Məhkəmə qərarları › İş №2-1(105)-853/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-853/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-853/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial X5 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, pensiyanın yenidən hesablanması və əmək pensiyasının birdəfəlik ödənilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Hüseynov Mirazər Mirsaleh oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-304/2024 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən iddiaçı xx.xx.1955-ci ildə Gürcüstanın Marneuli rayonunun Ahkulo kəndində anadan olmuşdur. İddiaçıya məxsus ЭТ-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.2004cü il tarixdən xx.xx.2007-ci il tarixədək "xxxx" Şirkətində işarə qoyan rəngsaz vəzifəsində çalışmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının xx.xx.2006 – xx.xx.2007-ci illərdə Avstraliyanın "xxxx" şirkətində rəngsaz işlədiyi müddətdə əmək haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması barədə rəsmi məlumatların "xxxx" ASC-dən götürülməsi qərara alınmış və iddaçının əmək haqqı aldığı plastik kart hesabından qərardadda qeyd edilən dövr aralığı üzrə çıxarışlar məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Sığorta” (Hesabat) altsistemində sığortaedən Avstraliyanın "PCH Offshore PTY LTD” Şirkətinin Filialı (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) iddiaçının sığortaolunan kimi məlumatları qeyd olunmadığından sözügedən illər üzrə məlimatlar fərdi şəxsi hesabında öz əkini tapmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra cavabdehin əsl cavabdehlə əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2006-cı ildən 2007-ci ilə kimi Avstraliyanın "xxxx" Şirkətinin Filialında işdədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən ərizənin təmin olunmasından xx.xx.2022-ci il tarixli məktubla imtina olunmuş və həmin imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2022-ci il tarixində **********6 nömrə ilə qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmışdır. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Sığorta" (Hesabat) altsistemində sığortaedən, Avstraliyanın "PHC Offshore PTY "xxxx" Şirkətinin Filialı (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) sığortaolunan kimi məlumatlar qeyd olunmadığından sözügedən illər üzrə məlumatlar fərdi şəxsi hesabda öz əksini tapmamışdır. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, fərdi şəxsi hesabda öz əksini tapmayan dövrlərin araşdırılması üçün Avstraliyanın "xxxx" Şirkətinin Filialına müraciət edilməsi tövsiyə edilmişdir. Hazırda cavabdehin imtinası ilə razı olmadığına görə iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinə əlavə olunmuş əmək kitabçasının notarial təsdiq olunmuş surətindən də görünür ki, o, xx.xx.2004-cü il tarixindən xx.xx.2007-ci il tarixinə kimi Avstraliyanın "xxxx" Şirkətində rəngsaz işləmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına xx.xx.2022-ci il tarixdə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyini iddia etdiyi dövrün sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubu ilə iddiaçının fərdi şəxsi hesabında 01.01 2006- cı il tarixdən xx.xx.2007-ci il tarixədək olan dövr üzrə sığortaolunan kimi hər hansı bir məlumatın əks olunmadığı bildirilmişdir. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən, fərdi şəxsi hesab hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesabdır. Sözügedən Qanunun 5.2.11-ci maddəsinə əsasən, fərdi şəxsi hesaba məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün) daxil edilməlidir. İstinad olunan Qanunun 9-cu maddəsinə əsasən, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəsifəsidir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Sığorta” (Hesabat) altsistemində sığortaedən Avstraliyanın "PCH Offshore PTY LTD” Şirkətinin Filialı (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) iddiaçının sığortaolunan kimi məlumatları qeyd olunmamışdır. Bildiririk ki, xx.xx.2006-cı il tarixdən 2011-ci ilin fevral ayınadək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı müəyyən edilməmişdir. Əlavə olaraq qeyd edilir ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2023-cü il tarixə münasibətdə 586,16 manat məbləğdə pensiya ödənişi iddiaçının kart hesabına köçürülmüşdür. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-304/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır və iddiaçıya məxsus əmək kitabçasının 10-12-ci səhifələrindən görünür ki, o, xx.xx.2004-cü il tarixdə "PCH Offshore PTY LTD” Şirkətinə işarə qoyan rəngsaz vəzifəsinə təyin olunmuş və xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq əmək müqaviləsinə xitam verilmişdir. Hazırkı halda iddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut iş materialları ilə təsbit olunmur. Məhkəmə sorğusu nəticəsində əldə olunmuş sözügedən şirkətin Əsasnaməsinə əsasən müəyyən edilmişdir ki, həmin şirkət 1999-cu ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. İddiaçı mübahisə edilən illərdə həmin şirkətdə rəngsaz vəzifəsində işləmiş və buna görə müvafiq əmək haqqı almışdır ki, hesaba mədaxil olunan hesab vərəqəsindən də həmin halı təsbit etmək mümkündür. Bundan əlavə əmək kitabçasından da göründüyü kimi iddiaçı 2004- 2007-ci illərdə həmin şirkətdə çalışıb. 2004-2006-cı illərin onun sosial sığorta stajına hesablandığı halda, 2006-2007-ci illərin sığorta stajı kimi hesablanmaması özlüyündə hüquqmüəyyənlik və bərabərlik prinsipininin pozulmasına gətirib çıxarır. Beləliklə, sığortaolunan kimi iddiaçının məlumatlarının qeyd olunmaması və mübahisələndirilən ayların hesaba alınmaması onun təqsiri kimi qiymətləndirilib gözlənilən sosial-təminat hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməməlidir. Hazırkı halda inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar əsassız olmaqla, iş materialları ilə təkzib edildiyindən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmə qərarının iddiaçı Ə.Babavevin xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövrün sosial sığorta stajına hesablanması ilə bağlı mövqeyinə münasibətdə qeyd edilməyi zəruri hesab edilir ki, Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialı haqqında” Əsasnaməyə əsasən ölkə üzrə sığortaedənlərin və sığortaolunanların uçotunun həyata keçirilməsi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması, məcburi dövlət sosial sığorta hesabına ödənilən sosial sığorta ödəmələrinin düzgün hesablanıb ödənilməsini və dövlət sosial sığorta sistemində fərdi uçotu mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialına həvalə edilmişdir. Qeyd olunan Əsasnamədən də aydın olur ki, sözügedən is üzrə Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının üçüncü şəxs qismində cəlb edilməsi zəruridir. Əlavə olaraq Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2021-ci il tarixli **********1 nömrəli qərarı ilə əmək pensiyalarının, habelə (məcburi dövlət sosial sığorta haqları hesabına xüsusi rütbəli şəxslərə və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla,) əhaliyə digər əmək pensiyalarının, sosial müavinətlərin, ayrı-ayrı kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, kompensasiyaların təyinatını, yenidən hesablanmasını və bir növdən başqa növə keçirilməsini mərkəzləşdirilmiş qaydada Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına həvalə edilmişdir. Məhkəmə qərarının iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi hissəsinə münasibətdə “Əmək pensiyaları haqqında” Azerbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar ....1.0.6. dövlət sosial sığorta sistemində fərdi uçot – Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq əmək pensiyası və sosial müdafiə sahəsində digər hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunana dair “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun 5.2-ci maddəsində nəzərdə tutulan məlumatların uçotunun təşkili və aparılmasıdır; 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;... Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22.2. Sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. .... Maddə 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: .....1.1.2. fərdi şəxsi hesab – hər bir sığortaolunana sığortaçı tərəfindən sosial sığorta nömrəsi ilə açılan, fərdi uçot məlumatlarının əks olunduğu hesab;.... 5.2. Fərdi şəxsi hesaba aşağıdakı məlumatlar daxil edilməlidir: ....5.2.11. məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər (sığorta stajının hər ayı üçün);.... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Hazırki iş üzrə iddia tələbi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Avstraliyanın "xxxx" şirkətində rəngsaz vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, ona təyin olunmuş pensiyanın yenidən hesablanması, xx.xx.2020-ci il tarixdən hazırkı müddətə kimi ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi barədədir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində "Sığorta” (Hesabat) altsistemində sığortaedən Avstraliyanın "PCH Offshore PTY LTD” Şirkətinin Filialı (SUN: **********7) tərəfindən 2006-2007-ci illər üzrə təqdim edilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda (Forma B3) iddiaçının sığortaolunan kimi məlumatları qeyd olunmadığından sözügedən illər üzrə məlimatlar fərdi şəxsi hesabında öz əkini tapmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının xx.xx.2004-xx.xx.2007-ci il tarixlərdə PCH Offshore PTY LTD şirkətində rəngsaz peşəsində işləməsi barədə əmək kitabçasında qeydlər aparılmışdır. İndiki halda iddiaçının hüquqi marağı həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla, əmək pensiyasının yendiən hesbalanması və ödənilməmiş məbləğin birdəfəlik öədnilməsindən ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının qeyd etdiyi həmin illər üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlarda iddiaçının sığortaolunan kimi məlumatları qeyd edilmədiyindən, fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olması müəyyən edilmədiyindən, həmin dövrü nəzərə almamışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İş materiallarından görünür ki, iddiaçı barəsində fərdi hesabdan çıxarış məlumatlarında iddiaçı barəsində sığortaolunan kimi məlumatlar 2011-ci ilin fevral tarixindən qeydə alınmışdır. İddiaçının 2006-2007-ci illər üzrə sığortaolunan kimi qeydə alınması halı müəyyən edilməmişdir. Halbuki, yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə məcburi dövlət sosial sığorta haqqının ödənilməsi şərtilə fəaliyyət dövrləri sosial sığorta stajı kimi nəzərə alınır. İndiki halda isə iddiaçıya münasibətdə həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin dövrün sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının həmin dövrlərdə əmək haqqı alması ilə bağlı bank kartından çıxarış məlumatlarını əsas götürərək, həmin dövrün sosial sığorta stajı kimi nəzərə almışdır. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, bank kartından çıxarış məumatları özlüyündə iddiaçının sığortaolunan kimi qeydə alınması halını təsdiq etməməklə, həmin məlumatlarda sosial sığorta haqqının hesablanması ilə bağlı da heç bir məlumat əks olunmamışdır. Nəticə etibarilə bank kartından çıxarış məlumatları əsasında iddia tələbinin əsaslılığının müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sığortaolunan kimi qeydə alınmadığı, habelə onun adına sığortaolunan hesabında həmin dövrlər üzrə pensiya kapitalı qeydə alınmadığı halda, həmin dövrün nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbinə uyğun olmamaqla, mümkün deyildir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, qanunun norması düzgün tətbiq edilməmiş, bununla da gəldiyi nəticə yanlış olmuşdur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-304/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar