Məhkəmə qərarları › İş №2-1(105)-860/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-860/2025

02.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-860/2025 02.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: sosial müavinətin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, sosial müavinətin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayənəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qərarın ləğv edilməsi, əvvəlki sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi və ödənilməmiş fərqin ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2217/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx xxxxxx 1962-ci il tarixdə anadan olmuşdur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının xx.xx.1980-xx.xx.1985, xx.xx.1990-xx.xx.1998, xx.xx.2017-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövrlərdə əmək fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı imtina məktubdan görünür ki, mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən xx.xx.2017ci il tarixindən xx.xx.2020-ci il tarixinədək əmək müqaviləniz (işəgötürən: Güan Orchards” MMC) olduğu halda, Qanunun 7.0.2-ci maddəsinin tələbləri pozularaq sizə xx.xx.2019-cu il tarixindən yaşa görə sosial müavinət təyin edilmişdir. Sizə vaxtilə təyin edilmiş sosial müavinətin qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, sosial müavinət hüququnuza yenidən baxılmasına əsas olan yuxanda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixində dəvət məktubu göndərilmiş Z-17-1/2-H-105985/2024 nömrəli məktub) və xx.xx.2024-cü il tarixində saat 17:00-da Bakı səhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) İnzibati binasına (Qəbul şöbəsinə) gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunmuşdur. Yuxarıda qeyd olunan tarixdə siz Fondda qəbulda olmusunuz. Mərkəzi Filialın müvafiq qərarı əsasında sizə təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək sosial müavinət üzrə ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixindən 63 yaş 5 ay müəyyən edildiyindən və beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyinizdən sizə yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı imtina məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - “Fond”) Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli Qərarına əsasən xx.xx.2019- cu il tarixindən xx.xx.2024-cü il tarixinədək yaşa görə sosial müavinət üzrə (FİN xxxxxxx) 9070,32 manat məbləğində vəsaitin artıq ödənildiyi müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, həmin vəsaitin aşağıdakı rekvizitlər üzrə Fondun hesabına geri qaytarmağınız və bu barədə Fondun müvafiq regional filiallarına və ya “DOST” Mərkəzlərinə məlumat verməyiniz xahiş olunur. Diqqətinizə çatdırırıq ki, artıq ödənilmiş vəsaitin geri qaytarılması təmin edilmədiyi təqdirdə tərəfimizdən qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il tarixlərini əhatə edən dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının iddiaçının xeyrinə tam olaraq ödənilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin işçisi olmuş İddiaçı 2020-ci ildə işləməmişdir və əmək haqqı almamışdır. 2020ci ilin yanvar və fevral aylarında ödənilən məbləğlər işçinin son haqq-hesab məzuniyyət qalığıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona təyin olunmuş sosial müavinətin dayandırılması haqqında xx.xx.2024cü il tarixli qərarından şikayət vermə müddətinin bərpa edilməsi və cavabdeh tərəfindən ona təyin olunmuş sosial müavinətin dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və sosial müavinətin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 20 dekabr 2019-cu il tarixdə 57 yaşının tamam olduğu vaxtdan 3 və daha çox uşaq dünyaya gətirib 8 yaşınadək tərbiyə etmiş qadın kimi yaşa görə sosial müavinət təyin edilmiş, lakin 31 may 2024-cü il tarixdən isə təyin edilmiş sosial müavinətin dayandırılması barədə qərar qəbul edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş tələblərinə əsasən 3 və daha çox uşaq dünyaya gətirib 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınların sosial müavinət almaq hüququ olmuşdur. Həmin Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə sosial müavinət almaq hüququ vardır. Ona 57 yaşı tamam olduqdan sonra, yəni xx.xx.2019-cu il tarixdə yuxarıda qeyd etdiyi Qanunun tələbinə əsasən sosial müavinət təyin edildikdən sonra fəhlə işlədiyi "xxxx" MMC-dən işdən çıxmış və həmin vaxtdan etibarən işə getməmişdir. Belə ki, işdən çıxmamışdan əvvəl məzuniyyətə çıxmış, həmçinin işdən çıxma barədə həmin MMC-yə ərizə vermiş, lakin onun əmək müqaviləsi 1 aydan artıq müddət keçdikdən sonra xitam verilmişdir. Halbuki, sosial müavinət təyin olunduqdan sonra işdən çıxmağını işlədiyi yerin müdiriyyətinə bildirmiş və bir daha işə gəlməyəcəyini, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. "xxxx" MMC onun müraciətinə əsasən əmək müqaviləmə tez xitam verməli olduğu halda, vaxtından gec xitam vermişdir. Əmək müqaviləsi xx.xx.2020-ci il tarixdə xitam verilsə də, faktiki olaraq 20 dekabr 2019-cu il tarixdən sonra işə getməmiş, çünki artıq müavinət təyin olunmuşdu. Ona görə də, əmək müqaviləmə xx.xx.2020-ci il tarixdə xitam verilməsi texniki bir səhvdir və həmin texniki səhvə görə təyin olunmuş sosial müavinətin dayandırılmasım əsassız hesab edir. Cavabdeh təşkilat ona təyin olunmuş sosial müavinətin dayandırılmasını “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklər əsaslandırmış, lakin həmin dəyişiklik edilərkən onun artıq işlədiyi MMC-dən çıxmışdı, işləmirdi. Həmçinin, cəmi 1 ay gec əmək müqaviləmə xitam verilməsi əsasına görə ona təyin olunmuş sosial müavinətin dayandırılması ədalət və humanizm prinsipləri nöqteyi nəzərdən də düzgün deyil və bu sosial təminatla bağlı Konstitusiyada təsbit olunmuş hüquqlarını pozur. Eyni zamanda mübahisələndirilən qərar inzibati orqan tərəfindən ona təqdim edilməmiş, məktubla bu barədə bildirilmiş, həmin məktub da ona gec çatdırılmış və ona görə də vaxtında həmin qərarı mübahisələndirə bilməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddəti bərpa edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçının əmək müqaviləsi olduğu halda, xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1,2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı vaxtilə təyin edilmiş sosial müavinətin qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır.Bu səbəbdən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, sosial müavinət hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilinəsi üçün xx.xx.2024-cü il tarixdə dəvət məktubu göndərilmiş (3- 17-1 /2-H-105985/2024 nömrəli məktub) və xx.xx.2024-cü il tarixdə saat 17:00-da Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) İnzibati Binasına (Qəbul şöbəsinə) gəlməyi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməyixahiş olunmuşdur. Yuxarıda qeyd olunan tarixdə iddiaçı A.Hacıyevə Fondda qəbulda olmuşdur. Mərkəzi Filialın müvafiq qərarı əsasında İddiaçı təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmış və xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək sosial müavinət üzrə ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq İmkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Bildiririk ki, qadınların yaşa görə müavinət hüququ xx.xx.2023-cü il tarixdən 63 yaş 6 ay müəyyən edildiyindən və iddiaçı A.Hacıyevə beş və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə etmədiyindən yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2217/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim İmran Burcayev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə tədqiqatı zamanı mövcud əmək kitabçası və digər sənədlərlə müəyyən edildi ki, İddiaçı xx.xx.1980-xx.xx.1985, xx.xx.1990-xx.xx.1998, xx.xx.2017- xx.xx.2020-ci il tarixlərini əhatə edən dövrlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının sonuncu iş yeri olan "xxxx" MMC-də xx.xx.2017-ci il tarixdə çalışmağa başlamış və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2- maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh orqan tərəfindən iddia tələbinə münasibəti nəzərdə tutan sənədi (etiraz) araşdıraraq bu qənaətə gəlinmişdir ki, cavabdeh orqanın imtina səbəbi əsaslıdır və qanunidir. Beləliklə, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin sosial müavinət almaq hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Belə ki, İddiaçı xx.xx.2019-cu il tarixdə “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi” yaşa görə sosial müavinət təyin edilməsi əsassız olmuşdur, çünki xx.xx.2019-cu il tarixdə iddiaçının 57 yaşının tamam olmasına baxmayaraq həmin tarixdə o, yuxarıda qeyd olunmuş əmək kitabçasına əsasən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu hal məhkəmə sorğusu nəticəsində "xxxx" MMC-dən daxil olmuş arayış və Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Bildirişdə də öz əksini tapmaqdadır. Əlavə olaraq qeyd Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 19 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya təyin edilmiş “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi” yaşa görə sosial müavinətin əsasını təşkil edən hal, yəni “3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” müavinət növü qanundan çıxarıldığına görə bu növ üzrə sosial müavinət təyin edilməsi cavabdeh orqanın səlahiyyətləri xaricində olmuşdur. Bundan başqa məhkəmə araşdırmasının nəticəsində İddiaçı 3 və daha çox uşaq doğması halı da öz əksini tapmamışdır. Bununla da, məhkəmə cavabdeh orqan tərəfindən iddia tələbinin təmin edilməməsi üçün irəli sürülmüş halların əsaslı olmasına dair qənaətə gəlmişdir. Qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Lakin bununla yanaşı, qeyd edilməlidir ki, iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi üçün əsasların mövcudluğu iş materialları əsasında öz təsdiqini tapmamışdır. Qərarla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməlidir. Belə ki, Sumqayıt İnzibati Məhkəməsi cavabdeh orqanın barəsində şikayət verdiyi qərarını qanuni hesab edərək qeyd etmişdir ki, cavabdeh tərəfindən ona sosial müavinət təyin olunan zaman "xxxx"də işlədiyindən, həmçinin 3 və daha artıq uşaq doğmağın faktı təsdiq olunmadığından cavabdehin ona təyin olunmuş müavinətin dayandırılması barədə qərarı əsaslı olmuşdur. 2019-cu ilin noyabr-dekabr ayından "xxxx" MMC dən işdən azad olunmağına baxmayaraq bu barədə əmri həmin MMC xx.xx.2020- ci il tarixdə qəbul etmişdir. Lakin, o, 2019-cu ilin noyabr-dekabr ayından nə həmin MMC də işləməmiş, nə də ona əmək haqqı ödənilməmişdir. Lakin, Sumqayıt İnzibati Məhkəməsi həmin halı araşdırmamış, yalnız "Gilan Orchads” MMC-nin təqdim etdiyi əmək müqaviləsi bildirişinə istinad etməklə kifayətlənmişdir. Halbuki, məhkəmə tərəfindən ətraflı araşdırılsa müəyyən olunar ki, 2019-cu ilin noyabr-dekabr ayından etibarən həmin MMC-dən heç bir əmək haqqı almamışdır. Bundan başqa, o, 3 deyil, 4 övlad dünyaya gətirmiş və bu hal müvafiq doğum haqqında şəhadətnamələrlə tam təsdiq olunur. Ona görə məhkəmənin bu barədə mövqeyi tamamilə əsassızdır. Həmçinin, cavabdeh orqan onun 3 və daha artıq övlad dünyaya gətirməyini mübahisələndirməmiş, öz qərarım yalnız onun sosial müavinət təyin olunan zaman qeyd olunan MMC də işləməyinə əsaslandırmışdır. Bu səbəbdən də Sumqayıt İnzibati Məhkəməsi ümumiyyətlə həmin halı araşdırmaqda haqlı olmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli sosial müavinətin dayandırılması barədə qərarın ləğv edilməsi, əvvəlki sosial müavinətin dayandırıldığı vaxtdan-xx.xx.2024-cü il tarixdən bərpa edilməsi, ödənilməmiş fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni nəzərə alaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Sosial müavinətlər haqqında” Qanun: Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: .... 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; .... Maddə 7.0. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: .... 7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda; .... Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: .... 9.1.10. beşdən çox uşağı olan qadınlara müavinət — uşağın 18 yaşı tamam olan ayın sonunadək; ... Maddə 11.1. Müavinətlərin (işsizlik müavinəti istisna olmaqla) ödənişi bu Qanunun 9-cu maddəsində müəyyən edilmiş müddətlər başa çatdıqda, müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və yaxud aşağıdakı hallardan biri baş verdikdə dayandırılır: 11.1.1. dövlət qulluqçularına ömürlük müavinət - dövlət qulluqçusu yenidən dövlət qulluğuna qəbul edildikdə; 11.1.2. yaşa görə müavinət - şəxs əmək fəaliyyətinə başladıqda; 11.1.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə (16 yaşınadək əlil uşaqlar daxil olmaqla) müavinət - şəxs əmək pensiyası hüququ qazandıqda; ..... Maddə 11.2. Müavinət alan şəxs vəfat etdikdə (qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə) və bu Qanunun 11.1.1 - 11.1.6-cı maddələrində göstərilən hallarda, habelə vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin öhdəsində olan uşağı 18 yaşına çatdıqda müavinətlərin ödənişi qanunvericiliyə uyğun olaraq həmin halın yarandığı gündən, digər hallarda isə növbəti ayın 1-dən dayandırılır. “Sosial müavinətlər haqqında” Qanunun xx.xx.2020-ci il tarixinədək qüvvədə olan (“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minmədən öncəki) redaksiyası: Maddə 1.0.2. Əmək qabiliyyəti olmayan şəxslər dedikdə əlillər, o cümlədən 16 yaşınadək əlil uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud uşaqlıqdan əlil övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya uşaqlıqdan əlil övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, yaxud 18 yaşına çatanadək əlil olmuş 18 yaşından yuxarı uşaqları (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) nəzərdə tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Hazırki iş üzrə iddiaçının tələbi sosial müavinətin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, əvvəlki sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi və ödənilməmiş fərqin ödənilməsindən ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində 20 dekabr 2019-cu ildə 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etməsi əsası ilə sosial müavinət təyin etsə də, 2024-cü ildə inzibati icraatı təzələməklə, soial müavinətin düzgün təyin edilməməsi, iddiaçının xx.xx.2017-xx.xx.2020-ci ilədək barəsində aktiv əmək müqaviləsi olduğunun müəyyən edildiyindən, xx.xx.2024-cü il tarixdən sosial müavinəti dayandırdığını, əsassız ödənilmiş vəsaitin olduğunu aşkar etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, 3 və daha çox uşaq doğub səkkiz yaşınadək tərbiyə edən qadın kimi əsası ilə xx.xx.2019-cu ildə ona yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçıya xx.xx.2024-cü il tarixədək həmin müavinət ödənilmişdir. İddiaçının 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etməsi halı işin mübahisəsiz halı kimi çıxış edir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli qərar əsasında iddiaçı barəsində yaşa görə sosial müavinətin təyin edilməsi barədə icraatı təzələyərək, iddiaçının xx.xx.2017-xx.xx.2020-ci il tarixədək əmək müqaviləsi olduğundan, ona yaşa görə sosial müavinətin təyin edilməsi zaman qanunvericiliyin tələbinin pozulduğunu, bu səbəbdən də xx.xx.2024-cü il tarixdə dinlənilməsi üçün dəvət məktubu ünvalmış, xx.xx.2024-cü il tarixdə bu barədə qərar qəbul etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" MMC-yə işə qəbul olunmuş, əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş sistemə xx.xx.2020-ci ildə daxil edilmişdir. İşəgötürən müəssisə tərəfindən verilmiş məlumatdan görünür ki, iddiaçı 2020-ci ildə həmin müəssisədə işləməmiş, əmək haqqı almamış, ödənilən vəsaitlərin son haqq-hesab olduğunu qeyd etmişdir. Kollegiya işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, indiki halda cavabdeh inzibati orqan iddiaçı barəsində yaşa görə sosial müavinətin təyin edilməsi barədə xx.xx.2019-cu il tarixdə qərar qəbul etsə də, daha sonra 5 ildən artıq müddət keçdikdən sonra özünün qəbul etdiyi qərarının düzgünlüyünü şübhə altına alaraq, inzibati icraatı təzələmişdir. İnzibati icraatın təzələməsinə əsas olan kimi iddiaçının həmin vaxtda əmək müqaviləsi olduğundan, əslində sosial müavinət almaq hüququ olmadığı halda, ona düzgün olmayaraq müavinətin təyin edilməsi əsasına istinad etmişdir. Bu əsasla da iddiaçı barəsində 2019-cu ildən təyin edilmiş sosial müavinətin dayandırılması və əsassız ödənişin edilməsi bardə 2024-cü ildə qərar qəbul etmişdir. Kollegiya qeyd edir ki, iddianının əsaslılığının müəyyən edilməsi üçün məhz cavabdehin iddiaçı barəsində etdiyi hərəkətlərinin qanunvericiliyin tələblərinə uyğun olub-olmaması əsasları yoxlanılmalıdır. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmiş müddətlərə aid tələbə riayət etmədiyindən, həmin əsasla iddiaçı barəsində qəbul edilmiş qərar qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. ....Qeyd olunmalıdır ki, şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh prinsipcə, özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Çünki sosial təminat hüququ sahəsindəki qanunvericilik tənzimləmələrinin, eləcə də bu sahədəki idarəçiliyi həyata keçirən orqanların fəaliyyətindəki əsas məqsəd sosial ədalətin təmin edilməsidir. Bu məqsəd göz önünə alındıqda, hətta onların diqqətsizliyi və ya səhlənkarlığı nəticəsində meydana gəlmiş olsa belə, inzibati orqanlar öz səhvlərini düzəltmək imkanına malik olmalıdırlar. Əks halda, bu, sosial təminat fonduna töhfə verən digər şəxslər, xüsusilə qanuni tələblərə cavab verə bilmədiyi üçün pensiya ala bilməyənlər üçün ədalətsiz olardı. Nəhayət, bu, məhdud ictimai resursların qeyri-məqsədəuyğun bölüşdürülməsini təsdiqləmək anlamına gələrdi ki, bu da öz növbəsində ictimai maraqlara zidd olardı. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”. İşin müəyyən edilmiş hallarından görünür ki, indiki halda cavabdehin istinad etdiyi hal (sosial müavinətin təyin edildiyi vaxtda iddiaçının barəsində aktiv əmək müqaviləsinin olması halı, əmək müqvailəsinə xitam verilməsi barədə bildirişin tarixi xx.xx.2020-ci il tarix olmuşdur) iddiaçı barəsində sosial müavinətin təyin edildiyi vaxtda ona məlum olması aşkardır. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən bu halın təyinat tarixində aşkarlığını təkzib edən və ya həmin halın ona müvafiq qərarın qəbul edərkən 1 (bir) il müddətində ona məlum olmasına dair heç bir dəlil təqdim etməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh inzibati orqan həmin qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə də əməl etməmişdir. Yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir”. İndiki halda isə cavabdeh təyinatın düzgün aparılmamasını nə zaman bilməsi və həmin anın ona məlum olması vaxtı barədə, habelə həmin halın təyinat vaxtı aşkarlığını təkzib edən heç bir sübut təqdim etməmişdir. Halbuki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan qanunsuzluğunun müəyyən olunması zamanı, həmin aktın ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. İndiki halda iddiaçıya münaisbətdə “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan halların da mövcudluğu aşkar edilməmişdir. Nəticə etibarilə kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərar inzibati icraat haqqında qanunvericiliyin qeyd edilən tələblərinə uyğun olaraq qəbul edilməmişdir.Bu baxımından kollegiya hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmamışdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, işin halları ətraflı araşdırılmamış, cavabdehin hərəkətlərinin qanuniliyi və əsaslılığı istiqamətində qanunvericiliyin tələbi baxımından düzgün qiymətləndirmə aparılmamış, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul etdiyi yaşa görə sosial müavinətin dayandırılması barədə qərarı və onunla bağlı həyata keçirdiyi hərəkətləri qanunazidd olduğundan, hazırki inzibati iş üzrə iddiaçının şikayətinin dəlilləri əsaslı olmuş, birinci instanisya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2217/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın İddiaçı barəsində qəbul etdiyi 1-İMTK-2024/009298 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdə təyin edilmiş sosial müavinətin dayandırıldığı vaxtdan (xx.xx.2024-cü il tarixdən) bərpa edilməsi və ödənilməmiş fərqin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar