Məhkəmə qərarları › İş №2-1(105)-862/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-862/2025

25.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-862/2025 25.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi olan dövrün sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablaması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-984/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi olan dövrün sığorta stajına daxil edilməklə pensiyanın yenidən hesablaması vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, xx.xx.1980-ci il tarixində Cəbrayıl rayonu, Dəmşəlaq kəndində biologiya müəllimi kimi fəaliyyətə başlamış, xx.xx.1987-ci il tarixə kimi həmin məktəbdə işləmişdir. xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixə kimi Cəbrayıl rayonu, Aşağı Sink kənd 8 illik orta məktəbində, xx.xx.1987-ci il tarxidən xx.xx.2002-ci il tarixə kimi Cəbrayıl rayonu, 10 saylı orta məktəbində və xx.xx.2002-ci il tarixdən hazırkı dövrədək isə Cəbrayıl rayonu 2 saylı orta məktəbdə təşkilatı işlər üzrə direktor müavini işləmişdir. 1993cü il tarixdə rayon Erməni işğalçıları tərəfindən işğal olunandan sonra əvvəl Biləsuvar rayonunda, sonra isə Abşeron rayonunda məskunlaşmışdır. Ona 65 yaşı tamam olduğu üçün avtomatlaşdırılmış qaydada 406,70 manat əmək pensiyası təyin edilmiş, sonradan təkrarən pensiyanın məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 410.37 manat məbləğində pensiya təyin edilmişdir. Lakin pensiyanın yenidən hesablanması belə onu qane etmir. Çünki pensiya təyin edilərkən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün sosial sığrta stajına daxil edilməklə yenidən pensiyanın hesablanmasını xahiş etmiş, lakin müraciətindən imtina edərək həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinin mümkünsüz olduğunu bildirmişlər. Onun həmin illərdə işləməyini təsdiq edən əmək kitabçası vardır və bunu sənədlə də işlədiyi illər tam sübut olunur. Əmək kitabçası 2003-cü ildə yazılması hansısa akt əsasında yazılmış və şahidlər təsdiq etmişlər. Yəni hazırda bütün bunlarla bağlı onun heç bir təqsiri yoxdur. Rayon işğal olunandan sonra əmək kitabçasının yazılması qanunsuz sayıla bilməz. Onun stajı nəzərə alınmalı və pensiyası yenidən hesablanmalıdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdən avtomatlaşdırılmış qaydada 406.70 manat məbləğində pensiya təyinatı aparılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə pensiya təyin edilərkən sistem tərəfindən xx.xx.2006-cı il tarixədək 25 il, xx.xx.2006-cı il tarixdən sonra isə 17 il 06 ay sosial sığorta stajı nəzərə alınaraq hesablanmışdır. Həmçinin, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 35945,70 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanaraq xx.xx.2023-cü il tarixdən 410,37 manat müəyyən edilmişdir. Hazırda İddiaçı pensiya məbləği 456.38 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının doldurulma qaydası pozulduğu üçün (əmək kitabçası xx.xx.2003-cü il tarixdə açılmasına baxmayaraq işə daxiloma tarixi xx.xx.1980-ci il qeyd edilib) xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçı tərəfindən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədlər (əməkhaqqı cədvəlləri və əmr kitablarından çıxarışı) təqdim edildiyi təqdirdə həmin dövrlərin sosial sığorta stajına daxil edilməsinə və buna uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasına qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Beləliklə, avtomatlaşdırılmış təyinat zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək olan iş stajı qanunvericiliyə uyğun şəkildə 25 il kimi hesablanmışdır. xx.xx.2006-cı il tarixədək olan iş stajı müddəti 25 ildən artıq olduğu halda, iddiaçı həmin stajı təsdiq edən əlavə sənədlərlə (əmək kitabçası, diplom, hərbi bilet) inzibati orqana müraciət edərək təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş edə bilər. İnzibati orqan tərəfindən ərizəçiyə imtina cavabı verildiyi halda, həmin münasibətlər artıq inzibati məhkəmənin yurisdiksiyasına aid olacaqdır. Yuxarıda qeyd edilən səbəblərdən həmin illərin İddiaçı sosial sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-984/2025 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı təhsil müəssisələrində işlədiyi xx.xx.1993-cü il tarixdən (rayonun işğal edildiyi) xx.xx.2006-cı ilə qədər olan dövrləri sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən etibarən yenidən hesablanmasını və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir (hakim Rahim Həsənov). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətlərinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, Cəbrayıl rayonu, işğal olunduqdan sonra Cəbrayıl rayonuna aid müxtəlif məktəblərdə əmək fəliyyəti ilə məşğul olmuşdur. Həmin məktəblərdə əmək haqqı ödənilərkən Cəbrayıl rayonunda, yəni işğaldan əvvəlki dövrdə olan əmək stajı nəzərə alınırdı. Belə ki, staja uyğun olaraq dərəcə pulu və əmək stajının müddəti nəzərə alınırdı. Ümumiyyətlə dərəcənin olması da elə əmək stajının müddəti ilə bağlıdır. Bütün bunlar ona əmək haqqı ödənilərkən nəzərə alınmışdır. Bu özü özlüyündə sübut edir ki, işğaldan əvvəl onun hansı müddətdə əmək stajı olmuşdur. Məhkəmə bunu nəzərə almamışdır. Onun xx.xx.1980-ci il tarixdən xx.xx.1993-cü il tarixədək iş stajını nəzərə almamaqla məhkəmə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə Cəbrayıl rayon Təhsil sektorundan ona hansı əsaslı və hansı əmək stajının qeyd edilməsi barədə məlumatı əldə edərək tədqiq etməli idi. Həmin vaxtı onun işğaldan əvvəlki əmək stajının olduğu müəyyən olunardı. Ümumiyyətlə məhkəmə işi düzgün araşdırmamışdır. Belə ki, əmək kitabçasında onun 1980-ci il tarixdən Cəbrayıl rayonunda olan əmək stajı qeyd edilmişdir. Əmək kitabçasında olan qeydi məhkəmə etibarsız saya bilməzdi. Həmin əmək kitabçası onun iş yerində tərəfindən doldurulmuşdur. Həmin qeydlər onun iş stajını tam təsdiq edirdi. Uzun müddət Cəbrayıl rayonunda müxtəlif məktəblərdə fəaliyyət göstərdiyi işin mübahisəsiz halıdır. Bunu Cəbrayıl rayonu, Təhsil sektorunda işləyən şəxslər də məlumatlıdırlar. Lakin iş materialları ilə əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilmir, cavabdeh tərəfindən də bu halı təsdiq edə bilən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ümumiyyətlə iddia bu sübutlarla qismən təmin edilə bilməzdi. Məhkəmə bu sübutlar əsasında iddianı təmin etməli idi. İnzibati məhkəmə hüquqi yardım göstərmək vəzifəsini yaddan çıxarmışdır. Sənədləri tam tələb edərək tədqiq etməmişdir. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli 3-17-1/2-M- 18114/2024 nömrəli məktubda əmək kitabçasının doldurulması qaydalarının pozulması səbəbindən xx.xx.1980-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrlərin sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Daha sonra Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarına əsasən iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 17 il 1 ay 24 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmiş, yaşa görə pensiya məbləği yenidən hesablanaraq 501,01 manatdan 520,24 manata çatdırılmışdır. İddia predmetinin digər hissəsini təşkil edən dövrlərlə (1980-1993) bağlı bildirilir ki, iş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsi Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi X3 Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli 3-29-33/2-262/202 nömrəli məktubunda Cəbrayıl rayonunun 23 avqust 1993-cü ildə işğal edildiyindən arxiv sənədlərinin həmin ərazidə qaldığı və 1993-cü ildən əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin mümkün olmadığı, bu səbəbdən Cəbrayıl rayonu Aşağı Sirik kənd sakini xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-xx.xx.2006-cı illərdə Dəmşalaq kənd orta məktəbi və Aşağı Sirik 8 illik məktəbində müəllim işləməsinə dair yalnız 1993-cü ildən sonrakı dövrə aid məlumatların təqdim edilməsinin mümkün olduğu bildirilmişdir. Həmçinin həmin məktubda işğaldan əvvəlki dövrlərə aid hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə qərarının əsaslandırma hissəsində qeyd edilmişdir ki, sözügedən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması, əməkhaqqları barədə məlumatların olmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi İddiaçı sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirilir ki, əmək kitabçasında xx.xx.1980xx.xx.1997-ci il tarixinədək olan dövrlərin qeyd edilməsinə əsas olan sənədlər (əmr və s.) aşkar edilməmişdir. Başqa sözlə, əmək kitabçası işə daxilolma və işdən azad edilmə barədə qeydləri aparmağa əsas olan sənədlər mövcud olmadan doldurulmuşdur. Digər tərəfdən əmək kitabçasının dublikat olması qeyd edilmədən doldurulma tarixi 2003-cü il olduğu halda, ilk qeyd 1980-ci il tarixində yazılmışdır. Həmçinin bildirilir ki, sözügedən dövrlərlə bağlı iddiaçı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi ilə rayon (şəhər) məhkəməsinə müraciət etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, nəzərə almaq lazımdır ki, məhkəmə hüquq əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin araşdırılması üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu halda, bunu etməmiş, göstərilən məsələlərə münasibət bildirmədən əsassız olaraq yekun nəticəyə gəlmişdir. Bundan başqa hesab edilir ki, məhkəmə cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Göstərilənlərdən məlum olur ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. İş üzrə zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətləndirilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından birinci instansiyası məhkəməsi yuxarıda qeyd edilən məsələlərə düzgün hüquqi qiymət verməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, cavabdeh tərəfindən qeyd olunan halları nəzərə almamışdır. b) Apellyasiya şikayətlərinə dair etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) .... Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət… ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; .... Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

“İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Belə ki, hazırkı mübahisənin predmetini xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi olan dövrün sığorta stajına daxil edilməklə iddiaçının pensiyasının yenidən hesablamasından cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı pensiyanın yenidən hesablanaraq ödənilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək İddiaçı təhsil müəssisələrində işlədiyi xx.xx.1993-cü il tarixdən (rayonun işğal edildiyi) xx.xx.2006cı ilə qədər olan dövrləri sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən etibarən yenidən hesablanmasını və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilən əmək kitabçasından əlavə X3 Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və Cəbrayıl rayon Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli arxiv çıxarışı əsasən iddiaçının 1993-2006-cı il tarixlərdə təhsil müəssisələrində müəllim kimi işlədiyi öz təsdiqini tapmışdır. İddiaçının 1993-cü ildən əvvəlki illərdə işləməsinə dair etibarlı sübut təqdim edilmədiyindən məhkəmə həmin dövrlərin onun iş stajına daxil edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Bu səbəbdən iddia tələbi qismən təmin edilərək, iddiaçının 1993-cü ildən xx.xx.2006-cı ilər arasında iş stajını onun sosial stajına daxil edərək, pensiyasının yenidən hesablanmasını cavabdehə həvalə etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 22 dekabr 2023-cü il tarixində 406,70 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Eləcə də “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 23 aprel 2025-ci il tarixli, 3-17-1/1-M-141091/2024 nömrəli qərardan görünür ki, iddiaçıya 22 dekabr 2023-cü il tarixdə təyin edilmiş pensiyanın hazırki məbləği 501,01 manat, yenidən hesablanmış pensiya məbləği isə 520,24 manat olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı işin mübahisəli halını iddiaçının 1980- 2006-cı illərdə işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməməsi təşkil etmişdir. Lakin elə məhkəmə icraatı zamanı təqdim edilmiş 24 aprel 2025-ci il tarixli, 3-17-1/3-1- 36298/2025 nömrəli xidməti məktubdan görünür ki, İddiaçı təqdim etdiyi 019679 nömrəli diplomun surətində qeyd olunan məlumata əsasən xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək təhsil illəri, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi X3 Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-29-33/2-262/2025 nömrəli məktubuna əlavə edilmiş çıxarışlara əsasən xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 17 il, 1 ay, 24 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Eyni zamanda bildirilmişdir ki, iddiaçının yaşa görə pensiya məbləği yenidən hesablanaraq Mərkəzi Filialın xx.xx.2025-ci il tarixli qərarı ilə 501,01 manatdan 520,24 manata çatdırılmışdır. (iş materialları, səh. 127). Göründüyü kimi elə birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş xidməti məktuba əsasən iddiaçının xx.xx.1993-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrlərin inzibati orqan tərəfindən nəzərə alınması və pensiya məbləğinin yenidən hesablanması aydın olur. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi işin artıq mübahisə təşkil etməyən halı ilə bağlı yekun nəticəyə gələrək, xx.xx.1993-cü il tarixdən (rayonun işğal edildiyi) xx.xx.2006-cı ilə qədər olan dövrləri sosial sığorta stajı kimi nəzərə alaraq yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən etibarən yenidən hesablanmalı və ödənilməmiş məbləğin ödənilməli olması qənaətinə gəlmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisə təşkil etməyən və ən əsası cavabdeh inzibati orqan tərəfindən artıq nəzərə alınmaqla yenidən hesablama aparılmış dövrlərin nəzərə alınması barədə yalnış nəticəyə gəlmişdir. Əlavə olaraq iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilmiş və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya instansiyasında icraat zamanı İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbi nəzərə alınmaqla iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq “xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinə qədər olan dövrü sosial sığorta stajına daxil edərək xx.xx.2023-cü il tarixindən pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, hazırki iş üzrə iddiaçının hüquqi marağı xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinə qədər olan dövrü sosial sığorta stajına daxil edərək xx.xx.2023-cü il tarixindən pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş məbləğin ödənilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqanın dəlilləri ondan ibarətdir ki, əmək kitabçasında xx.xx.1980xx.xx.1997-ci il tarixinədək olan dövrlərin qeyd edilməsinə əsas olan sənədlər aşkar edilməmişdir. Başqa sözlə, əmək kitabçası işə daxilolma və işdən azad edilmə barədə qeydləri aparmağa əsas olan sənədlər mövcud olmadan doldurulmuşdur. Digər tərəfdən əmək kitabçasının dublikat olması qeyd edilmədən doldurulma tarixi 2003-cü il olduğu halda, ilk qeyd 1980-ci il tarixində yazılmışdır. Beləliklə də, mübahisəli dövrlər iddiaçıya əmək pensiyası təyin edilərkən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası inzibati orqanın dəlillərini əsassız hesab etməklə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.2ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İş materiallarına əlavə olunmuş 25 sentyabr 2024-cü il tarixli aktda qeyd edilir ki, Cəbrayıl rayon Sirik kənd sakini İddiaçı 1980-ci ildən rayonun erməni-rus işğalına məruz qaldığı günədək (23 avqust 1993-cü il) aktı tərtib edən şəxslərlə eyni kollektivdə biologiya və kimya müəllimi işləmişdir. İş materiallarından görünür ki, iddiaçının əmək kitabçasında mübahisəli dövrlərə dair qeydlər mövcuddur, eyni zamanda onun həmin dövrlərdə işləməsi barədə onunla eyni kollektivdə çalışan şəxslər tərəfindən akt tərtib olunmuşdur. Belə ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının iş fəaliyyətini təsdiq edən ******* nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən istinad olunan əmək kitabçasının işə daxilolma və işdən azad edilmə barədə qeydləri aparmağa əsas olan sənədlər mövcud olmadan doldurulması, əmək kitabçasının dublikat olması qeyd edilmədən doldurulma tarixinin 2003-cü il olduğu halda, ilk qeydin 1980-ci il tarixində yazılması iddiaçı ilə çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Göründüyü kimi iddiaçıya münasibətdə cavabdehin mübahisələndirdiyi dövrlər barədə qeydlər əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə həmin sənədlərdə əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının qeyd olunan dövrlərdə iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan xüsusatları nəzərə almamış və iş üzrə yalnış nəticəyə gəlmişdir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının apellyasiya şikayəti iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsi ilə yanaşı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən - birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin olunmalıdır. Eləcə də cavabdeh inzibati orqanın apellyasiya şikayəti iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi ilə yanaşı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyindən apellyasiya şikayəti qismən - birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin olunmalıdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki iddiaçının və cavabdeh inzibati orqanın apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, dəqiqləşdirilmiş iddia ərizəsi nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-984/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. xx.xx.1980-ci il tarixindən xx.xx.1993-cü il tarixinə qədər olan dövrün İddiaçı sosial sığorta stajına daxil edilərək xx.xx.2023-cü il tarixindən pensiya məbləğinin yenidən hesablanması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar