qeyd olunan cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2-1(85)-1439/2019 saylı qərardadı ləğv edilməli, “xxxx” MMCnin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi məsələsi müzakirə olunması üçün iş materialları həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən hesab etmişdir ki, “xxxx” MMC ilə Sumqayıt bələdiyyəsi arasında 11000 kv.m torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə təqdim edilsə də, həmin müqavilə üzrə “xxxx” MMC-nin hüquqlarının qeydə alınmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Bundan başqa “xxxx” MMC öz vəsatətində məhkəmə qərarında göstərilən tikilinin onun icarəsində olan torpaq sahəsi üzərində inşa edildiyini qeyd etsə də, elə həmin vəsatətdə tikilinin faktiki olaraq mövcud olmamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının 04.06.2004-cü il tarixli 118 saylı qərarı ilə “xxxx” firmasının 11-i mikrorayon ərazisində mövqe sxemi əsasında istehsal sahəsi kimi faktiki istifadə etdiyi 4000 kv m torpaq sahəsi “xxxx” firmasının adına sənədləşdirilmişdir. “xxxx” firmasının razılığı nəzərə alınaraq, Sumqayıt şəhər Bələdiyyə Şurasının 24.12.2004-cü il tarixli 150 saylı qərarı ilə “xxxx” firmasına istehsal sahəsi kimi ayrılmış 4000 kv m torpaq sahəsindən 480 kv m torpaq sahəsi geri alınaraq həmin torpaq sahəsi xxxx firmasının adına sənədləşdirilmişdir. İddiaçıya ayrılmış və “xxxx” firmasının istifadəsində qalan torpaq sahəsinin planı iş materiallarına əlavə edilmişdir.(iş vərəqə 25) İddiaçı məhkəmədə iddia qaldıraraq, Sumqayıt şəhər Bələdiyyə Şurasının 24.12.2004-cü il tarixli 150 saylı qərarı ilə ona ayrılmış 480 kv m torpaq sahəsində ümumi sahəsi 259 kv m olan qeyri-yaşayış binası inşa etdiyini bildirmiş və həmin bina üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Hazırda “xxxx” MMC icraatın təzələnməsi və onun üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə təqdim edərək, iddiaçının ona ayrılmış 480 kv m torpaq sahəsində deyil, MMC-nin icarəsində olan torpaq sahəsində yerləşən tikiliyə çıxarış verildiyini bildirmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında araşdırma aparılarkən müəyyən edildi ki, hazırda “xxxx” firmasının icarəsinə verilən 1120 kv m torpaq sahəsi (müqavilədə torpağın sahəsi 1120 kv m qeyd edilsə də, həm birinci instansiya məhkəməsinin qərardadında, həm də apellyasiya şikayətində torpağın sahəsi səhvən 11000 kv m göstərilmişdir) Sumqayıt şəhər Bələdiyyə Şurasının 04.06.2004-cü il tarixli 118 saylı qərarı ilə “xxxx” firmasının 11-ci mikrorayon ərazisində mövqe sxemi əsasında istehsal sahəsi kimi faktiki istifadə etdiyi 4000 kv m torpaq sahəsinin bir hissəsidir. Belə ki, nümayəndə izahatında bildirmişdir ki, firmaya icarəyə verilmiş 4000 kv m torpaq sahəsinin 480 kv m iddiaçıya icarəyə verilmiş, qalan torpaq sahəsi “xxxx” firmasının istifadəsində olsa da, sonralar torpağın bir hissəsi məcburi köçkünlər tərəfindən zəbt edilmiş, boş qalan torpağın ölçüsü 1120 kv m olduğundan, 05.04.2019-cu il tarixdə bələdiyyə ilə “xxxx” MMC arasında 04.06.2004-cü il tarixli qərara istinad edilməklə icarə müqaviləsi bağlanmışdır. İşdə olan 36 saylı 05.04.2019-cu il tarixli icarə müqaviləsindən də görünür ki, həqiqətən də, Sumqayıt şəhər Bələdiyyə Şurasının 04.06.2004-cü il tarixli 118 saylı qərarı ilə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində yerləşən 1120 kv m torpaq sahəsi Sumqayıt Bələdiyyəsi tərəfindən “xxxx” firmasının icarəsinə verilmişdir. Birinci instansiya məhkəməsi ərizəyə baxarkən işin qeyd edilən xüsusat ilə bağlı, yəni iddia ərizəsində mülkiyyət hüququnun qeydə alınması tələb edilən sahəsi 259 kv m olan qeyri-yaşayış binasının Sumqayıt şəhər Bələdiyyə Şurasının 24.12.2004-cü il tarixli 150 saylı qərarı ilə iddiaçıya ayrılmış 480 kv m torpaq sahəsində yerləşib yerləşməməsi ilə bağlı məsələni araşdırmamış, xüsusi bilik tələb edilən məsələ olmasına baxmayaraq bununla əlaqədar rəy alınması üçün mütəxəssisə müraciət etməmişdir. Odur ki, kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, “xxxx” MMC-nin üçüncü şəxs qismində cəlb ediməsinə dair ərizəyə yenidən baxılması üçün inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmalı, təkrar işə baxılarkən yuxarıda qeyd olunan xüsusatlar araşdırılmalı və əldə edilən nəticədən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli 2-1(85)-1439/2019 saylı qərardadı ləğv edilsin. “xxxx” MMC-nin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsinə yenidən baxılması üçün inzibati iş Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: ünvan 2ibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-84/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-84/2021
30.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver