Məhkəmə qərarları › İş №2-1(105)-844/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-844/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-844/2025 24.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X1 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)-277/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciə edərək, güzəştli şərtlərlə 60 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli, 2-1(118)- 277/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı güzəştli şərtlərlə 60 yaşdan (xx.xx.2022-ci il tarixdən) əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sitemində kabinet vasitəsi ilə məhkəmə kollegiyasına vəsatət ünvanlayaraq bildirmişdir ki, sözügedən mübahisə cavabdeh inzibati orqan tərəfindən məhkəmədənkənar qaydada həll edilmiş, "xxxx" QSC-nin xx.xx.2025-ci il tarixli 13-3-2/3-9-85/2025 nömrəli arayışı nəzərə alınmaqla İddiaçı "Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsi üzrə 57 yaşının tamam olduğu xx.xx.2019- cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd edilən iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 “Elektron Məhkəmə” informasiya sitemində kabinet vasitəsi ilə əlavə edilmiş icraata xitam verilməsi barədə vəsatəti müdafiə etdiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil cavabdeh tərəfindən təqdim edilmiş vəsatətə etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası iddiaçının məktubunu və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, mübahisəli məsələ məhkəmədənkənar qaydada artıq öz həllini tapdığından, cavabdeh tərəfindən iddiaçının iddia tələbi təmin edilidiyindən, mübahisə mövcud olmadığından, inzibati prosessual qanunvericiliyinin tələbinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı halları müəyyən olunduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığından icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində (elektron kabinet və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar