Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-845/2024 05.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2-1(118)- 2364/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi haqqında” 25 yanvar 2022-ci il tarixli, **********9 saylı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və ona yaşa görə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12442/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçının iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, ona xx.xx.2021-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1956-cı il tarixdə anadan olmuş, pensiya təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatdığı üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialına ərizə ilə müraciət etmişdir. Lakin, cavabdehin 25 yanvar 2022-ci il tarixli **********9 nömrəli məktubuna əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ərizəsi müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə yazılı münasibət bildirməmişdir. Lakin iddiaçıya verilmiş imtina məktubunda bildirmişdir ki, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialından daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə Mərkəzi Filialda baxılmışdır. Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1974-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək təhsil aldığınız müddət, xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət, eyni zamanda əmək kitabçanızda qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajınız 5 il 7 ay təşkil edir və bu qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 5 il 7 ay sığorta stajına uyğun olaraq 4254,89 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Fondun 5 saylı regional ərazi filialında aparılan araşdırmaya əsasən X5 Teatrının 2014-cü il tarixinədək olan əmr kitabları və əməkhaqqı cədvəllərinin saxlanıldığı ünvan məlum olmadığı üçün əmək kitabçanızın surətində qeyd olunmuş xx.xx.1981-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlər sığorta stajınıza əlavə edilməmişdir. Qeyd olunanlara əsasən sizə yaşa görə əmək pensiyasının təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, sığorta stajınızı təsdiq edən əlavə sənəd təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrləriniz zərurət olduğu halda araşdırıla bilər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2021-ci il tarixindən 130 manat, xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə sosial müavinət təyin olunmuşdur”. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. İş materiallarına əlavə olunmuş ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı 1975-ci ildən 1977-ci ilə kimi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə olunmuş İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı 1977-ci ildən 2005-ci ilə kimi əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarına əlavə olunmuş X5 Teatrı tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 19 nömrəli arayışdan görünür ki, iddiaçı 15 may 1981-ci ildə X5 Teatrında işıqçı vəzifəsinə qəbul edilmiş, 30 dekabr 2005-ci ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2364/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı müxtəlif illərdə, yəni 1974-cü ildən 2005-ci il tarixinədək əmək fəaliyyəti ilə məşğul olmuşdur (təhsil aldığı və hərbi xidmətdə olduğu illər daxil olmaqla). Tələbin mübahisə edilən hissəsi iddiaçının 1981-2005-ci illər üzrə X5 Teatrında işlədiyi müddətdə arxiv məlumatların olmaması və əməkhaqqı almadığı dövrlərdir. Cavabdeh təşkilatın bildirdiyinə görə həmin dövrlərdə əməkhaqqının almaması və arxiv məlumatların olmaması səbəbindən sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qeyri-mümkündür. Cavabdeh təşkilatın gətirdiyi arqument məhkəmə tərəfindən araşdırılmışdır. Belə ki, iddiaçıya aid əmək kitabçasında iddiaçının X5 Teatrı tərəfindən verilmiş 19 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan da görünür ki, iddiaçı müvafiq müəssisədə işləmiş və əməkhaqqı almışdır. Belə ki, qeyd edilən dövrlər üzrə əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Başqa sözlə desək, cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında və arxiv məlumatlarında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Beləliklə, işin araşdırılan hallarından aydın olmuşdur ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri hesabladıqda ümumilikdə onun 25 ildən çox sosial sığorta staja malik olması müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçası və arxiv məlumatlarında qeyd edilən mübahisələndirilən müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu müddət 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilmişdir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 65 yaşı xx.xx.2021-ci ildə tamam olmuş olur. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri bilmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası ödənişi təyin edilərkən ona ödənilmiş sosial müavinət ödənişlərin məbləğlərini hesablayandan sonra yerdə qalan məbləğlər İddiaçı pensiya ödənişinin üzərinə əlavə edilərək ödənilməlidir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubunu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, X5 Teatrının sənədlərinin arxivdə mövcud olmaması iddiaçının təqsiri deyil və onun ziyanına şərh edilməməlidir. Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhəsiz qəbul edərək iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2005-ci il tarixədək X5 Teatrında işlədiyini iddia etdiyi illəri onun sığorta stajına daxil etmişdir. Lakin məhkəmə, X5 Teatrının 2014-cü ilədək olan əməkhaqqı cədvəllərinin arxivə təhvil verilməmə səbəblərini araşdırmamış, iddiaçının həmin müəssisədən əməkhaqqı aldığı barədə heç bir sübut olmadan qərar qəbul etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanunsuz, işin faktiki halları baxımdan əsassız olduğundan ‘‘hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi' barədə İddiaçı iddiası təmin olunmamalıdır. Qeyd olunanlarla bağlı Sumqayıt İnzibati Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2-1(118)-2364/2024 nömrəli qərarında məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qərarda göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmədə icraat zamanı yol verilmiş ciddi pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılmasının tələb olunması sübuta yetirilir və bu səbəbdən qərar ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 65 yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmiş və məhkəmə qərarını əsaslandıraraq qeyd etmişdir ki, iddiaçıya aid əmək kitabçasında iddiaçının X5 Teatrı tərəfindən verilmiş 19 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan da görünür ki, iddiaçı müvafiq müəssisədə işləmiş və əməkhaqqı almışdır. Belə ki, qeyd edilən dövrlər üzrə əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının iş stajının hesablanmaması üçün əsas ola bilməz. Nəzərə alınmalıdır ki, xx.xx.2006-cı ilədək sığorta stajı anlayışı olmayıb və vətəndaşın qulluq illəri onun iş stajı ilə müəyyənləşdirilib. Başqa sözlə desək, cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında və arxiv məlumatlarında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Beləliklə, işin araşdırılan hallarından aydın olmuşdur ki, iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu dövrləri hesabladıqda ümumilikdə onun 25 ildən çox sosial sığorta staja malik olması müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçası və arxiv məlumatlarında qeyd edilən mübahisələndirilən müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu müddət 25 ildən çox təşkil edir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən indiki halda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 65 yaşına çatması; b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla, onun pensiya yaşına - 65 yaş çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 5 il 7 ay iş stajına malik olması halını qəbul etmiş, əmək kitabçasında qeyd edilmiş 1981-2005-ci illərə aid dövrlər üzrə əmək haqqı almaması halına istinad edərək, 24 il 7 ay 14 gün olan müddəti sosial sığorta stajına daxil etməmişdir. İş materiallarına əlavə olunmuş X5 Teatrı tərəfindən verilmiş 03 aprel 2024-cü il tarixli, 19 nömrəli arayışdan görünür ki, iddiaçı 15 may 1981-ci ildə X5 Teatrında işıqçı vəzifəsinə qəbul edilmiş, 30 dekabr 2005-ci ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Cavabdeh inzibati orqan iddiaçının əmək haqqı cədvəllərinin olmaması əsası ilə mübahisə edilən dövrləri sosial sığorta stajı kimi nəzərə almamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. Göründüyü kimi həmin qanunvericilik normasında iş stajının müəyyən edilməsinin məhz əmək haqqının ödənilməsi şərtindən asılı edilməsinə dair hər hansı meyar nəzərdə tutulmamışdır. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının işlədiyi dövrlərə aid əmək haqqı cədvəllərinin tərtib edilməsi, habelə həmin sənədlərin arxivləşdirilməsi məhz işəgötürənin vəzifəsi olmaqla, onun öhdəliyi kimi ortaya çıxmışdır. Bu baxımından işəgötürənin öz səlahiyyətlərini lazimi qaydada icra etməməsi halı iddiaçının pensiya hüququnun məhdudlaşdırılmasına əsas hal kimi çıxış etməməlidir. Göründüyü kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında və arxiv arayışında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Bununla da, iddiaçının malik olduğu iş stajının 25 ildən artıq olması halı öz təsdiqini tapmaqla, pensiyanın təyin edilməsi üçün zəruri olan digər şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2364/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.