Məhkəmə qərarları › İş №2-1(105)-843/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-843/2023

13.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-843/2023 13.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Üçüncü şəxs X5 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “cavabdeh Abşeron rayon Polis İdarəsinin X9, X10 və X7 Abşeron rayonu, Masazır kəndi, H.Cavid küçəsi, ev 6-da fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1655/2021 nömrəli qərarından üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayon X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yaşayış sahəsi 34,7 kv.m, köməkçi sahəsi 37,0 kv.m, 2 otaqdan ibarət fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına 22051 nömrəli reyestr kitabında qeydə alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Abşeron rayon Polis İdarəsinin X9, X10 və X7 Abşeron rayonu, Masazır kəndi, H.Cavid küçəsi, ev 6-da fərdi yaşayış evinə istifadə hüquqlarının olmamasını nəzərə alaraq onların həmin fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmalarına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X11, X12 və X8 qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbi ilə Abşeron rayon məhkəməsinə müraciət etmişdir. Onlar 2000ci ildə tikilmiş Abşeron rayonu, Masazır kəndi, H.Cavid küç., ev 6-da olan fərdi yaşayış evində heç vaxt yaşamamışdır. Adları yuxarıda göstərilən şəxslərin həmin evdə qeydiyyatı formal olmuşdur. Yəni həmin şəxslərin onsuzda mənzilə heç bir yaşayış hüququ olmadığına görə Abşeron rayon məhkəməsi 2(012)-495/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarı ilə işə xitam verərək ərizə ilə müvafiq icra orqanına (polis idarəsinə) müraciət etməyi, imtina alındığı halda isə müvafiq inzibati məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşırlar. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1655/2021 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilmiş, X5, X6 və X7 Abşeron rayonu, Masazır kəndi, H.Cavid küçəsi, ev 6-da fərdi yaşayış evinə istifadə hüquqlarının olmamasını nəzərə alaraq onların həmin fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin Abşeron rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Qərardan narazı qalan üçüncü şəxs X9 apellyasiya şikayəti verərək, onun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs X9 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarı ilə qəti şəkildə razılaşmır. Digər üçüncü şəxslər onun ailə üzvləridir. X1 mənzildə olan istifadə hüququna xitam verilməsi ilə bağlı ilk əvvəl Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. 2(012)-495/2021 saylı mülki iş Abşeron Rayon Məhkəməsinin hakiminin icraatında olmuşdur. Həmin mülki işin icraatına xitam verərək, qərardad qəbul etmişdir. X3 onun doğma anasıdır. İddia ərizəsində qeyd etdiyi X13 və X15 onun doğma övladlarıdır. Mübahisələndirilən ev onun atasının əvvəlki, yəni Gəncə şəhərində yerləşən evi satılaraq bu evi əldə etmişlər. O bir vərəsə kimi anasının ona qarşı bu iddiasına etiraz edirə. Anası digər ailə üzvlərinin dolduruşuna gələrək, atasının mülkündən məhrum etmək niyyətindədir. Ev anasının adına olsa da, atasına məxsus ev satılaraq, bu evi əldə etmişlər. Əvvəlcə torpaq sahəsini almış və daha sonra ev inşa edilmişdir. Bu evin inşa edilməsində onun da əziyyəti vardır. Atası sağ olan zaman ailə münasibətləri normal olmuşdur. Atası vəfat edən kimi aralarında soyuq münasibətlər yaranmağa başlamışdır. Anasının ona qarşı iddia ərizəsində qeyd etdiyi bütün fikirlər yalandır və həqiqəti əks etdirmir. Anası övladlar arasında qız və oğlan seçkiciliyi edərək, atasından miras qalmış evi qardaşları arasında bölmək istəyir. Qanununda övladı qız və ya oğlan olmasının fərqi varmı? Onun hüquqi savadı olmasa da, qız və oğlanın hüququ eynidir. Anası dəfələrlə bildirir ki, sən ailə həyatı qurmusan və bu evdə heç bir hüququn yoxdur. Mübahisəli ev atasının əziyyəti ilə ərsəyə gəlmişdir. O da ailənin üzvü olduğu üçün onun da həmin evə dair payı vardır. Anasının onlara qarşı Abşeron rayonu Masazır kəndi, H.Cavid küçəsi, ev 6 olan fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi barədə iddiası əsassız olduğu üçün ləğv edilməlidir. Onun uzun illər həmin evdə qeydiyyatda olmağını və atasının Gəncə şəhərində olan evində də qeydiyyatda olmağı sübuta yetirmək üçün СССР pasportumun surətini məhkəmə zamanı təqdim edəcəkdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş üçüncü şəxs X9 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollehiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakları olmadan baxmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29 İ və İİ bəndi. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbi mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən daimi pasport qeydiyyatında olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, müvafiq fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ (qeydiyyat vəsiqəsi) əsasında iddiaçıya məxsusdur. Hazırda inzibati iş üzrə üçüncü şəxs qismində çıxış edən şəxslər idiaçının qzı və nəvələri olmaqla, orada 2001-ci il tarixdən pasport qeydiyyatındadırlar, həmin mənzildə yaşamırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, üçüncü şəxslər mübahisə predmeti olan yaşayış sahəsində 2001-ci il tarixdən pasport qeydiyyatına alındığından, qüvvədə olan qanunvericilik normalarının tələbinə əsasən həmin şəxslərin yaşayış sahəsinə dair istifadə hüququnun olubolmaması halının müəyyən eidlməsinə dair mübahisəli hüquq münasibəti məhz Mülki Məcəllənin 228-ci maddəsinin normaları tətbiq edilməklə həll edilməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, üçüncü şəxs X9 1994-cü ildə ailə həyatı qurmuş, hazırda da nikahda olmaqla, nikaha daxil olduğu vaxtdan indiyədək öz ailəsi (həyat yoldaşı və uşaqları) ilə birlikdə başqa yaşayış sahəsində yaşayır. Üçnücü şəxslər mübahisə predmeti olan mənzildə ümumiyyətlə yaşamamışlar, bu halı hər iki tərəf təsdiq etməklə, işin mübahisəsiz halı qismində çıxış etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, üçüncü şəxs X9 özü izahatında 1994-cü ildə ailə həyatı quraraq, həmin vaxtdan ata evini tərk edərək, başqa yaşayış sahəsində yaşadığını, hazırda da başqa yaşayış sahəsində yaşadığını, həmin yaşayış sahəsində ümumiyyələ yaşamadıqlarını bildirmişdir. Bu halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxslər həmin mənzildə ümumiyyətlə yaşamadığından, mülki qanunvericiliyin tələbinə əsasən həmin şəxslərin müvafiq yaşayış sahəsinə dair istifdaə hüquqları yaranmamışdır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin tələbinə əsasən məhz mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər, habelə həmin şəxslərin öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. İdniki halda isə işin mübahisəsiz hallarından görünür ki, üçüncü şəxslər ümumiyyətlə həmin mənzildə köçüb yaşamamış, yalnız formal olaraq pasport qeydiyyatında olmuşlar. Həmçinin, qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən şəxs yaşayış yeri üzrə pasport qeydiyyatına alınır və fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. İndiki halda isə üçüncü şəxslər həmin mənzildə ümumiyyətlə yaşamamış, nəticə etibarilə həmin yaşayış sahəsi üzrə papsort qeydiyyatında olmaları formal xarakter daşımışdır. Bundan əlavə məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, üçüncü şəxs həmin evin Gəncə şəhərində olan ata evinin satılması nəticəsində əldə edilmiş pul vəsaiti hesabına tikilməsi, özünün də evin tikilməsində əziyyətinin olması, evdə payının olması, uzun illər pasport qeydiyyatında olması kimi hallara istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən hallarla bağlı üçüncü şəxs tərəfindən hər hansı sübut vasitəsi təqdim edilməmiş, habelə iş materialları əsasında qeyd edilən yaşayış sahəsinin iddiaçıya məxsus olması və onun adına hüququn rəsmiləşdirilməsi halı öz təsdiqini tapmışdır, bu hal özlüyündə apellyasiya şikayətinin dəlili kimi istinad edilən halları təkzib edir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə balı qeyd edir ki, iddiaçı tərəfindən mülki məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürülərək, həmin şəxslərin istifadə hüququna xitam verilməsi xahiş olunmuş, müvafiq məhkəmə qərardadı ilə cavabdehlərin mübahisəli evdə qeydiyyatlarının formal olduğundan, orada yaşamadıqlarından, istifadə hüququnun mövcudluğu ilə bağlı sənəd iş materiallarında mövcud olmadığından Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə istinad edilməklə, iş üzrə icraata xitam verilməsi qərara alınmış, habelə iddiaçıya bununla bağlı müvafiq inzibati orqana müraciət olunması və imtina aldığı halda inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilmişdir. Göründüyü kimi bu hal üçüncü şəxsin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi həmin mülki iş üzrə evdə yaşadığını sübut etdiyindən, iş üzrə icraata xitam verilməsi ilə bağlı istinad etdiyi halları təkzib edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda üçüncü şəxslər həmin yaşayış sahəsində ümumiyyətlə yaşamadığından və ona dair istifadə hüquqları yaranmadığından, habelə onların həmin yaşayış sahəsində pasport qeydiyyatında olmaları formal xarakter daşıdığından, bu hal isə mülkiyyətçinin mülkiyyət hüququnun əsassız yerə məhdudlaşıdırılmasına səbəb olduğundan, iddia tələbi əsaslı olmuş, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuş, digər üçüncü şəxslər isə məhkəmə qərarı ilə razılaşaraq, apellyasiya şikayəti verməmişlər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-1655/2021 nömrəli qərarı üçüncü şəxs X5 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar