Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-855/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayənəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi, yaranmış fərq məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2170/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları “Əmək pensiyasının yenidən hesablanması haqqında” 27 iyun 2024-cü il tarixli, 3-17-1/3-3- 8806/2024 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması və 710,71 manat məbləğində müəyyən edilməsi qərara alınmışdır. Cavabdehin iddiaçıya ünvanladığı 7 iyun 2024-cü il tarixli, 3-17-1/2-H-134110/2024 nömrəli məktubundan görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 1 noyabr 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən, yenidən hesablanaraq 361,78 manat məbləğində, 1 noyabr 2023-cü il tarixdən isə 685,52 manat məbləğində müəyyən edilmişdir. 29 iyun 2022-ci il tarixdən əvvəl 20 dekabr 2009-cu il tarixdən pensiyasının təyin olunmasına baxmayaraq, əmək pensiyası 1 noyabr 2017-ci il tarixdən yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 140 aya (8.768,20:140 ay (60 il 6 ay-54 il 10 ay=68 ay+(144 ay-72 ay (6 il və daha çox işlədiyi üçün)), 1 noyabr 2023- cü il tarixdən isə 104 aya (11.474,32:104 ay (63 il 6 ay-60 il 10 ay=32 ay+(144 ay-72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünüb. Nəticədə, ümumilikdə 2.832,21 manat artıq pul vəsaiti ödənilmişdir. Göstərilənlərlə əlaqədar, əmək pensiyanın cari aydan etibarən qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 710,71 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən yaşa görə əmək pensiyasının 2.832,21 manat vəsaitin artıq ödənilməsi barədə qərarının ləğv edilməsi, pensiyasının dayandırılmasının qanunsuz sayılması, əvvəlki pensiyanın bərpa edilməsi və əvvəlki məbləğdə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 27 iyun 2024-cü il tarixli, 3-17-1/3-3-8806/2024 nömrəli qərarının ləğv edilməsi, pensiyasının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 72yə bölünməklə yenidən hesablanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi ilə bağlı işdə pensiya məbləğinin azaldılması, ondan pensiyanın tutulması barədə qərar qəbul edilməzdən, onun razılığı olmadan təyin edilmiş pensiya məbləğinin tutulmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni ona təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda onun iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İnzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Formalaşmış məhkəmə qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 73.1-ci maddəsi tətbiq oluna bilər. Ümumiyyətlə, Azərbaycan Respublikasının 29 iyun 2022-ci il tarixdən qüvvəyə minmiş 13 may 2022-ci il tarixli, 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsi düzgün tətbiq edilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazda qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 1 noyabr 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq 361,78 manat məbləğində, 1 noyabr 2023-cü il tarixdən isə 685,62 manat məbləğində müəyyən edilmişdir. İddiaçı barəsində aparılan inzibati icraat zamanı Mərkəzi Filial tərəfindən iddiaçının müraciəti əsasında 1 noyabr 2017-ci il tarixdən əmək pensiyasının yenidən hesablanaraq 303,90 manat məbləğində müəyyən edilməli olduğu halda, 361,78 manat, 1 noyabr 2023-cü il tarixdən isə 639,13 manat məbləğində müəyyən edilməli olduğu halda 685,52 manat məbləğində müəyyən edildiyi aşkar olunmuşdur. İddiaçıya 29 iyun 2022-ci il tarixdən əvvəl 20 dekabr 2009-cu il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası 1 noyabr 2017-ci il tarixdən yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 140 aya (8.768,29:140 ay (60 il 6 ay-54 il 10 ay=68 ay+ (144 ay-72 ay (6 il və daha çox işlədiyi üçün)), 1 noyabr 2023- cü il tarixdən isə 104 aya (11.474,32:104 ay (63 il 6 ay-60 il 10 ay=32 ay+ (144 ay-72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüşdür. Bu göstərilənlərlə əlaqədar olaraq iddiaçıya ümumilikdə 2.832,21 manat artıq pul vəsaiti ödənildiyi məlum olmuşdur. Bu göstərilənlərlə əlaqədar olaraq İddiaçı təyin edilmiş əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş 27 iyun 2024-cü il tarixli 3-17-1/3-3- 8806/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarla qanunvericiliyin tələblərinə uyğun qaydada yenidən hesablanaraq, 710,71 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar iddiaçının mülahizələrinin dinlənilməsi üçün 20 iyun 2024-cü il tarixədək mülahizələrini və eyni zamanda iddiaçıya artıq ödənilmiş 2.832,21 manat vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığın təqdim etməsi xahiş olunmuşdur. Göstərilən müddət ərzində iddiaçının yazılı mülahizələrinin təqdim edilməməsi onun barəsində müvafiq inzibati aktın qəbul olunmasını istisna etmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2170/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” 27 iyun 2024-cü il tarixli, 3-17-1/3-3- 8806/2024 nömrəli qərarın (762,29 manat təşkil edən iddiaçının pensiyasının azaldılaraq 710,71 manata endirilməsi barədə olan) ləğv edilməsi, İddiaçı pensiyasının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 72-yə bölünməklə (45-ci maddə tətbiq edilmədən) yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ddiaçı tərəfin mövqeyinə görə, inzibati orqan hazırda qüvvədə olmayan normaya istinad edərək mübahisələndirilən qərar əsasında pensiyanın yenidən hesablanmasını həyata keçirdiyi üçün, həmin qərar ləğv edilməli və pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 72-yə bölünməklə yenidən hesablanmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi əmək pensiyaçılarının pensiya təyinatından sonra işləməyə davam etdikləri halda, onların əlavə hüquqlarının müəyyən edilməsi ilə bağlıdır. Qeyd olunan qanunvericilik normasının məzmunundan da göründüyü kimi, normanın tətbiqi üçün iki şərt nəzərdə tutulmuşdur - şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması. Bundan əlavə, sözügedən normanın tətbiqi nəticəsində pensiyanın yenidən hesablanması üçün də iki hal müəyyən olunmuşdur - şəxslərin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işləməsi. Hazırkı iş üzrə iddiaçı pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçısı olduğundan, o cümlədən iş materialları ilə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə onun pensiya kapitalının toplanması, eləcə də pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyi müəyyən olunduğundan, iddiaçıya hazırkı norma şamil edilməlidir. Bu səbəbdən iddiaçı barəsində “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmalı idi (Qanunun 45-ci maddəsi tətbiq edilmədən). Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən (pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə) həyata keçirilmişdir. Belə ki, 37.3.1-ci maddə yenidən hesablama şərtləri ilə, 45-ci maddənin ikinci cümləsi isə bilavasitə hesablama qaydası ilə bağlıdır. Belə ki, qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 45-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayı artırılmaqla yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun formada həyata keçirilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdən əvvəl xx.xx.2009-cu il tarixdə pensiya təyin olunmasına baxmayaraq, əmək pensiyası xx.xx.2017-ci il tarixdən yenidən hesablanarkən, fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı qanunvericiliyə uyğun olaraq gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 140 aya (8768,29:140 ay (60 il 6 ay-54 il 10 ay=68 ay+ (144 ay-72 ay (6 il və daha çox işlədiyi üçün)), xx.xx.2023- cü il tarixdən isə 104 aya (11474,32:104 ay (63 il 6 ay-60 il 10 ay=32 ay+ (144 ay-72 ay (6 il və daha çox işlədiyi üçün)) bölünməli olduğu halda, səhvən 72 aya bölünmüşdür. Bu göstərilənlərlə əlaqədar olaraq iddiaçıya ümumilikdə 2832,21 manat artıq pul vəsaiti ödənildiyi məlum olmuşdur. Göstərilənlərlə əlaqədar, iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanaraq, xx.xx.2023-cü il tarixindən isə 685,62 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq, “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən yuxarıda müəyyən edilmiş hallarla əlaqədar iddiaçının mülahizələrinin dinlənilməsi üçün 20 iyun 2024-cü il tarixinədək mülahizələrini və eyni zamanda artıq ödənilmiş 2832,21 manat vəsaitin əmək pensiyasından tutulmasına dair yazılı razılığın təqdimetməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25- ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 fevral 2022-ci il tarixli qərarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir. Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdeh tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və pensiyasının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 72-yə bölünməklə yenidən hesablanmasından ibarət olmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə Əmək pensiyaları haqqında Qanunun 45-ci maddəsi tətbiq edilməklə, fərdi hesabın sığorta hissəsidə toplanmış pensiya kapitalı 140 və 104 aya bölünməli olduğu halda, 72 aya bölünmüşdür, ona əsasən əmək pensiya məbləği yenidən hesablanaraq, pensiya məbləği 710,71 manat, habelə 2832,21 manat artıq ödəmə müəyyən etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-cı il təvəllüdlü olmaqla, ona xx.xx.2009-cu il tarixdə güzəştli şərtlərlə şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən “Əmək pensiyalar haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən əmək pensiya məbləği yenidən hesablanaraq, sonuncu pensiya məbləği 710,71 manat müəyyən edilmiş, bu barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş həmin qərar əsasında müvafiq Qanunun 45-ci maddəsi tətbiq edilməklə, iddiaçı barəsində əmək pensiya məbləğinin azladılması müəyyən edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas olan hal isə iddiaçı barəsində 2017 və 2023-cü ildə əmək pensiyasının yenidən hesbalanması zamanı səhvə yol verilməsi (pensiya kapitalının gözlənilən pensiya ödənişi müddəti aylarının sayına 140 və 104 aya bölünməli olduğu halda, 72 aya bölünməklə hesablandığından, yanlış hesablanma tətbiq edildiyindən, Qanunun 45-ci maddə tətbiq edilməklə yenidən hesbalanma aparılaraq, pensiya məbləği azaldılmışdır. İndiki halda iddiaçının iddia tələbinin əsasını məhz cavabdehin Qanunun Qanunun 45-ci maddəsini tətbiq etməklə, aparılmış hesablanma ilə bağlı hərəkətlərinin qanunauyğun olmaması ilə bağlı hallar təşkil edir. Kollegiya işin mübahisəli halı ilə bağlı onu qeyd edir ki, müvafiq Qanunun 37.3.1-ci maddəsinin dispozitv şərtləri işləyən əmək pensiyaçısının pensiya təyin olunduqdan sonra fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalına əsasən pensiya məbləğinin yenidən hesablanması əsasları müəyyən etməklə, bunun üçün şəxsin işləyən əmək pensiyaçısı olması və pensiya təyin olunduqdan sonra fərdi hesbaın sığorta hissəsində pensiya kapitalının toplanması, habelə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi və ya pensiya təyin olunduqdan sonra 6 il və daha çox işləməsi halının mövcudluğu zəruri şərt kimi ehtiva edilmişdir. İndiki halda iddiaçı işləyən əmək pensiyaçısı olduğundan, işlədiyi 6 il müddətində fərdi hesabın sığorta hissəsində toplanmış pensiya kapitalının nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması qaydasında aparılmalıdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya münasibətdə iddia tələbinin qanuni əsası qismində məhz Qanunun 37.3.1-ci maddəsinin dispoztiv şərtləri çıxış etmişdir. Başqa sözlə desək, iddiaçının tələbi məhz Qanunun 37.3.1-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşır. Bundan əlavə qeyd edilməlidir ki, oxşar işlər üzrə formlaşadırılmış vahid məhkəmə təcrübəsinə uyğun olaraq hazırki iddia tələbinin qanuni əsası qismində məhz sözügedən Qanunun 37.3.1-ci maddəsində nəzərdə tutulan norma çıxış etmişdir. Bu baxımından kollegiya hesab edir ki. birinci instansiya məhkəməsi haqlı olaraq oxşar işlər üzrə vahid məhkəmə təcrbüəsini müəyyən edən məhkəmə qərarlarına istinad etmişdir, təkarən həmin halların qeyd edilməsi zəruri olmamışdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan Qanunun 45-ci maddəsini tətbiq etməklə əmək pensiyasının yenidən hesablamasını aparmaqla, pensiya məbləğini azaltmaqda haqlı olmamış, bu barədə qəbul etdiyi qərarı qanunauyğun olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi əmək pensiya məbləğinin yenidən hesablanmasına dair qərarı və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2170/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-855/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-855/2025
26.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver