Məhkəmə qərarları › İş №2-1(105)-856/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-856/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-856/2025 09.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayənəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1885/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin İddiaçı ünvanladığı 3 fevral 2017-ci il tarixli, 20/608 nömrəli məktubdan görünür ki, 1 yanvar 2006-cı il tarixədək ümumi sosial sığorta stajı 18 il 5 ay 12 gün, güzəştli iş stajı isə 5 il 14 gün təşkil edir. 1 yanvar 2006-cı il tarixdən sonrakı sosial sığorta stajı və pensiya kapitalı barədə forma 4 arayışı alınması məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş və İri sığortaedənlərlə İş İdarələrinə sorğular verilmişdir. Sorğulara gələn cavabda 4 il 5 ay sosial sığorta stajının olması qeyd edilmişdir. Təqdim edilən sənədlərə əsasən ümumi sosial sığorta stajı 22 il 10 ay 12 gün, güzəştli iş stajı 7 il 6 ay təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubdan görünür ki, təqdim edilən sənədlərdən müəyyən edilmişdir ki, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, Mərkəzi Filiala 1979-1980-ci illər üzrə təhsil aldığı müddətin əyani olubolmamasını təsdiq edən sənədlər təqdim edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, yuxarıda göstərilən müvafiq məlumatları özündə əks etdirən güzəştli əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı tərəfindən Mərkəzi Filiala təqdim edildikdən sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə baxılacaqdır. X1 "xxxx" ASC-nin 3 may 2016-cı il tarixli, 92 nömrəli arayışından görünür ki, İddiaçı Kalinin icrayə komitəsinin daxili işlər idarəsinin tikinti quraşdırma İdarəsində 21 sentyabr 1987-ci tarixdən (əmr №95 ) 18 iyul 1991-ci il tarixədək sahə ustası vəzifəsində işləmişdir. 22 iyul 1991-ci il tarixdən (əmr №145) 30 dekabr 1992-ci il tarixədək X11 Sənaye Kombinatında inşaat ustası vəzifəsində işləmişdir. 14 sentyabr 1993-cü il tarixədən (əmr №iq-20) 19 yanvar 1994-cü il tarixədək 19 saylı zonalararası İTTQİ-də iş icraçısı vəzifəsində işləmişdir. 2 fevral 1994-cü il tarixdən (əmr №05k) 6 mart 1995-ci il tarixədək 2 nömrəli Kəndtikinyi trestində iş icraçısı vəzifəsində işləmişdir. 15 mart 1995-ci il tarixdən (əmr №17) 12 may 1997-ci il tarixədək 2 nömrəli Kəndtikinyi trestinin 28 nömrəli THTS-də iş ustası vəzifəsində işləmişdir. 30 mart 2012-ci il tarixədən (əmr №60) bu günə kimi "xxxx" ASC-də iş İcraçısı vəzifəsində işləyir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2-ci siyahısının XXVİİ “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290100b-23419 və 2290100b-24441 koduna əsasən güzəştli pensiyaya çıxmaq hüququ vardır. X1 "xxxx" ASC-nin 12 iyun 2019-cu il tarixli, 58 nömrəli arayışından görünür ki, İddiaçı 30 mart 2012-ci il tarixdən (əmr №60) 25 oktyabr 2018-ci il tarixə kimi “X1 "xxxx" ASC-də iş icraçısı vəzifəsində işləmişdir və yenidən 7 noyabr 2018-ci tarixdən (əmr №iq-l06) “X1 "xxxx" ASC-yə icraçısı vəzifəsinə işə qəbul olunaraq bu günə kimi həmin vəzifədə işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2-ci siyahısının XXV11 “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin 2290100b-23419 və 2290100b-24441 koduna əsasən güzəştli pensiyaya çıxmaq hüququ vardır. X1 "xxxx" ASC-nin 25 iyun 2024-cü il tarixli, 506/24 nömrəli arayışından görünür ki, İddiaçı 30 mart 2012-ci il tarixdən (əmr №60) 25 oktyabr 2018-ci il tarixə kimi X1 "xxxx" ASC-də iş icraçısı vəzifəsində işləmişdir və yenidən 7 noyabr 2018-ci tarixdən (əmr №iq-106) X1 "xxxx" ASC-yə icraçısı vəzifəsinə işə qəbul olunmuş və 8 sentyabr 2021-ci il tarixdə (əmr № 148) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 23 yanvar 2007-ci il tarixdə təsdiq edilmiş qərarı ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının (29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri əsasən) Güzəştli əmək stajı 9 il 4 ay 28 gün olaraq qeyd edilmişdir. Əlavə olaqaq bildirilmişdir ki, 9 yanvar 2013-cü il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin VŞVD-nin KHŞDQİ-də "xxxx" ASC-nin adı dəyişdirilərək X1 "xxxx" ASC-si adlandırılmışdır. X1 "xxxx" ASC-nin 29 aprel 2025-ci il tarixli, 358/25 nömrəli arayışından görünür ki, İddiaçı 30 mart 2012-ci il tarixdən (əmr №60) 25 oktyabr 2018-ci il tarixə kimi X1 "xxxx" ASC-də tikinti sahələrində iş icraçısı vəzifəsində işləmişdir və yenidən 7 noyabr 2018-ci tarixdən (əmr №iq-106) X1 "xxxx" ASC-yə icraçısı vəzifəsinə işə qəbul olunmuş və 8 sentyabr 2021-ci il tarixdə (əmr № 148) işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007ci il tarixdə təsdiq edilmiş qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinin “b” bəndinə əsasən (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - iş icraçılar). Güzəştli əmək stajı 9 il 4 ay 28 gün təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 10 aprel 2016-cı il tarixdə 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət edilmiş, həmin müraciətinin nəticəsi barədə 16 iyul 2024-cü il tarixdə rəsmi cavab məktubu təqdim edilərək 1979-1980-ci illər üzrə təhsil aldığı müddətlər əyani olub-olmamasını təsdiq edən sənədlər təqdim edilmədiyindən və işəgötürən tərəfindən əmək pensiyası hüquq verən işdə işləməyi barədə arayış təqdim edilmədiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilmişdir. 10 aprel 2016-cı il tarixdə onun 57 yaşı tamam olan vaxtda 25 il 5 ay 12 gün ümumi əmək stajı və həmin əmək stajının 12 il 10 ay 3 gün əmək şəraiti zərəli işlər təşkil edir. Belə ki, 1 sentyabr 1979-cu il tarixdən 21 iyul 1988-ci il tarixədək (10 ay 20 gün) texniki peşə məktəbini bitirmiş, 16 iyul 1980-ci il tarixdən 15 fevral 1982-cü il tarixədək (1 il 6 ay 11 gün) Baş Yol Tikinti İdarəsində suvaqçı və texnik işləmiş, 19 fevral 1982-ci il tarixdən 14 mart 1983-cü il tarixədək (1 il 15 gün) Baş Yol Tikinti İdarəsində suvaqçı işləmiş, 5 aprel 1983-cü il tarixdən 30 iyul 1983-cü il tarixədək (3 ay, 25 gün) kolxozçu işləmiş, 15 avqust 1983-cü il tarixdən 24 dekabr 1983-cü il tarixədək (4 ay 9 gün) sürücülük kursunu bitirmiş, 12 yanvar 1984-cü il tarixdən 16 aprel 1984-cü il tarixədək (3 ay 4 gün) 6 saylı Körpü Tikinti İdarəsində 19 saylı Körpü Tikinti Dəstəsində avtomobil çilingəri işləmiş, 17 aprel 1984-cü il tarixdən 30 iyun 1985-ci il tarixədək (1 il 2 ay 13 gün) betonçu və sürücü vəzifələrində işləmiş, 9 iyul 1985-ci il tarixdən 9 sentyabr 1985-ci il tarixədək (2 ay) 3-cü dərəcəli suvaqçı işləmiş, 24 sentyabr 1985-ci il tarixdən 17 mart 1986-ci il tarixədək (5 ay 23 gün) sürücü işləmiş, 19 mart 1986-cı il tarixdən 18 iyul 1991-ci il tarixədək (5 il 3 ay 21 gün) qaraj rəisi və usta vəzifələrində işləmiş (3 il 9 ay 9 gün usta vəzifəsi əmək şəraiti zərərli), 22 iyul 1991-ci il tarixdən 30 dekabr 1992-ci il tarixədək (1 il 5 ay 8 gün əmək şəraiti zərərli) usta vəzifəsində işləmiş, 4 yanvar 1993-cü il tarixdən 5 fevral 1993-cü il tarixədək (1 ay 1 gün) mühəndis vəzifəsində işləmiş, 1 mart 1993-cü il tarixdən 13 sentyabr 1993-cü il tarixədək (6 ay 12 gün) mexanik vəzifəsində işləmiş, 14 sentyabr 1993-cü il tarixdən 19 yanvar 1994-cü il tarixədək (4 ay 5 gün əmək şəraiti zərərli) iş icraçısı işləmiş, 2 fevral 1994-cü il tarixdən 6 mart 1995-ci il tarixədək (1 il 1 ay 4 gün əmək şəraiti zərərli) iş icraçısı işləmiş, 15 mart 1995-ci il tarixdən 12 may 1997-ci il tarixədək (2 il 1 ay 27 gün əmək şəraiti zərərli) iş ustası işləmiş, 1 iyun 2008-ci il tarixdən 13 may 2010-cu il tarixədək (1 il 11 ay 12 gün) sanitar vəzifəsində işləmiş, 30 mart 2012-ci il tarixdən 10 aprel 2016-ci il tarixədək (4 il 10 gün əmək şəraiti zərərli) iş icraçısı vəzifəsində işləmişdir. Göründüyü kimi, onun ümumi əmək stajı 25 il 5 ay 12 gün və həmin əmək stajının 12 il 10 ay 3 gün vardır. Əmək şəraiti zərərli və ümumi iş stajı olduğundan güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır ki, cavabdeh iddiaçıya əmək pensiyası təyin etməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinin mümkülüyünə dair ərizəsində qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasından və arayışlardan görünür ki, onun ümumi iş stajı 25 ildən az, güzəştli iş stajı isə 12 il 6 aydan azdır. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının 1979-1980-ci illərdə əyani təhsil aldığını təsdiq edən hər hansı bir sübut da yoxdur. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1885/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu 10 aprel 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən etibarən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır (hakim Könül Həbibova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialına iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair əlavə edilmiş arayışda iddiaçının çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hansı bölməyə və hansı koda aid olması konkret olaraq göstərilmişdir. İddiaçı 1 sentyabr 1979-cu il tarixdə Bakı şəhəri Azərbaycan SSR 54 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş, 21 iyul 1980-ci il tarixdə suvaqçı-tavaqçı-üzlükçü peşəsi üzrə texniki məktəbənin tam kursunu bitirmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş məlumat ilə müəyyən olunur ki, 1 sentyabr 1979-cu il tarixdə 54 nömrəli Texniki Peşə Məktəbinin “Suvaqçı-tavaqçı-üzlükçü” ixtisasına qəbul olmuş və 21 iyul 1980-ci il tarixdə həmin ixtisası əyani formada bitirmişdir. Onun adına yazılmış 4659 nömrəli attestat təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. Eyni zamanda, qanunvericiliyə əsasən Azərbaycan Respublikası ərazisində peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir. Belə ki, hazırkı halda iddiaçının attestatının mötəbərliyi mübahisələndirilmir və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuşdur. Qeyd edilənlərə əsasən onun qiyabi formada peşə təhsilin alınması qeyrimümkündür. Həmçinin, məhkəmə iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi izahatında iddiaçının peşə təhsilinin qiyabi olubolmadığını mübahisələndirilmədiyini və ümumi iş stajına əlavə olunduğunu bildirmişdir. Eyni zamanda “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununun 10.7-ci maddəsinə əsasən peşə təhsili müəssisələrində təhsilalma əyani formada həyata keçirilir. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Belə ki, iddiaçının əmək kitabçasında və digər sənədlərdə (attestat, hərbi bilet) olan məlumata əsasən iddiaçının 10 aprel 2016-cı il tarixi üçün ümumi iş stajı 25 il 6 ay 1 gün (2 may 1977-ci il – 17 aprel 1979-cu il; 16 iyul 1980-ci il – 15 fevral 1982-ci il; 19 fevral 1982-ci il – 14 mart 1983-cü il, 5 aprel 1983-cü il – 30 iyul 1983-cü il, 15 avqust 1983-cü il – 24 dekabr 1983-cü il, 12 yanvar 1984-cü il – 16 aprel 1984-cü il, 17 aprel 1984-cü il – 30 iyun 1985-ci il, 9 iyul 1985-ci il - 9 sentyabr 1985-ci il, 24 sentyabr 1985-ci il – 14 mart 1986-cı il, 19 mart 1986-cı il – 18 iyul 1991-ci il, 22 iyul 1991-ci il – 30 dekabr 1992-ci il, 4 yanvar 1993-cü il – 5 fevral 1993-cü il, 8 fevral 1993-cü il – 13 sentyabr 1993-cü il, 14 sentyabr 1993-cü il – 19 yanvar 1994-cü il, 2 fevral 1994-cü il - 6 mart 1995-ci il, 15 mart 1995-ci il - 12 may 1997-ci il, 1 iyun 2008ci il - 3 may 2010-cu il, 30 mart 2012-ci il – 10 aprel 2016-cı il tarixlər), güzəştli şərtlərlə yaşa görə əmək stajı isə 12 il 10 ay 28 gün təşkil edir (21 sentyabr 1987-ci il – 18 iyul 1991-ci il, 22 iyul 1991ci il – 30 dekabr 1992-ci il, 14 sentyabr 1993-cü il – 19 yanvar 1994-cü il, 2 fevral 1994-cü il – 3 mart 1995-ci il, 15 mart 1995-ci il – 12 may 1997-ci il, 30 mart 2012-ci il – 10 aprel 2016-cı il tarixlər). 49. Beləliklə, məhkəmə araşdırılması nəticəsində iddiaçının 57 yaşı tamam olduğu 10 aprel 2016-cı il tarixədək azı 25 il ümumi stajı, həmin əmək stajından azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən zərərli və ağır olan işlərdə əmək fəaliyyətinin mövcud olduğu təsdiq edilmişdir. İddiaçı cavabdeh inzibati orqana ilkin müraciət etdiyi tarixdən etibarən, yəni 9 yanvar 2017-ci il tarixdən (§1), o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 8 oktyabr 2020-ci il tarixli, 3 saylı Qərardadında qeyd olunan müddəalar (Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla – Qanunun 47-ci maddəsinə əsasən, bu Qanun 2006-cı ilin yanvarın 1-dən qüvvəyə minir) nəzərə alınmaqla ödənilməlidir. Qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 23 il 10 ay 21 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 11 ay 21 gün (xx.xx.1977-xx.xx.1979-cu il (hərbi xidmət müddəti), xx.xx.1979-xx.xx.1980-ci il (təhsil müddəti), xx.xx.1980-xx.xx.1982-ci, xx.xx.1982xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984- cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993- cü il, xx.xx.1993xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il 11 ay), güzəştli iş stajı 12 il 6 aydan az (11 il 9 ay 10 gün ( xx.xx.1987-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1993- xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1997-ci il, xx.xx.2012-xx.xx.2012-ci il, xx.xx.2013-xx.xx.2014-cü il, xx.xx.2015- xx.xx.2015-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Göründüyü kimi iddiaçının 10 aprel 2016-cı il tarixədək (həmçinin xx.xx.2017-ci il tarixədək) olan ümumi və güzəştli iş stajı yetəri qədər deyildir. xx.xx.2017-ci il tarixədən xx.xx.2022-ci il tarixdək isə kapital tələbi vardır. İddiaçıya həmin dövrlər üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun həm ümumi iş stajı tamamlanmalı, həm güzəştli iş stajı tamamlanmalı, həm də pensiya kapitalı lazımi məbləğdə olmalıdır. Lakin iddiaçının pensiya kapitalı da yetəri qədər deyildir. Belə ki, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 14132,65 manat təşkil edir ki, bu da qanunvericiliklə tələb edilən məbləğdən azdır. Məhkəmə iddiaçının 01 iyun 2008-ci il tarixdən 10 aprel 2016-cı il tarixədək olan əmək fəaliyyəti dövrü üzrə 6 il 9 ay 12 gün sığorta stajı müəyyən etmişdir. Halbuki sözügedən dövr üzrə iddiaçının sığorta stajı 4 il 11 aydır. Belə ki, PAS-dan çıxarışdan da görünür ki, həmin dövrlərin yalnız 4 il 11 ayı üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Ona görə də yalnız məcburi dövlət sosial sığorta haqları ödənilən dövrlər sığorta stajına daxil edilə bilər. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiaçıya xx.xx.2019-cu il tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin olunmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının qanunla tələb olunan 25 il ümumi iş stajına malik olmadığını əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qeyd edilən şərtlər ödənilməlidir: a) 60 yaşının tamam olması b) azı 25 ümumi iş stajına malik olması c) azı 12 il 6 ay güzəştli iş stajına malik olması d) fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya katpitalı məbləğinə aid şərt İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, xx.xx.2019-cu il tarixdə 60 yaşı tamam olmuş, nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan pensiya yaş həddinə dair şərt ödənilmişdir. Qeyd edilməlidir ki, imtina əsası kimi cavabdeh inzibati orqan yalnız ümumi iş stajına aid şərtin ödənilməməsi ilə bağlı hallara istinad etsə də, şikayətin dəlili kimi iddiaçıya münasibətdə həm ümumi iş stajın, həm də güzəştli iş stajına aid şərtin ödənilməməsi ilə bağlı hallara istinad etmişdir. Bu baxımından indiki halda işin mübahisəli halı qimsində iddiaçının qanunla tələb olunan ümumi və güzəştli iş stajına malik olub-olmaması ilə bağlı olan haldır. Kollegiya işin mübahisəli halının ümumi iş stajına aid olan hissəsi ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının 23 il 10 ay 21 gün ümumi iş stajına malik olduğunu qəbul edir. İndiki halda cavabdeh qurum tərəfindən iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı dövrü olaraq yalnız 4 il 11 ay olan dövrü qəbul edilir (2016-cı ilədək olan dövrə münasibətdə). İddiaçının 2017- 2021-ci illər üzrə işlədiyi dövrlər nəzərə alınmamışdır. Halbuki, iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlər, habelə cavabdehin özünün təqdim etdiyi fərdi hesab məlumatından çıxarış məlumatından görünür ki, iddiaçı 2017-2021-ci illərdə də əmək fəaliyyəti ilə məşğul olmuş və işəgötürən tərəfindən onun adına məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Belə olan halda kollegiya hesab edir ki, həmin dövrlər iş stajı kimi nəzərə alınmalı olduğu halda, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə işlədiyi 2017-2021-ci illərə aid dövrləri sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya məxsus əmək kitabçasında əks olunmuş bütün qeydlər, təhsil aldığı və hərbi xidmətdə olduğu dövrlər nəzərə alındıqda, iddiaçının (29 iyun 2022-ci il tarixədə )azı 25 il iş stajına malik olması halı öz təsdiqini tapır. Nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan azı 25 il ümumi iş stajına malik olmasına dair şərt də ödənilmiş olur. Bundan əlavə, kollegiya güzəştli iş stajına aid hissədə işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının 11 il 9 ay 10 gün güzəştli iş stajına malik olduğunu qəbul edir. Həmçinin, qeyd edilməlidir ki, bu halda da cavabdeh iddiaçıya münasibətdə yalnız 2016-cı ilədək işlədiyi dövrləri nəzərə almış, 2018-2021-ci illərə aid dövrləri nəzərə almamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək "xxxx" ASC-də tikinti sahəsində iş icraçısı vəzifəsində işləmiş, xx.xx.2018-ci il tarixdə həmin ASC-də icraçı peşəsinə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdən işdən azad edilmişdir. İşəgötürən müəssisə tərəfindən arayış təqdim edilərək, iddiaçının işlədiyi həmin peşələrin müvafiq Siyahı üzrə 29-cu maddənin “b” bəndinə əsasən (Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı,bərpası və təmiri-iş icraçıları) güzəştli pensiya hüququ verən peşələrə aid olduğunu, ümumilikdə 9 il 4 ay 28 gün güzəştli iş stajına malik olduğunu qeyd etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh özü iddiaçının işlədiyi həmin peşənin 2012-2015-ci ilə aid dövrünü güzəştli iş stajı kimi qəbul etmişdir. Həmçinin, qeyd edilməlidir ki, müvafiq Siyahı üzrə 29-cu maddəsində məzh “Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı,bərpası və təmiri-fəhlələr,iş icraçıları” güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur. Belə olan halda kollegiya işin yuxarıda müəyyən edilmiş halları əsasında hesab edir ki, iddiaçının 2016-2021-ci il tarixlərdə işlədiyi dörvlər də güzəştli iş stajı kimi nəzərə alınmalı olduğu halda, cavabdeh tərəfindən həmin dövrlər iş stajı kimi nəzərə alınmamışdır. Nəticə etibarilə iddiaçıya münasibətdə qanunla tələb olunan azı 12 il 6 ay il güzəştli iş stajına malik olmasına dair şərt də ödənilmiş olur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdehin ümumi və güzəştli iş stajına aid hissədə istinad etdiyi arqumentləri əsassız olmuşdur. Eyi zamanda kollegiya onu qeyd edir ki, iddiaçının ümumi və güzəştli iş stajına aid şərtin ödənilməsi məhz 2021-ci ilədək işlədiyi dövrlər (məcburi dövlət sosial sığorta haqqının ödənildiyi dövrlər) nəzərə alındıqda tamamlanır, 57 yaşının tamam olduğu vaxtadək işlədiyi dövrlər üzrə hər ay məcburi dövlət sosial sığorta haqqı ödənilmədiyindən, həmin illərin tam olaraq nəzərə alınması mümkün olmadığından, həmin yaşda pensiya hüququnun yaranması əsası mövcud olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi dövrlər məcburi dövlət sosial sığorta haqqının ödənildiyi müddətlər nəzərə alınmadan, tam olaraq həmin illəri nəzərə almaqla, iddiaçının 57 yaşının tamam olduğu vaxtda pensiya hüququnun yaranması qənaətinə gəlmişdir. Bu hal isə qanunvericiiyin tələbinə uyğun olmamışdır. Belə ki, xx.xx.2006-ci il tarixdən sonra qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən şəxsin işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması üçün əsas şərt məhz işəgötürən tərəfindən məcburi sosial sığorta haqqının ödənilməsi ilə bağlı şərtdir. Əks halda işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınması əsası mövcud olmur. Bu baxımından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin həmin hissədə hallarına düzgün hüquqi qiymət verməyərək, iş ürzə yanlış nəticəyə gəlmişdir. Bu səbəbdən də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, cavabdehin şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Kollegiya iddianının əsaslılığı ilə bağlı onu qeyd edir ki, iddiaçının 60 yaşı xx.xx.2019-cu il tarixdə tamamlanır. Həmin vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajına aid şərtlə yanaşı, əmək pensiyasının minimum məbləğindən az olmayan məbləğdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğinin olması şərti də mövcud olmuşdur. İndiki halda iddiaçının 60 yaşının tamam olduğu vaxtda qüvvədə olan əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün üç şərt (yaş həddi,ümumi və güzəştli iş stajına aid) ödənilsə də, pensiya kapitalına aid olan şərt ödənilmədiyindən, həmin yaşda iddiaçının pensiya hüququ yaranmamışdır. Bu baxımından kolegiya hesab edir ki, iddiaçı ona məhz 60 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə pensiya təyin edilməsini tələb etməkdə haqlı olmadığından, həmin hissədə iddia tələbi əsassız olmuşdur. Bununla yanaşı kollegiya qeyd edir ki, pensiya kapitalına aid şərti ehtiva edən qanunvericilik norması 29 iyun 2022-ci il tarixdən qüvvədən düşdüyündən, həmin tarixdən qüvvədə olan pensiya haqqında qanunvericilik normasının tələbinə əsasən iddiaçıya münasibətdə pensiya təyin edilməsi üçün tələb olunan bütün şərtlər (yaş həddi, ümumi iş stajı, güzəştli iş stajı) ödənildiyindən, iddiaçının pensiya hüququ məhz 29 iyun 2022-ci il tarixdən yaranmışdır. Bu baxımından kollegiya hesab edir ki, iddiaçıya yalnız 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün əsasların olduğu müəyyən edildiyindən, iddiaçıya 10 aprel 2019-cu il tarixdən deyil, 29 iyun 2022-ci il tarixdən pensiya təyin edilməsi həyata keçirilməli olduğundan, iddia tələbi qismən təmin edilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, cavabdehin şikayətinin dəlilləri iddianının təmin edilməməsi ilə bağlı hissədə əsassız olmaqla, təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya qismən şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin e-2-1(118)-1885/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı 29 iyun 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar