Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-843/2025 10.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayədəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-1480/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İddiaçı xx.xx.2001-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən verilmiş sosual müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün nəzərdə tutulmuş müavinət ödənilmişdir. 12 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arayışdan görünür ki, iddiaçıya iki il müddətinə əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyasının müayinə olunan şəxs barədə məlumatına əsasən iddiaçı X6 xx.xx.2016-cı il tarixdən 3 il müddətinə “Doğuş travması nəticəsində əmələ gələn oliqofreniyanın debillik dərəcəsi. Psixotabənzər davranışla” diaqnozu ilə əlillik təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən iddiaçı X6 xx.xx.2019-cu il tarixdən “Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəllədaxili travmaların nəticələri, postravmatik ensefalopatiya (doğuş zamanı anamnezində), xroniki dəmir defisitli anemiya” diaqnozu ilə ümumi xəstəlik səbəbilə ikinci dərəcə müddətsiz əlillik təyin edilmişdir. İddiaçı barəsində xx.xx.2019-cu il tarixdə müddətsiz təyin edilmiş müddətsiz ll dərəcəli əlillik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2025-ci il tarixli 815 saylı ekspert rəyinə görə İddiaçı orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F71.1) aşkar edilmişdir. Aşkar edilmiş xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, No 187 qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına dair" Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşüb-düşməməsi sualı cavablandırmaq məhkəmə-psixiatik ekspertizasının səlahiyyətlərinə aid deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 2-1(118)-4705/2024 nömrəli qərardadı ilə iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə mümkün sayılmamışdır. Həmin qərardad iddiaçının apellyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(105)-862/2024 nömrəli qərardadı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsi və vəkilinin iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “xx.xx.2019-cu il tarixdə təyin olunmuş əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, əlillik dərəcəsinin bərpa olunması və xx.xx.2023-cü il tarixdən dayandırılmış müavinətin ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “xx.xx.2022-ci il tarixli qərarın ləğv edilməsi və əlilliyin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaşıya 9 yaşından, yəni xx.xx.2010-cu il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur və bununla əlaqədar ona müavinət ödənilməyə başlanılmışdır. Əlilliyin səbəbi kimi ümumi xəstəlik, diaqnozu orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəllədaxili travmaların nəticəsi, posttravmatik ensefalopotiya (doğuş zədəsi anamnezində), xroniki dəmir defisitli anemiya qeyd olunmuşdur. Məlum xəstəliyi səbəbindən yalnız 1-ci sinifi Sumqayıt şəhər 34 nömrəli məktəbdə oxumuşdur. Məktəbdə yanğın törətdiyi üçün (xəstəliyi səbəbindən hərəkətlərinin mənasını dərk etmir) onu məktəbdən xaric etmişlər və o, qüsurlu uşarların oxuduğu məktəbdə Sumqayıt şəhər X7 Tipli Gimnaziyada təhsilini davam etdirməli olmuşdur. Bu dövr ərzində də əlilliyinin qiymətləndirilməsi müddəti başa çatanda hər dəfə yenidən yoxlanışdan keçmiş və yenidən təyinat aparılmışdır. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə eyni diaqnoz əsasında müddətsiz ll dərəcəli əlillik təyin olunmuşdur. Son aylarda ona məlum olmuşdur ki, cavabdeh Agentlik ona təyin olunmuş əlilliyi dayandırmışdır. Hətta sonuncu təyinatla ona ödənilmiş müavinətləri belə geri tələb etmişdir. Bunun səbəbini aydınlaşdıranda cavabdeh vəkilinə ünvanladığı məktubunda qeyd etmişdir ki, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Göründüyü kimi cavabdeh imtinasında onun hazırkı vəziyyətinin əlillik təyini üçün əsas vermədiyini, başqa sözlə sağaldığını qəsd etmişdir. Əslində isə xəstəliyi sağalmamış və olduğu kimi qalmışdır. Bu xəstəlik uşaqlıqdan onda vardır. Hazırda da eyni əlamətlər davam edir. İddiaçı doğularkən doğuş zədəsi - kəllə-beyin travması almışdır, bu səbəbdən də əqli gerilik onu daim müşayiət edir. Bu isə sağalan xəstəlik deyildir. Bu səbəbdən də cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində deyilir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda. inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan normadan görünür ki, inzibati orqan inzibati icraat zamanı işin hallarını ətraflı araşdırmalı və təqdim edilən sübutlara bağlı olmamalıdır, zərurət yaranarsa əlavə sübutlar toplamalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddia tələbinə qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə tibb müəssisəsinin 0773003AAB6P nömrəli göndərişi Tibbi-sosial ekspert komissiyası tərəfindən ilkin olaraq xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş **********2 nömrəli məktub əsasında xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir; Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən Əlillik altSistemində tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Birinci instansiya məhkəməsində qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-1480/2025 nömrəli qərarı ilə iddia təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022ci il tarixli qərarının ləğv edilməsi və İddiaçı əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya qoyulmuş diaqnoz Məhkəmə Psixiatriya Mərkəzi ütərəfindən verilmiş məhkəmə-psiziatrik ekspertizasının rəyi ilə təsdiq edilmişdir. İddiaçının əyani müayinəyə dəvət olunması üçün əsas götürülmüş Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, 2129 №li məktubuna münasibətdə məhkəmə qeyd etmişdir ki, X6 məxsus SX №0835195 seriyalı hərbi biletin “Tibbi müayinələr haqqında məlumatlar” bölməsində xx.xx.2024-cü ildə Sumqayıt HHK tərəfindən xəstəliklər cədvəlinin 1 qrafasının 22C maddəsinə əsasən iddiaçı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq etirazlarını belə təhrif etmişdir. Məhkəmənin sırf ekspert rəyinə əsaslanaraq iddianın təmnin etməsi ilə razılaşmır. “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar iddiaçının forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Göndərişdə qeyd olunan diaqnoz “Diaqnozun əlillik əlaməti təyin etməməsi” halında məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1480/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayədəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hüquqi marağı cavabdeh orqan tərəfindən qəbul edilmiş 27 dekabr 2022-ci il tarixli qərarın ləğv edilərək, əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı 2010-cu ildən, yəni 9 yaşından sağlamlıq imkanları məhdud olması müəyyən edilmiş və ona həmin vaxtdan bu əsasla sosial müavinət ödənilmişdir. 2019-cu ilədək əlillik dərəcəsi müəyyən müddətlərə uzadılmış, 2019-cu ildə isə “Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Kəllədaxili travmaların nəticələri, Postravmatik ensefalopatiya (doğuş zədəsi anamnezində), Xroniki dəmir defisitli anemiya" diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında iddiaçı etdiyi hərəkətlərin mənasını anlamaqda çətinlik çəkir, 2022-ci ildə müharibə barədə xəbərlərdən və hadisələrdən sonra emosional vəziyyətdə özü Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək hərbi xidmətə göndərilməsini xahiş etmişdir. Həmin vaxt onu hansı əsasla yararlı hesab etdikləri məlum deyildir. Amma 2024-cü ildə yenidən müayinə edərkən onun dinc dövrdə yararsız, müahribə dövründə məhdud yararlı hesab edilmişdir və hərbi xidmətində bu marədə müvafiq qeyd aparılmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2022-ci il tarixli , ********** nömrəli və xx.xx.2022-ciil tarixli məktublar ünvanlayaraq əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edildiyini bildirərək, iddiaçının xx.xx.2022-ci il tarixdə əyani müayinədə iştirakı tələb edilmiş, əks halda əliliyin iştirakı olmadan müvafiq inzibati akt qəbul ediləcəyi bildirilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixdə əyani müayinədə iştirakı tələb edilmiş, əks halda əliliyin iştirakı olmadan müvafiq inzibati akt qəbul ediləcəyi bildirilmişdir. İddiaçı həmin tarixdə əyani müayinədə iştirak etməmişdir. Cavabdeh iddiaçının xx.xx.2022-ci il tarixdə əyani müayinəyə gəlməməsinə halına istinad edərək, iddiaçı barəsində xx.xx.2019-cu il tarixdə təyin edilmiş müddətsiz ikinci dərəcə əlilliyin ləğvinə dair qərar qəbul etmişdir. Cavabdeh inzibati orqan iddiaçının əlavə müayinələrin aparılması üçün əyani müayinəyə dəvət olunması səbəbi kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ünvanladığı xx.xx.2022-ci il tarixli, 2129№li məktubu əsas gətirmişdir ki, həmin məktubda qeyd edilmişdir ki, X4 2022-ci ilin oktyabr çağırışına cəlb olunmuş və SHXÇDX-nin Sumqayıt şəhər baş idarəsinin Hərbi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilən zaman çağırışçıya əlavə müayinə olunması üçün “Respublika psixiatriya xəstəxanası” PHŞ-nə göndərilmiş, çağırışçı müayinədən keçdikdən sonra daxil olmuş sağlamlıq vəziyyətinin müayinə edilməsi aktında “Hal-hazırda psixi xəstəlik aşkar olunmur” diaqnozu qeyd olunmuşdur. Qeyd olunan diaqnoz SHXÇDX-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və “hərbi xidmətə yararlıdır” hesab edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq xx.xx.2001-ci il təvəllüdlü İddiaçı təyin olunmuş ikinci dərəcəli əlil məhdudiyyətinin ləğv edilməsinə baxılması və nəticəsi barədə qısa müddət ərzində yazılı məlumat verilməsini Sizdən xahiş edirəm. İş materiallarından müəyyən edilir ki, X6 məxsus SX №0835195 seriyalı hərbi biletin “Tibbi müayinələr haqqında məlumatlar” bölməsində xx.xx.2024-cü ildə Sumqayıt HHK tərəfindən xəstəliklər cədvəlinin 1 qarafasının 22C maddəsinə əsasən iddiaçı dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçı barəsində qəbul etdiyi mövcud sənədlər üzrə aparılmış araşdırma nəticəsində X11 tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilməsinə dair qərarı əsassızdır. Həmçinin yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. Kollegiya hesab edir ki, indiki halda aydınlaşdırılmalı olan hal cavabdeh inzibati orqan tərəfindən özünün qəbul etdiyi qərarın düzgünlüyünü şübhə altına alan əsasın (hansı ki inzibati icraatın təzələnməsinə əsas olmuşdur) nədən ibarət olmasıdır. Cavabdeh inzibati orqan bununla bağlı “əsaslı şübhə” qismində müxtəlif risk qrupları üzrə araşdırma aparılması hallarına istinad etməklə, “əsaslı şübhə”ni ümumi sözlər şəklində ifadə etməklə, risk qrupuna daxil edilmənin əsaslarına dair hər hansı sübut (audit yoxlaması, xidməti araşdırmanın nəticəsi və s.) təqdim edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, həmin qərarın mötəbərliyinin şübhə altına alan əsaslı sübutlar mövcud olmadığı halda, inzibati icraatı təzələməklə, iddiaçı əyani müayinəyə dəvət edilmiş, onun barəsində “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul etməklə və nəticə olaraq əlilliyi ləğv etməklə bağlı qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdehin istinad etdiyi hal ümumi söz şəklində ifadə edildiyindən, formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olaraq inzibati icraatın təzələnməsinə əsas olan halın “əsaslı şübhə” kimi qiymətləndirilməsinə əsas vermir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh inzibati orqan “müxtəlif risk qrupuna daxil olması” ümumi söz şəklində istinad etməklə, özünün qəbul etdiyi qərarı şübhə altına almaqda haqlı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının məhkəmələrinə ünvanlanmış 15 may 2024-cü il tarixli, 1-8-10/2-824/2024 saylı icmal məktubunda qeyd edilmişdir ki, “İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bununla bağlı olaraq qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə Agentlik istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, həmin qurum “əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Ali Məhkəmənin bu məsələyə dair qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünülüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. Həmçinin bu kateqoriyadan olan işlərə baxılarkən əlilliyi müddətli müəyyən edilmiş şəxslərin əyani müayinəsinin nəticələrinin ona əlilliyin müəyyən edildiyi vaxta uyğun sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verərək müddətdə aparılmalı olması da nəzərə alınmalıdır. Həmçinin iş materiallarından müəyyən edilir ki, xx.xx.2025-ci il tarixli 815 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, İ. Motivləşdirici hissə. Yoxlanılan şəxs İddiaçı "ORTA DƏRƏCƏLİ ƏQLİ GERİLİK DAVRANİŞ POZUNTULARİ İLƏ" (F71.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erken psixo-fiziki inkişafdan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən ümumi xəstəliklə ikinci dərəcəli əlil hesab olunması), hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən passiv, ətrafında baş verən hadisələrə maraq göstərməməsi, verilən sualları anlamaması, mnestik qabiliyyətinin və intellektual səviyyəsinin aşağı olmasi, emosional-iradi sferasının enməsi, maraq dairəsinin məhdud olması, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Göründüyü kimi iddiaçıda əlilliyə əsas olmuş xəstəliklərin hazırda da davam etməsi ekspert rəyi ilə də öz təsdiqini tapmışdır. Buna baxmayaraq cavabdeh inzibati orqan hər hansı hüquqi əsaslandırma olmadan iddiaçıya təyin olunmuş əlilliyi ləğv etmək qərarına gəlmişdir. Başqa sözlə, cavabdeh eyni diaqnoz əsasında iddiaçıya 2019-cu ildən müddətisz ikinci dərəcəli əlillik təyin etsə də, daha sonra iddiaçının sağlamlıq vəziyyətində hər hansı irəliləyiş olmamasına baxmayaraq təyin edilmiş əlilliyin ləğv olunması və iddiaçının tam reabilitasiya olunması qərarına gəlmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2019-cu ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci dərəcə əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır. Bundan başqa kollegiya hesab edir ki, iddiaçının uşaqlıqdan (9 yaşından) sağlamlkıq imkanları məhdud olan şəxs olması və uzun illər həmin diaqnozdan əziyyət çəkməsi iş materialları ilə təsdiq edilir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, diaqnoz əsasında şəxsin əlil hesab olunub-olunmaması Agentliyin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən, diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-1480/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.