Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-85/2022 19.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 07 iyul 1992-ci ildən 29 oktyabr 1992-ci ilədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: müharibə veteranı vəsiqəsinin verilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 07 iyul 1992-ci ildən 29 oktyabr 1992-ci ilədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-1(118)-1242/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 07 iyul 1992-ci ildən 29 oktyabr 1992-ci ilədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1967-ci il tarixdə Quba rayonu Zərqava kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər başlayandan sonra 07 iyul 1992-ci il tarixdə o da Vətənin azadlığı uğrunda gedən döyüşlərə qatılmış və 29 oktyabr 1992-ci ilə qədər N nömrəli hərbi hissənin tərkibində olmuşdur. Əvvəlcə Fizuli rayonunda daha sonra isə Cəbrayıl rayonu uğrunda gedən döyüşlərdə iştirak etmiş və 29 oktyabr 1992-ci ildə geri qayıtmışdır. 07 iyul 1992-ci ildən 29 oktyabr 1992-ci ilədək döyüş əməliyyatlarında iştirak etdiyi üçün ona müharibə veteranı adının verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh məktubunda ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Döyüşlərdə iştirak etməsi barədə onun hərbi biletinin yeddinci səhifəsində qeyd olunsa da, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona verilən 04 mart 2021-ci il tarixli və 12 aprel 2021-ci il tarixli arayışlarda ona Mərkəzi Arxivin 04.03.2021-ci il tarixli 9/2-1924 nömrəli arayışına əsasən 01.09.1992-ci il tarixdə N nömrəli hərbi hissənin şəxsi heyətinin üzvlüyündən azad olunmağının səbəbi məlum olmadığı, Mərkəzi Arxivinin arayışında N nömrəli hərbi hissə komandirini əmrlərin nömrəsi ilə hərbi biletinin 6-cı səhifəsində qeyd edilən əmr nömrələri ilə ziddiyət təşkil etdiyi bildirilərək ona veteran adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Halbuki, hərbi biletdə əmrin sırasında düzəliş etmək onun səlahiyyəti deyildir. O bir əsgər kimi sadəcə verilən əmrləri yerinə yetirmiş, lakin müharibə veteranı adı və vəsiqəsini ala bilmir.
Cavabdehin etirazları:
3. Cavabdehin iddiaya etirazında qeyd edilir ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında’ Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Fərmandan da görünür ki, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etməlidir. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 37.2-ci maddəsinə əsasən Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Digər tərəfdən “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1997-ci il tarixli 634 nömrəli Fərmanı ilə 1994-cü il iyunun 30-na qədər ordu sıralarına çağrılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrinin sıralarından ehtiyata buraxılmışdır. İddiaçı, həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, 29.10.1992-ci ildə həqiqi hərbi xidmətdən buraxıla bilməzdi. Göstərilənlərə əsasən hesab edirlər ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən əsaslı və qanunu olaraq imtina etmişdir. 'Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakı (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Ona görə də iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edirlər.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-1(118)-1242/2021 saylı qərarı (hakim L.E.Mirzəyeva) ilə iddia təmin edilərək İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
5. Qərardan narazı qalan cavabdehin nümayəndəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-1(118)-1242/2021 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. Cavabdehin nümayəndəsi E.Nəciyev apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, müdafiə nazirliyinin döyüşlərdə iştirak etmiş və hərbi xidmətdən qanuni əsaslarla buraxılan şəxslərə münasibətdə müharibə veteranı adı vermək öhdəliyi vardır. İşdə olan N saylı hərbi hissə komandirinin 07.07.1992-ci il tarixli 26 nömrəli əmrində Quba RHK-dan səfərbər edilmiş çağırışçı İddiaçı hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilməsi və bütün növ təminatlarla təmin edilməsi, N nömrəli hərbi hissə komandirinin 29.10.1992-ci il tarixli 82 nömrəli əmrində Quba RHK tərəfindən səfərbər edilmiş çağırışçı İddiaçı 01.09.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumatın olduğu qeyd edilmişdir. Məhkəmə istinad edilən əmrin mahiyyətini araşdırmamış, halbuki bu əmrlər hərbi hissədən, xidmət yerindən özbaşına getmiş hərbi qulluqçuların şəxsi heyətin siyahısından çıxarılması məqsədilə verilirdi. Bundan əlavə SHXÇDX-nın Quba rayon şöbəsindən sorğu edilmiş hərbi uçot kartasından da görünür ki, iddiaçının Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçməsi barədə heç bir qeydiyyat yoxdur. Həmçinin uzun müddət ərzində iddiaçının müharibə adı alması üçün müraciət etməməsinin səbəbləri də araşdırılmamış, lakin məhkəmənin hansı əsaslarla qərar qəbul etməsi aydın deyildir.
7. Apelyasiya şikayətində o da vurğulanır ki, müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə DövlətXidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında’ Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Fərmandan da görünür ki, müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etməlidir. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 37.2-ci maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Digər tərəfdən “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1997-ci il tarixli 634 nömrəli Fərmanı ilə 1994-cü il iyunun 30-na qədər ordu sıralarına çağrılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrinin sıralarından ehtiyata buraxılmışdır. Məhkəmənin iddiaçının həqiqi hərbi xidmətdən buraxılması üçün güzəştli əsaslara malik olmadığı halda, 29.10.1992-ci ildə həqiqi hərbi xidmətdən buraxıla bilməsi qənaətinə gəlməsi əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər “Müharibə veteranı” sayılmırlar. Hesab edirlər ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən əsaslı və qanunu olaraq imtina etmişdir.
b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apelyasiya şikayətinə qarşı iddiaçı tərəfindən etiraz təqdim edilməmişdir.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 göstərmiçdir ki, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 1997-ci il tarixli 634 nömrəli Fərmanı ilə 1994-cü il iyunun 30-na qədər ordu sıralarına çağrılmış əsgərlər, matroslar və çavuşlar; ali təhsili olan və ordu sıralarında 1 il 6 ay və daha çox xidmət etmiş əsgərlər, matroslar və çavuşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun və birləşmələrinin sıralarından ehtiyata buraxılması həyata keçirildiyi halda iddiaçının 29.10.1992-ci ildə tərxis edilməsi mümkünsüz olmuş, digər tərəfdən iddiaçının güzəştli əsaslara görə buraxılmasına dair də heç bir sübut yoxdur. Ona görə də şikayətin təmin edilərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş edirlər.
10. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin formal mülahizələrdən ibarət olmaqla birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmasını və ləğv edilməsi üçün heç bir əsas olmamasını vurğulayaraq onu qeyd etdi ki, 07.07.1992-ci ildə səfərbərlik toplantısına çağırılaraq orduya göndərilmiş və 29.07.1992-ci ilə qədər döyüş bölgəsində olmaqla Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə iştirak etmiş, döyüşlərdə qəlpə yarası almaqla yaralansa da, bununla bağlı hospitalda müalicə almamış, sonradan 40-45 nəfərdən ibarət olan batalyon əsgərləri evə buraxılmış və o, döyüşdən qayıdandan sonra hərbi komissarlığa müraciət edərək onun yenidən qeydiyyata alınmasını istəsə də, belə bir qeydiyyat aparılmamış, keçən uzun müddət ərzində müharibə veteranı adının almamasının səbəbi isə o olmuşdur ki, döyüşdən qayıdarkən həyat yoldaşı xəstəlikdən vəfat etdiyindən dörd azyaşlı uşaqlarına baxaraq onların böyütməsilə məşğul olmuş, işğal edilmiş ərazilərimiz düşməndən təmizləndikdən sonra o da öz haqqının təsdiq edilməsi məqsədilə müdafiə nazirliyinə müraciə etmək qərarına gəlmiş və məhkmə qərarı ilə iddiası təmin edilmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir.
11. Növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada cavabdeh tərəf rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
12. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
14. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
15. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
16. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
17. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
18. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
19. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
22. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
25. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
27. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.
28. Azərbaycan Respublikasının “Veteranlar haqqında” Qanunu: Maddə 3. 1-ci hissə, 3-cü abzas: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. 1-ci hissə: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 7. 3-cü hissə: Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
29. Azərbaycan Respublikasının Hərbi qulluqcuların statusu haqqında Qanununun 3cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
30. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” 10.06.1992-ci il tarixli Qanun: Maddə 24. Səfərbərlik elan olunarkən həqiqi hərbi xidmətdə olan bütün şəxslər xüsusi sərəncam verilənədək xidmətdə saxlanılır, hərbi vəzifəlilər isə hərbi xidmətə çağırılır. Maddə 26. Səfərbərlikdən tərxisetmə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müddətdə həyata keçirilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.
32. Azərbaycan Respublikası müdafiə nazirinin 1998-ci il 06 yanvar tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı”adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərdən çıxarışın mütləq təqdim edilməsi müəyyən edilmişdir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hazırkı qərarın 13-22-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq, tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməklə iddia tələbi rədd edilməlidir.
34. Belə ki, iş materiallarından müəyyən olunduğu kimi Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilən 04.03.2021-ci il tarixli arxiv arayışından müəyyən olunur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 07.07.1992-ci il tarixli 26 nömrəli əmrində Quba RHK-dan səfərbər edilmiş çağırışçı İddiaçı hərbi hissənin şəxsi heyət üzvlüyünə qəbul edilməsi və bütün növ təminatlarla təmin edilməsi, N nömrəli hərbi hissə komandirinin 29.10.1992-ci il tarixli 82 nömrəli əmrində isə Quba RHK tərəfindən səfərbər edilmiş çağırışçı İddiaçı 01.09.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilməsi barədə məlumat öz əksini tapmışdır.
35. Məhkəmə araşdırması zamanı isə iddiaçının izahatları ilə müəyyən edilmişdir ki, 07.07.1992-ci ildən 29.07.1992-ci ilə qədər döyüş bölgəsində olmaqla Füzuli və Cəbrayıl rayonlarında gedən döyüşlərdə iştirak etdikdən sonra döyüşlərdə qəlpə yarası almaqla yaralansa da, bununla bağlı hospitalda müalicə almamış, sonradan 40-45 nəfərdən ibarət olan batalyon əsgərləri evə buraxılmış və ailə vəziyyətilə əlaqədar bir daha döyüş bölgəsinə qayıtmamışdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Qanunvericiliyin tələblərinə əsasən müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Ehtiyata və ya istefaya buraxılma barədə isə Azərbaycan Respublikasının Prezidenti müvafiq qərar qəbul edir və belə bir fərman qəbul ediləndən sonra müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Müdafiə Naziri və müvafiq olaraq hərbi hissələrin komandirləri) hərbi heyətin ehtiyata və ya istefaya buraxılması barədə əmr qəbul edirlər. Beləliklə, hərbi qulluqçunun müharibə dövründə hərbi xidməti 09 oktyabr 1991-ci il tarixindən müxtəlif vaxtlarda başlana bilər, lakin onun dövrü 10 may 1994-cü il tarixini əhatə etməklə hərbi xidmətin sonu Azərbaycan Respublikası Prezidentinin tərxisetmə barədə qəbul etdiyi qərardan sonra hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. Yalnız bu halda hərbi qulluqçu hərbi xidmət keçmiş şəxs kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 433 saylı Fərmanı 23 yanvar 1996-cı il tarixində, “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 466 saylı Fərmanı 23 iyun 1996-cı il tarixində və “Hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 501 saylı Fərmanı 29 sentyabr 1996-cı il tarixində qəbul edilmişdir. Göründüyü kimi, müharibə dövründən sonra hərbi qulluqçuların ehtiyata buraxılması 1996cı ildən başlanmış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular müvafiq rəsmiləşdirilmədən sonra hərbi xidməti keçmiş hesab edilməlidirlər. Beləliklə, iddiaçı qanuni əsaslarla hərbi hissədən tərxis olunmadığı üçün cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur.
37. Beləliklə, hazırki qərarın 6 və 7-ci bəndlərində qeyd edilən cavabdehin apelyasiya şikayətinin dəlillərilə məhkəmə kollegiyası razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni hazırkı qərarın 28-32-ci bəndlərində istinad edilən normaların tələbləri baxımından düzgün əsaslandırmayaraq səhv nəticəyə gəlmiş ona görə də Sumqayıt İnzibati Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-1(118)-1242/2021 saylı qərarı ləğv edilməli, iddiaçının istinad etdiyi arxiv arayışında və hərbi biletindəki müvafiq qeydlərin digər rəsmi sənədlərlə təsdiq edilməməsi, ən əsası isə 01.09.1992-ci ildə ordudan tərxis edilməsinə dair hər hansı güzəştli əsasının olması heç bir sübutla müəyyən edilmədiyindən iddiçının iddiasının təmin edilməsinə dair qanuni əsaslar olmadığından iddia tələbi təmin edilə bilməz. Ona görə də apelyasiya şikayəti təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 avqust 2021-ci il tarixli, 2-1(118)-1242/2021 saylı qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “onun 07 iyul 1992-ci ildən 29 oktyabr 1992-ci ilədək Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.