Məhkəmə qərarları › İş №2-1(105)-84/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-84/2025

18.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-84/2025 18.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Açar sözlər: texiniki pasportun məzmununda düzəliş edilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X10, Üçüncü şəxs X8, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin texniki pasportuna “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək ilkin mülkiyyətçiyə ayrılmış ilkin torpaq ayırma sənədlərinin (kadastr planı və sair) koordinatlarına və göstəricilərinə uyğun qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)- 1664/2024 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,06 ha yaşayış məntəqəli torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin imtina məktubundan görünür ki, ərizənizdə qeyd olunmuş Xaçmaz rayonu Xaçmaz şəhəri ərazisində yerləşən ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən 30.07.215-ci ildə 4172 nömrəli inventar nömrəsi ilə qeydə alınmış texniki pasportun ləğv olunmasına və ya texniki düzəliş aparılmasına əsas yoxdur. Mütəxəssis rəyindən görünür ki, X14 adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədində əks olunmuş torpaq sahəsinin koordinatları elektron kadastr uçot məlumatlarında İddiaçı adma işlənilmişdir. Həmin koordinatlarda olan 600 kv.m torpaq sahəsi İddiaçı xüsüsi mülkiyyətində olan 600 kv.m torpaq sahəsinin koordinatları ilə qismən eynilik təşkil edir. Qismən fərqlilik mübahisəli olan tərəfdədir və fərqlilik nədən ibarət olması ı sxemdə və ortofoto görüntüsündə əks olunur. X14 adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədində əks olunmuş 600 kv.m torpaq sahəsinin koordinatları İddiaçı adına tekniki pasport sənədində olduğu kimi elektron kadastr uçot məlumatlarında qismən fərqlidir. Qismən fərqlilik mübahisəli olan tərəfdədir və fərqlilik nədən ibarət olması sxemdə və ortofoto görüntüsündə əks olunur. X14 adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədində əks olunmuş 600 kv.m torpaq sahəsinin koordinatları ilə İddiaçı faktiki istifadəsində olan 600 kv.m torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq mövcuddur. Uyğunsuzluq yaranma səbəbləri sənəd üzrə və faktiki istifadə vəziyyəti ilə bağlıdır. X2 xüsüsi mülkiyyətində olan (reyestr nömrəsi **********83-10301) 0.0631 ha torpaq sahəsinin koordinatları X4 adına olan ilkin hüquqmüəyyənedici sənədlərdə qeyd edilmiş torpaq sahəsinin ölçüləri ilə fərqlidir və koordinatlar elektron kadastr uçot məlumatları ilə qismən fərqlidir. Uyğunsuzluq yaranma səbəbləri sənəd üzrə və faktiki istifadə vəziyyəti ilə bağlıdır. X2 xüsüsi mülkiyyətində olan (reyestr nömrəsi **********83-10301) 0.0631 ha torpaq sahəsinin koordinatları ilə X14 adına tərtib edilmiş 600 kv.m torpaq sahəsinin plan və ölçü sənədlərində əks olunmuş torpaq sahəsinin koordinatları 6.7 kv.m hissəsi üst-üstə düşür. Hansı hissədə üst- üstə düşməsi sxemdə əks olunur. İddiaçı qızma xüsüsi mülkiyyət hüququ əsasında məxsus olan 600 kv.m torpaq sahəsi naturada mövcuddur və hal-hazırda iddiaçının faktiki istifadəsində zəbt sahə ilə birlikdə 0.0775 ha təşkil edir. X2 xüusi mülkiyyətində olan (reyestr nömrəli **********783-10301) 0.0631 ha torpaq sahəsi naturada mövcuddur və hal- hazırda iddiaçının faktiki istifadəsində zəbt sahə ilə birlikdə 0.0818 ha təşkil edir. İddiaçı qızma xüsüsi mülkiyyət hüququ əsasında (**********64-10301) məxsus olan 600 kv.m torpaq sahəsi ilə X2 xüsusi mülkiyyətində olan (reyestr nömrəsi **********83-10301) 0.0631 ha torpaq sahəsi üst-üstə düşmür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanda yerləşən yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə onun adına verilmiş xx.xx.2015ci il tarixli, 4172 inventar nömrəli, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportunda düzəlişlər edilməsindən imtina etməsinin qanunsuz hesab edilməsi və cavabdehin üzərinə həmin texniki pasportunda “torpaq sahəsinin planı” hissəsində düzəlişlərin edilib, qonşu Beydulla Əliyev ilə torpaq sahələrinin sərhəd xəttinin əvvəlki sənədlərə, yəni X11 adına olmuş, qeyd nömrəsi 1635, inventar nömrəsi 2091 olan sentyabr 1991-ci il tarixli texniki pasportun göstəricilərinə uyğun qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportuna “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək ilkin mülkiyyətçi X12 ayrılmış ilkin torpaq ayırma sənədlərinin (kadastr planı və sair) koordinatlarına və göstəricilərinə uyğun qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci ildə notariatda təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini X3 satın almışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış evinə və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinə dair 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qeydiyyat tarixli xx.xx.2015-ci il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********64-10301, RX seriyalı, ******* nömrəli çıxarış və xx.xx.2015-ci il tarixli, inventar nömrəsi 4172, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair rəsmi alqı-satqı müqaviləsini notariatda təsdiq etdirməmişdən əvvəl həmin evdə dəfələrlə olmuş və torpaq sahəsinin qonşusu Əliyev Beydulla ilə sərhədin düz xətlə olduğu görmüşdür. Evin və həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsindən sonra adına tərtib edilmiş texniki pasportu alandan sonra görmüş ki, həmin sənəddə qonşu Beydulla ilə torpaq sahəsinin sərhədi düzgün əks etdirilməmiş, həyətyanı torpaq sahəsinin bir hissəsi qonşusu Beydulla Əliyev tərəfindən zəbt olunmuş və texniki pasportunda iki qonşu arasında keçən sərhəd xətti əvvəlki sənədlərdən fərqli olaraq ziqzaq formasında göstərilmişdir. Belə ki, həmin evin və həyətyanı torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş X11 adına tərtib edilmiş sentyabr 1991-ci il tarixli, 2091 inventar nömrəli, 1635 qeyd nömrəli texniki pasportunda göstərilən evin həyətyanı torpaq sahəsi ilə qonşusunun torpaq sahəsi arasında olan sərhəd xətti düz xətlə işarələnmişdir. Lakin ona məlum olmayan səbəbdən həmin evin həyətyanı torpaq sahəsinə adına verilmiş texniki pasportunda torpaq sahəsilə qonşu Beydulla Əliyevin torpaq sahəsi arasından keçən sərhəd xətti düz xətlə deyil, ziqzaq formasında göstərilmişdir. Ona görə də ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək adına tərtib olunmuş xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli texniki pasportunda düzəliş edilərək qonşu Beydulla Əliyev ilə torpaq sahələrinin sərhəd xəttinin əvvəlki sənədlərə uyğun və düz xətlə göstərilməsini xahiş etmiş, 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-H-0279- 8/2023 nömrəli məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazı daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1664/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə dair verilmiş xx.xx.2015-ci il tarixli, 4172 inventar nömrəli, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportuna “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək ilkin mülkiyyətçi X12 ayrılmış ilkin torpaq ayırma sənədlərinin (kadastr planı və sair) koordinatlarına və göstəricilərinə uğun qeyd edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mütəxəssis və ekpert rəyi ilə də müəyyən edilmişdir ki, İddiaçı alqısatqı müqaviləsi üzrə satılmış 0,06 ha torpaq sahəsinin ölçüsü 0,0539 ha təşkil edir, yəni torpaq sahəsinin ölçüsündə çatışmamazlıq var. Halbuki, qeyd olunan torpaq sahəsinin ilkin plan və ölçü sənədində torpaq sahəsinin sərhədlərinin düz xətlə çəkilməsi və alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra verilmiş texniki pasportda sərhəd xəttin ziqzaqvari formada olması açıq aydın görünür. Ona görə də cavabdeh təşkilat tərəfindən edilmiş yalnışlıq aradan qaldırılmalıdır. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir.Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan suiistifadə qadağandır.Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmçinin , Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.47-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı ilə İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evinə və evin həyətyanı torpaq sahəsinə dair verilmiş xx.xx.2015ci il tarixli, 4172 inventar nömrəli, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportuna “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək ilkin mülkiyyətçi X12 ayrılmış ilkin torpaq ayırma sənədlərinin (kadastr planı və sair) koordinatlarına və göstəricilərinə uyğun qeyd edilməsi qeyri mümkündür. Belə ki, həmin sənədlərdə göstərilən koordinatlar digər şəxsin (qonşunun) mülkiyyətində olan daşınmaz əmlakla üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında olan 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 3-21-3-34/2- 2701/2024 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı X6 mülkiyyətində, ünvan 2 ünvanda yerləşən, reyestr nömrəsi **********64-10301 olan fərdi yaşayış evinin texniki pasportunda göstərilmiş torpaq sahəsinin ölçüsü 0.0539 ha təşkil edir. Pəmisə Həsənovaya alqı- satqı müqaviləsi üzrə satılmış 0,06 ha torpaq sahəsinin ölçüsü 0,0539 ha təşkil edir, yəni torpaq sahəsinin ölçüsündə çatışmamazlıq var. Halbuki, qeyd olunan torpaq sahəsinin ilkin plan və ölçü sənədində torpaq sahəsinin sərhədlərinin düz xətlə çəkilməsi və alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra verilmiş texniki pasportda sərhəd xəttin ziqzaqvari formada olması açıq aydın görünür. Lakin, onun atası Beydulla Əliyevin adına qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən, reyestr nömrəsi **********83-10301 olan fərdi yaşayış evinin texniki pasportunda göstərilmiş torpaq sahəsinin ölçüsü 0.0631 ha təşkil edir ki, bu ölçü, xx.xx.1967-ci il tarxində qeydə alınmış alqı-satqı müqaviləsində də öz əksini tapmışdır. Digər iş materiallarından görünür ki, İddiaçı hüquqları dövlət reyestrində xx.xx.2015-ci ildə qeydə alınmış və həmin tarixdə də əmlakın texniki pasportu təsdiq edildiyi halda onun atası Beydulla Əliyevin adına **********83-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin çıxarışı və texniki pasportu xx.xx.2019-cu il tarixdə qeydiyyata alnımışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1664/2024 saylı və xx.xx.2024-cü il tarixli qərarı onun hüquqlarının pozulması ilə nəticələnmişdir. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, ilkin qeydiyyat sənədlərinə əsasən həm iddiaçının, həm də üçüncü şəxsin texniki pasportuna “torpaq sahəsinin planı” hissəsində düzəliş edilməsi (ilkin qeydiyyat sənədləri əsasında) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X13 və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətlərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətlərinin təmin edilməməsini və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alınaraq, iddianın təmin edilməsini xahiş xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 648.1. Daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. ....

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 65. Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi . ...

5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. 7.2. “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Maddə 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1-1. Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilələr, habelə daşınmaz əmlak barəsində aparılmış notariat hərəkətinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş digər sənədlər əsasında aparıldıqda, bu Qanunun 9-1-ci maddəsinin tələbləri tətbiq olunur. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16.Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır..... Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan torpaq sahəsi ilə ona qonşu olan xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxsə məxsus olan torpaq sahəsinin sərhədlərinin həmin torpaq sahəsini əldə etdiyi məqamda mövcud olan ilkin hüquqmüəyyənedici sənədlərə uyğun olaraq texniki pasportun məzmununda torpaq sahəsinin planı hissəsində düzəliş edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, qeydə alınmış müvafiq texniki pasportun ləğv olunmasına və ya texniki düzəliş aparılmasına əsas yoxdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Xaçmaz şəhəri N.Ələbərov küçəsi 7 nömrəli əmlaka dair (hazırda iddiaçıya məxsus olan əmlak) X11 adına 2004-cü il tarixli texniki pasport tərtib edilmiş, sənədin məzmununda torpaq sahəsinin planı hissəsində torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxem və ölçüləri, habelə qonşu torpaq sahələrinə münasibətdə mövqeyi və sərhədləri düz xətt şəklində cizgi çəkilməklə qeyd edilmişdir. Bundan əlavə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə dair koordinatları və yerləşmə mövqeyini əks etdirən plan ölçü sənədi tərtib edilərək, təsdiq edilmiş, kadastr kitabında uçota alınmışdir. Daha sonra sözügedən torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə dair xüsusi mülkiyyət hüququ X5 adına qeydə alınmış (xx.xx.2015-ci ildə), daha sonra iddiaçının adına qeydə alınmışdır (xx.xx.2015-ci ildə). Həmçinin,iddiaçının adına texniki pasport tərtib edilmiş, həmin texniki pasportun torpaq sahəsinin planı hissəsində torpaq sahəsinin yerləşmə mövqeyi, ölçüləri, qonşu torpaq sahələrinə münasibətdə səthəd xəttləri əks olunmuşdur. İddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,06 ha olmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, qonşu torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ üçüncü şəxsin adına qeydə alınmış (xx.xx.2021-ci ildə), habelə 2019-cu ildə həmin torpaq sahəsinə dair üçüncü şəxsin atasının adına (əvvəlki mülkiyyətçi qismində) texniki pasport tərtib edilmiş, həmin texniki pasportun məzmununda torpaq sahəsinin planı hissəsində torpaq sahəsinin yerləşmə mövqeyi, ölçüləri, qoşu torpaq sahəsinə münasibətdə mövqeyi əks olunmuşdur. Üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin ölçüsü 0,0631 ha olmuşdur. Üçüncü şəxs həmin torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən əldə etmiş, həmin torpaq sahəsinə dair ilkin (Polyakov Aleksandr adlı şəxsin adına olan) hüquqmüəyyənedici sənədlərin məzmununda torpaq sahəsinin ölçüsü 0,0631 ha qeyd edilsə də, onun koodinatlarını müəyyən edən plan ölçü sənədi mövcud olmamışdır , Polyakov Aleksandr adlı şəxsin adına tərtib edilmiş texniki pasportun məzmununda torpaq sahəsinin qonşu torpaq sahəsinə münasibətdə yerləşmə mövqeyi qeyd edilmiş, sərhəd xətti düz xətt kimi əks olunmuşdur. İş materiallarında olan mütəxəssis rəyinin və ona əlavə edilmiş sxemin məzmunundan görünür ki, hüquqmüəyyənedici sənəd əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin ölçüsü 0,06 ha olsa da, texniki pasportunda göstərilmiş torpaq sahəsinin ölçüsü 0,0539 ha olmuş, Berejnaya Ninanın adına tərtib edilmiş texniki pasportun torpaq sahəsinin planı hisssəsində qeyd edilmiş plan ölçü ilə eynilik təşkil etməmiş, üçüncü şəxs tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,19 kv.m. və 0,42 kv.m hissəsində fərdi yaşayış evi inşa etmiş, Berejnaya Nina adlı şəxsin adına tərtib edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin cizgilərinə əsasən qonşu tərəfindən istifadə olunan hissə 0,0034 ha təşkil etmişdir. Göründüyü kimi indiki halda tərəflər arasında mübahisə məhz qonşu torpaq sahələrinin sərhədi, yerləşmə mövqeyi və konfiqurasiyasının hazırki texniki sənəddə ilkin texniki sənədlərə müvafiq olaraq düzgün əks etdirilib-edilməməsi ilə bağlı ortaya çıxmışdır. Kollegiya işin mübahisəli halları ilə bağlı ilk növbədə onu qeyd edir ki, məhkəmə iclasında cavabdeh inzibati orqanın mütəxəssisi dindirilmiş, o, izahatında hazırda mövcud olan texniki pasportların faktiki vəziyyətə uyğun olaraq tərtib edildiyini, əvvəllər hasarın mövcud olduğunu, tərəflər arasında mübahisə olmadığını, sarı xətlə olanların inventor büronun verdiyi texniki pasporta əsasən sərhədlər olduğunu, 34 kv.m. azalma olduğunu, yaşıl rənglə əks olunan isə faktiki istifadə vəziyyəti olduğunu, 631 kv.m. torpaq sahəsinin hasarın daxilində mövcud olduğunu, bundan əlavə hər iki tərəfdə zəbt sahə olduğunu, üçüncü şəxsə münasibətdə zəbt edilmiş torpaq sahəsi çıxıldıqda, yerində 631 kv.m. torpaq sahəsinin mövcud olduğunu, hər iki tərəfə faktiki istifadə vəziyyətinə uyğun olaraq texniki sənəd verildiyini və faktiki istifadə vəziyyətində əyrilik mövcud olduğunu qeyd etmişdir. Həmçinin, qeyd edilməlidir ki, üçüncü şəxs məhkəmə araşdırmasının gedişatı zamanı mülki iş üzrə mövcud olan ekspert rəyinə istinad edərək, ümumilikdə 61 kv.m. torpaq sahəsində üçüncü şəxs tərəfindən fərdi yaşayış evi inşa edildiyindən, iddiaçıya kompensasiya ödənilməsini təklif etmiş, bu barədə yazılı şəkildə iddiaçıya müraciət etmiş, iddiaçı tərəf isə həmin təkliflə razı olmamışdır. Eyni zamanda iş materiallarında olan sonuncu mütəxəssis rəyinin məzmunundan görünür ki, Berejnaya Ninanın adına tərtib edilmiş texniki sənəddə əks olunmuş torpaq sahəsinin koordinatları iddiaçının adına işlənilsə də, olduğu kimi işlənilməmiş, qismən eynilik təşkil etmiş, fərqliliyin və uyğunsuzluğun yaranma səbəbi də məhz üçüncü şəxsin istifadəsində olan torpaq sahəsi ilə bağlı olmuş, bu hallar rəyə əlavə edilmiş sxemdə öz əksini tapmışdır. Həmçinin, həmin rəyin məzmunundan görünür ki, hər iki torpaq sahəsi sənəd üzrə qeyd edilmiş ölçüdə naturada mövcud olmaqla, onların faktiki istifadəsindədir və üst-üstə düşmür. Göründüyü kimi iddiaçı və üçüncü şəxslərə məxsus olan torpaq sahələri qonşu torpaq sahələri olmaqla, həmin torpaq sahələri ilə bağlı hazırda mövcud olan texniki pasportlar ilkin texniki sənədlərin əsasında deyil, faktiki istifadə vəziyyətinə uyğun olaraq tərtib edilmişdir. Bu hal isə qanunvericiliyin tələbinə zidd olmuşdur. Belə ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması zamanı tələb olunan sənədlərdən biri də məhz torpaq sahəsinin plan və ölçü sənədidir. Qeyd edilən normanın mahiyyəti ondan ibarətdir ki, şəxsin hüququ məhz hansı yerləşmə mövqeyində olan, hansı ölçü və koordinatlarda, cizgilərdə, konfiqurasiyada, qonşu torpaq sahələrinə münasibətdə hansı sərhəd xəttində yerləşən torpaq sahəsi üzərində hüququn qeydə alınması aşkar olmalıdır. Başqa sözlə desək, şəxs alqı-satqı müqaviləsi əsasında torpaq sahəsi satın aldıqda, həmin müqavilə ilə yanaşı onun texniki göstəricilərinin əks etdirən plan və ölçü sənədinin də təqdim edilməsi zəruridir və bu halda cavabdeh inzibati orqan faktiki istifadə vəziyyətinə uyğun olaraq deyil, məhz əvvəlki mülkiyyətçinin adına tərtib edilmiş texniki göstəricilərə uyğun olaraq yeni mülkiyyətçinin adına texniki pasport (plan və ölçü sənədini) tərtib etmək öhdəliyi daşıyır. İndiki halda isə məhkəmə araşdırması zamanı mütəxəssis rəyləri və ona əlavə edilmiş sxemlərin, torpaq sahələrinə dair mövcud olan ilkin hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilmiş texniki sənədlərin və hazırda iddiaçı və üçüncü şəxsin adına tərtib edilmiş texniki sənədlərin müqayisəli şəkildə tədqiq edilməsi nəticəsində iddiaçı və üçüncü şəxsə məxsus olan torpaq sahələrinin sərhəd cizgilərinin ilkin texniki sənədlərə uyğun olaraq işlənilməməsi və məhz faktiki istifadə vəziyyətinə uyğun olaraq işlənilməsi halı öz təsdiqini tapmışdır. Nəticə etibarilə cavabdeh inzibati orqan qonşu torpaq sahələrinə dair sonuncu mülkiyyətçilərin adına texniki pasportu əvvəlki mülkiyyətçilərin adına tərtib edilmiş texniki sənədin məzmununa uyğun deyil, onların faktiki istifadə vəziyyətlərinə uyğun tərtib etdiyindən, onun hərəkətləri qanunauyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iniki halda cavabdeh inzibati orqan iddiaçı və üçüncü şəxsin adına texniki pasportun torpaq sahəsinin planı hissəsində əks olunmuş məlumatları ilkin texniki sənədlərə uyğun olaraq elektron kadastr məlumat bazasında düzgün işləmədiyindən, onun tərəfindən yol verilmiş həmin yanlışlığı düzəltmək öhdəliyi daşıyır. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, birinci instansiya mhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdeh və üçüncü şəxsin şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuşdur. Həmçinin, kollegiya onu qeyd edir ki, iddiaçının hüquqi marağı məhz qonşu torpaq sahəsi ilə olan sərhəd cizgisinin düzgün işlənilməsi ilə bağlı olduğu, nəticə olaraq iddiaçı və üçüncü şəxsə aid torpaq sahələrinə dair texniki sənədlərin məzmununda düzəliş edilməsi ilə bağlı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən yalnız iddiaçının özünə aid torpaq sahəsinə dair texniki sənəddə düzəliş edilməsi qərara alınmışdır. Bu baxımından məhkəmə icraatı zamanı iddiaçının hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqqiləşdirilməsi ilə bağlı iddiaçıya hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən ona uyğun olaraq iddia tələbinin dəqqiləşdirilməsi barədə yazılı ərizə təqdim edilmişdir. Belə olan halda kollegiya hesba edir ki, iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan, apellyasiya şikayətləri təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1664/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı adına tərtib edilmiş texniki pasportun (reyestr nömrəsi:**********64-10301 olan əmlaka dair) məzmununda “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək, ilkin mülkiyyətçi X11 adına tərtib edilmiş ilkin torpaqayırma sənədlərinin koordinatlarına, göstəricilərinə və yerləşmə cizgisinə uyğun qeyd edilməsi, habelə üçüncü şəxs X9 məxsus olan 0,0631 ha torpaq sahəsinə dair tərtib edilmiş texniki pasportun (reyestr nömrəsi:**********83-10301 olan əmlaka dair) məzmununda “torpaq sahəsinin planı” hissəsində düzəliş edilərək, ilkin mülkiyyətçi X1 adına tərtib edilmiş ilkin torpaqayırma sənədlərinin koordinatlarına, göstəricilərinə və yerləşmə cizgisinə uyğun qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar