Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-849/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X9 qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndələri X2, X5 və X3, Üçüncü şəxsin nümayəndələri Nümayəndə3 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "xidmət illərinin ikiqat-üçqat hesablanması, dövlət qulluğunda işlədiyi müddətin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2238/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). ГЕ seriyalı, 134120 nömrəli hərbi biletə əsasən İddiaçı 1976-1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. PB seriyalı, 020385 nömrəli diploma əsasən, İddiaçı 1982-ci ildə Kirov adına X10 ordenli Azərbaycan Dövlət Universitetinə daxil olmuş və “hüquqşünaslıq” ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 1987-ci il tarixli qərarı ilə ona “hüquqşünas” ixtisası verilmişdir. İddiaçı məxsus 256 nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, 1975-ci ildən əmək fəaliyyətinə başlayaraq, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək Kəlbəcər rayon partiya komitəsində təlimatçı vəzifəsində, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək vahid istintaq-əməliyyat qrupunda müqavilə əsasında (5 il müddətinə) Azərbaycan Respublikası Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmiş, xx.xx.1993-cü il tarixdə Kəlbəcər rayon prokurorunun köməkçisi, xx.xx.1993-cü il tarixdə Siyəzən rayon prokurorunun köməkçisi, xx.xx.1994-cü il tarixdə Siyəzən rayon prokurorunun müavini, xx.xx.1996-cı il tarixdə Xocalı rayon prokuroru vəzifəsinə təyin edilmiş, xx.xx.2001-ci il tarixdən vəzifədən azad edilmiş, xx.xx.2001-ci il tarixdən prokurorluq orqanlarından xaric edilmişdir. 13 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş M/V seriyalı, 01015 nömrəli vəsiqəsinə əsasən İddiaçı “müharibə veteranı” statusu verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən İddiaçı 01 oktyabr 2014-cü il tarixdən sabiq prokurorluq orqanlarının əməkdaşı kimi ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, əlillik müddəti bitdiyindən 10 oktyabr 2021-ci il tarixdən pensiyanın ödənişi dayandırılmışdır. İddiaçı ona sabiq prokurorluq orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 16 mart 2023-cü il tarixdə ərizə ilə Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İnzibati orqan 12 aprel 2023-cü il tarixli, 3-17-1/2-H-78381/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən 1 oktyabr 2014-cü il tarixdən təyin edilmiş sabiq prokurorluq orqanlarının işçisi kimi İİ dərəcəli əlilliyə görə əmək pensiyasının ödənişi əlillik dərəcəsi müddətinin bitməsi ilə əlaqədar 10 oktyabr 2021-ci il tarixdən dayandırılmışdır. Eyni zamanda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.1ci və 20.8.2-ci maddələrinə əsasən prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda İddiaçı dair mövcud olan sənədlərdə prokurorluq orqanlarında stajı 15 ildən az (10 il 5 ay 14 gün (xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də, ona sabiq prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, müharibə bölgəsində çətin şəraitdəki xidmət illərinin üçqat-ikiqat hesablanması və dövlət qulluğunda işlədiyi müddətin iş stajına daxil edilməsi, pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Birinci Qarabağ müharibəsi veteranıdır, 05 fevral 1991-ci il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin 30P nömrəli sərəncamı ilə çətin hərbi əməliyyat şəraitində və hərbi zəmində baş verən cinayət işlərinin istintaqını aparmaqla bərabər, hərbi əməliyyatlarda iştirak etmək üçün Azərbaycan Respublikası Baş X4 və Milli Təhlükəsizlik Nazirliklərinin əməkdaşlarından ibarət tərkibdə yaradılmış vahid istintaq əməliyyat qurupunun üzvü kimi 5 il müddətinə keçmiş X8 Vilayətinə Xankəndi (Stekanakert) şəhərinə mühim işlər üzrə böyük müstəntiq kimi göndərilmişdir. Yaradılmış qurupun tərkibində Xankəndi, Xocalı, Əsgəran, Şuşa, Maılııni, Hadrut, Füzuli, Laçın, Kəlbəcər, Ağdərə, Tərtər, həmçinin səhər və rayonların ərazilərində gedən hərbi əməliyyatlarda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibədə qəlpə yarası almış, ürək-beyin sarsıntısı keçirmişdir. Həmin müddətdə 2-ci qrup əlil kimi pensiya almışdır. 20 fevral 1993-cü il tarixdə Kəlbəcər rayon prokurorunun köməkçisi, 13 iyul 1993cü il tarixdə Siyəzən rayon prokurorunun böyük köməkçisi, 08 dekabr 1994-cü ildə Siyəzən rayon prokurorunun müavini, 11 iyun 1996-cı ildən 4 yanvar 2001-ci ilədək Xocalı rayon prokuroru vəzifələrində çalışmışdır. Həmin müddət ərzində iddiaçıya əmək haqqı mövcud qanunvericiliyin tələblərinə görə, ikiqat məbləğində ödənilmişdir. Həmin dövrdə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “z” bəndinə görə, əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət işçinin əmək stajına daxil edilməlidir. Həmin Qanunun “iş stajının hesablanmasında güzəştlər” ə aid 68-ci maddəsinin 1-ci və 2-ci abzasına görə pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: Hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında - ikiqat ölçüdə. Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına görə, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli, 7284İQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarına əsasən terror əleyhinə aparılan əməliyyatlarda iştirak edən şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası müəyyən edilmişdir. Belə ki, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti bir xidmət günü üç xidmət günü kimi sayılır. Bu baxımdan hesab edir ki, onun 2 xidmət ili 6 il olaraq hesablanmalıdır. Bundan başqa, iddiaçı hərbi kafedrada təhsil almaqla, zabit rütbəsinə yiyələnmişdir. Hesab edir ki, Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli, 304 nömrəli qərarına əsasən mülki ali təhsil müəssisəsində aldığı 5 illik təhsil müddətinin 2,5 ili və 2 il 1 ay hərbi xidmət müddəti uzun müddət xidmətə hesablanmalıdır. Kəlbəcər rayon partiya komitəsində iki illik iş stajı da nəzərə alınmaqla, ümumilikdə, prokorurluqdakı iş stajı 20 il 09 ay 11 gün təşkil edir. Cavabdeh iddia tələbinə yazılı etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 1 oktyabr 2014-cü il tarixdə vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2491,67 manat, rütbə maaşı 130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 747,50 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 346,67 manat olmaqla orta aylıq əmək haqqı 3715,84 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş 20.8.3-cü maddəsinə əsasən 10 il 5 ay 14 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının (3715,84 manat) 55 faizi-2043,71 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2014-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 83792,11 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 91853,53 manat ödənilmişdir. Bu səbəbdən də yuxarıda qeyd olunan dövr ərzində 8061,42 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Prokurorluq orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 2740,83 manat, rütbə maaşı 130,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 822,25 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 381,33 manat olmaqla orta aylıq əmək haqqı 4074,41 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (3715,84 manat) ilə 1 mart 2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (4074,41 manat) arasındakı fərq məbləğinin (358,57 manat) (34,72 faizi-124,50 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyasının (2043,71 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 2168,21 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 75887,35 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 91201,75 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 15314,40 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 23375,82 manat artıq pensiya məbləğinin ödənildiyi müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2238/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (hakim Vəfa Əzizova) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin 1-və 2-ci abzaslarına görə pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtə daxil edilir: ... Hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) – ikiqat ölçüdə. Məhkəmə qeyd edir ki, bu norma sırf hərbi qulluqçulara aid normadır ki, iddiaçının hərbi qulluqçu kimi döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə təsdiq edilmədiyindən bu norma ona şamil edilə bilməz. İddiaçı SSRİ-nin ləğvindən sonra hərbi prokurorluğun mövcud olmadığı üçün Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1991-ci il tarixli 30P nömrəli sərəncamı ilə vahid istintaq əməliyyat qrupunun tərkibində Xankəndiyə göndərildiyinə və Qarabağ rayonlararası İxtisaslaşdırılmış Prokurorluqda böyük müstəntiq vəzifəsində işləməsinə və sonradan həmin İxtisaslaşdırılmış Prokurorluğun Hərbi Prokurorluq statusunu əldə etməsinə istinad edir. Lakin faktiki olaraq iddiaçı həmin vaxt hərbi prokurorluğun əməkdaşı olmadığı üçün məhkəmə bu dəlili əsassız hesab edir. İş materialları ilə iddiaçının prokurorluq orqanlarında 15 il işləməsi öz təsdiqini tapmadığından məhkəmə ona sabiq prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbini əsassız hesab edir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən, ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya ümumi əsaslarla prokurorluq orqanlarının əməkdaşı kimi pensiya təyin edilmiş, bu hal maraqlı orqan tərəfindən mübahisələndirilməmişdir. Hazırda iddiaçının prokurorluq orqanın əməkdaşı kimi pensiya təyin edilməsi deyil, xəstəliyə görə prokurorluq orqanlarının əməkdaşı kimi ümumi əsaslarla təyin edilmiş pensiyanın ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədiyi üçün iddiaçıya artıq prokurorluq orqanının əməkdaşı kimi təyin edilmiş pensiyanın bərpa olunması kimi qiymət verilməli idi. Məhkəmə qeyd etmişdir ki, iddiaçı hərbi prokurorluğun əməkdaşı olmadığından onun döyüş əməliyyatlarında iştirak etməsi ona hərbi qulluqçusu statusunu vermir. Buna görə də iddiaçının döyüş bölgələrində prokurorluq orqanlarında xidmət etdiyi 5 il müddət 10 il müddət kimi qulluq stajına hesablana bilməz. Məhkəmə bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, Azərbaycanda Hərbi prokurorluğunun yaranma tarixçəsinə və onun yaranmasını müşahidə edən qanunvericiliyə nəzər yetirilməlidir. Belə ki, keçmiş SSRİ-nin tərkibində olarkən Azərbaycan Respublikasında prokurorluq orqanlarının fəaliyyəti “SSRİ prokurorluğu haqqında” 30 noyabr 1979-cu il tarixli İttifaq Qanunu ilə tənzimlənirdi. Həmin dövrdə Azərbaycan Respublikasının prokurorluq orqanları sistemində Hərbi prokurorluq orqanları fəaliyyət göstərmirdi. Respublikanın ərazisində Bakı şəhərində yerləşən Hərbi prokurorluq - N saylı hərbi hissə və Hərbi Dəniz Qüvvələri Hərbi prokurorluğu, eləcə də Gəncə, Lənkəran və Naxçıvan Qarnizonları Hərbi prokurorluqları fəaliyyət göstərirdi ki, həmin prokurorluqlar da Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Prokurorluğuna tabe idilər. SSRİ dağıldıqdan sonra həmin prokurorluqlar ləğv edilmiş və müstəqil Azərbaycan Respublikasının Hərbi prokurorluq orqanları yaradılmağa başlanmışdır. Həmin prokurorluqların yaranması üçün Respublikanın Ali Soveti tərəfindən qəbul edilmiş 18 oktyabr 1991-ci il tarixli Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı hüquqi baza rolunu oynamışdır. Göstərilən Aktın 4-cü maddəsinə əsasən suveren Respublikanın müvafiq qanunlarının qəbul edilməsinədək onun ərazisində Azərbaycan Respublikasının suverenliyinə zidd olmayan və Dövlət quruluşunun dəyişdirilməsinə yönəlməyən SSRİ qanunları hüquqi qüvvəsini saxlayırdı. Sonradan Milli Məclisin 21 may 1992-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası “Hərbi prokurorluqlar haqqında” Qanun qəbul edilmiş, 26 avqust 1992-ci il tarixdə isə Respublka Prezidenti tərəfindən “Azərbaycan Respublikasının ərazisində prokurorluq orqanlarının statusunu müəyyən edən keçmiş SSRİ-nin qanunvericilik aktlarının hüquqi qüvvəsini saxlaması və onların tətbiqi qaydaları haqqında” Qanun qəbul edilmişdir. Hal-hazırda Respublikamızda Hərbi prokurorluqların yaradılması və fəaliyyəti üçün hüquqi baza rolunu Azərbaycan Respublikasının Konstitusiyası, “Prokurorluq haqqında” Qanun, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun, həmçinin, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Qanunlar və digər normativ aktlar oynayır. Göründüyü kimi hərbi prokurorluğun statusu tam olaraq həmin normativ-hüquqi aktlar əsasında formalaşmışdır. İddiaçının prokurorluq orqanlarında xidmət etdiyi ilk illəri birinci Qarabağ müharibəsinin getdiyi ərazilərdə xidmət göstərdiyi müddətə düşdüyünə və bunun üçün də ona iki qat əmək haqqı verildiyinə görə o, faktiki olaraq hərbi qulluqçusu statusuna bərabər tutulmalıdır. Həmçinin, məhkəmə Qarabağ Rayonlarası İxtisaslaşdırılmış prokurorluğunda xidmət etməsini, sonradan həmin prokurorluğun bazasında hərbi prokurorluğun yaranmasını, həm iddiaçının ilkin dövr üçün xidmət etdiyi istintaq qrupunun, həm Qarabağ Rayonlarası İxtisaslaşdırılmış prokurorluğunun (sonradan həmin prokurorluq hərbi prokurorluğa çevrilmişdir), həm də hərbi prokurorluğun eyni funksiyanı yerinə yetirməsini araşdırmadan yanlış nəticəyə gəlmişdir. Halbuki, həmin dövrdə hərbi prokurorluq olmasa da, həm iddiaçının ilkin dövr üçün xidmət etdiyi istintaq qrupu, həm Qarabağ Rayonlarası İxtisaslaşdırılmış prokurorluğu hərbi prokurorluğun funksiyasını yerinə yetirdiyindən iddiaçıya hərbi prokurorluğun əməkdaşlarına tətbiq edilən güzəştlər şamil edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(105)-849/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs iddia tələbinə yazılı münasibət təqdim edərək qeyd etmişdir ki, iddiaçı xx.xx.1991-xx.xx.1993-cü il tarixdə Yuxarı Qarabağ üzrə Respublika DİN, MTN və Prokurorluğunun Vahid istintaq-əməliyyat qrupunda müqavilə əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində çalışmış, xx.xx.1993-cü il tarixdə prokurorluq orqanlarına daimi işə qəbul olunaraq xx.xx.1993-cü il tarixədək Kəlbəcər rayon prokurorunun köməkçisi, xx.xx.1993-xx.xx.1994cü il tarixdə Siyəzən rayon prokurorunun böyük köməkçisi, xx.xx.1994-xx.xx.1996-cı il tarixdə Siyəzən rayon prokurorunun müavini, xx.xx.1996-xx.xx.2001-ci il tarixdə Xocalı rayon prokuroru vəzifələrində işləmiş, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2001-ci il tarixli əmri ilə intizam məsuliyyətinə cəlb olunaraq tutduğu vəzifədən azad edilmiş, Baş Prokurorluq üzrə xx.xx.2001-ci il tarixli 03/679-k nömrəli əmrlə prokurorluq orqanlarında işçilərinin sayının və ştatların ixtisarı ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xx.xx.2001-ci il tarixdən prokurorluq orqanlarından xaric edilərək qulluq keçməsinə xitam verilmişdir. İddiaçı Yuxarı Qarabağ üzrə Respublika DİN, MTN və Prokurorluğunun Vahid istintaq-əməliyyat qrupunda müqavilə əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləməsinə, həmçinin sonra da prokurorluq orqanlarında işə qəbul olunaraq müxtəlif vəzifələrdə işləməsinə baxmayaraq o, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmamış və müvafiq zabit rütbəsi verilməklə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sərəncamına göndərilməmişdir. O, prokurorluq orqanlarında işlədiyi müddətdə hərbi xidmət keçməmiş və hərbi qulluqçu statusu daşımamışdır. Bundan başqa, “Zabit heyətinə mənsub şəxslərə, praporşiklərə, miçmanlara, müddətdən artıq xidmətdə qalan hərbi qulluqçulara, daxili işlər, ədliyyə, gömrük, feldyeger rabitəsi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə müavinət təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı qərarında prokurorluq işçiləri qeyd olunmamış və oradakı imtiyazlar yalnız hərbi qulluqçulara aid edilmişdir. Bununla yanaşı, həmin qərara hərbi prokurorluq işçiləri (AR Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən) NKnın xx.xx.2020-ci il tarixli Qərarı ilə edilmiş dəyişiklik əsasında əlavə edilmişdir. Odur ki, iddiaçının vahid istintaq-əməliyyat qrupunda müqavilə əsasında müstəntiq vəzifəsində işləməsinə NK-nın xx.xx.1992-ci il tarixli 631 saylı Qərarında qeyd olunmuş güzəştli şərtlər şamil edilə bilməz. Bundan əlavə, iddiaçı tələbində Xocalı rayon prokuroru vəzifəsində işlədiyi dövrdə ona ikiqat əmək haqqı ödənilməsi səbəbindən həmin dövrə düşən qulluq illərinin prokurorluqdakı stajına ikiqat daxil edilməsini tələb etmişdir. Bununla bağlı bildirir ki, Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1993-cü il tarixli, 40 nömrəli əmrinə əsasən müharibə gedən zonalarda iqtisadi vəziyyətin gərginliyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğu üzrə 1,5 və respublikanın adları göstərilmiş bir sıra (o cümlədən Xocalı) rayon prokurorluqlarının əməkdaşlarına əmək haqqının 2 əmsalla ödənilmişdir. Əmrin mətnindən göründüyü kimi bu əmrdə qeyd edilmiş ərazilərdə iqtisadi vəziyyətin gərginliyi nəzərə alınaraq, əmək haqlarının müvafiq qaydada ödənilməsini ehtiva edir və bunun prokurorluq orqanlarındakı qulluq illərinin güzəştli şərtlərlə hesablanmasını nəzərdə tutmur. Həmçinin, prokurorluq orqanlarında qulluq keçmə müddətinin hesablanması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” ilə tənzimlənir. Qeyd olunan Qaydada və buna qədər qüvvədə olmuş digər normativ hüquqi aktlarda prokurorluq işçilərinin qulluq illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, vahid istintaq-əməliyyat qrupunun fəaliyyəti dayandırıldıqdan sonra Qarabağ rayonlararası ixtisaslaşdırılmış prokurorluq orqanı yaradılmışdır ki, iddiaçı da həmin hərbi prokurorluqda 1992-ci ilin sonuna kimi fəaliyyət göstərmişdir. Daha sonra Kəlbəcərdə müharibə başladığından onu müharibəyə göndərmişdilər. Vahid istintaq-əməliyyat qrupunda işlədiyi dövrdə üçqat əməkhaqqı almış, 1996-2001-ci illərdə isə ona ikiqat əməkhaqqı ödənilmişdir. İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda, elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 631 nömrəli Qərarına əsasən iddaçının prokurorluq orqanında xidmətə başlamazdan əvvəl 2 il həqiqi hərbi xidmətdə olması, 5 il ali məktəbdə təhsil alması, 2 il dövlət qulluğu müddəti uzun müddət kimi, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə müvafiq olaraq iddiaçının 13 iyul 1993-cü il tarixinədək və 01 iyun 1996-04 yanvar 2001-ci il müddəti müharibə bölgəsində çətin şəraitdəki xidmət illəri kimi ikiqat-üçqat iş stajına daxil etməklə, "Əmək pensiyaları haqqında" Qanunun 20.8-ci maddəsinə xx.xx.2009-cu ildə edilən dəyişikliklərə qədər prokurorluq orqanlarında 10 ildən yuxarı işləmiş prokurorluq əməkdaşı kimi prokurorluq işçisinin aldığı maaşın 55 faizi miqdarında pensiyanın iddiaçıya təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia tələbinə yazılı münasibətlə eyni məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı Baş Prokurorluğa müraciətində çoxsaylı məsələlərə münasibət bildirərək, İcraiyyə Komitəsində şöbə müdiri vəzifəsində işlədiyi dövrün də xidməti illərinə daxil edilməsini xahiş etmişdir. Onun müraciət etdiyi dövrdə AR Nazirlər Kabinetinin dövlət qulluğunun xüsusi növünün dövlət qulluğu stajına daxil edilməsi barədə 20 fevral 2024-cü il tarixli qərarı qüvvəyə minməmişdi. NK-nın “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli Qərarında isə dövlət qulluğunun xüsusi növünün dövlət qulluğu stajına daxil edilməsi məsələsi nəzərdə tutulmadığından 20 fevral 2024-cü il tarixli qərar qüvvəyə minənə qədər prokurorluq işçilərinə həmin qaydanı tətbiq etmək mümkün olmamışdır. Üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, Sovet dövründə hərbi prokurorluq olmamış, həmin dövrdə vahid istintaq-əməliyyat qrupu yaradılmışdır ki, bu qrup Daxili İşlər Nazirliyi, AR Prokurorluğu və Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşlarından ibarət tərkibdə yaradılmış bir qrup idi. Həmin əməkdaşların xidməti vəsiqəsi olurdu və müqavilə əsasında işə götürülürdülər, lakin xidməti geyimləri olmurdu. Vahid istintaq-əməliyyat qrupu ləğv ediləndən sonra əməkdaşların bəziləri prokurorluq orqanına rütbə ilə qəbul oldular və fəaliyyətini davam etdirdilər. Vahid istintaqəməliyyat qrupunu hərbi prokurorluq ilə birləşdirmək düzgün deyil. Hərbi prokurorluq 1992ci ildə yaradılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdirlər. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.5. bu Qanunun 9.4-cü maddəsində göstərilən prokurorluq işçiləri; 20.1.5-1. qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla); 20.1.5-2. prokurorluq işçisi, yaxud prokurorluq işçisi kimi bu Qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; ... 20.8. Bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.8.1. prokurorluq orqanlarında 15 il qulluq etmiş prokurorluq işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 15 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı prokurorluq işçisi stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr (xx.xx.2009-cu il tarixədək qüvvədə olan redaksiyası) Maddə 20. Qulluq stajına görə əmək pensiyasına əlavələr 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.5. prokurorluq işçiləri; ... 20.8. Bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.8.1. prokurorluq orqanlarında 5 il qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında; 20.8.2. prokurorluq orqanlarında 5 ildən 10 ilə qədər qulluq etmiş prokurorluq işçilərinə - prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxan prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.8.3. prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçilərinə prokurorluq işçisi kimi aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı prokurorluq işçisi stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Maddə 24. Sığorta stajının hesablanmasında güzəştlər 24.0. Əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; 24.0.2. şəxsin qanunsuz saxlanılma, həbsdə olma və cəzaçəkmə müddətləri - ikiqat ölçüdə; 24.0.3. cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti - ikiqat ölçüdə; 24.0.4. əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərin cinayətkar qruplara və ya kriminogen obyektlərə daxil edilməsi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi müddəti - üçqat ölçüdə. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli qərarı:
1. Müəyyən edilsin ki, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: Azərbaycan Ordusunda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidmət; ... Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmətə təyin olunma günündən; ... Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. ...
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: ... Terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət günü kimi sayılır. ...
“Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 68. İş stajının hesablanmasında güzəştlər Pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə; müharibə illərində arxa cəbhədə iş müddəti ikiqat ölçüdə; cüzam və taun əleyhinə müəssisələrdə iş müddəti—ikiqat ölçüdə; ...
“Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Qanun: Maddə 1. Prokurorluq orqanlarında qulluq keçmə 1.1. Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq (bundan sonra – "prokurorluqda qulluq keçmə" adlanacaq) prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növüdür. 1.2. Prokurorluq işçilərinin qulluq keçməsi "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş prokurorluğun fəaliyyət prinsiplərinə əsaslanır. Prokurorluq orqanlarının işçiləri qulluq keçərkən qanunun tələblərini rəhbər tutaraq səlahiyyətləri hüdudlarında fəaliyyət göstərirlər. Maddə 3. Qanunun tətbiqi sahəsi ... 3.4. Hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların hərbi xidmətlərinin əsasları və şərtləri “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunları, “Azərbaycan Respublikası Silahlı X1” və hərbi qulluqçuların fəaliyyətini müəyyən edən digər normativ hüquqi aktlarla tənzimlənir. Maddə 20. Prokurorluq işçilərinin sosial müdafiəsi ... 20.14. Pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
İnzibati Prosessual Məcəllə: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki mübahisə predmeti cavabdehin iddiaçıya prokurorluq işçisi kimi yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası barədədir və imtinanın əsası iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.8.1-ci və 20.8.2-ci maddələri ilə tələb olunan prokurorluq orqanlarında 15 il qulluq stajına (qulluq stajı 10 il 5 ay 14 gün (xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir) malik olmamasıdır. Birinci instansiya məhkəməsi cavabdehin imtinasını əsaslı sayaraq xidmət dövrünün ikiqat, üçqat hesablanmasına dair qanunvericilik normalarının hərbi qulluqçulara, eləcə də hərbi prokurorluğun əməkdaşlarına şamil edildiyini, iddiaçının isə bu kateqoriyadan olan şəxs olmadığını əsas gətirərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Apellyasiya məhkəməsində icraat zamanı iddiaçı tələbini dəqiqləşdirmişdir və onun dəqiqləşmiş tələbi aşağıdakı hissələrdən ibarətdir: 1) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 631 nömrəli Qərarına əsasən: a) Prokurorluq orqanında xidmətə başlamazdan əvvəl 2 il həqiqi hərbi xidmət müddətinin; b) 5 il ali təhsil müddətinin; c) 1989-1991-ci illərdə Kəlbəcər rayon partiya komitəsində 2 illik dövlət qulluğu müddətinin uzun müddət xidmətə daxil edilərək; 2) "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə müvafiq olaraq: a) xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək vahid istintaq-əməliyyat qrupunda işlədiyi dövrün iş stajına üçqat; b) xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon prokurorunun köməkçisi vəzifəsində, eləcə də, xx.xx.1996-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Xocalı rayon prokuroru vəzifəsinə işlədiyi - müharibə bölgəsində çətin şəraitdəki xidmət dövrünün isə ikiqat daxil edilərək, 3) "Əmək pensiyaları haqqında" Qanunun 20.8-ci maddəsinin xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq prokurorluq orqanlarında 10 ildən yuxarı işləmiş prokurorluq əməkdaşı kimi əməkhaqqının 55 faizi miqdarında pensiya təyin olunması. Göründüyü kimi iddiaçı tələbinin hüquqi əsası kimi "Əmək pensiyaları haqqında" Qanunun 20.8 və 20.8.3-cü maddəsinin xx.xx.2009-cu il tarixədək qüvvədə olan redaksiyasına (prokurorluq orqanlarında 10 ildən yuxarı qulluq etmiş prokurorluq işçisi kimi) həmin normanın onun barəsində tətbiq edilməsini tələb edir. İddia tələbinin həmin hissəsinə münasibətdə kollegiya qeyd edir ki, həmin Qanunun 20.8 və 20.8.3-cü maddəsinin xx.xx.2009-cu il tarixədək qüvvədə olan redaksiyasının tətbiq edilməsini tələb etsə də, iddiaçı həmin tarixdə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmamışdır. Belə ki, həmin dövrdə Qanunun 7-ci maddəsi 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduqlarını təsbit edirdi. İddiaçı isə xx.xx.1958-ci il təvəllüdlü olduğundan həmin dövrdə 51 yaşı var idi. Odur ki, iddiaçı istinad etdiyi normanın qüvvədə olduğu dövrdə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmadığından həmin norma ona münasibətdə tətbiq edilə bilməz. İddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşında - xx.xx.2023-cü il tarixdə yarandığından kollegiya hesab edir ki, mübahisəyə hazırda qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Qanunun hazırda qüvvədə olan redaksiyasının 20.8.1-ci və 20.8.2-ci maddələrinin tələblərindən müəyyən edildiyi kimi qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış prokurorluq orqanlarının işçisi kimi yaşa görə əmək pensiyası prokurorluq orqanlarında 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Hazırda araşdırılmalı olan məsələ iddiaçının məhz prokurorluq orqanlarında 15 il qulluq stajına malik olub-olmamasının müəyyən edilməsidir. İddiaçının hərbi xidmət müddətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 631 nömrəli Qərarına əsasən onun uzun müddət xidmət kimi iş stajına daxil edilməsi tələbinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir: Həmin qərarın yuxarıda istinad edilən normalarının tələblərindən müəyyən edilir ki, zabit heyətinə mənsub şəxslər, gizirlər, miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərinin Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında həqiqi hərbi xidməti, eləcə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda hərbi xidmət müddəti pensiya təyin olunarkən uzun müddət xidmət illərinə daxil edilir. Normanın təhlilindən müəyyən edilir ki, qanunverici zabit heyətinə mənsub şəxslər, gizirlər, miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərinin Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun hərbi quluqçularının hərbi xidmət müddətini pensiya təyin olunan qulluq müddətinə aid etmişdir. İddiaçı isə hazırkı halda prokurorluq işçisi kimi ona pensiya təyin edilməsini tələb edir. Göründüyü kimi iddiaçı istinad etdiyi həmin qərarda qeyd olunan hüquq-mühafizə orqanlarının, eləcə də, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xüsusi rütbəli əməkdaşı olmamışdır. İddiaçı Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 631 nömrəli Qərarında təsbit edilən şəxslər dairəsinə aid olmadığından kollegiya hesab edir ki, ümumiyyətlə həmin qərarın normaları onun barəsində tətbiq edilə bilməz. Qeyd olunan məsələ xüsusi qanunvericilik aktı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş 12 nömrəli əlavə “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” ilə tənzimlənir. Belə ki, həmin Qaydanın 2.2 və 2.2.2-ci bəndlərinə əsasən həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl prokurorluq işçilərinə aid olan vəzifələrdə qulluq etmiş və ehtiyata buraxıldıqdan sonra bilavasitə yenidən prokurorluq orqanlarına qeyd edilən vəzifələrə təyin edilmiş işçilərin həqiqi hərbi xidmətdə olduqları müddət əlavə haqq almaq hüququ verən iş stajına daxildir. Normanın tələbindən göründüyü kimi hərbi xidmət o halda prokurorluq stajına daxil edilir ki, şəxs hərbi xidmətdən əvvəl prokurorluq orqanında qulluq etmiş, hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra da yenidən həmin vəzifəyə təyin edilmiş olsun. Əmək kitabçasının qeydlərindən görünür ki, hazırkı halda isə iddiaçı 1976-1978-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, bu xidmətə qədər isə K.Marks adına kolxozda işləmiş, hərbi xidmətdən qayıtdıqdan sonra da kolxozda işləməyə davam etmişdir. Göründüyü kimi iddiaçı hərbi xidmətdən əvvəl və sonra prokurorluq orqanında işləməmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının hərbi xidmət müddətinin prokurorluq işçisi kimi uzun müddət xidmətinə daxil edilməsinə dair tələbi əsassızdır. Həmçinin, iddiaçı 1982-1987-ci illərdə aldığı 5 illik ali təhsil müddətinin Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 631 nömrəli Qərarına əsasən bir ili altı ay sayılmaqla, həmin dövrün 2,5 il olaraq prokurorluq işçisi kimi uzun müddət xidmətə daxil edilməsini tələb edir. Bu tələbə münasibətdə kollegiya qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 631 nömrəli Qərarının iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş 1-ci hissəsinin on birinci abzasının ilkin redaksiyasına əsasən zabit heyətinə daxili işlər və ədliyyə, gömrük orqanlarının orta, böyük, yüksək rəis heyətinə mənsub şəxslərə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali məktəblərdə, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta tədris müəssisələrində, o cümlədən qiyabi və axşam şöbələrində keçdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Normanın tələbindən müəyyən edilir ki, daxili işlər, ədliyyə və gömrük orqanları işçilərinin onların bu orqanlarda xidmətə götürülməzdən əvvəlki təhsil müddətləri uzun müddət xidmətə daxil edilir. İddiaçı isə 1982-1987-ci illərdə ali təhsil aldıqdan sonra bu orqanlarda xidmətə qəbul edilməmiş, 1989-1991-ci illərdə Kəlbəcər rayon partiya komitəsində təlimatçı vəzifəsində işləmiş, daha sonra Azərbaycan SSRİ Prokurorluğunun əmri əsasında vahid istintaqəməliyyat qrupunda fəaliyyət göstərmiş, sonra da prokurorluq orqanlarında xidmətə qəbul edilmişdir. Beləliklə, hərbi xidmətlə bağlı tələbində olduğu kimi NK-nın xx.xx.1993-cü il tarixli, 631 nömrəli Qərarı iddiaçı barəsində tətbiq edilə bilmədiyindən ali təhsil müddəti də uzun müddət xidmətə daxil edilə bilməz. Qeyd edilənlərdən əlavə, iddiaçı 1989-1991-ci illərdə Kəlbəcər rayon partiya komitəsindəki dövlət qulluğu stajının da prokurorluq işçisi kimi uzun müddət xidmətə daxil edilməsini tələb edir. Bununla bağlı nəzərə almaq lazımdır ki, “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” nın 2.2 və 2.2.3-cü bəndlərinə görə məhkəmələrdə hakim, ədliyyə orqanlarında rütbə dərəcəsi (xüsusi rütbəsi) olan vəzifələrdə, o cümlədən rütbə dərəcəsi (xüsusi rütbəsi) tətbiq olunmayan dövrlərdə uyğun vəzifələrdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsində, eləcə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ibtidai istintaq orqanlarında və qanunvericiliklə nəzərdə tutulmuş digər müvafiq qurumlarda zabit vəzifələrində işləmiş (xidmət keçmiş) şəxslərin həmin orqanlarda xidmətdə olduqları müddət əlavə haqq almaq hüququ verən iş stajına daxildir. Göründüyü kimi konkret dairəsi normada göstərilən orqanlarda zabit vəzifəsində xidmət etmiş şəxslərin həmin xidmət müddətləri prokurorluq stajına daxil edilir. İddiaçı isə 1989-1991-ci illərdə həmin normada təsbit edilən orqanlarda zabit vəzifəsində deyil, Kəlbəcər rayon partiya komitəsində təlimatçı vəzifəsində işləmişdir. AR Kəlbəcər Rayonu İcra Hakimiyyəti Başçısı tərəfindən iddiaçı barəsində verilmiş 16 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, o, ixtisasca hüquqşünas olduğuna görə 1989-1991-ci illərdə Kəlbəcər rayon hüquq-mühafizə təşkilatları və rayon partiya komitəsində hüquq sahəsinə aid olan məsələlərin icrası üzrə faəliyyət göstərmişdir. Kollegiya qeyd edir ki, iddiaçının həmin dövrdə rayonun hüquq-mühafizə təşkilatlarında fəaliyyət göstərməsi onun qanunvericiliklə müəyyən edilmiş qaydada hüquq-mühafizə orqanlarında işləməsi demək deyildir. Digər tərəfdən, həmin Qaydanın 4.2-ci bəndində göstərilmişdir ki, əlavə haqq verilməsi üçün iş stajı Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən müəyyən edilir. Komissiya Azərbaycan Respublikası Baş prokurorunun müavininin sədrliyi və həmkarlar ittifaqı komitəsinin nümayəndəsinin iştirakı ilə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müəyyən edilir və təsdiq olunur. 4.3-cü bəndinə əsasən əlavə haqq Komissiyanın qərarına əsasən verilir. İş stajının müəyyən edilməsi haqqında qərar komissiya tərəfindən protokol formasında rəsmiləşdirilir. Protokolun əsli Baş Prokurorluqda saxlanılır, surəti işçinin şəxsi işinə əlavə edilir. 4.4-cü bəndinə görə əlavə haqq verilməsi üçün iş stajını müəyyən edən komissiyanın qərarından Azərbaycan Respublikası Baş prokuroruna şikayət verilə bilər. Sadalanan normalardan müəyyən edildiyi kimi şəxsin prokurorluq stajı Azərbaycan Respublikası Baş Prokurorluğunun komissiyası tərəfindən müəyyən edilir. İddiaçı da həmin dövrdəki dövlət qulluğu stajının onun prokurorluq stajına daxil edilməsi ilə bağlı 18 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət etmiş, həmin orqan “Prokurorluq işçilərinə iş stajına görə əlavə haqqın verilməsi Qaydası” nın tələbləri nəzərə alınaraq müraciətin icrasından imtina etmişdir. Daha sonra iddiaçı komissiyanın həmin qərarını mübahisələndirməmiş, qərardan Azərbaycan Respublikası Baş prokuroruna şikayət verməmişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə3 izahatında iddiaçının NK-nın “Prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” 2002-ci il 31 oktyabr tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydada dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növü üzrə staja daxil edilməsi məsələsi nəzərdə tutulmadığından iddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətinə imtina cavabı verildiyini bildirmişdir. Sadalananlara əsasən kollegiya hesab edir ki, iddiaçının Kəlbəcər rayon partiya komitəsində işlədiyi müddətin onun prokurorluq stajına daxil edilməsinə dair tələbi də əsassızdır. xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək vahid istintaq-əməliyyat qrupunda Azərbaycan Respublikası Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işlədiyi dövrün prokurorluq stajına üçqat daxil edilməsi ilə bağlı iddia tələbinə münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir: İddiaçı bu hissədə tələbinin hüquqi əsası kimi Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 631 nömrəli Qərarının 2-ci bəndinin terrorizmə qarşı mübarizəni bilavasitə həyata keçirən bölmələrdə xidmət illəri bir xidmət günü iki xidmət günü kimi, terror əleyhinə aparılan əməliyyatlarda iştirak müddəti isə bir xidmət günü üç xidmət gününün sayılmasına dair normasına istinad edərək, onun da həmin dövrdə terror əleyhinə hərbi əməliyyatlarda iştirak etdiyini bildirir və bu normanın onun barəsində tətbiq edilməsini tələb edir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı yuxarıda qeyd edildiyi kimi NK-nın xx.xx.1993-cü il tarixli, 631 nömrəli Qərarında göstərilən şəxslər kateqoriyasına (zabit heyətinə mənsub şəxslər, hüquq-mühafizə orqanlarının xüsusi rütbəli şəxsləri, eləcə də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun hərbi xidmətdə olan əməkdaşları) aid olmadığından bu qərarla müəyyən edilmiş güzəştlər də onun barəsində tətbiq edilə bilməz. İddiaçı bu hissədə tələbinin faktiki əsası kimi qeyd etmişdir ki, o, vahid istintaqəməliyyat qrupunun tərkibində Xankəndi, Xocalı, Əsgəran, Şuşa, Maılııni, Hadrut, Füzuli, Laçın, Kəlbəcər, Ağdərə, Tərtər və s. ərazilərdə faktiki olaraq hərbi prokurorluq əməkdaşının əmək funksiyalarını yerinə yetirərək hərbi əməliyyatlarda iştirak etmişdir. Kollegiya iddiaçının dəlillərini əsassız sayaraq bildirir ki, iddiaçının özünün də bildirdiyi kimi Ali qanunvericilik orqanı olan Milli Məclisin 21 may 1992-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası “Hərbi prokurorluqlar haqqında” Qanun qəbul edilmiş, bundan sonra Azərbaycan Respublikasının Hərbi Prokurorluğu yaradılmışdır. İddiaçının vahid istintaq-əməliyyat qrupunda xidmət etdiyi dövrdə faktiki olaraq bu orqanının işçisinin əmək funksiyalarını yerinə yetirmiş olması isə qanunvericiliklə məhz AR Hərbi Prokurorluğunun hərbi qulluqçularına aid edilmiş güzəştlərin ona şamil edilməsinə əsas ola bilməz. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ixtisaslaşdırılmış prokurorluq olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında və onların strukturuna daxil olan qurumlarda (bundan sonra bu Qanunun məqsədləri üçün - Azərbaycan Respublikasının Silahlı Qüvvələri), bu Qanunla və Azərbaycan Respublikasının digər qanunları ilə hərbi prokurorluqlara aid edilmiş səlahiyyətləri həyata keçirir. Hərbi prokurorluq orqanlarının hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hərbi xidmət keçir və onlar “Hərbi qulluqçularının statusu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər qanunlarla müəyyən edilmiş hüquq və imtiyazlara malikdirlər. Normaların tələblərindən göründüyü kimi Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun hərbi qulluqçuları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən hərbi xidmət keçirlər və hərbi qulluqçu statusu daşıyırlar. İddiaçı isə xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrdə müqavilə əsasında (5 il müddətinə) vahid istintaq-əməliyyat qrupunda Azərbaycan Respublikası Baş prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləmiş, bundan sonra Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun sərəncamına götürülməmiş, prokurorluq orqanlarına xidmətə qəbul edilərək AR Baş Prokurorluğunda xidməti fəaliyyətini davam etdirmiş, bununla da, hərbi xidmət keçməmiş, hərbi rütbə daşımamış, hərbi qulluqçu statusuna malik olmamışdır. Göründüyü kimi iddiaçının vahid istintaq-əməliyyat qrupunda işlədiyi dövrün onun prokurorluq stajına üçqat daxil edilməsinin qanuni əsası yoxdur, bu baxımdan da, kollegiya bu tələbi də əsassız hesab edir. İddiaçı növbəti tələbində xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixinədək Kəlbəcər rayon prokurorunun köməkçisi vəzifəsində işlədiyi dövrün, eləcə də, xx.xx.1996-xx.xx.2001-ci illərdə Xocalı rayon prokuroru vəzifəsinə işlədiyi dövrün prokurorluq stajına ikiqat daxil edilməsini tələb edir və bu hissədə tələbinin hüquqi əsası kimi Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 68-ci maddəsinin 1-ci və 2ci bəndlərinə istinad edir. Həmin maddəyə əsasən pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak dövrü (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) - ikiqat ölçüdə; müharibə illərində arxa cəbhədə iş müddəti ikiqat ölçüdə. Normanın tələbindən göründüyü kimi iş stajının bu qaydada güzəştli şərtlə hesablanması yalnız hərbi qulluqçulara şamil edilmişdir. İddiaçı isə yuxarıda qeyd edildiyi kimi həmin dövrlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşı kimi müvafiq rayon prokurorluqlarında xidmət edərək hərbi xidmət keçməmiş, hərbi rütbə daşımamış, bununla da, hərbi qulluqçu statusuna malik olmamışdır. Həmçinin, iddiaçı tələbinin əsası olaraq növbəti dəlilində Kəlbəcər rayon prokurorunun köməkçisi və Xocalı rayon prokuroru vəzifələrinə işlədiyi qeyd olunan dövrlərdə ikiqat əməkhaqqı aldığından həmin dövrlərin onun xidmət müddətinə müvafiq olaraq ikiqat daxil edilməli olduğunu tələb edir. Bununla bağlı kollegiya qeyd edir ki, müharibə gedən zonalarda iqtisadi vəziyyətin gərginliyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğu üzrə 1,5 və respublikanın adları göstərilmiş bir sıra (o cümlədən, Kəlbəcər, Xocalı) rayon prokurorluqlarının əməkdaşlarına əmək haqqının 2 əmsalla ödənilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.1993-cü il tarixli, 40 nömrəli əmr verilmişdir. Əmrin mətnindən göründüyü kimi bu əmrdə qeyd edilmiş ərazilərdə məhz iqtisadi vəziyyətin gərginliyi nəzərə alınaraq, prokurorluqlarının əməkdaşlarının əmək haqlarının müvafiq əmsallarla ödənilməsi göstərilmişdir ki, həmin dövrdəki qulluq illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulmamışdır. Həmçinin, nəzərə almaq lazımdır ki, iddiaçı vahid istintaq-əməliyyat qrupunda, Kəlbəcər və Xocalı rayon prokurorluqlarında işlədiyi dövlərin onun iş stajına ikiqat və üçqat daxil edilməsi barədə hazırkı iş üzrə üçüncü şəxs Azərbaycan Respublikasının Baş Prokurorluğuna da müraciət etmiş, həmin orqan müraciətin icrasından imtina etmişdir. Sadalanlara əsasən kollegiya iddiaçının bu tələbini də əsassız hesab edir. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının prokurorluq orqanlarında qulluq stajı ümumilikdə 10 il 5 ay 14 gün (xx.xx.1991-xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir ki, bununla da onun qanunla tələb olunan 15 il qulluq stajına malik olmadığı görünür. İşin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya prokurorluq orqanının işçisi kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanuni əsas olmadığından, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2-1(118)-2238/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.