Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-851/2023 07.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar aldığı xəsarətlə bağlı müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edillməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq iddiaçıya verilən prezident təqaüdünün bərpa olunması və ödənilməmiş təqaüdün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(118)-4085/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar aldığı xəsarətlə bağlı müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edillməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq iddiaçıya verilən prezident təqaüdünün bərpa olunması və ödənilməmiş təqaüdün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmət vəziləsini yerinə yetirərkən HHQ və HHMQ Komandanının xx.xx.1999-cu il tarixli 07/gm saylı əmrinə əsasən "Hərbi Xidmətə keçmə Haqqında" Əsasnamənin 157-ci maddəsinin "B" bəndində (xəstəliyə görə) həqiqi hərbi xidmətdən istefaya buraxılıb. xx.xx.1999-cu il tarixdən hərbi hissənin siyahısından çıxarılıb. Bundan sonra hərbi xidmət dövründə aldığı xəsarətlə bağlı İİ qrup əlillik dərəcəsi təyin edilmişdir. Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ona Prezident təqaüdü təyin edilmişdir. Həmin təqaüdü 2023-cü ilin yanvar ayına kimi almış, 2023-cü ilin yanvar ayında Prezident təqaüdünün verilməsi dayandırılmışdır. Prezident təqaüdünün bərpası ilə bağlı müvafiq orqanlara müraciət etməsinə baxmayaraq bu günə kimi pozulmuş hüquqları bərpa olunmamışdır. Bununla əlaqədar cavabdeh orqana müraciət edərək, hərbi xidmət dövrü ilə əlaqədar aldığı xəsarətlə bağlı Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq ona verilməli olan Prezident təqaüdünün bərpa olunması barədə qanunvericiliyə uyğun tədbir görüb bu barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Həmin ərizəni xx.xx.2023-cü il tarixində cavabdeh orqana göndərmiş və cavabdeh orqan tərəfindən həmin ərizə xx.xx.2023-cü il tarixində alınmışdır. Lakin həmin orqan tərəfindən rəsmi cavab verilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 heyətinin sədri Ramin Rzayev tərəfindən göndərilmiş 3-İ 7-4/2-14117/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur ki, hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olmuş müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Müəyyən olunmuşdur ki, “əlillik vəziyyətiniz dövlət tibb müsəssəsinin göndərişi əssasında xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. Belə ki, sizə dair dövlət tibb müsəssəsiniıı sözügedən göndərişində qeyd olunan diaqnozu təsdiq ,edən ixtisaslaşmış müalicə müddəti yetərli omadığından əlilliyin müəyyən edilməsi mümkün olmamışdır. Qeyd edək ki, əlillim vəziyyətinizin qiymətləndirilməsi üçün Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə xx.xx.2014-cü il tarixindən sonra yeni göndəriş daxil olmuşdur. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətləndirilməsi zamanı müvafiq qurumların hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən sənəd əsas götürülür. Bununla əlaqədar olaraq, hərbi həkim komissiyasının xəstələnmənin səbəb əlaqəsi barədə qərarı əsasında dövlət tibb müəssisəsi tərəfindən sağlamlıq vəziyyətini tam və ətraflı şəkildə əks etdirən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Agentliyin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-cı il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsəinə əsasən Agentlik əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası istiqamətində fəaliyyət göstərir. Qeyd etdiyiniz digər məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumlarına müraciət etməyiniz tövsiyə olunur.” Göründüyü kimi ərizədə qeyd etdiyi xüsusatların Azərbaycan Respublikası Omək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ünvanladığı məktubla heç bir əlaqəsi yoxdur. Ona görə də hərbi xidmət dövrü ilə əlaqədar aldığı xəsarətlə bağlı Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq verilməli olan Prezident təqaüdünün bərpa olunması və ödənilməmiş təqaüdün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə bağlı iddia ərizəsi ilə məhkməyə müraciət etmək məcburiyyətindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(118)-4085/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim L.Mirzəyeva). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, “Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur.” İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh orqana rəsmi qaydada müraciət etmiş, bunun sübutu olaraq poçt xəbərnaməsinin və müraciət etdiyi ərizəni hazırki şikayətə əlavə etmişdir. Hesab edir ki, birinci inistansiya məhkəməsi prosessual pozuntulara yol verərək əsassız qərardad qəbul elmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşdən görünür ki, iddiaçının hazırkı tələbi ona verilən Prezident təqaüdünün bərpa olunması və ödənilməmiş təqaüdün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Birinci instansiya məhkəməsi cavabdeh orqana müraciətin olmaması əsası ilə iddianı mümkün saymamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkünlüyü ilə bağlı məsələ həll edilərkən aşağıda qeyd edilən pozuntulara yol verilmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarının 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə ................., qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, .................. yoxlamalıdırlar. Hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. Adıçəkilən Plenum qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və sairə) də mövcudluğu yoxlanılmalıdır. Yəni, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən öhdəliyin icrası haqqında iddialara münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının ilkin olaraq öz tələbi ilə bağlı inzibati orqana müraciət etməsi şərti də ödənilmiş olmalıdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə ünvanlanmış iddiaçının ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı hərbi xidmət dövrü ilə əlaqədar aldığı xəsarətlə bağlı müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edillməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq iddiaçıya verilməli olan Prezident təqaüdünün bərpa olunması barədə qanunvericiliyə uyğun tədbir görülüb ona rəsmi məlumat verilməsini xahiş etmişdir. İşdə olan sifarişli xəbərnamənin məzmunu ilə müəyyən olunur ki, həmin ərizə xx.xx.2023-cü il tarixdə Nazirliyə təqdim olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən, ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.4-cü maddəyə görə bu Qanunun 33.1-ci maddəsində nəzərdə tutulmuş hallarda ərizə qanunla müəyyən olunmuş müddətdə təqdim olunmuşdursa, ərizənin təqdim edilməsi ilə bağlı müddətə maraqlı şəxs tərəfindən əməl olunmuş sayılır. Qanunun tələbindən göründüyü kimi ərizəyə baxılması onun təqdim edildiyi inzibati orqanın deyil, başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, həmin orqan ərizəni 10 gün müddətində səlahiyyətli inzibati orqana göndərməlidir. Hazırkı mübahisə üzrə müəyyən olunur ki, iddiaçı tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinə müraciət olunmuşdur. İddiaçının tələbinə cavab verməli inzibati orqan isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Nazirliyə müvafiq müraciəti inzibati orqana müraciəti kimi qiymətləndirilməlidir. İşin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, inzibati orqana müraciət ilə bağlı tələb yerinə yetirildiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdeh inzibati orqan kimi haqlı olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalını qeyd etsə də, birinci instansiya məhkəməsi qərardadında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalını cavabdeh inzibati orqan kimi qeyd etmişdir. İPM-nin 87.7.2-ci maddəsinə əsasən inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 82, 87.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2-1(118)-4085/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına qarşı “iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar aldığı xəsarətlə bağlı müharibə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edillməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq iddiaçıya verilən prezident təqaüdünün bərpa olunması və ödənilməmiş təqaüdün birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması” tələbinə dair inzibati iş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-851/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-851/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver