Məhkəmə qərarları › İş №2-1(105)-859/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-859/2025

12.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-859/2025 12.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2-1(118)-2852/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “onun Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitundan ehtiyata buraxıldığı dövr ərzində məhz ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən “45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 04 avqust 2001-ci il tarixindən 02 yanvar 2024-cü il tarixinədək Azərbaycan Ordusunda xidmət etmişdir. Son nəticədə Müdafiə Nazirinin 13 oktyabr 2023-cü il tarixli 0726 nömrəli əmri ilə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “V” bəndinə (xəstəliyə görə) əsasən ordu sıralarından tərxis olunmuşdur. Ehtiyata buraxılmağının səbəbi Müdafiə Nazirliyinin hərbi həkim komissyasının xx.xx.2023-cü il tarixli 7453 nömrəli Xəstəlik Şəhadətnaməsi olmuşdur. Nəticə etibarı ilə Silahlı Qüvvələrin hərbi-həkim ekspertizası üzrə Ali orqanı hesab edilən MN-nin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xəstəliyinin səbəb əlaqəsi Azərbaycan Respublikasının müdafiəsi kimi qiymətləndirilərək “sülh dövründə hərbi xidmətə yararsız” Qərarı verilmişdir. Yuxarda qeyd olunanlara baxmayaraq xidmət keçdiyi Hərbi İdarəetmə İnstitutu rəhbərliyi tərəfindən iddiaçıya, ehtiyata buraxıldığı dövrdə yalnız 45 günlük növbəti məzuniyyətdən istifadə etməyə şərait yaradılmışdır. Halbuki Hərbi Qulluqçuların Statusu haqqında Qanunun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmağla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Yəni iddiaçı olaraq xəstəliyə görə ehtiyata buraxılmağı işin mübahisəsiz halı olduğu üçün iddiaçıya ehtiyata buraxılarkən 45 gün deyil, 90 gün müddətində məzuniyyət verilməli idi. Bununla bağlı Azərbaycan Respunlikası Ali Məhkəməsində təqdirə layiq mövqeyi də vardır ki, qanunvericilikdə dəqiq şəkildə qeyd etmişdir ki, hərbi qulluqçu müəyyən edilmiş əsaslarla ehtiyata və ya istefaya buraxılarkən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Bu məzuniyyətin də verilməsinə səbəb məhz hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etməklə bağlıdır. Beləliklə həmin məzuniyyətin təyinatı fərqlidir və qanunverici onun müddətini də dəqiq müəyyənləşdirmişdir. Yəni xüsusi kateqoriya şəxs olan hərbi qulluqçuların xidmətə qəbuluna, xidmətin aparılmasına, xidmətdən buraxılmasına dair xüsusi tələblər vardır. Ona görə ki, hərbi xidmət xüsusi xarakter daşıyır. Bu səbəbdən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün məzuniyyətin müddəti 3 aylıq müəyyən edilmişdir. Bu səbəb ilə 27 avqust 2024-cü il tarixində cavabdeh inzibati orqan olaraq Müdafiə Nazirliyinə rəsmi şəkildə müraciət edərək istifadə etmədiyi məzuniyyət günləri əvəzinə kompensasiyanın hesablanması və ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh tərəfindən 18 sentyabr 2024-cü il tarixində iddiaçıya mənfi cavab verilmişdir. Bu da o deməkdir ki, cavabdeh inzibati orqan öz növbəsində öz öhdəliyini yerinə yetirməkdən bir şəkildə yayınmağa çalışır. Cavabdehin bu mövqeyi də qanunvericiliyə zidd olduğundan və bir mənalı olaraq onu qane etmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı tam istifadə etdiyi məzuniyyətə görə pul kompensasiyasının ödənilməsini tələb edir. Bu isə "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin 30-cu bəndinə ziddir. Çünki, həmin aktların müddəalarında istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsini nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci, “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 120-ci maddələrinə görə iddiaçının istinad etdiyi 90 günlük məzuniyyət növü "növbəti” kateqoriyaya aiddir. Buna görə də, İddiaçı 2023-cü ilin hesabından artıq 45 gün müddətində növbəti məzuniyyətin istifadə etdiyini nəzərə alaraq, ona 90 günlük növbəti məzuniyyət günündən həmin müddət (90-45=45) çıxılaraq, qalan, yəni 45 gün müddətində növbəti məzuniyyət verilmişdir. (Hərbi İdarəetmə İnstitutunun xx.xx.2024-cü il tarixli 884 nömrəli məktubu). Hətta iddiaçı iddia ərizəsində xx.xx.2014-cü il tarixli Qərara istinad edərək göstərmişdir: “Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ... hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir." İddiaçı isə həmin hüququnu tam istifadə etdiyindən, onun tələbi yuxarıda qeyd olunan qanunvericilik aktlarına ziddir və təmin oluna bilməz. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Hərbi İdarəetmə İnstitutu Rektorunun 30 yanvar 2023-cü il tarixli, 22 nömrəli əmrindən çıxarışdan görünür ki, əməliyyat-taktiki fakültənin 1-ci kurs dinləyicisi mayor İddiaçı, Xaçmaz rayonunda keçirməklə 15 (on beş) gün müddətinə, 30 yanvar 2023-cü il tarixdən 14 fevral 2023-cü il tarixədək 2023-cü ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. Hərbi İdarəetmə İnstitutu Rektorunun 14 avqust 2023-cü il tarixli, 201 nömrəli əmrindən çıxarışdan görünür ki, əməliyyat-taktiki fakültənin 1-ci kurs dinləyicisi mayor İddiaçı, Xaçmaz rayonunda keçirməklə 30 (otuz) gün müddətinə, 14 avqust 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək 2023-cü ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. Hərbi İdarəetmə İnstitutu Rektorunun 03 noyabr 2023-cü il tarixli, 279 nömrəli əmrindən çıxarışdan görünür ki, əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicisi mayor İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2023-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə 18 dekabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə göndərilmişdir. Mayor İddiaçı 2023-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib, 2023-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2-1(118)-2852/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı Müdafiə Nazirliyinin Hərbi İdarəetmə İnstitundan ehtiyata buraxıldığı dövr ərzində məhz ehtiyata buraxılmaqla bağlı məsələləri həll etmək üçün verilən 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə iddiaçının tam istifadə etdiyi məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyini cavabdehə həvalə etmişdir. Halbuki iddiaçı həmin hüququndan istifadə etmişdir və həmin tələbin təkrar ödənilməsi qanunvericiliyə ziddir. Bu isə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sinin 30-cu bəndinə ziddir. Çünki, həmin aktların müddəalarında istifadə olunmamış məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsini nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci “q” maddələrinə görə iddiaçının istinad etdiyi 90 günlük məzuniyyət, zabitlərə verilən 45 günlük məzuniyyət növü “növbəti” məzuniyyət kateqoriyasına aiddir. Məhkəmə belə hesab etmişdir ki, hərbi qulluqçu 45 gün növbəti məzuniyyətdən istifadə etsə də, ehtiyata buraxılmaqla bağlı 90 günlük növbəti məzuniyyətin verilməsi də nəzərdə tutulduğundan müxtəlif məqsədlər üçn verildiyindən biri digərindən fərqlənir. Yəni, məhkəmənin mövqeyinə görə ehtiyata buraxılan hərbi qulluqçuya eyni il üçün 135 gün növbəti məzuniyyət verilə bilər (növbəti 45 və növbəti 90 günlük məzuniyyətlərin cəmi). Halbuki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə görə maksimum 90 günlük növbəti məzuniyyət göstərilmişdir, hərbi qullquçular üçün nəzərdə tutulmuş növbəti 135 günlük (eyni il üçün) məzuniyyətin olması nə həmin Əsasnamədə, nə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda, nə Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 22 nömrəli qərar, ilə "Azərbaycan Ordusunun hərbi qulluqçuların pul təminatı haqqında Əsasnamə”sində və ya digər qanunvericilik aktlarla göstərilməmişdir. Qanun buna yol verməsə də, Sumqayıt İnzibati Məhkəməsi iddiaçı tərəfindən artıq istifadə olunmuş növbəti məzuniyyət günlərinin təkrar verilməsini (yəni onun əvəzinə kompensasiyanın ödənilməsini) qət etmişdir. Bu isə həm Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarlarına, həm yuxarıda istinad olunmuş qanunlara ziddir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Qərara görə: “Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya ... hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir.” İddiaçı isə həmin hüququnu tam istifadə etdiyindən, onun tələbi yuxarıda qeyd olunan qanunvericilik aktlarına ziddir və təmin oluna bilməzdi. Yuxarıda qeyd olunanlardan görmək olar ki, məhkəmə tərəfindən iddiaçının İddiaçı 2023cü ilin hesabından artıq 45 gün müddətində növbəti məzuniyyətin istifadə etməsi və həmin müddətin 90 günlük növbəti məzuniyyət günündən həmin müddət (90-45=45) çıxılaraq, qalan, yəni 45 gün müddətində növbəti məzuniyyət verilməsi işin mübahisəsiz halıdır. Lakin məhkəmə qanunvericilik ilə nəzərdə tutulmamış eyni məzuniyyətin təkrar verilməsi məsələsinə baxıb. Sumqayıt İnzibati Məhkəmə isə bu nəzərə alınmayıb ki, iddiaçı Ramazanovun həmin hüququ cavabdeh tərəfindən tam təmin olunmuşdur. b) Apellyasiya şikayətinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə 11. İstirahət hüququ

1. Hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlər verilir: a) növbəti məzuniyyətlər; b) qısa müddətli məzuniyyətlər; c) xəstəliyə görə məzuniyyət; ç) tədris təlimi zamanı məzuniyyət; d) hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; e) təhsil məzuniyyəti; ə) yaradıcılıq məzuniyyəti; f) qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, 3 yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; g) əlavə məzuniyyət. İldə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvin ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Məzuniyyətin keçirildiyi yerə gedib-qayıtmaq vaxtı həmin müddətə daxil deyildir. Bütün hərbi qulluqçulara ailə vəziyyətinə görə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına isə həm də mükafatlandırma qaydasında qısa-müddətli—10 günlük məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.

“Hərbi xidmətkeçmə haqqında" Əsasnamə

120. Növbəti məzuniyyət aşağıdakılara verilir: a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına — müddətli həqiqi hərbi xidmət ərzində — bir dəfə 10 gün; b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına — hər təqvim ili üçün 30 gün; v) gizirlərə və miçmanlara — hər təqvim ili üçün 35 gün; q) zabitlərə — hər təqvim ili üçün 45 gün. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş hərbi qulluqçulara (zabitlərdən başqa) 40 günlük növbəti məzuniyyət verilir. Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir.

121. Növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. ...

136. Hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından, hərbi təhsil müəssisələrinin kursantlarından, zabitlərdən başqa) əlavə məzuniyyətlər aşağıdakı kimi verilir: a) uçuş işlərində olanlara, raket və torpeda katerində xidmət edənlərə — hər il 15 təqvim günü; b) döyüş növbəsi (döyüş xidməti) növbəçiliyini yerinə yetirənlərə, hər 6 təqvim günü döyüş növbəsi (döyüş xidməti) üçün 1 təqvim günü, hər il 15 təqvim günündən artıq olmamaqla; v) möhkəmləndirilmiş rayonlarda, yüksək dağlıq bölgələrdə (dəniz səviyyəsindən 1500 m. və daha yüksək) — hər il 15 təqvim günü.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı müvafiq kompensasiyanın hesablanması və ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi hüquqi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi İdarəetmə İnstitutunun 19 fevral 2025-ci il tarixli, 123/2-187/25 nömrəli məktubundan görünür ki, Hərbi İdarəetmə İnstitutunun əməliyyat-taktiki fakültəsinin sabiq dinləyicisi mayor İddiaçı təhsil aldığı müddətdə 2023-cü ilin hesabından: 30.01-xx.xx.2023-cü il tarixlərində 15 (on beş) gün, biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilməklə (əmr №22, xx.xx.2023); 14.08-xx.xx.2023-cü il tarixlərində 30 (otuz) gün (əmr №201, xx.xx.2023) ümumilikdə 2023-cü ilin hesabından 45 (qırx beş) gün müddətində növbəti məzuniyyətdən istifadə etmiş; “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən 03.11-xx.xx.2023-cü il tarixlərində 45 (qırx beş) gün müddətində növbəti məzuniyyət verilməklə ehtiyata buraxılmış (əmr №279, xx.xx.2023); xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında stasionar müalicəyə qəbul olunduğu üçün məzuniyyətdə olanların siyahısından çıxarılmış və müalicə olunanların siyahısına əlavə edilmiş (əmr №301, xx.xx.2023); məzuniyyətdə olduğu dövrdə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında stasionar müalicə aldığı üçün ona xx.xx.2023-xx.xx.2024-cü il tarixlərində istifadə etmədiyi 19 (on doqquz) gün müddətində növbəti məzuniyyət verilməklə xx.xx.2024-cü il tarixdən Hərbi İdarəetmə İnstitutunun şəxsi heyətinin siyahısından çıxarılmışdır (əmr №314, xx.xx.2023). Hərbi İdarəetmə İnstitutu Rektorunun 30 yanvar 2023-cü il tarixli, 22 nömrəli əmrindən çıxarışdan görünür ki, əməliyyat-taktiki fakültənin 1-ci kurs dinləyicisi mayor İddiaçı, Xaçmaz rayonunda keçirməklə 15 (on beş) gün müddətinə, 30 yanvar 2023-cü il tarixdən 14 fevral 2023-cü il tarixədək 2023-cü ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. Hərbi İdarəetmə İnstitutu Rektorunun 14 avqust 2023-cü il tarixli, 201 nömrəli əmrindən çıxarışdan görünür ki, əməliyyat-taktiki fakültənin 1-ci kurs dinləyicisi mayor İddiaçı, Xaçmaz rayonunda keçirməklə 30 (otuz) gün müddətinə, 14 avqust 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək 2023-cü ilin növbəti məzuniyyətinə getmiş hesab edilmişdir. Hərbi İdarəetmə İnstitutu Rektorunun 03 noyabr 2023-cü il tarixli, 279 nömrəli əmrindən çıxarışdan görünür ki, əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicisi mayor İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) və 164-cü maddəsinə müvafiq olaraq hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 2023-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə 18 dekabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmış və qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə göndərilmişdir. Mayor İddiaçı 2023-cü ildə nəzərdə tutulmuş maddi yardım ödənilib, 2023-cü ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə edib və növbəti məzuniyyətə görə biraylıq vəzifə maaşı həcmində əlavə pul təminatı ödənilib. Hərbi İdarəetmə İnstitutu Rektorunun 30 noyabr 2023-cü il tarixli, 301 nömrəli əmrindən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək növbəti məzuniyyətdə olan Əməliyyat-taktiki fakültənin 2-ci kurs dinləyicisi mayor İddiaçı, xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müalicəyə qəbul olunduğu üçün məzuniyyətdə olanların siyahısından çıxarılmış, müalicə olunanların siyahısına əlavə edilmişdir. Göründüyü kimi iddiaçının tələbi 45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi ilə bağlıdır. O hesab edir ki, xəstəliyə görə ehtiyata buraxılmağı işin mübahisəsiz halı olduğu üçün ona ehtiyata buraxılarkən 90 gün müddətində məzuniyyət verilməli olduğu halda 45 gün məzuniyyət verilmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbini əsassız hesab etməklə qeyd edir ki, yuxarıda istinad olunan məzuniyyət əmrlərinə dair çıxarışlardan da göründüyü kimi iddiaçı 2023-cü il üzrə 90 gün müddətinə məzuniyyət hüququndan tam istifadə etmişdir. Belə ki, müvafiq əmrlərdən göründüyü kimi iddiaçı 30 yanvar 2023-cü il tarixdən 14 fevral 2023-cü il tarixədək 15 gün, 14 avqust 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək 30 gün olmaqla, ümumilikdə 45 gün müddətinə 2023-cü il üçün növbəti məzuniyyət hüququndan istifadə etmişdir. Eləcə də 03 noyabr 2023-cü il tarixli, 279 nömrəli əmrdən çıxarışdan göründüyü kimi iddiaçı 2023-cü ilin hesabından 45 (qırx beş) təqvim günü müddətinə növbəti məzuniyyət verilməklə 18 dekabr 2023-cü il tarixdən şəxsi heyətin siyahısından, bütün növ təminatdan çıxarılmışdır. Yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı 2023-cü il üzrə mümkün 3 ay (90 gün) müddətinə məzuniyyət hüququndan tam istifadə etmişdir. Bir il ərzində iki dəfə növbəti məzuniyyət hüququndan istifadə etmək isə qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə kollegiyası hazırkı işə münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsində qeyd edilmiş “ildə bir dəfə zabitlərə 45 günlük, ----- növbəti məzuniyyət verilir” norması ilə “Silahlı Qüvvələrdə 20 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir” normasını qarşılıqlı təfsir edərək bu nəticəyə gəlir ki, qanunvericinin iradəsi növbəti məzuniyyətin 3 ay müddətinə verilməsini və həmin il üçün növbəti məzuniyyətdən istifadə etməmiş hərbiçilərə tam olaraq şamil edilməsini ehtiva edir. Kollegiya hesab edir ki, hər bir halda iddiaçının 3 aylıq məzuniyyətdən istifadə hüququ təmin edilməlidir və hazırkı iş üzrə iddiaçının bu hüquqdan istifadə imkanı təmin edilmişdir. Sadəcə iddiaçı bu üç aylıq məzuniyyət hüququndan ardıcıl formada deyil, il ərzində müxtəlif vaxtlarda istifadə edə bilmişdir. Hazırkı iddianın təmin edilməsi isə iddiaçının 2023-cü il ərzində 135 gün məzuniyyət hüququndan istifadəsi ilə bağlı nəticələr yaradır ki, bu da yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinə ziddir. Beləliklə də, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı hər hansı yalnışlığa yol verilməmiş, iddiaçının hüquqları pozulmamış və iddia tələbi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə sözügedən xüsusatları nəzərə almamış, iddiaçının 90 gün müddətinə istifadə etdiyi məzuniyyət dövrünə hüquqi əsası olmadan əlavə 45 gün müddətinə məzuniyyət də əlavə edilməli olması qənaətinə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, 2-1(118)-2852/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “45 (qırx beş) günlük istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın hesablanması və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair iddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar