Məhkəmə qərarları › İş №2-1(105)-850/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-850/2024

13.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-850/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: rayon icra hakimiyyəti başçısının sərəncamı əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması, dövlət reyestrindən çıxarışın, plan və ölçü sənədinin verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı firmasının direktoru Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-150/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli sərəncamın surətindən görünür ki, Xırdalan qəsəbəsinin, H.Aslanov küçəsi ilə Qaqarin küçəsinin kəsişdiyi ərazidə 1,2 №li binaların qabağında mövcud köşkün sırasında İddiaçı kiçik müəssisəsinə komission mağaza tikintisinə 6,0 x 4,0 m ölçüdə torpaq sahəsi ayrılması qərara alınmışdır. Texniki pasportun surətindən görünür ki, həmin sənəd İddiaçı kiçik müəssisəsinə məxsus torpaq sahəsi və tikiliyə dair tərtib edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli rəydən görünür ki, Nümayəndə Xırdalan şəhəri ərazisində istifadəsində olan mövcud ticarət obyektinin rekonstruksiyasına və ikinci mərtəbəsinə etiraz etmir. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli sərəncamından görünür ki, Nümayəndə Xırdalan şəhəri ərazisində istifadəsində olan mövcud ticarət obyektinin rekonstruksiyasına və ikinci mərtəbəsinin tikintisinə icazə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçı "Orxan-T" firmasına Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları) təqdim edilmədiyindən torpaq sahəsinin mülkiyyətini (dövlət,bələdiyyə və.s) müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS-də) torpaq sahəsi texniki səhv olaraq bələdiyyə mülkiyyəti kimi göstərilmişdir. Düzəliş edilməsi ilə əlaqədar tədbirlər görülməkdədir. İddiaçı firmasına Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1993cü il tarixli 845 nömrəli sərəncamı ilə (sxemə əsasən) ayrılmış 0,0024 ha torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq mövcuddur. Faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi vahid qeyri-yaşayış binasının bir hissəsində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Bundan başqa, kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin dövlət əmlakı olduğu müəyyən edilmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi şöbəsinə müraciət ediməsi məqsədəuyğun hesab olunur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli, 845 nömrəli sərəncamı ilə İddiaçı firmasına (kiçik müəssisəsi) ayrılmış 0,02224 ha ölçülü torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyata alınmasından imtina edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X6 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin hərəkətləri qanunsuz hesab edilməsi, həmin əmlakın İddiaçı firmasının mülkiyyəti kimi dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrində çıxarışın və torpaq sahəsinin plan-ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 06 dekabr 1993-cü il tarixli, 803 nömrəli Sərəncamına əsasən İddiaçı kiçik müəssisəsinə Xırdalan qəsəbəsində ərzaq mallarının satışını təşkil etmək məqsədilə torpaq sahəsi ayrılması üçün komissiya təşkil edilməsi qərara alınmış, komissiyaya tələb olunan sənədlərin müvafiq qaydada tərtib edib İcra hakimiyyəti başçısının təsdiqinə verilməsini təmin etmək tapşırılmışdır. Onun nümayəndəsi ilə birlikdə 11 nəfərdən ibarət komissiya üzvləri tərəfindən Rayon İcra Hakimiyyəti başçısının birinci müavininin sədrliyi ilə tərtib edilmiş İddiaçı kiçik müəssisəsinə mağaza tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında" aktda göstərilmişdir ki, İddiaçı kiçik müəssisəsinin 04.12.93-cü il tarixli, 1 nömrəli məktubu ilə əlaqədar mağaza tikintisi üçün torpaq sahəsi ayrılması məqsədilə, Xırdalan qəsəbəsində baxış keçirilmişdir. Məlum olmuşdur ki, H.Aslanov küçəsi ilə Q.Qaqarin küçəsinin kəsişdiyi ərazidə 1,2 nömrəli binaların qabağında mövcud köşkün sırasında “Orxan-T“ kiçik müəssisəsi üçün mağaza tikilməsinə 6.0 x 4.0 ölçüdə torpaq sahəsi aşağıdakı şərtlərlə ayrıla bilər. (Sahənin mövcud küçələrdən və binalardan məsafələr baş plandan çıxarışda göstərilir). Sifarişçi təşkilat seçilmiş torpaq sahəsinin yeraltı və yerüstü kommunikasiyalarının öyrənilməsinə müsbət rəy alınmasına nail olsun. Tikintiquraşdırma işlərinə başlanmazdan əvvəl obyektin layihə-smeta sənədləri RİH-nin mümarlıq və tikinti şöbəsi ilə razılaşdırılsın. Obyektin xarici görünüşündə milli-memarlıq üslublarından istifadə olunsun. Tələb olunan torpaq sahəsi ümumi torpaq qanunverilciliyinə uyğun sənədləşdirilsin. Başçının birinci müavini və RİH-nin baş memarı tərəfindən Abşeron Rayon İcra Hakimiyyətinin başçısına ünvanlandırılmış 24 dekabr 1993-cü il tarixli məktubda göstərilmişdir ki, təşkil edilmiş komissiya tərəfindən komission mağaza tikintisinə torpaq sahəsi ayrılması məqsədilə Xırdalan qəsəbəsinin ərazisində baxış keçirilmişdir. Məlum olmuşdur ki, H.Aslanov küçəsi ilə Qaqarin küçəsinin kəsişdiri ərazidə 1,2 nömrəli binaların qabağında mövcud köşkün sırasında İddiaçı kiçik müəssisəsinə mağaza tikintisinə 6.0 x 4.0 ölçüdə torpaq sahəsi ayrıla bilər. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli Sərəncamınca göstərilmişdir ki, İddiaçı kiçik müəssisəsinin 1 dekabr 1993-cü il tarixli, 01 nömrəli və RİH-nin 6 dekabr 1993-cü il tarixli, 803 nömrəli sərəncamına əsasən təqdim olunan arayış və torpaq sahəsinin ayrılması haqqında komissiyanın aktı nəzərə alınsın. Xırdalan qəsəbəsi, H.Aslanov küçəsi ilə Qaqarin küçəsinin kəsişdiyi ərazidə 1,2 nömrəli binaların qabağında mövcud köşkün sırasında İddiaçı kiçik müəssisəsinə komission mağaza tikintisinə 6.0 x 4.0 metr ölçüdə torpaq sahəsi ayrılsın. RİH-nin memarlıq və tikinti şöbəsinə tapşırılsın ki, obyektin baş plandan çıxarış üzrə yerləşdirilməsini təmin etsin. Sifarişçi təşkilat seçilmiş torpaq sahəsini yeraltı və yerüstü mühəndis qurğuların öyrənilməsində müsbət rəy alınmasına nail olsun. Tikinti-quraşdırma ilşərinə başlanmazdan əvvəl obyektin layihə-eskiz sənədləri İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi ilə razılaşdırılsın, tikinti-quraşdırma işlərinin aparılmasında milli-memarlıq üslublarından istifadə edilsin. Tələb olunan torpaq sahəsi ümumi torpaq qanunverilciliyinə uyğun sənədləşdirilsin. Beləliklə, iddiaçının nümayəndəsi rəhbəri və təsisçisi olduğu müəssisəyə ayrılmış torpaq sahəsində verilmiş sərəncama uyğun mağaza inşa etmiş, ticarət fəaliyyəti ilə məşğul olmuşdur. Sonradan 2011-ci ildə rayon İcra Hakimiyyətinə müraciət edərək mövcud ticarət obyektinin rekonstruksiyasına və ikinci mərtəbəsinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısının 21 noyabr 2011-ci il tarixli sərəncamına əsasən ona bu icazə verilmişdir. İddiaçı firmasının təsisçisi və qanuni təmsilçisi 15 aprel 2022- ci il tarixdə cavabdehə rəsmi qaydada müraciət etməklə Abşeron rayonu, Xırdalan şəhərində yerşələn 0,0024 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh ünvanladığı 04 avqust 2022-ci il tarixli bildirişdə göstərmişdir ki, “aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu aşkar edilmişdir. Bundan başqa, kadastr baza məlumatlarına əsasən, sözügedən torpaq sahəsinin dövlət əmlakı olduğu müəyyən edilmişdir...” Göründüyü kimi, təxminən 1993-cü ildən fəaliyyət göstərən mağaza 2011-ci ildə icra hakimiyyəti başçısının sərəncamına əsasən rekonstruksiya edilməsinə, ikinci mərtəbəsinin artırılmasına baxmayaraq, hazırda həmin obyektin yerləşdiyi torpaq sahəsinin qeydiyyatına alınması ilə bağlı müraciətinə cavabdeh yuxarıda göstərilən məzmunda əsassız bir cavab vermişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, araşdırma zamanı məlum olmuşdur ki, Abşeron rayonu, Xırdalan səhərində yerləşən 0,0024 ha torpaq sahəsi dövlət mülkiyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-150/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 27 dekabr 1993-cü il tarixli, 845 nömrəli sərəncamı ilə ayrılmış 0,0024 ha torpaq sahəsi üzərində İddiaçı firmasının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin ayrılmasına dair sərəncam qüvvədə olduğundan və qanunvericiliklə qaydada etibarsız hesab edilməməsi və ya ləğv edilməməsi səbəbindən iddia tələbi əsaslıdır. Cavabdehin həmin torpaq sahəsinin dövlət mülkiyətində olması barədə dəlilinə münasibətdə qeyd edilir ki, torpaq sahəsi ayrılan vaxt, yəni 1993-cü ildə bələdiyyələr hələ yaradılmamışdır və dövlət mülkiyyətində olan torpaqların yerli icra hakimiyyəti orqanları tərəfindən ayrılması qanunvericilikdə nəzərdə tutulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə etiraz ərizəsində qeyd olmasına baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iş üzrə üçüncü şəxs qismində icraata cəlb edilməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı firmasının direktoru Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki inzibati iş üzrə iddia tələbi sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinin sənəd üzrə yerləşdiyi yer ilə faktiki müraciət edilən yer arasında uyğunsuzluq olduğu aşkar edilmiş, kadastr baza məlumatlarına əsasən sözügedən torpaq sahəsinin dövlət əmlakı olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə mağaza tikintisi məqsədilə 0,0024 kv.m torpaq sahəsi ayrılmış, torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxem tərtib edilərək, təsdiq edilmişdir. Həmçinin, müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə həmin torpaq sahəsində tikintinin aparılmasına icazə verilmişdir. Eyni zamanda iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aiddir, TEKUİS-də səhv olaraq bələdiyyə mülkiyyəti kimi göstərilmiş, düzəliş edilməsi ilə əlaqədar tədbirlər görülür, sxemə əsasən ayrılmış 0,0024 ha torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında fərq mövcuddur, faktiki torpaq sahəsi ilə sənəd üzrə torpaq sahəsi vahid qeyri-yaşayış binasının bir hissəsində yerləşir. Həmçinin, əlavə edilmiş sxemin məzmunundan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölüçüsü 0,0058 ha təşil edir. Göründüyü kimi, indiki halda tərtib edilmiş sxemdə əks olunmuş 0,0024 ha torpaq sahəsi torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir. İndiki halda torpaq sahəsinin faktiki istifadə vəziyyəti ilə sənəd üzrə uyğunsuzluğun yaranması səbəbi iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 0,0058 ha olması ilə bağlı olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, məhz müvafiq sərəncam əsasında iddiaçının adına ayrılmış və sxem əsasında yerləşmə vəziyyəti müəyyən edilmiş torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının istifadəsində olduğundan, iddiaçının tələbi də məhz həmin torpaq sahəsi ilə bağlı olduğundan, cavabdeh tərəfindən qeyd edilən uyğunsuzuqla bağlı hala istinad etməkdə haqlı olmamışdır. Belə ki, həmin uyğunsuzluq halı iddiaçının mövcud olan mülkiyyət hüququnun dövlət qeydiyytaına alınması üçün qanunla müəyyən edilmiş imtina əsası qimsində çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin hissədə işin hallarına düzgün hüquqi qiymət vermiş, cavabdehin imtinası həmin hissədə əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, sözügedən torpaq sahəsi məhz müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə iddiaçının adına ayrılmışdır. Torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən dövlət mülkiyyətinə olan torpaq sahəsinin müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında ayrılması mümkün idi. İndiki halda da sözügedən torpaq sahəsi məhz dövlət mülkiyyətində olan torpaq sahəsi kimi müvafiq icra hakimiyyəti orqanının sərəncamı əsasında iddiaçının adına ayrılmışdır. Qeyd edilən Sərəncam hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair müvafiq Sərəncam hazırda qüvvədə olmaqla, yuxarıda istina edilən qanunvericilik normalarının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. İndiki halda isə həmin hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdehin şikayətinin digər dəlili ilə bağlı onu qeyd edir ki, inzibati prosessual qanunvericlik normasında şəxsin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsinin əsasları müəyyən edilmişdir. İndiki halda cavabdeh şikayətin məzmununda torpaq sahəsi dövlət mülkiyyətində olduğundan, iş üzrə müvafiq inzibati orqanın üçüncü şəxs qismində cəlb edilməsini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki,cavabdeh inzibati orqan həmin inzibati orqanın qurumu olduğundan, həmin hal onun adi və ya zəruri cəlb etmə qaydasında işə cəlb edilməsinin zərurliyinə əsas verən hal kimi çıxış etməmişdir. Bundan əlavə, cavabdeh tərəfindən başqa heç bir əsasa istinad edilməmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da qeyd edilən inzibati orqanın iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini zəruri edən hər hansı hal müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin şikayətinin dəlili həmin hissədə də əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-150/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar