Məhkəmə qərarları › İş №2-1(105)-857/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-857/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-857/2024 24.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Vahid Məcid oğlu və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində İddiaçı sahibliyinə verilmiş 0.0670 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-789/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində İddiaçı sahibliyinə verilmiş 0.0670 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində yerləşən 0.0670 ha torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Bundan sonra dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra torpaq sahəsi ona təhvil verilmişdir. Faktiki olaraq həmin vaxtdan 0.0670 ha torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı hər il torpaq vergisini Məmmədli bələdiyyəsinə ödəmiş və bələdiyyəyə torpaq vergisinə görə heç bir borcu yoxdur. İddiaçı nümayəndə vasitəsilə 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində istifadəsinə və sahibliyinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın və plan və ölçü sənədinin verilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ərizənin icrasından imtina edilmişdir. Cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, aparılan araşdırma zamanı Məmmədli Bələdiyyəsi tərəfindən İddiaçı 0.0670 ha torpaq sahəsinin 25 iyun 2007-ci il tarixində, 06/263 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktı və ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 26 aprel 2012-ci il tarixində verilməklə, alqısatqı aktının qanunamüvafiq qaydada tərtib və təsdiq (hüquq sahibinin imzası ilə) edilmədiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi, elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi, sözügedən daşınmaz əmlakın təyinatı və hüquqi rejiminə görə ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrində yerləşdiyi, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinin tələblərinə riayət edilmədiyi müəyyən olunmuşdur. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Məhkəməyə sorğu əsasında daxil olmuş Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarından görünür ki, ünvan 1i ünvanında yaşayan İddiaçı bələdiyyənin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız, kənd altında yerləşən torpaq sahəsindən dükan tikmək məqsədilə 0,037 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Azərbaycan Respublikası DT və XK-nın Abşeron rayon şöbəsi tərəfindən verilmiş 08 iyun 2007-ci il tarixli rəydən görünür ki, 0,037 ha torpaq sahəsinin alqı-satqı qaydasında İddiaçı mülkiyyətinə verilməsinə etiraz edilməmişdir. Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan qeyd edilir ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə ayrılmış torpaq sahəsi texniki səhv səbəbindən 0.0670 ha torpaq sahəsi 0.037 ha göstərilmişdir. Həmin dövr ərzində ayrılmış qərarlar və ümumi şöbə qeydlərində bu kimi hallar tez-tez rastlaşılır. Abşeron rayon Məmmədli bələdiyyəsi olaraq bildirilir ki, İddiaçı Məmmədli bələdiyyəsinin 06/263 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış tikinti məqsədli torpaq sahəsi ləğv edilmiş DT və XK-i tərəfindən hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən 0,067 ha kimi qeydiyyata alınmasına etiraz etmirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-789/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirlən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinin ayrılması ilə bağlı Məmmədli Bələdiyyəsi tərəfindən xx.xx.2007-ci ildə torpaq sahəsinin ayrılması haqqında qərar verilmiş, lakin alqı-satqı müqaviləsinin bütün ünsurlərini özündə birləşdirən (yəni torpaq sahəsinin İddiaçı təhvil verilməsi və torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına köçürülməsi) hərəkətlərin müqavilənin tərəfləri arasında yerinə yetirilməsi həmin torpaq sahəsi ilə bağlı alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi kimi qəbul edilməsi yolveriləndir. Belə ki, qeyd olunan hərəkətlər Məmmədli Bələdiyyəsinin əmlak sahibi kimi iradə ifadəsini əks etdirir və işin gedişatına bir o qədər də təsir göstərmir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən müvafiq alqı-satqı aktının tərtib edilməməsi o zaman ciddi qanun pozuntusu hesab oluna bilərdi ki, həmin torpaq sahəsi bələdiyyənin deyil, hər hansı bir fiziki və ya hüquqi şəxsə məxsus olmuş olardı. Qeyd olunan torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən bələdiyyənin hesabına köçürülmüş, bələdiyyə isə həmin torpaq sahəsini iddiaçıya təhvil vermişdir. Cavabdehin Məmmədli Bələdiyyəsinin qərarının 2007-ci ildə verildiyi halda, rəyin 2012-ci ildə verilməsi ilə bağlı gətirdiyi arqumenti də məhkəmə əsaslı hesab etmir. Əvvəla nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğunu müəyyən edir. Yuxarıda qeyd olunan normalar təhlil edilərkən müəyyən olunur ki, bələdiyyə tərəfindən şəxsə torpaq sahəsi ayrıldığı vaxt torpaq sahəsinin ayrılması ilə bağlı qərarla bələdiyyə ilə şəxs arasında bağlanmış alqı-satqı müqaviləsi bağlandıqdan sonra torpaq sahəsi şəxsə ayrılmış hesab edilir. Bələdiyyələr tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışın forma və məzmunu barədə hər hansı bir imperativ xarakter daşıyan hüquq norması mövcud deyil. Nəzərə alınmalıdır ki, yerquruluşu planından çıxarış texniki sənəd olmaqla yanaşı müvafiq daşınmaz əmlakın yerləşdiyi yerin müvafiq kartada əks olunmuş fotogörüntüsüdür. Göründüyü kimi 4 saylı Abşeron Ərazi İdarəsi həmin yerquruluşu planından çıxarışın qanunauyğun qaydada təsdiq edilməsi ilə bağlı hər hansı bir dəlil məhkəməyə təqdim etməmişdir. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə yəni, sözügedən torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli (6KV) elektirik xəttinin mühafizə zolağında yerləşməsi münasibətdə bildirilir ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Göründüyü kimi, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Cavabdehin gətirdiyi 3-cü arqumentə, yəni sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrinə aid olmasına münasibətdə məhkəmə bildirir ki, ictimai tikililərin yerləşdiyi ərazidə fikizi şəxslərin mülkiyyətinə torpaq sahəsinin ayrılması ilə bağlı Qanunvericilikdə hər hansı bir qadağa mövcud deyil. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın qeyd olunan arqumenti də əsassızdır. Cavabdehin gətirdiyi sonucu arqumentə, yəni iddiaçının məhkəmədə iddia qaldırmağa subyektiv hüququnun olmamasına (iddia müddətini ötürdüyünə görə) münasibətdə məhkəmə bildirir ki, müvafiq arqumentə hazırkı qərarın mümkünlük hissəsində hüquqi qiymət verilmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz və imtina məktubu ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarı. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 22.3. Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2001-ci il tarixli 548 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-).

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydaları

5. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; ....

Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri kənd təsərrüfatı obyektlərinin ərazisindən keçdikdə, mülkiyyətçilər həmin xətlərin bu Qaydalara uyğun olaraq qorunmasını təmin etməklə və təhlükəsizlik tədbirlərinə riayət etməklə, elektrik ötürücü xətlərini istismar edən müəssisənin razılığı olmadan elektrik ötürücü xətlərinin mühafizə zonasından istifadə edə bilərlər.

6. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər.

7. Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. İstifadəçinin və mülkiyyətçinin torpaq sahələrindən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətləri keçdikdə, həmin xətlərin qorunmasını təşkil etmək üçün onlar özlərindən asılı olan tədbirləri görməlidirlər.

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qismən – 0,030 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının hüquqi marağı Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində istifadəsinə və sahibliyinə verilmiş 0.0670 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, çıxarışın və plan-ölçünün verilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə öz qərarını iddianın təmin edilməsi istiqamətində əsaslandırarkən qeyd etmişdir ki, X5 tərəfindən verilmiş T-265/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçıya ayrılmış torpaqayırma sənədləri arxiv məlumatlarında öz təsdiqini tapmışdır. Lakin, arxiv məlumatlarında Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin ölçüsünün 0.037 ha olmasına baxmayaraq, həmin arxiv məlumatlarında olan Məmmədli Bələdiyyəsin yerquruluşu planından çıxarışda, Torpaqların alqı-satqı aktında və eyni zamanda iddiaçının təqdim etdiyi Bələdiyyə qərarının əslində torpaq sahəsinin ölçüsü 0.0670 ha olaraq göstərilmişdir. Mövcud anlaşılmazlığın aydınlaşdırılması məqsədilə, iddiaçının nümayəndəsi və vəkilinin sorğusuna cavab olaraq Məmmədli Bələdiyyəsinin 31 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə ayrılmış torpaq sahəsi texniki səhv səbəbindən 0.0670 ha torpaq sahəsi 0.037 ha göstərilmişdir. Eyni zamanda həmin dövr ərzində ayrılmış qərarlar və ümumi şöbə qeydlərində bu kimi hallara tez-tez rastlaşdırıldığı bildirilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, cavabdeh təşkilatın sələfi olmuş keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin iddiaçının adına tərtib etdiyi torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin ölçüsünün məhz 0.0670 ha olaraq qeydiyyata alınması rəşmiləşdirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təqdim edilən sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Abşeron Rayon Dövlət Arxivinə sorğu verilmiş və sorğu nəticəsində məhkəməyə göndərilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı Əliyev X3 Bələdiyyəsinə ünvanladığı ilkin ərizəsində sahibkarlığı inkişaf etdirmək məqsədi ilə ona 0.028 ha torpaq sahəsinin ayrılmasını xahiş etmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli rəyindən də görünür ki, Əliyev X3 Bələdiyyəsinə müraciət edərək 0,037 ha torpaq sahəsini alqı-satqı qaydasında mülkiyyətinə verilməsini xahiş etmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi buna etiraz etməmiş və Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı dükan tikmək məqsədi ilə 0,037 torpaq sahəsinin satılması qərara alınmışdır. Eyni zamanda arxiv məlumatlarında 0,037 torpaq sahəsinə görə 370 manat vəsaitin ödənildiyi görsənir. Göründüyü kimi Abşeron Rayon Dövlət Arxivində saxlanılan sənədlər əsasında müəyyən olunur ki, İddiaçı 0,067 ha torpaq sahəsinin deyil, 0,037 ha torpaq sahəsinin satılması qərara alınmış və həmin torpaq sahəsinə görə ödəmə həyata keçirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında alınmış sənədlərə istinad edərək iddiaçıya ayrılmış torpaq sahəsinin 0,037 ha olduğunu nəzərə alınmalıdır. Belə ki, sənədin əsli vətəndaşa təqdim edilərkən, həmin sənədin bir nüsxəsi də arxivdə saxlanılır. X2 31 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə ayrılmış torpaq sahəsi texniki səhv səbəbindən 0.0670 ha torpaq sahəsi 0.037 ha göstərilmişdir. Nəzərə almaq lazımdır ki, əgər bələdiyyə qərarında texniki yanlışlığa yol verilmişdirsə, həmin yanlışlıq iddiaçıya təqdim edilmiş bələdiyyə qərarında da öz əksini tapmalı idi. Lakin iddiaçıya verilmiş və onun tərəfindən məhkəməyə təqdim edilmiş qərarda həmin sözügedən “texniki səhv” öz əksini tapmamış, torpaq sahəsi 0,067 ha olaraq qeyd olunmuşdur. O da nəzərə alınmalıdır ki, bələdiyyə qərarı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2007-ci il tarixli rəyi əsasında verilmişdir ki, həmin rəydə də iddiaçıya 0.037 ha torpaq sahəsinin ayrılmasına etiraz edilməmiş və həmin torpaq sahəsinin ilə bağlı müvafiq ödəniş edilmişdir. Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan qeyd edilir ki, Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə ayrılmış torpaq sahəsi texniki səhv səbəbindən 0.0670 ha torpaq sahəsi 0.037 ha göstərilmişdir. Həmin dövr ərzində ayrılmış qərarlar və ümumi şöbə qeydlərində bu kimi hallar tez-tez rastlaşılır. Abşeron rayon Məmmədli bələdiyyəsi olaraq bildirilir ki, İddiaçı Məmmədli bələdiyyəsinin 06/263 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə ayrılmış tikinti məqsədli torpaq sahəsi ləğv edilmiş DT və XK-i tərəfindən hazırlanmış “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən 0,067 ha kimi qeydiyyata alınmasına etiraz etmirlər. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Məmmədli Bələdiyyəsinin 31 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan qeyd edilənlər arxivdə saxlanılan məlumatlarla təkzib edilir və bu hallar bələdiyyələrin fəaliyyətinə nəzarət edən müvafiq inzibati orqan tərəfindən yoxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 0,030 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının mövcudluğu mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddia Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə Məmmədli bələdiyyəsi ərazisində İddiaçı sahibliyinə verilmiş 0.0370 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun yarandığından iddia həmin hissədə əsaslıdır və birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası həmin hissədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və birinci instansiya məhkəməsinin qərarını həmin hissədə əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməyi də zəruri hesab edir. Belə ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri aşağıdakılardan ibarətdir: 1) Məmmədli Bələdiyyəsi tərəfindən İddiaçı 0.0670 ha torpaq sahəsinin 25 iyun 2007-ci il tarixində, 06/263 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının 26 aprel 2012-ci il tarixində verilməklə, alqı-satqı aktının qanunamüvafiq qaydada tərtib və təsdiq (hüquq sahibinin imzası ilə) edilmədiyi; 2) Elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşdiyi; 3) Sözügedən daşınmaz əmlakın təyinatı və hüquqi rejiminə görə ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrində yerləşdiyi aşkar edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci dəlili ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir”. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Konstitusiya Məhkəməsinin qərarında şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının qanuna müvafiq qaydada tərtib və təsdiq edilməməsi halının mövcudluğu özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan alqı-satqı aktının qanuna müvafiq qaydada tətrtib və təsdiq edilməməsini torpaq sahəsinin ayrılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin, mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Odur ki, kollegiya, bu baxımdan cavabdehin 1-ci dəlilini əsassız hesab edir. Cavabdehin 2-ci, yəni elektron kadastr məlumatlarına əsasən, torpaq sahəsinin bir hissəsinin yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağında yerləşməsi dəlilinə münasibətdə kollegiya aşağıdakıları bildirir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinin məzmunundan görünür ki, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. Cavabdehin 3-cü, yəni sözügedən daşınmaz əmlakın təyinatı və hüquqi rejiminə görə ictimai tikililərin yerləşdiyi ərazi kimi qeydə alınan torpaq sahələrində yerləşdiyi aşkar edilməsinə münasibətdə kollegiya qeyd edir ki, ictimai tikililərin yerləşdiyi ərazidə fiziki şəxslərin mülkiyyətinə torpaq sahəsinin ayrılması ilə bağlı qanunvericilikdə hər hansı bir qadağa mövcud deyil. Ona görə də, cavabdehin apellyasiya şikayətinin həmin dəlili də əsassızdır. Lakin hazırkı işdə Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 06/263 saylı qərarı ilə iddiaçıya 0,037 torpaq satılmasının qərara alınmasına baxmayaraq birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək etibarlı sübutlar sayılmayan sənədlər əsasında Abşeron rayonu Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında İddiaçı ayrılmış 0,067 torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul etməklə yalnış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıdada qeyd olunduğu kimi hesab edir ki, 0,030 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının mövcudluğu mötəbər sübutlarla təsdiqlənmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, 0,030 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasına dair iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və bu hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-789/2024 nömrəli qərarı qismən – 0,030 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasına dair iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qalan hissədə – 0.037 hektar torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarış və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmasına dair iddianın təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar