Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-862/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona xx.xx.2019-cu il tarixdə təyin olunmuş əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, əlillik dərəcəsinin bərpa olunması və xx.xx.2023-cü il tarixdən dayandırılmış müavinətin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4705/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2019-cu il tarixdə təyin olunmuş əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, əlillik dərəcəsinin bərpa olunması və xx.xx.2023-cü il tarixdən dayandırılmış müavinətin ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, hələ 9 yaşında ikən, yəni xx.xx.2010-cu il tarixdən ona ikinci dərəcəli əlillik təyin olunmuşdur və bununla əlaqədar ona müavinət ödənilməyə başlanılmışdır. Əlilliyin səbəbi kimi ümumi xəstəlik, diaqnozu orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kəllədaxili travmaların nəticəsi, posttravmatik ensefalopotiya (doğuş zədəsi anamnezində). Xroniki dəmir defisitli anemiya qeyd olunmuşdur. Məlum xəstəliyi səbəbindən yalnız 1-ci sinifi Sumqayıt şəhər 34 nömrəli məktəbdə oxumuşdur. Məktəbdə yanğın törətdiyi üçün (xəstəliyi səbəbi ilə nəyi niyə elədiyini bəzən dərk eləmir) onu məktəbdən çıxartdılar və o, qüsurlu uşarların oxuduğu məktəbdə Sumqayıt şəhər X2 Tipli Gimnaziyada təhsilini davam etdirməli olmuşdur, sonunda da həmin Gimnaziyadan məzun olmuşdur. Bu dövr ərzində də əlilliyinin qiymətləndirilməsi müddəti başa çatanda hər dəfə yenidən yoxlanışdan keçirmişdir və yenidən təyinat aparılırdı. Sonuncu dəfə xx.xx.2019- cu il tarixdə eyni diaqnozla eyni dərəcəli əlillik təyin olunmuşdur. Təzəlikcə ona məlum olmuşdur ki, Agentlik ona təyin olunmuş əlilliyi dayandırmışdır. Hətta sonuncu təyinatla ona ödənilmiş müavinətləri belə geri tələb etmişdir. Bunun səbəbini aydınlaşdıranda cavabdeh vəkilinə ünvanladığı məktubunda qeyd etmişdir ki, təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnozun əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Göründüyü kimi cavabdeh imtinasında onun hazırkı vəziyyətinin əlillik təyini üçün əsas vermədiyini, başqa sözlə sağaldığını qəsd etmişdir. Əslində isə xəstəliyi sağalmamışdır və olduğu kimi qalmışdır. Bu xəstəlik uşaqlıqdan onda vardır. Hazırda da eyni əlamətlər davam edir. O doğularkən doğuş zədəsi - kəllə-beyin travması almışdır, bu səbəbdən də əqli gerilik onu daim müşayiət edir. Bu isə sağalan xəstəlik deyil. Bu səbəbdən də cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində deyilir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda. inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İstinad olunan normadan görünür ki, inzibati orqan inzibati icraat zamanı işin hallarını ətraflı araşdırmalı və təqdim edilən sübutlara bağlı olmamalıdır, zərurət yaranarsa əlavə sübutlar toplamalıdır. Bu səbəbdən məhkəmədən xahiş edir ki, iddiaçının sağlamlıq vəziyyəti yenidən qiymətləndirilsin. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə tibb müəssisəsinin 0773003AAB6P nömrəli göndərişi Tibbi- sosial ekspert komissiyası tərəfindən ilkin olaraq xx.xx.2019-cu İİ tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş **********2 nömrəli məktub əsasında xx.xx.2022-ci il tarixində əyani müayinəyə dəvət olunsa da müayinədə iştirak etməmişdir;- Mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən X4 tibbi-sosial ekspert komissiyasının əlillik təyinatı barədə qüvvədə olan qərarı ləğv edilsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (bundan sonra - Qayda) 3.7-ci bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4705/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 3-17-4/2-Ə-6721/2023 nömrəli, xx.xx.2023-cü il tarixli bildirişdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-73-cü maddələrinə istinad edilərək qərardan 30 gün müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ya məhkəməyə şikayət vermək hüququnun olması göstərilmişdir. Lakin iddiaçı sözügedən qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bundan əlavə iddiaçının nümayəndəsi və vəkili tərəfindən məhkəmə iclasında buraxılmış müddətin bərpasına dair ərizə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilsə də məhkəmə tərəfindən iş materiallarına baxış keçirildikdə buraxılmış müddətin bərpasının qeyri-mümkün olması səbəbilə hesab etmişdir ki, iddia tələbi mümkün hesab edilə bilməz. İddiaçıya əlilliyin bərpası ilə bağlı müraciətinə baxılması üçün ilkin olaraq tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş olmalıdır. Bundan sonra isə iddiaçı cavabdeh inzibati orqanın qərar və hərəkətlərindən narazı qalarsa qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün hesab olunması, hazırki mübahisəyə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 09 iyul 2024-cü il tarixə təyin olunmuş iclasda cavabdeh inzibati orqanın nümayəndəsi məhkəməyə xəbərnamə təqdim edərək, onun əlilliyin ləğvi barədə qərarı mübahisələndirmək hüququnun ötürüldüyünü bildirmişdir. İşə baxan məhkəmə cavabdehin nümayəndəsindən əlilliyin ləğvi barədə qərarın ona göndərilib göndərilmədiyini soruşmuş, cavabdehin nümayəndəsi isə qərarın özünün göndərilmədiyini, sadəcə əlilliyin ləğvi barədə məlumatın verildiyini əks etdirən məktubun təqdim olunduğunu bildirdi. Həmin məktub isə şəxsən ona deyil, anasına təqdim edilmiş, anası isə mahiyyətini dərk etməmiş və bu barədə onu məlumatlandırmamışdır. Bütün hallarda cavabdehin ona təqdim etdiyi inzibati aktın özü deyil, onun barəsində məlumat idi. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İstinad olunan normaya əsasən mübahisələndirmə haqqında iddia qaldırmaq üçün inzibati akt hüquqlarına müdaxilə edilən şəxsin yanında ya elan olunmalı, ya da təqdim olunmalıdır. Hazırda mübahisələndirdiyi inzibati akt isə onun yanında nə elan olunmuş (çünki o əyani müayinəyə cəlb olunmamış və bu hal da cavabdeh tərəfindən təsdiq edilir), nə də rəsmi təqdim olunmuşdur. Cavabdeh sadəcə barəsində çıxarılmış belə bir inzibati aktın mövcudluğu barədə onu məlumatlandırmışdır. Məlumatlandırma isə təqdimetməyə bərabər tutula bilməz. Qanun hüquqi nəticənin yaranması üçün yalnız iki faktı tanıyır: elan olunma və ya təqdimetmə. Əgər bunların heç biri baş verməyibsə, müddətin ötürülməsinə istinad yolverilməzdir. Cavabdeh ona təyin olunmuş əlilliyin ləğvi barədə qərarı rəsmi təqdim etmədiyi üçün nə həmin həmin qərarın dəqiq tarixini, nə də qəbul olunma əsasını hansı səbəbdən əlilliyinin ləğv olunmasından xəbərsiz olmuşdur. Cavabdeh əlilliyin ləğvi barədə qərarı ona ilk dəfə 09 iyul 2024-cü il tarixli keçirilmiş məhkəmə iclasında təqdim etmişdir. Həmin qərarı məhkəmə iclasında diqqətlə oxuya bilməmişdi. Məhkəmə iclasından sonra həmin qərarla tanış olanda məlum oldu ki, əlillik təyin olunmuş 13 nəfər şəxsin əlillik məsələsinə yenidən baxılıb ləğv etmə barədə qərar qəbul olunmuşdur. Ona təqdim olunmuş siyahıda cəmi 5 nəfərin adı qeyd olunub ki, onun adı həmin siyahıda yoxdur. Hətta cavabdeh bu dəfə də məlum inzibati aktı ona natamam formada vermişdir. Bütün hallarda, onun həmin qərarla ilk tanış olduğu 09 iyul 2024-cü il tarixdə olmuşdur. Məhkəmə praktikasında da məhkəmələr analoji mübahisə üzrə, yəni müayinəyə çağırılmış şəxsin müayinədə iştirak etmədən cavabdeh tərəfindən əlilliyin ləğvi barədə qərar qəbul edilsə də, qərarın özü deyil, onun qəbul edilmə vaxtını əks etdirən xəbərnaməli bildirişin ona göndərilməsi halında, işə baxan məhkəmə həmin qərardan şikayət vermə müddətini məlumatlandırıldığı tarixdən deyil, rəsmi əldə edildiyi vaxtdan hesablayaraq müddətin ötürülmədiyini hesab edib iddianı mümkün saymışdır. Barəsində təyin olunmuş əlillik xx.xx.2022-ci il tarixli Qərarla ləğv edilsə də, 2023-cü ilin may ayına kimi müavinətlər ödənilməsinə davam edilmişdir. Bu səbəbdən də ilk vaxtlar heç nədən şübhələnmirdi. İddia ərizəsinə əlavə etdiyi cavabdehin ondan artıq ödənilmiş vəsaitin geri qaytarılması barədə tələbinə dair 12 mart 2024-cü il tarixli məktubu buna əyani sübutdur. Həmin bildirişdə xx.xx.2019cu il tarixindən xx.xx.2023-ci il tarixədək olan dövr üzrə ödənilmiş vəsait tələb olunmuşdur. Elə cavabdehin özü də həmin qərarı qəbul etməsi barədə məlumatı 2023-cü ilin aprel ayında göndərmişdir. Bütün bu qeyd olunanlara baxmayaraq işə baxan məhkəmə isə cavabdehin mövqeyi ilə razılaşmış, yəni onun müddəti ötürdüyünü zənn etmiş, ən yaxşısı iddia ərizəsini geri götürməyini, yenidən cavabdehə müraciət etməyini, imtina aldığı təqdirdə əlilliyin təyin olunması məzmununda iddia qaldıra biləcəyini, bütün bunları düşünmək üçün ona 2 gün müddət təyin etdiyini bildirdi. 11 iyul 2024-cü il tarixli keçirilmiş məhkəmə iclasında işə baxan məhkəmə nümayəndəsi ilə işin vəziyyətini mükazirə etmədən, hazırkı iş üzrə nə kimi qərara gəldiyini araşdırmadan, onlara köməklik etmək istədiyini bildirmiş, hüquqi yardım edərək tələbin dəqiqləşməsi və müddətin bərpası barədə ərizə yazılmasını xahiş etmişdir.Əslində mövqeylərini dəyişib fərqli məzmunda hərəkət etmək istəsək də, məhkəmə onlarla müzakirə etmədən, son olaraq nə qərara gəldiyini araşdırmadan birbaşa bu həll yolunu təklif etmiş, onlar isə inzibati məhkəməyə etimad edərək, onun diqtə etdiyi məzmunda ərizələr yazdılar. Onların inzibati məhkəməyə bu etimadı qanuna əsaslanırdı. Əgər iddia bütün hallarda mümkün sayılmayacaqdısa, hüquqi yardım nə üçün edilirdi və həqiqətdə iradəni əks etdirməyən ərizələrin yazılmasına nə lüzum vardı, anlamış deyil. Bu cür tendensiyanın formalaşması vətəndaşların inzibati məhkəməyə olan etimadının itirilməsinə səbəb olacaq. Artıq şəxsən inzibati məhkəmələrə inamı ciddi şəkildə zədələndi. Hətta iddia çox absurd olmuş olsaydı və nə qədər yardım olunsa da, baxılması mümkünsüz olmuş olsaydı belə, iddia ərizəsini geri götürmək kimi də bir hüququ var idi və bu barədə dinlənilmək, fikrinin öyrənilməsi hüququ var idi. Belə bir çıxış yolu təklif olunmadan məhkəmənin belə məzmunda qərar qəbul etməsi təəssüfvericidir. Bundan əlavə ümumiyyətlə tərəfimdən müddət buraxılmamışdır. Çünki əhalinin sosial təbəqəsinin həssas üzvü, diaqnozu orta dərəcəli əqli gerilikdir. Ona təyin olunmuş əlillik isə müddətsiz idi. O təyinat müddətsiz olduğu üçün ləğv edilmə ehtimalını düşünməmişdi. Həmçinin tez tez qıcolmalarım tutur və özümdə olmur. Həmin ərəfədə cavabdeh dəfələrlə bu tipli bildirişlər göndərirdi. Sonuncu bildirişi qəbul edən anası, bunun da əvvəlki qəbildən olan bildiriş olduğunu zənn etmiş və bu barədə onu məlumatlandırmamışdır. Cavabdeh ona bildiriş əvəzinə qərarı göndərməliydi. Çünki bildirişdən deyil, qərardan şikayət verəcəkdi. Cavabdeh onu əyani müayinə etmədən əlilliyini ləğv etmişdir. Əgər əyani müayinə olunsa ilkin diaqnozu təsdiqlənəcək, çünki xəstəliyi sağalan xəstəlik deyil. Cavabdeh barəsində çıxarılmış əlilliyin təyini barədə qanuni qərarını ləğv etməyi azmış kimi, həmin qərarı ona göndərməmişdir. Cavabdeh öz vəzifəsinə axıra kimi əməl etməmişdir. Onun səhlənkarlığı onun məsuliyyətinə səbəb olmamalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin yeni məzmunda, yəni əlilliyin bərpasını deyil, əlilliyin təyini ilə bağlı olmasını təklif edir. Əvvəla həmin ərəfədə tələbini dəyişməyi istisna olunmurdu, çünki n onsuzda məhkəmənin təklif etdiyi məzmunda tələbin dəqiqləşməsi barədə ərizə yazmışdı. Bundan əlavə, tələbini dəyişməyi, iddianın növünün dəyişilməsinə səbəb olmadığı üçün iddianı mümkünsüz saymağa da gərək yox idi. Onsuzda indiki tələblə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət edərək müayinə etməsini xahiş etdi, lakin ona əsassız imtina verildi. Tələbi dəyişib əlilliyin təyini ilə bağlı olsa və iddia təmin olunsa, yəni əlillik təyin olunsa, bu yenə də uşaqlığından yaranan xəstəliyin nəticəsində təsdiqini tapacaq. Başqa sözlə, yeni təyinat yeni yaranmış xəstəliyə görə deyil, ilkin təyinatın verilməsinə əsas olmuş xəstəliyə görə təsdiqlənəcək. Əgər onda uşaqlıqdan yaranan bu xəstəlik hazırda da əlillik təyinatına əsas verirsə, deməli, cavabdehin barəsində çıxarılmış xx.xx.2022-ci il tarixli əlilliyin ləğvi barədə qərarı qanunsuz olmuşdur. Əgər o qərar qanunsuz idisə, deməli əlilliyinin ləğv edilərək müavinətin dayandırıldığı tarixdən bərpa olunması tələbində də haqlı sayıla bilər. O əmək qabiliyyətsiz olduğu üçün işləmir və həmin müavinətlər gündəlik xərclərinin ödənilməsində mühüm rol oynayır. Lakin əlilliyin bərpasını deyil, təyini ilə bağlı müraciət etsə, əlilliyin ləğvi barədə qərardan 6 ay keçdiyi üçün, haqqı çatan o müavinətləri almaq hüququnu da itirmiş olacaqdır. Məsələyə formal yanaşıb onun bunlardan məhrum etmək ona qarşı ədalətsizlik olardı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4705/2024 nömrəli qərardadından verilmiş apellyasiya şikayətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 48.1. İnzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 48.2. Qanunla müəyyən olunmuş müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Maddə 48.3. Müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar inzibati orqan tərəfindən təyin edilir. Maddə 48.4. İnzibati orqan tərəfindən təyin edilmiş müddətin axımı həmin orqanın maraqlı şəxsi bu barədə məlumatlandırdığı andan və yaxud Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallarda müvafiq məlumatın rəsmi elan olunduğu andan başlanır..... Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi xx.xx.2019-cu il tarixdə təyin olunmuş əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, əlillik dərəcəsinin bərpa olunması və xx.xx.2023-cü il tarixdən dayandırılmış müavinətin ödənilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mümkün sayılmaması qərara alınmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin qeyd olunan əsaslarla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Başqa sözlə, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin, iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Yuxarıda istinad olunan normalarının tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddianın növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırki mübahisə üzrə iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati prosessual qanunvericiliyin tələbinə əsasən iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun barəsində qəbul edilmiş inzibati aktı ona təqdim olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək hüququna malik olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində əlilliyin ləğv edilməsinə dair xx.xx.2022-ci il tarixdə qərar qəbul edilmişdir. Həmin qərar cavabdeh tərəfindən rəsmi qaydada iddiaçıya təqdim edilməmişdir. Cavabdeh inzibati orqanın təqdim etdiyi xəbarnamənin isə məhz həmin qərarın təqdim edilməsi ilə bağlı olması halı müəyyən edilməmişdir. Belə ki, cavabdehin təqdim etdiyi məlumatlardan görünür ki, cavabdeh tərəfindən iddiaçıya müayinədə iştirak barədə xx.xx.2024-cü il tarixli bildiriş ünvanlanmış, həmin bildirişin məzmununda iddiaçının əyani müayinəyə cəlb edilməsi və gəlməməsinin nəticələri izah edilmiş, habelə qeyd kimi qərarın mətni ilə müvafiq portalda olan şəxsi kabinet vasitəsilə tanış ola bilməsi əks olunmuşdur. Həmçinin, qeyd edilməlidir ki, xəbərnamənin məzmununda olan tarix xx.xx.2023,xx.xx.2023-cü il tarixlərə aid olmuş, iddiaçı barəsində qəbul edilmiş müvafiq qərar isə xx.xx.2023-cü il tarixli olmuşdur, bu hal isə həmin xəbərnamənin məhz müvafiq bildiirşin göndərilməsinə aid olmasını deməyə əsas verir. İndiki halda isə cavabdeh inzibati orqan tərəfindən həmin halı təkzib edən heç bir sübut təqdim edilməmişdir. Nəticə etibarilə iş materialları əsasında müvafiq inzibati aktın iddiaçıya təqdim edilməsi halı müəyyən edilməsi mümkün olmamışdır. Yuxarıda istinad edilən prosessual qanunvericilik normalarının təhlilindən görünür ki, qanunla müəyyən edilmiş prosessual müddətin axımı məhz iddiaçı tərəfindən həmin qərarın ona təqdim edildiyi andan başlayır. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçıya məhz əlilliyin təyin edilməsinə görə pensiya ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun 12 mart 2024-cü il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçıya artıq öədnilmiş pul vəsaitinin geri qaytarılması barədə məlumat verilmişdir. Qeyd edilən hallar özlüyündə iddiaçının hüququnun pozulması barədə məhz 2024-cü il tarixdən məlumat əldə etməsi halını müəyyən etməyə imkan verir. İddiaçının müraciətinə dair cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli imtina məktubu ünvanlanmış, iddiaçı tərəfindən isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə müraciət etmişdir. Göründüyü kimi indiki halda iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsi halının müəyyən edilməsi mümkün olmamışdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, müvafiq inzibati aktın iddiaçıya təqdim edilməməsi halı, habelə iddiaçıya münasibətdə qanunla müəyyən edilmiş prosessual müddətin axımının hansı vaxtdan başlanmasının işin halları baxımından araşdırılmamış, bununla da iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə iddianın mümkünlük şərtlərinin yoxlanılması mərhələsində zəruri olan bütün halları araşdırmamış, iddianın mümkünlük şərtlərinə təsir edən hallar diqqətdən kənarda qalmışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı apellyasiya şikayətinin məzmununda iddianın mümkün hesab edilməsinə dair tələbi də qeyd etmişdir. İndiki halda iddianın mümkünlük şərtləri məhkəmə icraatının bütün mərhələlərində yoxlanılmalı olduğundan, şikayət həmin hissədə təmin edilməməlidir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Nəticə hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-4705/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “ona xx.xx.2019-cu il tarixdə təyin olunmuş əlilliyin ləğv edilməsi barədə qərarın ləğv edilməsi, əlillik dərəcəsinin bərpa olunması və xx.xx.2023-cü il tarixdən dayandırılmış müavinətin ödənilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-862/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-862/2024
20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver