Məhkəmə qərarları › İş №2-1(105)-85/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-85/2021

27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-85/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, X5 və X3 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “408 saylı hərbi hissədə “Təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə ona ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)-915/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N №-li hərbi hissədə “təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə ona ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1992-ci ildən xx.xx.2020-ci il tarixədək AR Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində xidmət etmişdir. O, xx.xx.1993-cü il tarixdən 2016-cı ilin iyun ayınadək zabit vəzifə kateqoriyasına aid olan “təyyarənin baş texniki” vəzifəsində xidmət etmişdir. Bu vəzifədə xidmət edərkən xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək gizir hərbi rütbəsində, xx.xx.2014-cü il tarixdən 2016-cı ilin iyun ayınadək zabit rütbəsində olmuşdur. “Təyyarənin baş texniki” vəzifəsi zabit vəzifə kateqoriyasına aid olsa da ona xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövrdə aylıq pul təminatı həmin vəzifənin vəzifə maaşı əsas götürülməklə yox, gizirlər üçün nəzərdə tutulan və aşağı olan 9-cu tarif dərəcəsinin vəzifə maaşı əsas götürülməklə ödənilmişdir. Bu isə qanunsuzdur. İddiaçı hesab edir ki, göstərilən müddət ərzində (xx.xx.1993cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün) xidmət etdiyi vəzifənin vəzifə maaşı ilə gizirlər üçün olan 9-cu tarif dərəcəsinin arasında olan fərq hesablanaraq ona ödənilməlidir. N №-li hərbi hissədə “təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə iddiaçıya ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün hesablanaraq ona ödənilməsi üçün göstəriş verilməsi xahişi ilə iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciəti cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı X1 vəzifə maaşı gizirlər üçün nəzərdə tutulmuş 9-cu tarif dərəcəsi ilə qanunauyğun və düzgün hesablanmışdır. Həmin vaxtlar iddiaçı vəzifə maaşının hesablanmasına etiraz etməmişdir. İddiaçı kimi vəzifə maaşı hesablanmış minlərlə hərbçi olmuşdur. Bu iddia onların da tələb irəli sürməsinə əsas ola bilər. Ona görə də hesab edir ki, ilk öncə iddia müddəti nəzərə alınmalıdır. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2-1(118)- 915/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Quliyev) Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt İnzibati Məhkəməsi qərardad qəbul edərkən iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini əsas gətirmişdir. Məhkəmə iddianı qeyri-mümkün sayarkən ona əsaslanmışdır ki, hazırki iddia öhdəliyin icrası iddiası kimi qiymətləndirilə bilməz, hesablanmış vəzifə maaşının ödənilməməsinin tələb edilməsi öhdəliyin icrası kimi qiymətləndirilməlidir. Lakin məhkəmə qərar qəbul edərkən unutmuşdur ki, mübahisənin predmetini müxtəlif vəzifə maaşları arasında 1993-cü ildən 2014-cü ilədək olan dövr ərzində alınmamış pul məbləği təşkil edir. Bu kimi tələblərə isə iddia müddəti tətbiq olunmur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd eidlənlərə əsasən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia ərizəsindən görünür ki, iddiaçı ərizəsində “N №-li hərbi hissədə “təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə ona ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasını xahiş edir, başqa sözlə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsini tələb edir. Beləliklə, müəyyən olunur ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İşə baxan birinci instansiya məhkəməsi isə qərardadda ziddiyyətli ifadələrə yol verərək, iddianın növünü düzgün müəyyən etmədən iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkünsüz saymışdır. Belə ki, qərardadda qeyd edilir ki, “hazırkı iddia öhdəliyin icrası iddiası kimi qiymətləndirilə bilməz, hesablanmış vəzifə maaşının ödənilməməsinin tələb edilməsi öhdəliyin icrası kimi qiymətləndirilməlidir. İddiaçı uzun illər əvvəl olmuş inzibati orqanın hərəkətlərini mübahisələndirir. Hansıkı 1993-2014-cü illərdə iddiaçı bu hesablama ilə razılaşmış və ya razılaşmasa belə bu halı mübahisələndirməmişdir. Bundan sonra iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etsə də, o qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Eləcə də məhkəmə öz qərardadında qeyd etmişdir ki, iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür”. Halbuki, iddia tələbindən göründüyü kimi, hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır və bu iddia növünün xüsusi mümkünlük şərtində iddia müddəti nəzərdə tutulmamışdır. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddianın növünü düzgün müəyyən etməyərək müddətin ötürülməsi səbəbi ilə iddianı mümkün saymamaqda düzgün nəticəyə gəlməmiş, iddiaçının məhkəməyə müraciət hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci bəndinə əsasən inzibati-iqtisadi məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati-iqtisadi məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(118)- 915/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “408 saylı hərbi hissədə “Təyyarənin baş texniki” vəzifəsinin vəzifə maaşı ilə ona ödənilmiş gizirlər üçün nəzərdə tutulan 9-cu tarif dərəcəsi arasından fərqin xx.xx.1993-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr üçün hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar