Məhkəmə qərarları › İş №2-1(105)-863/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-863/2024

20.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-863/2024 20.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(118)-1278/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı 06 sentyabr 2004-cü il tarixdə ərizə ilə Sumqayıt şəhər bələdiyyəsinə müraciət edərək uzun müddətdir (20 il) onun istifadəsində olan Sarıqaya bağları ərazisində 1661 nömrəli bağ sahəsi ilə qonşuluqda yerləşən 0,12 ha bağ sahəsinin ona satılmasını xahiş etmişdir. Müraciəti ilə əlaqədar Sumqayıt şəhər bələdiyyə şurasının 17 sentyabr 2004-cü il tarixli, 131 nömrəli qərarı ilə İddiaçı Sarıqaya bağları ərazisində istifadə etdiyi 0,12 ha torpaq sahəsinin ona ayrılması qərara alınmışdır. 17 sentyabr 2004-cü il tarixdə ayrılmış torpaq sahəsinə dair Sumqayıt şəhər bələdiyyəsinin baş memarı tərəfindən torpaq sahəsinin cizgisi tərtib edilmişdir. İddiaçı 08 fevral 2022-ci il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1661 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması xahiş etmişdir. İnzibati orqan 03 mart 2023-cü il tarixli, 3-21-3-31/2-M-0016-8/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi bələdiyyə tərəfindən xx.xx.2004-ü il tarixli 131 saylı qərarla ayrılsa da, "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş "Torpaqların alqı-satqısı Qaydaları’’ nın müddəalarına zidd olaraq torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilməmiş, müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmamış, torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib edilməmiş, torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənəd ərizəyə əlavə edilməmişdir. Eyni zamanda, idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarına əsasən, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə qonşu olan torpaq sahəsi 1661 saylı bağ sahəsi kimi **********33 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır, həmçinin qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsi Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman 0,0147 ha zəbt torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 1986-cı ildən etibarən faktiki istifadəsində olan Sumqayıt bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli,131 nömrəli qərarı ilə adına rəsmiləşdirilmiş Sumqayıt şəhərinin "Sarı- qaya" bağları massivində yerləşən sahəsi 0,12 ha olan bağ torpaq sahəsinin 2004-cü ilin 17 sentyabr tarixində qüvvədə olmuş normativ aktların tələblərinə uyğun olaraq hər 100 kvadrat metr torpaq sahəsinə görə 180 (bir yüz səksən) manat, ümumilikdə, 2180 (iki min bir yüz səksən) manat alqı-satqı məbləği tərəfindən bələdiyyəyə yenidən ödənilməklə həmin bağ torpaq sahəsinin alqı-satqı müqaviləsinin (aktının) bağlanılması öhdəliyi cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli,131 nömrəli qərarı ilə Sumqayıt şəhərinin “Sarı-qaya” bağları massivində yerləşən faktiki istifadəsində olan 0,12 ha bağ torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Onun tərəfindən bələdiyyənin hesabına torpaq sahəsinin müqabilində 2004-cü ilin ortalarında həmin dövrdəki məzənnə ilə ******* (üç milyon) manat məbləğində pul ödənilmiş və bununla bağlı ona kassa mədaxil orderinin qəbzi verilmişdir. Lakin, o, həmin qəbzi itirmişdir. Qəbin alınması ilə bağlı Sumqayıt bələdiyyəsinə müraciət etmiş, lakin, ona bildirilmişdir ki, bələdiyyə ilə AR Dövlət Arxivinin Sumqayıt filialı arasında bağlanmış “Elmiəməli əhəmiyyətini itirmiş sənədlərin məhv edilməsinə dair” 30 may 2012-ci il tarixli akta əsasən Sumqayıt bələdiyyəsində saxlanılan arxiv sənədləri, o cümlədən, 2000-ci ildən etibarən bələdiyyəyə edilmiş ödənişlərlə bağlı tərtib olunmuş kassa mədaxil orderinin qəbzləri yandırılaraq məhv edildiyi üçün qəbzin təqdim edilməsi mümkün deyildir. Qeyd edir ki, bələdiyyə qərarı ilə torpaq sahəsi ona ayrılan tarixdən bugünədək həmin torpaq sahəsi onun istifadəsində və sahibliyibdədir, həmin torpaq sahəsinə görə o, mütəmadi olaraq bələdiyyəyə torpaq vergisi ödəyir. Daha sonra iddiaçı məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Sumqayıt bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 131 nömrəli qərarı ilə onun mülkiyyətinə verilmiş sahəsi 0,12 ha olan bağ torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmiş və bununla bağlı tələbini onunla əsaslandırmışdır ki, torpaq üzərində mülkiyyət hüququna dair çıxarışın alınması üçün ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqan tərəfindən onun torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası tamamilə əsassız olmaqla, onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Belə ki, torpq sahəsinin Sumqayıt bələdiyyəsinin hüdudları daxilində yerləşdiyi qonşu torpaq sahələrinə dair cavabdeh tərəfindən verilmiş çıxarışlarla öz təsdiqini tapmışdır. Bundan əlavə, onun tərəfindən torpaq sahəsinin alışına görə bələdiyyənin hesabına ******* manat məbləğində pulun ödənilməsi onunla bələdiyyə arasında alqı-satqı münasibətlərinin yarandığını ehtiva edir. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(118)-4875/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirildirilməsi barədə ərizə məhkəmə icraatına qəbul edilmiş və cavabdeh Sumqayıt bələdiyyəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(118)-1278/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, Sumqayıt bələdiyyəsinin 17 sentyabr 2004-cü il tarixli, 131 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş sahəsi 0,12 ha olan bağ torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının və torpaq sahəsinin planı və ölçüsünün hazırlanaraq verilməsi öhdəliyi cavabdehin qoyulmuşdur (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə alqı-satqı aktının mövcudluğunu ehtiva edir. Həmin alqı-satqı aktının tərtib edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. Bundan əlavə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadədə olan torpaq sahəsi ilə sənəd üzrə, yəni Sumqayıt şəhər bələdiyyəsinin 131 saylı, 17 sentyabr 2004-cü il tarixli qərarı ilə ona ayrılmış torpaq sahəsi arasında ölçü fərqi vardır, lakin iddiaçı onun faktiki istifadəsində olan və ona bələdiyyənin qərarı ilə ayrılmış 0,12 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması niyyətindədir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış əlavə olaraq qeyd etmidir ki, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçı tərəf apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamə: 1.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra — Xidmət) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra — dövlət reyestri) tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. 2.0. Xidmətin fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin edir; 2.0.2. daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır; (-) Azərbaycan Respublikası iqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsi” 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. DƏDKR-in fəaliyyət istiqamətləri 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək; (-) “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanun. Bu Qanun Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin hüquqi əsaslarını müəyyən edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-) “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini Sarıqaya bağları ərazisində 1661 nömrəli bağ sahəsi ilə qonşuluqda yerləşən 0,12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından cavabdehin imtinası təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən dəlil mahiyyətcə iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Bununla belə, kollegiya apellyasiya şikayətinin aşağıdakıları dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir: 1) Torpaq sahəsinin alqı-satqısına dair aktın tərtib edilməməsi, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması, torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənədin ərizəyə əlavə edilməməsi; 2) Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilməməsi; 3) Daşınmaz əmlaka müayinə baxışı keçirilən zaman 0,0147 ha zəbt torpaq sahəsinin olduğunun müəyyən olunması; 4) Elektron kadastr baza məlumatlarına əsasən, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə qonşu olan torpaq sahəsinin 1661 saylı bağ sahəsi kimi **********33 reyestr nömrəsi ilə qeydiyyata alınması və iddia olunan torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşməsi. Şikayətin birinci dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin alqı-satqısına dair aktının tərtib edilməməsi və müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin alınmaması özü-özlüyündə torpaq sahəsi üzərində hüququn qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Belə ki, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Şərh edilən mövqeyi hazırkı işin hallarına tətbiq edən məhkəmə kollegiyası qeyd edir ki, torpağın ayrılmasına dair yekun qərar (inzibati akt) qüvvədə olduğu halda, torpaq sahəsinin ayrılması ilə bağlı həyata keçirilən inzibati icraatın gedişində alqı-satqı aktının bağlanmaması özü-özlüyündə ayrılmış torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasında imtinanın müstəqil əsasını təşkil edə bilməz. Bu halda, reyestrdə qeydiyyatı aparmaqdan imtina edən inzibati orqan həmin aktın torpaq sahəsi ayrılan vaxta alınmamasının torpaq sahəsinin ayırılması ilə bağlı yekun qərarın qəbul edilməsinə hansı qaydada təsir edə biləcəyini və ya etdiyini konkret işin faktiki və hüquqi hallarına istinadla əsaslandırmalı, eləcə də bu halın hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Belə imtinada, həmçinin mütləq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin və ya bir neçəsinin mövcudluğuna istinad olunmalıdır. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən belə bir əsaslandırma aparılmamışdır. Şikayətin torpağın dəyərinin bələdiyyənin hesabına ödənilməsi barədə sənədin ərizəyə əlavə edilməməsinə dair dəlilini də əsassız hesab edən kollegiya bildirir ki, vəkil sorğusuna cavab olaraq Sumqayıt bələdiyyəsi 07 dekabr 2023-cü il tarixli məktubunda qeyd etmişdir ki, Sarıqaya bağları ərazisində 1661 nömrəli bağ sahəsi ilə qonşuluqda yerləşən 1200 kv.m. torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi barədə Sumqayıt şəhər bələdiyyə şurasının 17 sentyabr 2004-cü il tarixli, 131 nömrəli qərarının qəbul edilməsi həmin torpaq sahəsinin alqı-satqı məbləğinin onun tərəfindən bələdiyyəyə ödənildiyini ehtiva etməyə əsas verir. Lakin, bələdiyyə ilə AR Dövlət Arxivinin Sumqayıt filialı arasında bağlanmış “Elmi-əməli əhəmiyyətini itirmiş sənədlərin məhv edilməsinə dair” 30 may 2012-ci il tarixli akta əsasən Sumqayıt bələdiyyəsində saxlanılan arxiv sənədləri, o cümlədən, 2000-ci ildən etibarən bələdiyyəyə edilmiş ödənişlərlə bağlı tərtib olunmuş kassa mədaxil orderinin qəbzləri yandırılaraq məhv edildiyi üçün qəbzin təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi Sumqayıt bələdiyyəsi yuxarıda qeyd olunan məktubu ilə 17 sentyabr 2004-cü il tarixli, 131 nömrəli qərarı əsasında iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrıldığını və onun tərəfindən torpaq sahəsinin dəyərinin bələdiyyənin hesabına ödənildiyini təsdiq etmişdir. Nəzərə almaq lazımdır ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə – Sumqayıt şəhər bələdiyyə şurasının 17 sentyabr 2004-cü il tarixli, 131 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Sumqayıt bələdiyyəsinin həmin qərarının hər hansı subyekt tərəfindən mübahisələndirildiyi iş materialları ilə təsdiq olunmur. Eyni zamanda, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Başqa sözlə, həmin qərar qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan, hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Bu mənada, məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənəd əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. Şikayətin 3-cü dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işdə olan cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 27 fevral 2023-cü il tarixli müayinə aktından görünür ki, torpaq sahəsində inventarlaşdırma işləri aparılmış və müayinə nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki isə 0,1347 ha təşkil edir, 147,0 kv.m. zəbt torpaq sahəsi mövcuddur, sahədə yaşayış evi mövcuddur, yerüstü kommunikasiya xətləri keçir. Hazırda iddiaçının faktiki istifadəsində 0,1347 ha torpaq sahəsi olsa da, o, hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha torpaq sahəsi üzərində hüququnun qeydə alınmasına dair məhkəmədə iddia qaldırmış və birinci instansiya məhkəməsi də haqlı olaraq onun bu həcmdə iddiasını təmin etmişdir. Şikayətin sonuncu elektron kadastr baza məlumatlarına əsasən, qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinə qonşu olan torpaq sahəsinin 1661 nömrəli bağ sahəsi kimi **********33 reyestr nömrəsi ilə qeydiyyata alınması və iddia olunan torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin hüdudlarından kənarda yerləşməsinə dair dəlilinə münasibətdə isə kollegiya bildirir ki, bu məqamda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatların aparılmasına əsas olmuş sənədlərdən görünür ki, həmin qeydiyyatlar müxtəlif hüquqmüəyyənedici sənədlər – “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi” barədə müqavilə, eləcə də, Sumqayıt şəhər bələdiyyəsinin müvafiq qərarı (1661 nömrəli torpaq sahəsi) əsasında aparılmışdır. Belə olan halda, kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahəsi üzərində məhz Sumqayıt bələdiyyəsinin qərarı əsasında vətəndaşın mülkiyyət hüququ cavabdeh tərəfindən reyestrdə qeydə alındığından hazırda iddia olunan torpaq sahəsinin həmin bələdiyyənin ərazisindən kənarda yerləşməsinə dair dəlili əsassızdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışlar verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn “İnzibati icraat haqqında” Qanunun 13cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(118)-1278/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar