Məhkəmə qərarları › İş №2-1(105)-846/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-846/2025

02.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-846/2025 02.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “X3 adına olan xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AN 425297 saylı (**********1560) torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə Qobu Bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2-1(118)-274/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə Qobu Bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, “X3 adına olan xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AN 425297 saylı (**********1560) torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə Qobu Bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(118)-274/2025 nömrəli qərardadı ilə X5 zəruri cəlbetmə qaydasında hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. Həmin torpaq sahəsini daş hasara alınmışdır. İddiaçı hər il torpaq vergisini Qobu bələdiyyəsinə ödəmiş və bələdiyyəyə torpaq vergisinə görə heç bir borcu yoxdur. İddiaçı 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu, Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə Qobu bələdiyyəsi ərazisində istifadəsinə və sahibliyinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023cü il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli bildiriş məktubu ilə ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 10 yanvar 2007-ci il tarixində, 01 nömrəli qərarla ayrıldığı halda, alqı- satqı aktı və ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin 30 dekabr 2014- cü il tarixində verildiyi, müvafiq icra hakimiyyəti orqanın memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi, torpaq sahəsinin ləğv edilmiş DT və XK tərəfindən X3 adına verilmiş plan-ölçü sənədi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2-1(118)-274/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, X3 adına olan xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AN 425297 saylı (**********1560) Torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi, Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə Qobu Bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Üçüncü şəxs qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin hazırda qəbul etdiyi qərar qanunsuz və əsassız olmaqla, onun mükiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərarla, onun adında olan və xx.xx.2013-cü il tarixində tərtib edilmiş AN 425297 seriyalı (kadastr kodu: **********1560) “Torpaq sahəsinin planı və ölçüsü” sənədi iddiaçının hüququ tanınan torpaq sahəsi ilə müəyyən hissədə üst-üstə düşdüyü əsas gətirilərək ləğv edilmiş, onun həmin torpaq sahəsinə dair hüquqları isə nəzərə alınmamış və qiymətləndirilməmişdir. Halbuki qeyd etmək istərdi ki, yuxarıda qeyd olunan torpaq sahəsi uzun müddətdir ki, faktiki olaraq onun istifadəsində olmuşdur. Bundan əlavə, torpaq sahəsinə dair onun tərəfindən toplanmış müəyyən hüquqi və texniki sənədlər də vardır. Həmin sənədlərin bir qismi məhkəməyə təqdim edilmiş, bir qismi də apellyasiya şikayətinə əlavə edilir. Məhkəmə qərarında torpaq sahəsinin üst-üstə düşən hissəsini əsas gətirməklə AN 425297 saylı torpaq plan sənədinin üst-üstə düşən hissəsini ləğv etmişdir. Məhkəmə nəzərə almamışdır ki, yuxarıda göstərdiyi kimi həmin sahə uzun müddətdir ki, onun istifadəsindədir. Ən əsası isə odur ki, mübahisəli torpaq sahəsinə, yəni üst-üstə düşən hissədə plan və ölçü sənədi tərtib edilmişdir ki, bu da rəsmi qurum tərəfindən, hüquqmüəyyənedici sənəd əsasında hazırlanmış, həmçinin özü də hüquqmüəyyənedici sənəddir. Məhkəmə həmin sənədin tərtib edilməsinə əsas olan halları araşdırmadan qərar qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qərarın məzmununa əsasən həmin sənədlərin qanunsuz əlverişli inzibati akt sayılması qənaətinə gəlmək mümkündür. Lakin nəzərə alınmalıdır ki, İnzibati İcraat haqqında qanunun 67.5-ci maddəsində qeyd edilmişdir ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Lakin nəzərə alınmalıdır ki, hazırda ləğv edilən plan və ölçü sənədi düzgün şəkildə tərtib edilmişdir. Nəzərə alınsa ki, məhkəmənin gəldiyi qənaət düzgündür, yəni plan və ölçü sənədi düzgün tərtib edilməmiş, bu halda belə, İnzibati İcraat haqqında qanunun 67.6-cı maddəsində göstərilən əsaslar olmadığı halda həmin sənədin ləğv edilməsi əsassızdır. Çünki həmin sənəd hazırlanarkən o, inzibati orqana etimad göstərmişdir. Ola bilər ki, müəyyən sürüşmələr nəticəsində üst-üstə düşmə olsun. Lakin belə olan halda bu sənədin ləğv edilməsi üçün həmin sənədə əsaslanan digər hüquqi və faktiki hallar da nəzərə alınmalı və faktiki istifadənin uzunmüddətli olması qiymətləndirilməli idi. Məhkəmə bu istiqamətdə heç bir ekspertiza keçirməmiş, yerində baxış aparmamış həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sübutları nəzərə almamışdır. O da qeyd edilməlidir ki, üst-üstə düşmə olsa belə, məhkəmə həmin üst-üstə düşən hissə xaric iddiaçıya müvafiq çıxarış verilməsi barədə qərar qəbul etməli idi. Çünki hazırda məhkəmə praktikasında olan işlərə nəzər yetirilsə görülmüş olar ki, iddiaçının inzibati orqana və ya məhkəməyə müraciəti olduğu təqdirdə, əgər onun torpaq sahəsi qonşuluqda yerləşən torpaq sahələri ilə üst-üstə düşürsə, həmin hissədə iddiaçıdan dəqiqləşmə alınır, o hissə tələbdən kənarlaşdırılır və yekunda iddiaçıya müvafiq çıxarış verilir. O da nəzərə alınmalıdır ki, məhkəmə ilk öncə işin hallarına uyğun tərəfləri barışığa gəlmək yolunda müəyyən addımlar atmalıdır. Nəzərə alınsa ki, mübahisəli torpaq sahəsi ona məxsusdur, iddiaçı da həmin sahənin ona məxsus olduğunu iddia edir, bu halda məhkəmə mübahisənin alternativ həll yolunu tapmalıdır. Məhkəmə torpaq sahəsinin 2007-ci il tarixdən bələdiyyə qərarına əsasən iddiaçıya məxsus olması halına istinad edir, lakin necə olur ki, 2007-ci il tarixdən torpağa faktiki sahiblik edən şəxs bu qədər müddət ərzində hərəkətsizlik göstərmiş, uzun müddət sonra hazırki tələblə iddia qaldırmışdır. Məhkəmə bütün bu halları nəzərə alaraq, işə daha həssas yanaşmalı, ilk öncə barışıq yollarını axtarmalı idi. Həmçinin o da qeyd edilir ki, əgər faktiki olaraq onda olan plan və ölçü sənədinin tərtib edilməsi qanunvericiliyin tələblərinə əsasən olmuşdursa, necə olur ki, iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasını iddia edir?! Yəni məhkəmə necə olur ki, araşdırma aparmamışdır ki, plan və ölçü sənədi hansı əsaslara görə əldə edilmişdir?! Həmçinin necə ola bilər ki, 2007-ci il tarixdən torpaq sahəsi başqasına məxsus olduğu halda heç bir şəkildə onun torpaq sahəsindən istifadə etməyinə mane olmamışlar?! Məhkəmə isə qeyd edilən bu halları araşdırmamışdır. İddiaçının həmin torpaq sahəsini hansı tarixdən alması və hansı əsaslarla alması da məhkəmə üçün araşdırma predmeti olmalı idi. Çünki iddiaçı onun o torpaq sahəsindən istifadə etdiyini və torpaq sahəsinin ona məxsus olduğunu bildiyi halda belə bir tələb ilə məhkəməyə müraciət etməyi iddiaçının ona qarşı qərəzinin sübutudur. O da nəzərə alınmalıdır ki, cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 10 yanvar 2007-ci il tarixində, 01 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktı və ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin 30 dekabr 2014-cü il tarixində verildiyi, müvafiq icra hakimiyyəti orqanın memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi, torpaq sahəsinin ləğv edilmiş DT və XK tərəfindən X3 adına verilmiş plan-ölçü sənədi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan da iddiaçının müraciətindən imtina edərkən məhz onun müvafiq çıxarış almaq istədiyi torpaq sahəsinin DT və XK tərəfindən onun adına verilmiş plan-ölçü sənədi ilə üst-üstə düşdüyünü əsas gətirərək məhz onun mülkiyyət hüququnu tanımışdır. b) İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz ünvanlayaraq onunla əsaslandırmışdır ki, X5 bildirir ki, Qobu bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli 17 saylı qərarına əsasən verilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən mübahisəli torpaq sahəsinin 0.05 ha hissəsi ona məxsusdur. Həqiqətən qeyd edilən torpaq sahəsinin planı və ölçüsü sənədindən göstərilən koordinat mübahisəli olan 0.08 ha torpaq sahəsinin daxilində yerləşir. Lakin Qobu bələdiyyəsinin sözügedən 17 saylı 01 avqust 2007-ci il tarixli qərarı ilə ayrılmış torpaq sahəsi mübahisəli torpaq sahəsi deyil. Bunun sübutu kimi onu qeydə edə bilər ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Abşeron rayon Qobu bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli 17 nömrəli qərarı ilə Qobu qəsəbəsində mülkiyyətinizə verilmiş 0.05 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş bir mərtəbəli (201 kv m) fərdi yaşayış evinin tikintisinin eskiz layihəsi və baş plan tərəflərindən aşağıdakı şərtlər daxilində razılaşdırılır:...” Üçüncü şəxs Gülnarə Nuhovanın hazırda faktiki, istifadəsində olan mübahisəli torpaq sahəsindən təxminən 50-60 metr məsafədə yerləşən 0.05 ha torpaq sahəsində qeyd edilən 201 kvdrat fərdi yaşayış evini tikmişdir. Bununla bağlı da birinci instansiya məhkəməsində ətraflı məlumat vermişdir. Göründüyü kimi Gülnarə Nuhovaya 01 avqust 2007-ci il tarixli 17 saylı qərarla ayrılan torpaq sahəsi mübahisəli olan torpaq sahəsi deyil, faktiki istifadəsində olan 201 kvadrat metr sahəsi olan fərdi yaşayış evini tikdiyi, mübahisəli evdən 50-60 metr məsafədə yerləşən sahəsi 0.05 ha olan torpaq sahəsidir. Göründüyü kimi Gülnarə Nuhovanın adına verilən torpaq sahəsinin planı və ölçüsü sənədindən torpaq sahəsinin koordinatları səhv göstərilmişdir. Bununla yanaşı Abşeron rayonu Qobu Bələdiyyəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli arayışdan da görünür ki, X4 Abşeron rayonu Qobu bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 17 saylı qərarı ilə ayrılmış faktiki istifadəsində olan və üzərində fərdi yaşayış evi olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları bunlardır, (koordinatlar qeyd edilir və qeyd edilən koordinatlar mübahisəli torpaq sahəsinin deyil, Gülnarə Nuhovanın evinin yerləşdiyi faktiki sahəsi 0.05 ha olan torpaq sahəsinin koordinatlarıdır). Vətəndaş İddiaçı Balağa oğluna 10 yanvar 2007-ci il tarixli 01 saylı qərar ilə ayrılmış torpaq sahəsi ilə vətəndaş X3 faktiki istifadəsində olan torpaq sahələri üst-üstə düşmür. Göründüyü kimi torpağı ayırmış Abşeron rayonu Qobu bələdiyyəsi tərəfindən də tam təsdiq edilir ki, mübahisəli torpaq sahəsi İddiaçı Balağa oğluna ayrılmış, X4 isə hazırda faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi, mübahisəli torpaq sahəsində kənarda faktiki sahəsi 0.05 ha olan torpaq sahəsi ayrılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı, onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı X3 adına olan xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AN 425297 saylı (**********1560) torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə Qobu Bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İş materiallarından göründüyü kimi cavabdeh aşagıdakı əsaslarla iddiaçının müraciətinə imtina cavabı vermişdir: Qobu Bələdiyyəsi tərəfindən İddiaçı 0.08 ha torpaq sahəsinin 10 yanvar 2007-ci il tarixində, 01 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktı və ləğv edilmiş DT və XK-nin Abşeron rayon şöbəsinin rəyinin 30 dekabr 2014-cü il tarixində verildiyi, müvafiq icra hakimiyyəti orqanın memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi; Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənməməsi; Torpaq sahəsinin ləğv edilmiş DT və XK tərəfindən X3 adına verilmiş plan-ölçü sənədi ilə üst-üstə düşməsi. Məhkəmə kollegiyası cavabdehin 1-ci və 2-ci dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. İşdən görünür ki, Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 nömrəli qərarı ilə iddiaçıya Abşeron rayonu Qobu qəsəbəsinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən alqı-satqı qaydasında 0,08 ha torpaq sahəsinin satılması qərara alınmış və onun tərəfindən torpaq sahəsinin müqabilində bələdiyyənin bank hesabına 1200 manat məbləğində pul ödənilmişdir. Həmçinin, torpaq sahəsinin iddiaçıya ayrılmasının qanuniliyi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 30 dekabr 2014-cü il tarixli rəy, torpaqların alqı-satqısına dair 30 dekabr 2014-cü il tarixli akt, eləcə də, ödəniş qəbzi ilə təsdiq edilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin, belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.” Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının və yerquruluşu planından çıxarışının qanunauyğun formada təsdiqlənməməsi halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan halların torpaq sahəsinin ayrılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırkı iş üzrə isə cavabdeh apellyasiya şikayətində qeyd edilən xüsusatları ümumiyyətlə qeyd etməmişdir. Odur ki, kollegiya bu baxımdan cavabdehin dəlillərini əsassız hesab edir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi növbəti dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Cavabdeh inzibati orqanın növbəti dəlili torpaq sahəsinin ləğv edilmiş DT və XK tərəfindən X3 adına verilmiş plan-ölçü sənədi ilə üst-üstə düşməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək Abşeron rayon Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə Qobu Bələdiyyəsi ərazisində iddiaçının sahibliyinə verilmiş 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarış və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə yanaşı X3 adına olan xx.xx.2013-cü il tarixdə tərtib edilmiş AN 425297 saylı (**********1560) torpaq sahəsinin planı və ölçüsü sənədinin iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi barədə də qərar qəbul edilməsi xahiş edilmişdir. Beləliklə də, hazırda cavabdeh inzibati orqanın sonuncu dəlili iddiaçının tələbinin ikinci hissəsi isə əlaqəlidir. Kollegiya həmin hissədə də iddia tələbini əsaslı hesab etməklə aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsində icraat zamanı qeyd olunan dəlilin araşdırılması məqsədilə mütəxəssis rəyi alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim olunmuş mütəxəssis rəyindən görünür ki, elekton məlumat bazasına əsasən ləğv edilmiş DT və XK tərəfindən X3 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədi iddiaçıya verilmiş Abşeron rayonu Qobu Bələdiyyəsinin yerquruluşu planından çıxarışda göstərilən koordinatlar daxilində yerləşir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya aid həm sənəd üzrə, həm də naturada tanıdılan torpaq sahəsinin koordinatları daxilində X3 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin koordinatları yerləşdirilmişdir. İş materiallarından görünür ki, həmin plan və ölçü sənədi 0,05 ha torpaq sahəsi ilə bağlı olmaqla, X4 Abşeron rayon Qobu Bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli, 17 nömrəli qərarı əsasında verilmişdir. İddiaçıya isə faktiki istifadəsində olan torpaq sahəsi Qobu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 01 saylı qərarı ilə satılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin 15 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, X3 adına Abşeron rayonu, Qobu qəsəbəsində yerləşən 0,08 ha torpaq sahəsinə “torpaq sahəsinin planı və ölçüsü”nün tərtib edilməsinə dair arxivdə məlumat aşkar edilməmişdir. Eləcə də iş materiallarına əlavə olunan Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş 19 sentyabr 2012-ci il tarixli rəydən görünür ki, Abşeron rayon Qobu Bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə X4 500 kv.m olmaqla fərdi ev tikmək məqsədilə satılmış torpaq sahəsinə dair mülkiyyət sənədinin verilməsinə etiraz edilməmişdir. xx.xx.2013-cü il tarixli AN 425297 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, X4 Abşeron rayon Qobu Bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə ayrılmış 500 kv.m torpaq sahəsinə dair tərtib edilmişdir. Kollegiya qeyd edir ki, üçüncü şəxs tərəfindən istinad olunan dəlil - bələdiyyə tərəfindən ona iki fərqli yerdə torpaq sahəsinin ayrılması araşdırma nəticəsində öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs izahatında bildirmişdir ki, illər öncə iki müxtəlif yerdən iki torpaq sahəsi almışdır. Sənədləşdirməni tam həyata keçirə bilməmişdir. Torpaq sahələri arasında təxminən 200 metr məsafə var. Torpaq sahələrindən birində ev tikdirmişdir. Məqsədi digər torpaq sahəsini hasarlamaq idi. Yalnız yerquruluşu planından çıxarış mövcuddur. İddiaçını tanımırdı, o bu mübahisəyə yeni qoşulmuşdur. Kollegiya qeyd edir ki, məhkəmə icraatı zamanı üçüncü şəxs yalnız ona ayrılmış 0.05 ha torpaq sahəsinə dair Abşeron rayon Qobu Bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli, 17 nömrəli qərarını təqdim etmiş, digər torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə təqdim olunmamışdır. Beləliklə də, üçüncü şəxsin dəlili əsassız olmuşdur. Həmçinin, Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən X4 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan da görünür ki, fərdi yaşayış evinin tikilməsinə dair icazə sənədində Gülnarə Nuhovaya məhz Abşeron rayon Qobu Bələdiyyəsinin 01 avqust 2007-ci il tarixli, 17 nömrəli qərarı ilə ayrılmış torpaq sahəsində ev tikilməsinə icazə verilmişdir. Göründüyü kimi, G.Nuhovaya bələdiyyə tərəfindən yalnız həmin qərar əsasında faktiki istifadəsində olan 0.05 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi də iddiaçının faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsindən kənarda yerləşir. Qeyd olunan hal iş materiallarına əlavə olunmuş orto-foto görüntüdən də aydın olur. Əlavə olaraq məhkəmə kollegiyasının iclasında mütəxəssis rəyini tərtib edən mühəndis S.Əhmədov videobağlantı vasitəsi ilə dinlənilmişdir. Mütəxəssis izahatında qeyd etmişdir ki, ümumi sahəsi 0,08 ha olan torpaq sahəsinin 0,05 ha sahəsi Torpaq Komitəsi tərəfindən verilmiş plan-ölçü sənədində göstərilən ərazi ilə üst-üstə düşür. Qeyd olunan halları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2-1(118)-274/2025 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar