Məhkəmə qərarları › İş №2-1(105)-847/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-847/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-847/2025 04.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xaçmaz rayonu Hacıəlibəy bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 09 saylı qərar əsasında İddiaçı 0.06 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. xx.xx.2006-cı il tarixli qəbzin surətindən görünür ki, İddiaçı Xaçmaz rayonu Hacıəlibəy bələdiyyəsinin hesabına 133,18 manat pul köçürmüşdür. Torpaqların alqı-satqısına dair aktından görünür ki, Hacıəlibəy bələdiyyəsi ərazisindən 0.06 ha torpaq sahəsi İddiaçı satılmışdır. Xaçmaz rayonu Hacıəlibəy bələdiyyəsinin yerquruluşu planından çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli imtina bildirişindən görünür ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0.06 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin əsli təqdim olunmamışdır. Belə ki, tərəfinizdən təqdim edilmiş bələdiyyə qərarı, torpaqların alqısatqısına dair akt və yerquruluşu sxem kserosurətdir. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır.” Müayinə aktından görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən məktubda göstərilən Xaçmaz rayon Hacıəlibəy kəndi ərazisində yerləşən Xaçmaz rayonu Hacıəlibəy bələdiyyəsinin xx.xx.2006-ci İl tarixli 09 saylı qəran iiə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinə torpaq sahəsinə baxış keçirilmişdir və kameraİ araşdırma işləri aparılmışdır. Araşdırma zamanı məlum otmuşdur ki, Xaçmaz rayon Hacıəlibəy kəndi ərazisində yerləşən Xaçmaz rayonu Hacıəlibəy bələdiyyəsinin 22.09 2006-ci ii tarixli 09 saylı qərarı İlə İddiaçı; Hacıbaba oğluna ayrılmış 0.06 ba torpaq sahəsinin kateqoriyası elektron baza məlumatlarında və torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, Kommunikasiya xətləri keçmir. Bələdiyyə xəritəsində işarə olumuş sahə istifadə vəziyyətinə uyğundur. İddiaçı satılmış 0.06 ha torpaq sahəsinin qonşuluğunda olan torpaq sahəsinə xx.xx.2021 -cı il tarixli, ********** qeydiyyat nömrəli, **********84 reyestr nömrəli mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Hacıəlibəy bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı ilə Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində fərdi mənzil tikintisi üçün 0,06 ha torpaq sahəsi ayrılmış, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində xx.xx.2006-cı il tarixdə 4894 sayla qeyd aparılmışdır. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin aldığı cavab məktubunda sənədlərin ekspertizası zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,06 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına alınmasına əsas olan hüquqmüəyyənedici sənədlərin əslinin təqdim olunmaması səbəbindən ərizənin icrasından imtina edilmişdir. İddiaçı özünə ayrılmış torpaq sahəsinin qonşu torpaq sahələri ilə koordinatları göstərilməklə xəritəsinin də mövcud olduğu, lakin sənədlərin əslini isə naməlum şəraitdə itirməsi səbəbindən torpaq sahəsinə çıxarışı ala bilmədiyini bildirmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0.06 ha torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin əsli təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə qərarı, torpaqların alqı-satqısına dair akt və yerquruluşu sxem kserosurətdir. Qeyd olunan səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Ərazi İdarəsi tərəfindən vətəndaşa verilmiş cavab məktubunda “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanunu ilə nəzərdə tutulan qaydada sənədlərin təqdim edilməsi və müraciət olunması göstərilir. Vətəndaş tərəfindən yuxarıda qeyd oiunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, həmin torpaq sahəsinin kateqoriyası, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ayrılmış Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və həmin torpaq sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh orqan tərəfindən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan sənədlərin əsli təqdim edilmədiyindən ərizənin icrasından imtina edilmişdir. Xaçmaz rayonu, Hacıəlibəy kəndi ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsindən imtina edilməsi halının əsassız olması səbəbindən iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilmiş arxiv arayış ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komissiyasının Xaçmaz rayon Şöbəsi tərəfindən verilmiş Rəydə Hacıəlibəy bələdiyyəsi tərəfindən iddiaçı ayrılmış torpaq sahəsinin bələdiyyənin alqı-satqı predmeti olduğu və torpaq sahəsinin iddiaçıya satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Əlavə olaraq, Xaçmaz rayonu, Hacıəlibəy Bələdiyyəsi tərəfindən verilmiş arayışla Hacıəlibəy Bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarının qüvvədə olması və torpaq sahəsinin iddiaçının istifadəsində olması qeyd edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş sənədlər üzrə də iddia tələbi irəli sürülmüş mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinin kateqoriyası üzrə yaşayış məntəqələri torpaq sahəsinə aid olması, habelə həmin torpaq sahələrinin mülkiyyətçilərinin özlərinə aid torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarış əldə etmələri halı nəticəsində məhkəmə iddianın təmin edilməməsi üçün hər hansı bir əsasın mövcud olmadığı qənaətinə gəlməkdədir. Beləliklə, sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasına dair iddiaçı tərəfindən qanunvericiliyə uyğun hərəkət edilmişdir. Yəni, tələb olunan sənədlər (əslinin iddiaçıda faktiki olaraq mövcud olmamasına baxmayaraq) iddiaçı tərəfindən cavabdeh orqana və məhkəməyə təqdim edilmişdir. Belə ki, iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Xaçmaz rayon Hacıəlibəy bələdiyyəsinin 22 sentyabr 2006-cı il tarixli, 09 saylı qərarı mövcud olmuşdur. Qeyd olunur ki, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı Xaçmaz rayonu Hacıəlibəy kəndi ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi, 0.06 ha torpaq sahəsinə dair tərəfindən hüquqmüəyyənedici sənədlərin əsilləri təqdim edilməmişdir. Xaçmaz rayon Hacıəlibəy bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 09 saylı qərarı əsasında fərdi mənzilin tikintisi üçün satılmış 0.06 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri kənd təsərrüfatı məqsədilə istifadə edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Bundan əlavə, 0.06 ha torpaq sahəsi üçün bələdiyyə tərəfindən tərtib edilmiş 1:2000 miqyaslı Hacıəlibəy kəndinin baş planından çıxarışda torpaq sahəsinin ölçüləri göstərilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı: Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əslinin əlavə edilmədiyini (kserosurət olduğunu) bildirərək, mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı əsasında sözügedən torpaq sahəsi iddiaçıya satılmış, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz və alqı-satqı aktının əsilləri mövcud olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən fərdi mənzil tikintisi məqsədilə satılması nəzərdə tutulan torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə aid olması və alqı-satqı predmeti olması, perspektiv inkişafa saxlanılan torpaqlara aid olmaqla, satılmasının qanunamüvafiq olması barədə rəy verilmişdir. Həmin torpaq sahəsinin yerləşmə vəziyyətinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmiş, bələdiyyə və müvafiq torpaq şöbəsi tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan arxiv çıxarış məlumatından görünür ki, sözügedən Bələdiyyənin sənədləri mühafizə olunmaq üçün dövlət arxivinə təhvil verilməmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq Bələdiyyə tərəfindən arayış təqdim edilərək, bələdiyyənin 22 sentyabr 2006-cı il tarixli 09 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 0,06 ha torpaq sahəsinin onun istifadəsində olduğunu, bələdiyyə qərarının qüvvədə olduğunu qeyd etmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayonu Hacıəlibəy bələdiyyəsi müvafiq Sərəncam əsasında ləğv edilərək, Yergüc bələdiyyəsinə birləşdirildiyindən, iddiaçının adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin arxiv məlumatları məhz Yergüc Bələdiyyəsinin arxivində mövcud olmuş, məhkəmə sorğusu əsasında həmin sənədlərin arxiv nüsxələri məhkəməyə təqdim edilmişdir. Həmin məlumatların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş müvafiq bələdiyyə qərarı, alqı-satqı aktı, dəyərinin ödənilməsi barədə qəbz, yerquruluşu planından çıxarış və DTXK tərəfindən tərtib edilmiş rəyin arxiv nüsxələri mövcud olmuşdur. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, sözügedən torpaq sahəsi naturada mövcuddur, TEKUİS-də katqeoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğu, kommunikasiya xəttlərinin keçməidyi, bələdiyyə xəritəsində işarə olunmuş sahənin istifadə vəziyyətinə uyğun olduğu, ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı, çıxarışın verildiyi qeyd edilmişdir. Göründüyü kimi, sözügedən torpaq sahəsi naturada mövcuddur, iddiaçının faktiki istifadəsindədir, habelə yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. Göstərilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Kollegiya cavabdehin imtina və şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin arxiv çıxarışı mövcud olduğu halda, cavabdeh inzibati orqan formal olaraq sənədlərin əsli və ya arxiv çıxarışının təqdim edilməməsi halına istinad etmişdir. Halbuki, cavabdeh inzibati orqan özü də inzibati icraat çərçivəsində həmin sənədlərin arxiv çıxarışını əldə etmək imkanına malik olmuşdur. Bu hal özlüyündə cavabdehin həmin hissədə imtina və şikayətinin dəlilini təkzib etmişdir. Bu baxımından kollegiya hesab edir ki, həmin hissədə şikayətin dəlilləri formal xarakter daşımaqla, əsassız olmuşdur. Bundan əlavə, kollegiya cavabdehin şikayətin dəlili kimi istinad etdiyi baş plandan çıxarış məlumatında torpaq sahəsinin ölçülərinin göstərilməməsi ilə bağlı dəlilinə aid hissədə onu qeyd edir ki, torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən yeruquluşu planından çıxarış mövcud olmuş, habelə məhz cavabdehin mütəxəsssiləri tərəfindən tərtib edilmiş müayinə aktının məzmununda sözügedən torpaq sahəsinin yerləşmə mövqeyinin (naturada yerinin) bələdiyyə xəritəsində işarələnmiş sahəyə uyğun olduğu qeyd edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, u hallar özlüyündə cavabdehin həmin hissədə istinad etdiyi arqumentini təkzib etdiyindən, cavabdehin qeyd edilən hissədə də arqumenti formal xarakter daşımaqla, əsassız olmuşdur. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti (kommunikasiya xəttlərinin mühafizə zolağına, başqa şəxslərlə üst-üstə düşüb-düşməməsi, bununla bağlı müvafiq məhkəmə ekspertizasının keçirilməsi) ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş torpaq sahəsinin müayinə aktının məzmununda sözügedən torpaq sahəsindən kommunikasiya xəttlərinin keçmədiyi əks olunmuş, habelə başqa şəxslərlə üst-üstə düşmə halının mövcudluğuna dair hər hansı qeyd əks olunmamışdır. Bundan əlavə, məhkəmə araşdırması zamanı hazırki işin hallarının araşdırılması üçün xüsusi bilik tələb edən sualların izah edilməsinə dair hər hansı zərurətin mövcudluğu müəyyən edilməmişdir. Bu baxımından kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti əsassız olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, indiki halda cavabdeh tərəfindən sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı hal da mübahisələndirərək, sözügedən torpaq sahəsinin təyinatının kənd təsərrüfatı təyinatlı torpaqlara aid olduğunu bildirmişdir. Kollegiya cavabdehin istinad etdiyi həmin dəlili ilə bağlı qeyd edir ki, müvafiq bələdiyyə qərarında sözügedən torpaq sahəsinin təyinatı və kateqoriyası bələdiyyə ehtiyat fonduna aid olan torpaq sahəsi kimi qeyd edilmiş, həmin qərar hazırda qüvvədədir. Bundan əlavə, həmin torpaq sahəsinin satılmasının, alqı-satqı predmeti olmasına dair müvafiq rəy məhz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Hansı ki, torpaq sahəsinin ayrıldığı vaxt həmin dövrdə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz həmin Komitə çıxış etmişdir. Belə olan halda, torpaq sahəsinin satılmasına dair müvafiq qərar və rəy qüvvədə olmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən hazırda torpaq sahəsinin təyinatının mübahisələndirilməsi, alqı-satqı predmeti qismində çıxış edə bilməməsi kimi hala istinad etməsi ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin, etimadın qorunması prinsipinin mahiyyətinə zidd olmuşdur. Bundan əlavə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (ortofoto görüntüsü, qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinin kateqoriyalarının yaşayış məntəqələri torpaq sahəsi olduğu və eyni hüquqmüəyyənedici sənədlər əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı müəyyən olunmuşdur. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinin kateqoriyasının yaşayış məntəqələri torpaq sahəsi kimi qeyd edilməsi, habelə həmin torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın imtina əsası kimi istinad etdiyi qeyd olunan arqumenti də əsassız olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1108/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar