Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-858/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-256/2024 qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli, 21 nömrəli qərarı ilə İddiaçı ayrılmış 0,14 ha torpaq sahəsinə dair Abşeron rayon torpaq şöbəsi tərəfindən onun adına 14 dekabr 1998-ci il tarixli, JN-755, KOD 30800027 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27 sentyabr 2021-ci il tarixli, **********37 nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,135824 ha torpaq sahəsi (kateqoriyası: kənd təsərrüfatlı torpaqları) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı 28 fevral 2022-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, xüsusi mülkiyyətində olan 0,135824 ha torpaq sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü sənədlərin verilməsini xahiş etmişdir. İnzibati orqan 04 aprel 2022-ci il tarixli, **********61 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 0,1358 ha torpaq sahəsinə mütəxəssislər tərəfindən texniki baxış keçirilərək döngə nöqtələrinin koordinatları dəqiqləşdirilmiş və əldə edilmiş məlumatlar elektron kadastr xəritəsində araşdırılmışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin elektron bazadakı sənəd üzrə yerləşməsi ilə yerdə (naturada) yerləşməsi arasında fərq mövcuddur. Bundan əlavə, faktiki torpaq sahəsi digər fiziki şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin, istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsü 0,0959 hektardır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələblərinə əsasən uyğunsuzluqların aradan qaldırılması ilə bağlı torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması işləri aparılmışdır. Aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların təhlil edilərək dürüstləşdirilməsi və elektron kadastr məlumat bazasına daxil edilməsi üçün müvafiq tədbirlər görülməkdədir. Qeyd edilən işlər başa çatdırıldıqdan sonra qaldırılan məsələyə yenidən baxılacaqdır. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,1358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə plan və ölçü sənədinin verilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyata alınmış və ona çıxarış verilmişdir. Dəfələrlə cavabdehə və digər orqanlara müraciətlər etməyinə baxmayaraq, həmin torpaq sahəsinə dair torpaq sahəsinin plan ölçüsü verilməmişdir. Qeyd olunan fakt iddia ərizəsinə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış əlavə olaraq qeyd etmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0,135824 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi barədə iddiaçının müraciəti aşkar olunmamışdır. Daha sonra iddiaçının nümayəndəsi yenidən 03 mart 2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan 0,1358 ha torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etmiş, cavabdeh 30 mart 2023-cü il tarixli, 3-21-3-32-M-0075-8/2023 nömrəli məktubu ilə müraciətin icrasından təkrarən imtina edərək, aparılan araşdırma zamanı ərazidə ümumi DWJ uyğunsuzluğunun olduğu və torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin olduğu bildirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-256/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmazlığı aradan qaldırmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.47-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Göründüyü kimi qeyd olunan hərəkətlər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi təqdirdə cavabdeh tərəfindən imtina üçün əsassız bəhanələr gətirilir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının icrası nəticəsində aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların təhlil edilərək dürüstləşdirilməsi və elektron kadastr məlumat bazasına daxil edilməsi üçün müvafiq tədbirlər görülmüş və nəticədə imtina məktubunda qeyd olunan torpaq sahəsinin elektron bazadakı sənəd üzrə yerləşməsi ilə yerdə (naturada) yerləşməsi arasında fərqin mövcud olduğu və faktiki torpaq sahəsi digər fiziki şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşmə halı aradan qalxmışdır. Apellyasiya şikayətinni yeganə dəlili kimi iddiaçının faktiki istifadəsində 0,0959 ha torpaq sahəsinin olduğu qeyd edilmişdir. Belə ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qərarının icrasını texniki cəhətdən mümkünsüz edir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərin sənəd üzrə istifadələrində olan torpaq sahələri ilə üst-üstə düşür. Ərazidə koordinat sürüşməsinin aradan qaldırılması ilə işlər yekunlaşdıqdan sonra problem olmayacaqdır. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi 27 sentyabr 2021-ci il tarixli, **********37 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən qanuni mülkiyyətində olan 0,135824 ha torpaq sahəsinə dair cavabdeh tərəfindən müvafiq plan və ölçü sənədinin tərtib edilərək ona verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri sayır: Cavabdeh iddiaçının müraciətindən imtinasında 1) torpaq sahəsinin sənəd üzrə və faktiki yerləşməsi arasında fərqin olması, 2) faktiki torpaq sahəsinin digər fiziki şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşməsi və 3) iddiaçının istifadəsində olan torpaq sahəsinin faktiki ölçüsünün 0,0959 hektar olması ilə bağlı hallara istinad etsə də, apellyasiya şikayətindən görünür ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanının tələblərinə uyğun olaraq məlumatların dürüstləşdirilməsi və elektron kadastr məlumat bazasına daxil edilməsi ilə bağlı müvafiq tədbirlər görüldükdən sonra imtinanın 1-ci və 2-ci dəlilləri aradan qaldırılmışdır. Belə ki, cavabdehin hazırkı apellyasiya şikayətinin yeganə dəlili ondan ibarətdir ki, iddiaçının faktiki istifadəsində 0,0959 ha torpaq sahəsi vardır və bu məhkəmə qərarının icrasını texniki cəhətdən mümkünsüz edir. Məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlilini əsassız hesab edərək bildirir ki, göstərilən hal iddiaçının xüsusi mülkiyyətində olan 0,135824 ha torpaq sahəsinin plan və ölçüsü sənədinin tərtib edilməsindən imtinaya əsas ola bilməz. Belə ki, həmin 0,135824 ha torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyəti cavabdeh inzibati orqanın özü tərəfindən 27 sentyabr 2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq onun adına **********37 reyestr nömrəli çıxarış verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-13.4-cü maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Etimad hüququnun qorunması prinsipi baxımından müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqanların həmin vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Kollegiya qeyd edir ki, Qanunun 13.1-ci maddəsində təsbit edilmiş etimad hüququnun qorunması prinsipi inzibati orqanın faktiki xarakterli hərəkətlərinə də şamil olunur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi” nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən, torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aid edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin (publik hüquqi şəxsin) Nizamnaməsi” nin 1.3-cü bəndinə əsasən, daşınmaz əmlakın inventarlaşdırılması işlərini aparmaq və texniki sənədləri tərtib etmək onun fəaliyyət istiqamətlərinə aiddir. Həmçinin, nəzərə almaq lazımdır ki, analoji mübahisəyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi də mövcuddur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən (***) 2- 1(102)-420/2023 nömrəli qərarında qeyd edilmişdir ki, Reyestr Xidmətinin tərəf olduğu mübahisələrə dair işlərin və həmin mübahisələrlə bağlı Xidmətin inzibati praktikasının təhlilinə əsasən xüsusilə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı müraciət etmiş şəxslərə Xidmət əksər hallarda hüququn qeydiyyatı haqqında müvafiq Çıxarış verməklə kifayətlənir. Nəticədə həmin şəxslər müəyyən müddətdən sonra daşınmaz əmlaka dair texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi barədə yenidən Xidmətə müraciət etməli olur və hətta müəyyən hallarda Xidmət tərəfindən Çıxarış verilmiş şəxslərə belə müxtəlif səbəblərdən (koordinatların, döngə nöqtələrinin məlum olmaması, sərhədlərin və ölçülərin məlum olmaması və sair) həmin sənədlərin verilməsindən imtina olunur. Bu da növbəti məhkəmə çəkişmələrinin yaranmasına və məhkəmələrdə iş yükünün artmasına, şəxsin əmlak üzərində hüququnun reallaşdırılması ilə bağlı imkanlarının məhdudlaşdırılmasına səbəb olur. Ali Məhkəmə hesab edir ki, belə halların qarşısının alınması məqsədi ilə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı ilə bağlı Xidmət tərəfindən vahid sənəd prinsipi tətbiq olunmalı, hüquqların qeydiyyatı barədə Çıxarışla eyni zamanda həmin Çıxarışın ayrılmaz hissəsi olan, barəsində Çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəriciləri (məkan, ölçü, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan müvafiq texniki pasportun və plan-ölçü sənədinin verilməsi də təmin edilməlidir. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka münasibətdə vahid sənəd prinsipi daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasına dair həm bu barədə Çıxarışın, həm də həmin Çıxarışın tərkib hissəsi kimi daşınmaz əmlakın qeyd olunan göstəricilərini əks etdirən müvafiq sənədlərin eyni zamanda tərtib olunmasını və maraqlı şəxsə verilməsini ehtiva edir. Məhkəmə kollegiyası qeyd edir ki, belə yanaşma həm də dövlət xidmətləri sahəsində səmərəli, xidmətyönümlü, düzgün və qənaətcil idarəçilik prinsiplərinin təmin olunması məqsədlərindən irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları və vahid məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 may 2024-cü il tarixli, 2-1(118)-256/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-858/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-858/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver