Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-854/2023 29.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X7 ibarət tərkibdə, X19 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-98/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Quba rayon notariat kontorunda bağlanmış 08 oktyabr 1963-cü il tarixli müqaviləyə əsasən X13 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 73 nömrəli fərdi yaşayış evini X1. Həmin fərdi yaşayış evinin yerləşdiyi 146,00 kv.m torpaq sahəsinə dair Kommunal Təsərrüfatı Şöbəsi tərəfindən X5 adına 1852 nömrəli torpaq qeydi tərtib edilmişdir. Daha sonra X9 19 fevral 1999-cu il tarixdə ölmüş, İddiaçı onun qanun üzrə vərəsəsi qismində tanınmışdır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X5 mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq onun adına Quba rayon X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 05 sentyabr 2002-ci il tarixli, 1630 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı 03 sentyabr 2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********22 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilən fərdi yaşayış evinin sərhədləri ilə bağlı qonşu ilə mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamış və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün, dövlət reyestrindən çıxarışın hazırlanması mümkün olmadığı üçün iddiaçının ərizəsinə xx.xx.2020-ci il tarixdə **********77 nömrəli məktubla münasibət bildirilmişdir. Göstərilən çatışmazlıqlar hal-hazırda aradan qaldırıldığı halda, təkrar rəsmi müraciət etməklə hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada baxıla bilər, əks halda məhkəməyə müraciət edilməsi tövsiyə edilir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ünvan 3 ünvanında yerləşən mərhum atası X3 adına olan fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X4 məxsus ünvan 4 ünvanında yerləşən 73 saylı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan tərəfindən xx.xx.2020-ci il tarixli məktubla fərdi yaşayış evinin sərhədləri ilə bağlı qonşu ilə mübahisə mövcud olduğundan müayinə işlərinin aparılmasının mümkün olmadığı və nəticədə daşınmaz əmlakın müayinəsinin baş tutmadığı bildirilmiş və müraciətinə imtina cavabı verilmişdir. Daha sonra ikinci dəfə eyniməzmunlu ərizə ilə cavabdehə müraciət etdə də, cavabdeh eyni əsasla müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinaları qanunsuzdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüququ qüvvəsini saxlayır. Qeyd edir ki, atası X4 məxsus olan ev və torpaq sahəsinə dair sənədlər sözügedən Qanundan əvvəl qəbul edilmişdir. İddiaçı ilə qonşu arasında heç bir inzibati orqanın icraatında olan mübahisə yoxdur. Belə ki, iddiaçının atasına məxsus yaşayış evi 1880-ci ildə tikildiyi halda, qonşusu X18 məxsus ev 1950-ci ildə tikilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, imtinanın məzmunu mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılmasından deyil, həmin hüquqların qeydə alınması üçün texniki göstəricilərin əldə edilməsi ilə bağlı daşınmaz əmlak üzərində müayinə işlərinə yaradılmış maneələrlə bağlıdır. Bundan başqa inzibati aktın (imtina məktubu) xx.xx.2020-ci il tarixində qəbul edildiyi nəzərə alındığı halda, iddiaçı tərəfindən İPM-nin 38ci maddəsində göstərilən prosesual müddət buraxılmışdır. Daha sonra iddiaçı bir neçə dəfə tələbini dəqiqləşdirərək sonuncu ərizəsində atası X4 mülkiyyət hüququ əsasında məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə dair arayışın verilməsi, eləcə də torpaq sahəsinə dair plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-98/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının mərhum atasına məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi - faktiki istifadəsində olan 0.01427 ha torpaq sahəsinin mərhum X4 məxsus olmasına dair arayışın, eləcə də torpağa dair plan-ölçünün verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin olunmamışdır. (hakim İ.Quliyev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi qeydiyyat vəsiqəsinə və 1852 nömrəli torpaq qeydinə əsasən iddiaçının mərhum atası X6 məxsusdur. Göründüyü kimi fərdi yaşayış evi üzərində hüququn dövlət qeydiyyatına alınması üçün əsas - qeydiyyat vəsiqəsi mövcuddur. Bu baxımdan, məhkəmə hesab edir ki, fərdi yaşayış evi üzərində hüququn dövlət qeydiyyatına alınmasını istisna edən hər hansı əsas mövcud deyildir. Yaşayış evinin sərhədləri ilə bağlı qonşu ilə mübahisənin mövcud olmasına münasibətdə kollegiya qeyd edir ki, cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyindən fərdi yaşayış evinin yerləşdiyi 0.01427 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğu və yaşayış evinin yerləşdiyi və faktiki istifadədə olan torpaq sahəsinin qonşu torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Belə olan halda, cavabdehin imtinası əsassızdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mülkiyyət hüquqları müəyyən edilmiş torpaq sahəsi üzərində X3 adına qeydiyyat vəsiqəsi əsasında qeydə alınmış mülkiyyət hüququ ilə fərdi yaşayış evi mövcuddur. Məhkəmə mülkiyyət hüququ qeydiyyata alınmış evi nəzərə almadan yalnız torpaq sahəsi üzərində mülkiyyət hüququnu müəyyən etmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim edərək, iddiadan torpaq sahəsinə dair “plan ölçü sənədinin verilməsi” hissəsinin çıxılmasını, iddianın qalan hissədə təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini iddianın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, maddi hüququ normaları düzgün tətbiq edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilməlidir. Belə ki, hazırkı mübahisənin predmetini cavabdehin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X4 məxsus olması haqqında arayışın verilməsindən imtinası barədədir. İddiaçının hüquqi marağı torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun mərhum atasına məxsusluğunun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. İddiaçı məhkəmədə hazırki məzmunda iddia qaldırmazdan əvvəl cavabdeh inzibati orqana sözügedən fərdi yaşayış evi üzərində üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və texniki pasportun verilməsi ilə bağlı müraciət etmişdir. Daha sonra birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı cavabdehə müraciət edərək fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması haqqında arayışın verilməsini xahiş etsə də, cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubu ilə müraciətin icrasından imtina etmişdir. Cavabdehin imtina məktubu, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin yeganə əsası fərdi yaşayış evinin sərhədləri ilə bağlı iddiaçı ilə qonşu arasında mübahisə mövcud olduğundan daşınmaz əmlakın müayinəsinin baş tutmamasıdır. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:
1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə;
3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə;
4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda;
5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda;
6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunan normanın tələbindən göründüyü kimi daşınmaz əmlakın müayinəsinin aparılmaması həmin əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina əsaslarına aid edilməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubla verilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının və mütəxəssisin iştirakı ilə mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin mövqeyi və ölçüləri alınaraq kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş və mütəxəssis qarşısında qoyulmuş suallarla bağlı rəy verilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi və fərdi yaşayış evi cavabdeh inzibati orqanın mütəxəssisi tərəfindən yerində müayinə edilmişdir. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdeh orqanın daşınmaz əmlakın müayinəsinin keçirilməməsi ilə bağlı dəlili əsassızdır. İşdən görünür ki, X9 mübahisəli fərdi yaşayış evini 08 oktyabr 1963-cü il tarixdə alqısatqı qaydasında X2 almış, həmin fərdi yaşayış evinə dair onun adına 1979-cu ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport, yaşayış evinin yerləşdiyi 146,00 kv.m torpaq sahəsinə dair isə sonuncunun adına Kommunal Təsərrüfatı şöbəsi tərəfindən 1852 nömrəli torpaq qeydi tərtib edilmişdir. Daha sonra 05 sentyabr 2002-ci il tarixdə fərdi yaşayış evi üzərində Ə.N.Əlimmədovun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq onun adına Quba rayon X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1630 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.3-cü maddəsində qeyd edilir ki, 2006-cı il iyulun 6dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Qanunun tələbindən göründüyü kimi 2006-cı il iyulun 6-dək ayrı-ayrı qeydiyyat orqanları, o cümlədən, X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələri tərəfindən aparılmış daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Nəzərə almaq lazımdır ki, mərhum X5 fərdi yaşayış evi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Quba rayon X10 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 05 sentyabr 2002-ci il tarixli, 1630 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsaslanır. İstinad olunan həmin normada 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Bu mənada məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna, vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Odur ki, kollegiya hesab edir ki, fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atasına məxsus olması haqqında arayışın verilməsi hissəsində iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Torpaq sahəsinə münasibətdə isə kollegiya qeyd edir ki, işin yuxarıda sadalanan xüsusatlarından müəyyən edildiyi kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair iddiaçının atasının adına yerli sovetlərin icraiyyə komitəsinin Kommunal Təsərrüfatı Şöbəsi tərəfindən 1852 nömrəli torpaq qeydi tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin ölçüsü 146,00 kv.m göstərilmişdir. Kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2004-cü il tarixədək əldə edildiyindən hazırkı mübahisəyə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı tətbiq edilməlidir. Həmin Siyahının: - 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edir. Göründüyü kimi torpaq sahəsinə dair təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının atasının 146,00 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququ istinad edilən siyahının 1.1-ci bəndində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Kommunal Təsərrüfatı Şöbəsi tərəfindən verilmiş 1852 nömrəli torpaq qeydinə əsaslanır. Bununla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktubla verilmiş mütəxəssis rəyindən görünür ki, fərdi yaşayış evinin yerləşdiyi faktiki istifadədə olan torpaq sahəsi 0.01427 ha təşkil edir, yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüləri sənəddəki ölçülərdən qismən fərqli olmaqla, faktiki istifadədə olan torpaq sahəsi qonşu torpaq sahəsi ilə üst-üstə düşmür. Həmçinin, rəydə yaşayış evinə dair 1979-cu ildə verilmiş texniki pasportda göstərilmiş torpaq sahəsinin sxemdəki konfiqurasiyası ilə faktiki istifadə olunan torpaq sahəsinin konfiqurasiyası arasında fərq olduğundan yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qonşular tərəfindən zəbt edilib-edilməməsi ilə bağlı sualın cavablandırılmasının mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi torpaq sahəsi və fərdi yaşayış evi cavabdeh inzibati orqanın mütəxəssisi tərəfindən yerində müayinə edilmiş və müayinə nəticəsində iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünün 142,7 kv.m olduğu, həmçinin, həmin torpaq sahəsinin qonşu torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də məhz iddia tələbini qismən təmin edərək, faktiki istifadədə olan 142,7 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə arayışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən, hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının mübahisə edilən hissədə ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, iddia tələbinin dəqiqləşdirilməsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində dəyişdirilməli, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 146,00 kv.m torpaq sahəsinin 142,7 kv.m hissəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 iyul 2023-cü il tarixli, 2-1(118)-98/2023 nömrəli qərarı iddianın təmin edilən hissəsində dəyişdirilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 146,00 kv.m torpaq sahəsinin 142,7 kv.m hissəsi üzərində mülkiyyət hüququnun mərhum X4 məxsus olması haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.