Məhkəmə qərarları › İş №2-1(105)-86/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-86/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-86/2025 09.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin edildiyi dövrün də nəzərə alınmaqla, ona 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(118)- 2593/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ona 60 yaşı tamam olan tarixdən, yəni 04 sentyabr 2018-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin edildiyi dövrün də nəzərə alınmaqla, ona 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. 1973-cü ilin sentyabr ayından xx.xx.1976-cı ilədək elektrik qaz qaynaqçısı ixtisası üzrə Sumqayıt şəhər 49 saylı Peşə məktəbində təhsil almışdır. xx.xx.1976-cı - xx.xx.1991-ci il tarixlərində "xxxx" ASC-də qazla kəsici peşəsində işləmişdir. xx.xx.2020-ci ildən halhazıradək "xxxx" MMC-də işləyir. xx.xx.1999-cu ilə qədər qüvvədə olmuş AR-sı Əmək qanunları Məcəlləsinin 38-ci maddəsinin 2-ci hissəsinə əsasən (sağlamlıq vəziyyətinə görə) işdən azad edilmişdir. Həmin xəstəlik peşə xəstəliyinə aid edilmişdir və o, 1998-ci ilin iyul ayına qədər həmin səbəbdən ikinci qrup əlil olmuşdur. Ümumi iş stajı xx.xx.2006-cı ilə qədər 26 il, ümumi 28 il 6 ay olmuşdur. 08 may 1979-cu ildən xx.xx.1979-cu ilə kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. "xxxx" ASC-də işlədiyi dövr, yəni xx.xx.1976xx.xx.1991-ci illərdə zərərli istehsal sahəsində işləmişdir. Həmin dövrə aid iş stajı 2 nömrəli siyahıya aid olub, 15 il 3 ay təşkil edir. Həmin dövrün 2 N-li siyahıya aid olmasını "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli AZB 01/222 saylı arayışı təsdiq edir. Hesab edir ki, onun qeyd edilən hüquq normasına görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 60 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdə yaranmışdır. O güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh ona 65 yaşının tamam olduğu tarixdə, yəni xx.xx.2023-cü ildə əmək pensiyası təyini üçün iş stajının 25 ildən az, 20 il 8 ay 24 gün olmasını əsas gətirərək pensiya təyinindən imtina etmiş və ona “yaşa görə sosial müavinət” təyin etmişdir. O cavabdehin imtinasını yuxarıda qeyd edilənlərə əsasən əsassız hesab edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə dair etiraz ünvanlayaraq qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində 2 saylı Sumqayıt regional “ASAN Xidmət" mərkəzinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İddiaçının müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-269804/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan dövrdən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-cı maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1dək sığorta stajı 25 il hesablanır. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin bildirilir ki, Mərkəzi Filialın xx.xx.2023 tarixli 3-17-1/2-A- 80826/2023 nömrəli məktubuna əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 20 il 8 ay 24 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 10 ay 24 gün sığorta stajına uyğun olaraq 16.578,02 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2.426,74 manat olmaqla, ümumilikdə 19.005,76 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi Mərkəzi Filial tərəfindən qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ var. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının adına aktiv əmək müqaviləsi olduğu üçün ona yaşa görə sosial müavinət təyin edilməsi də qanunvericilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş 19 sentyabr 2023-cü il tarixli “Azərbaycan Boru Yayma Zavodu” tərəfindən verilmiş araşdırıcı arayışdan görünür ki, iddiaçı xx.xx.1976-cı il tarixində Azərbaycan Boruyayma zavodunun Kopyor sexinə metal qırıntı və tullantılarının qazla kəsicisi peşəsinə işə qəbul olunmuş, xx.xx.1977-ci il tarixində işdən azad olunmuşdur. İddiaçı xx.xx.1979-cu il tarixində yenidən Kopyor sexinin metal qırıntı və tullantılarının qazla kəsiciləri briqadasına stropçu peşəsinə işə qəbul edilmiş, xx.xx.1980-ci il tarixində həmin sexdə qazla kəsmə sahəsinə metal qırıntı və tullantılarının qazla kəsicisi keçirilmiş, xx.xx.1983-cü il tarixində Boruyayma sexinə 250-1 və 250-2 dəzgahlarının metal hazırlama sahəsinə presləyici-kəsici keçirilmiş, xx.xx.1984-cü il tarixində həmin sexdə boruların göndərilməsi sahəsinə metal çeşidləyən və təhvil verən keçirilmiş və xx.xx.1991-ci il tarixində işdən azad edilmişdir. İşlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış 17 noyabr 2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 20 il 8 ay 24 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 10 ay 24 gün sığorta stajına uyğun olaraq 16.578,02 manat, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 2.426,74 manat olmaqla, ümumilikdə 19.005,76 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40.320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi Mərkəzi Filial tərəfindən qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(118)-2593/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işə əlavə olunmuş sənədlərlə iddiaçının zəruri olan pensiya kapitalına və ya ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olması müəyyən edilmir. Belə ki, onun ümumi sığrota stajı 25 ildən azdır. İddiaçı məhkəmə icraatı zamanı ona 1991-1998-ci illər arasında ona əlilliyə görə pensiya təyin edildiyini bildirsə də, məhkəmə araşdırması zamanı onun əlillik vəziyyəti barədə məlumat və sənədlərin təqdim edilməsi üçün aidiyyatı üzrə sorğular verilmiş, lakin məhkəmə onun əlillik vəziyyəti barədə hər hansı məlumat əldə edə bilməmişdir. İddiaçı özü də məhkəmə icraatı zamanı həmin dövrlərdə ona əlilliyin təyin edildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Hazırki işdə iddiaçının 1991-ci ildən 1998-ci ilədək olan dövrlərdə işləməsi müəyyən edilmədiyindən, iddiaçı ona pensiya təyin edilməsi üçün zəruri olan pensiya kapitalına da malik deyildir. Hazırkı işdə cavabdeh iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı cavabdeh tərəfindən onun stajına daxil edilməyən illərdə işləməsini sübut edə bilməmişdir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Azərboru zavodunun AR DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2023-cü ildə verdiyi araşdırıcı arayışa əsasən qeyd edilmiş peşələr “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 33-cü “Ümumi peşələr” bölməsinin “qazla kəsicilər” - (23200000-11618), həmin Siyahının 3-cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin “metal qırıntılarının ayrılması ilə məşğul olan stropçular”- (2040200a- 18897), həmin bölmənin 4-cü Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndinin “boru və pəstahların kəsiciləri”- (2040400a-17968), “metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər”- (2040400a-1753b) peşələri və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 35-ci Ümumi peşələr bölməsinin “qazla kəsicilər”, həmin Siyahının 3-cü Metallurgiya istehsalatı bölməsinin 2-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndinin “metal qırıntılarının ayrılması ilə məşğul olan stropçular”, həmin bölmənin 4-cü Boru istehsalı (boru yayma, boru qaynaqetmə, elektrik boru qaynaqetmə, boru çəkmə, borutökmə, fitinq, balon) və sinkləmə sexləri bəndinin (a) fəhlələr yarımbəndinin “boru və pəstahların kəsiciləri”, "metalın və hazır məhsulun düzəldilməsi və çeşidlənməsi ilə məşğul olan fəhlələr və briqadirlər peşələri ilə eynilik təşkil edir. Həmin arayışın məhkəməyə təqdim edilməsinə baxmayaraq 13 il qaynar iş sahələrində işləməyi nəzərə alınmamış, məhkəmə həmin iş dövründə güzəştli şərtlərlə işləməyini nəzərə almamış, göstərdiyi həmin arayışa heç bir münasibət bildirməmişdir, nəticədə əsassız qərar çıxartmışdır. Belə olan halda həmin qərar ləğv edilməli, iddia təmin edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v)hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin edildiyi dövrün də nəzərə alınmaqla, iddiaçıya 65 yaşından yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası ilk növbədə iddiaçının çatmaq istədiyi məqsəd baxımından iddiaya münasibət bildirmək istəyir. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri də ondan ibarətdir ki, məhkəmə iddiaçının ifadə tərzi ilə bağlı olmasa da iddia tələbindən kənara çıxa bilməz. Hazırkı iş üzrə iddiaçı ilkin tələbində ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbini dəqiqləşdirmiş, ona ümumi əsaslarla yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində isə iddiaçı qeyd edir ki, arayışın məhkəməyə təqdim edilməsinə baxmayaraq 13 il qaynar iş sahələrində işləməyi nəzərə alınmamış, məhkəmə həmin iş dövründə güzəştli şərtlərlə işləməyini nəzərə almamış, göstərdiyi həmin arayışa heç bir münasibət bildirməmişdir, nəticədə əsassız qərar çıxartmışdır. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş onun tələbi aydınlaşdırılmışdır. İddiaçı güzəştli şərtlərlə pensiya təyinatına, bu alınmasa isə umumi əsaslarla yaşa görə pensiya təyinatına nail olmaq istəyir. İddiaçının 13 il zərərli işlərdə işləməsi ilə bağlı arayışı vardır. Lakin iddiaçının ümumi iş stajının az olması ona pensiya təyinatına imkan vermir.İddiaçının 2006-cı ilə qədər 20 il iş stajı olduqda əvvəlki qanunvericiliyə, 25 il sığorta stajı olduqda isə hazırda qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyini tələb etmək əsasları yaranmış olur. İddiaçı ona 1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin edildiyi bildirir. Qeyd edilənlər nəzərə alındıqda iddiaçın güzəştli şərtlərlə pensiya təyinatı aparan orqana müraciət etməsi daha məqsədəmüvafiq olardı. Lakin iddiaçı bu müraciəti etməmiş və hazırda ona 65 yaşından pensiya təyinatı aparılmasına razı olduğunu bildirmişdir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanununun yuxarıda qeyd edilən 22-1.1-ci, 22-1.2.1-ci maddəsinin tələblərindən görünür ki, 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları avtomatlaşdırılmış qaydada təyin edilərkən sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanmasının xüsusi qaydası müəyyən edilmişdir. Bu qaydaya görə 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Normanın tələbindən göründüyü kimi 2019-cu il yanvarın 1-dən etibarən təyin edilmiş əmək pensiyalarına münasibətdə sığortaolunanın fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 ildən az olduğu halda belə 25 il nəzərə alınır. Hazırkı işin müəyyən edilmiş faktiki hallarından isə görünür ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı mövcud olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən 7-ci maddəsinin tələbləri baxımından iddiaçıya yaşa görə pensiya təyin olunması üçün onun azı 25 il sığorta stajı mövcud olmalıdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən verilmiş iddia tələbinə etirazda qeyd olunmuşdur ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı müəyyən olunmuşdur. İddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun və hərbi biletin surətlərinə əsasən onun sığorta stajı (xx.xx.1973-cü il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil aldığı illər və xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 20 il 8 ay 24 gün təşkil edir. İşə əlavə olunmuş sənədlərlə iddiaçının zəruri olan pensiya kapitalına və ya ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sığorta stajına malik olması müəyyən edilmir. Belə ki, onun ümumi sığorta stajı 25 ildən (xx.xx.1973-cü ildən xx.xx.1976-cı ilədək; xx.xx.1977-ci ildən - xx.xx.1979-cu ilədək; xx.xx.1979-cu ildən xx.xx.1991-ci ilədək; xx.xx.2020-ci ildən - xx.xx.2021-ci ilədək) azdır. İddiaçı iddia ərizəsini əsaslandıraraq qeyd etmişdir ki, Əmək qanunları Məcəlləsinin 38-ci maddəsinin 2-ci hissəsinə əsasən (sağlamlıq vəziyyətinə görə) işdən azad edilmişdir. Həmin xəstəlik peşə xəstəliyinə aid edilmişdir və o, 1998-ci ilin iyul ayına qədər həmin səbəbdən ikinci qrup əlil olmuşdur. Beləliklə də, 1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin edildiyi dövrün nəzərə alınmasını xahiş etmişdir. Sözügedən dəlilin araşdırılması istiqamətdə birinci instansiya məhkəməsi tərəfindən zəruri sorğular verilmiş, lakin məhkəmə onun əlillik vəziyyəti barədə hər hansı məlumat əldə edə bilməmişdir. Həmçinin apellyasiya məhkəməsində icraat zamanı İddiaçı 1991-1998-ci illərdə əmək pensiyası alıb-almaması barədə məlumat verilməsi, aldığı təqdirdə hansı dövrlərdə və hansı məbləğdə alması barədə məlumat verilməsi və bununla əlaqədar sənədlərin ən qısa zamanda məhkəməyə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 26 noyabr 2024-cü il tarixli, 3-17-1/2-290081/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edilir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında müraciətdə adı qeyd olunan İddiaçı 1991-1998-ci illərdə əmək pensiyası alması barədə hər hansı müvafiq məlumat aşkar edilmədi. Göründüyü kimi iddiaçı 1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin edildiyi dövrün nəzərə alınmasını xahiş etsə də, məhkəmə araşdırmaları zamanı onun əlillik vəziyyəti barədə hər hansı məlumat əldə edilməmişdir. İddiaçı özü də məhkəmə icraatı zamanı həmin dövrlərdə ona əlilliyin təyin edildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, qeyd edilən dövr iddiaçının sığorta stajına daxil edilmədiyindən onun sığorta stajı hazırkı şərtlərlə pensiya təyinatı tələbi əsaslarından olan 25 ildən azdır. Göründüyü kimi hazırkı iddia tələbi baxımından iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sığorta stajı ilə bağlı şərt ödənilmir. İş üzrə mübahisənin öhdəliyin icrası haqqında iddiaya aid olmasını nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da iş üzrə müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçıya izah olunur ki, 1991-1998-ci illərdə peşə xəstəliyinə görə ikinci qrup əlillik təyin olunması barədə mötəbər sübutlar təqdim edə biləcəyi təqdirdə, yenidən müvafiq ərizə ilə səlahiyyətli inzibati orqana müraciət edə bilər. Qeyd olunan hal sübuta yetirildiyi zaman iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət etməyi daha məqsədəmüvafiq olar. (2006-cı ilə qədər 20 il iş stajı olduğu halda, əvvəlki qanunvericilik əsasında güzəştli şərtlərlə pensiya təyini tələbi əsasları yaranmış olar) Əlavə olaraq iddiaçı işləməyə davam edərək ümumi iş stajını tamamlayıb hazırda qüvvədə olan qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya (60 yaş) tələbi irəli sürə bilər. Hər bir halda yeni müraciət əsasları yaranan zaman güzəştli şərtlərlə pensiya təyini aparan orqana müraciət etmək məqsədəmüvafiq olar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyun 2024-cü il tarixli, 2-1(118)-2593/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar