Məhkəmə qərarları › İş №2-1(105)-860/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-860/2023

04.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-860/2023 04.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Quba Rayon İcra Hakimiyyətinin Şuduq İƏV-nin nümayəndəliyinə və Quba rayon Şuduq Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Quba Rayon İcra Hakimiyyətinin Şuduq İƏV-nin nümayəndəliyinə və Quba rayon Şuduq Bələdiyyəsinə qarşı “Quba RİH-nin Şuduq İƏV-nin nümayəndəliyinin, Şuduq kənd bələdiyyəsinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, icarə müqavilələrinin ləğv olunması, Bad çayını su ilə təmin edən bulaqların üzərində qurulmuş bənd və kəmərlərin ləğv olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3985/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Quba RİH-nin Şuduq İƏV-nin nümayəndəliyinin, Şuduq kənd bələdiyyəsinin və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, icarə müqavilələrinin ləğv olunması, Bad çayını su ilə təmin edən bulaqların üzərində qurulmuş bənd və kəmərlərin ləğv olunması, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9085/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Quba rayon İcra Hakimiyyətinin Şuduq İƏV-nin nümayəndəliyinə və Quba rayon Şuduq Bələdiyyəsinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair 2-1(112)-9085/2023 saylı inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Quba rayon Şuduq kənd bələdiyyəsi və icra nümayəndəsi tərəfindən Bad kəndi ərazisindən qanunsuz zəbt edilmiş torpaq sahəsinə yol çəkdirib obyektin təməlini qoyublar. Sonradan tikinti dayandırıldı, kəndin örüş sahəsi istifadə etdiyi əraziyə mallarını buraxmadılar, özləri üçün heyvan sürüsünü həmin yerlərə buraxdılar, hansı ki, o ərazi "Şahdağ" milli qoruğuna aiddir, tarixi abidələrin yeri şumlanaraq kartof əkdilər, tarixi abidələr-qəbirstanlıq məhv edildi, qızıl axtarışında(bir neçə yerdən qızıl tapıldı) olanlara qarşı tədbir görülmədi. Həmin yer ulu babalarımın torpağıdır, sovet dövründə özünə vəzifəyə görə savxoz yaratmaq üçün Şuduqun(q)ərazisi az olduğuna görə onlara verilib,l akin hal-hazırda həmin inzibati ərazi vahidində cəmi 2 kənd əvəzi məhəllə qalıb(şuqulular cuhuddangönmə, növdiinlülər ermənidəndönmədir), torpaq sahələrini də ermənilərə və qohumlarına satılır (bir müddətdən sonra ora da idda edəcəklər),ölkə büdcəsindən əlavə xərclər mənimsənilərək Bad kəndinin ərazisindən keçən çayın suyunu qanunsuz kəsərək Şuduq və Növdün kəndlərinə aparıldı. Hazırda da Şuduq kəndinə verilmiş ərazini guya ekologiya nazirinə satıblar. Bad çayının mənbəyindən suyu kəsərək həmin ərazilərə çəkiblər. Bad kəndinin əhalisi susuz qalıb (sionist yəhudilər və ermənilər kimi müsəlmanları susuz qoyublar). Bad kəndinin keçmiş torpaqları Şuduq bələdiyyəsi tərəfindən ərazilərində yaşamayan şəxsə qanunsuz olaraq icarəyə verilib, hazırda da nümayəndəliyin ərazisində yaşamayan həmin şəxsin oğlunu bələdiyyə sədri təyin ediblər. Ona görə də ölkə büdcəsindən qənaətə və artıq ştatlara görə həmi inzibai nümayəndəlik və bələdiyyə ləğv olunaraq əvvəlki sahibinə Rustov qaytarılmalıdır. Buna görə həmin yeri qanunsuz 100 il icarəyə götürdüklərin görə talayıb dağıtdılar, qədim cuhud qəbirstanlığı izini itirmək üçün tamamilə məhv edilib, qədim bazar və digət yerlər də traktorlarla tam dağıdılıb, hazırda da icra başçısı tərəfindən qanunsuz olaraq həmin yerləri satmaq istəyirlər. DƏDRX tərəfindən həmin torpaqların icarəsi ləğv edilməli, əhaliyə təyinatı üzrə örüş yer kimi qaytarılmalıdır. Hal-hazırda da 100 hektardan çox ərazisidə ağaclar-100 illil qoz ağacları kəsilib mebel sexlərinə və xaricə satılıb, meşə ərazisi də kömür üçün satılır, xarabalığa döndərilib, talan olunub, qədim qəbirstanlıqdan çıxarılar sandıqlar və qızıllar naməlum şəxslər tərəfindən aparılıb, dövlətə milyonlarla ziyan vuruub, dəfələrlə ekologiya nazirliyinə müraciət olunsa da onlar tərəfindər yalandan biri-iki dəfə cərimə yazmaqla kifayənləniblər. Bad kəndinin əhalisi susuz qaldıqlarına görə nə torpaqlarından istifadə edə bilir, nə də maldarlıqla məşğul ola bilmirlər, lakin unutmasınlar ki, belə hərəkətləri ilə uca Allaha qarşı çıxmış olurlar. Tarixi həqiqətləri gizlətdiklərinə görə dünya məhz onlara görə beh vəziyyətə salıb, bu ildən başlayaraq əvvəlcə onları sonra bütün bəşəriyyəti məhv edəcək. Onların bu hərəkətləri nəticəsində müştərək qaydada Bad kəndinin əhalisinə 400000 milyon manat məbləğində vurduqları ziyanı ödəməlidirlər. Cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi iddia tələbinə etiraz edərək bildirmişdir ki, ərizədə qeyd edilmiş ərazilərdə əməkdaşlarımız tərəfindən araşdırılma aparılmışdır və ərizədə qeyd edilmiş bütün sahələrin koordinatları çıxarılmışdır. Sözügedən ərazilər Bad çayının soi tərəfində yerləşir və həmin ərazilər Xanagah bələdiyyəsinin sahələridir. Həmçinin bildirilir ki, həmin sahələrin ümumiyyətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə aidiyyəti yoxdur. Qeyd edilənləri nəzərə almağı məhkəmədən xahiş etmişdir. Cavabdehlər Quba Rayon İcra Hakimiyyətinin Şuduq İƏV-nin nümayəndəliyi və Quba rayon Şuduq Bələdiyyəsi iddia tələbinə etriaz edərək bildirmişlər ki, iddiaçının subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutlar mövcud olmalıdır. İddiaçı məhz nümayəndəliyin və bələdiyyənin hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu bildirsə də, belə bir pozuntunun baş verməsi öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən, İddiaçı iddiasının mümkünsüz hesab edilməsi barədə qərar çıxarmağınızı xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3985/2023 nömrəli qərardadı ilə iddia mümükün sayılmamışdır (hakim Ceyhun Məmmədov). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarı hüquq normalarının pozuntusu ilə qəbul olunduğundan görə ləğv olunmalıdır.Belə ki, AR Konstitusiyasının, İPM-nin heç bir maddəsinə əməl olunmamış, xəstəliyilə bağlı məhkəmə iclasının təxirə alınması barədə teleqqram göndərilsə də məhkəmə iclasında qərəzli olaraq qərar şəbul etmişdir. Həmin qərar da yalnız kimlərinsə qiktovkası ilə köhnə qərarları akrarlayaraq sifarişlə yazılmışdır, tərəflərin iştirakı olmadan qərar qəbul dilmişdir, hansı ki, məhkəmə tərəfləri dəvət edərək sübutları araşdırmalı idi. İcra hakimiyyətini və bələdiyyəni isə tərəf kimi qəbul etməmiş, məhkəməyə də dəvət etməmişdir. Məhkəməyə göndərilmiş ərizədə də həmin məktublar əlavə olunduğuna baxmayaraq onlar heç araşdırılmamışdır. Həmçinin qanuna görə qərar qəbul edilərkən tərəflər məhkəməyə dəvət olunur, sübutlar araşdırılır, lazım gələrsə sorğular göndərilərək ekspertiza təyin olunur. Məhkəmə tərəfindən qanunun tələblərini pozmuşdur. Belə ki, məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl edərək qərar qəbul edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 34.2. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 1.1. Həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarının prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının hazırki iş üzrə iddia tələbi “cavabdeh inzibati orqanların hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, icarə müqavilələrinin ləğv edilməsi, bulaqların üzərində qurulmuş bənd və kəmərlərin ləğv edilməsi, ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İndiki halda ilk növbədə qeyd edilməlidir ki, iddiaçı cavabdeh inzibati orqanların hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, icarə müqavilələrinin ləğv edilməsi, bulaqların üzərində qurulmuş bənd və kəmərlərin ləğv edilməsi tələbini irəli sürsə də, cavabdeh inzibati orqanların qanunazidd hərəkətlərinin nədən ibarət olması və bu hərəkətlərin nəticəsində onun hansı hüquqlarının pozulmasına dair heç bir dəlilə istinad etməmiş, habelə onun hüquqlarını pozan hərəkət və hərəkətsizliyinin nədən ibarət olmasını, konkret olaraq hansı icarə müqaviləsinin bağlanması halının və bu halın onun hansı hüquqlarını pozmasına, qurulmuş bənd və kəmərlərin hansı hüquqlarını pozması halına dair heç bir dəlilə istinad etməmiş, həmin halları göstərməmişdir. Bundan əlavə iddiaçı cavabdeh inzibati orqanların hərəkət və hərəkətsizliyi nəticəsidə ona maddi və mənəvi ziyan vurulması halına istinad etsə də, cavabdeh inzibati orqanın hansı hərəkət və ya hərəkətsizliyi nəticəsində ona ziyan vurulması, habelə vurulmuş ziyanla səbəbli əlaqə olması halı, bunun nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən bununla bağlı pretenziya qaydalarına əməl edilməsi halı da müəyyən edilməmişdir. Bununla yanaşı, iddiaçının hansı hüquqlarının məhz cavabdeh inzibati orqanlar tərəfindən pozulması halının, habelə indiki halda cavabdehlərin iddia tələbinə cavab verməli olan subyekt olması halının da müəyyən edilməsi mümkün olmamışdır. Bununla da hazırki iş üzrə iddianın mümkünlüyü baxımından iddiaçının hüququnun pozulmasının (hüquqa müdaxilənin olub-olmaması, hüquqi müdafiəyə ehtiyacın olub-olmaması, hüquqi marağı) nədən ibarət olması halının müəyyən edilməsi mümkün olmamışdır. Halbuki yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən iddianın mümkün sayılması üçün qeyd edilən halların müəyyən edilməsi zəruridir. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım göstərilməsi baxımından qeyd edir ki, hazırki iş üzrə iddiaçının hansı hüquqlarının pozulması və bu pozuntunun məhz cavabdeh inzibati orqanların hansı hərəkətləri nəticəsində baş verməsi, bununla bağlı səbəbli əlaqənin olması halının müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, iddiaçı bununla bağlı heç bir dəlilə istinad etməmiş, nəticə etibarilə həmin hallar iddianın mümkünlüyü baxımından ilkin dəlillər əsasında əsaslandırılmamışdır. Bu baxımından iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı (iddia tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı) inzibati məhkəmə icraatı çərçivəsində hüquqi yardım göstərilməsi də mümkün olmamışdır. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin əsasları ilə bağlı onu qeyd edir ki, iddiaçının istinad etdiyi həmin məktublar iddia tələbinin tələbinin əsası kimi istinad edilən hallar baxımından, habelə iddiaçının hansı hüquqlarının məhz cavabdehlərin hərəkətləri nəticəsində pozulması və onlar arasında səbəbli əlaqənin olması ilə bağlı halları təsdiq etməməklə, bununla bağlı birbaşa sübut qismində çıxış etməmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3985/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar