Məhkəmə qərarları › İş №2-1(105)-864/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-864/2025

29.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-864/2025 29.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi, alqısatqıdan əldə edilən 7000 manat məbləğ nəzərə alınmaqla ünvanlı sosial yardımın məbləğinin müəyyən edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli 2-1(118)-1498/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları İş materiallarından görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixdə Nümayəndə1ağa oğlu ilə rəsmi nikaha daxil olmuş və onların xx.xx.2011-ci il, xx.xx.2013-cü il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il və xx.xx.2023-cü il təvəllüdlü 5 övladı vardır. İddiaçıya xx.xx.2023-cü il tarixdə ünvanlı sosial yardım təyin edilmiş və cəmi 2 ay ər üçün ödənilmişdir. xx.xx.2024-cü il tarixdən cavabdeh ünvanlı sosial yardımın ödənilməsini dayandırmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlanmış 30 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, ona ödənilən ünvanlı dövlət sosial yardım (“Ünvanlı dövlət sosial yardım haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə) dayandırılmışdır. İddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 1748,7 manat məbləğində artıq vəsait ödənilmişdir. Həmin məbləğin 10 iş günü müddətində Fondun hesabına geri bərpa olunması tələb olnumuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə ilkin olaraq müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının üzərinə ona çoxuşaqlı ana kimi verilən xx.xx.2024-cü il tarixdən pozulmuş sosial müavinət hüququnun bərpa edilməsi, onun üzərinə qoyulmuş 1748.70 manat məbləğ ödənişinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən saxlanılmış 2 (iki) aylıq sosial müavinətinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əahlinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci ildə Nümayəndə1ağa oğlu ilə rəsmi nikaha daxil olmuş, onların birgə nikahdan 5 uşaqları vardır. İddiaçı çoxuşaqlı ana kimi 2022-ci ildə Sosial Müdafiə Fondu tərəfindən qeydiyyata alınmışdır. Çoxuşaqlı ailə kimi xx.xx.2023-cü il tarixdə Sosial Müdafiə Fondu tərəfindən ona aylıq 874.35 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Belə ki, o, heç bir yerdə işləmir, həyat yoldaşı Nümayəndə1ağa oğlu "xxxx" MMC-də kargüzar vəzifəsində işləyir, aylıq əmək haqqısı 345 manatdır. Lakin “Ünvanlı dövlət sosial yardım haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən VEMTAS tərəfindən 1 il müddətinə onlara verilən sosial yardım müavinəti məhdudlaşdırılmışdır. Onlara xəbərdarlıq edilərək bildirilmişdir ki, “ünvanlı dövlət sosial yardımını “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə dayandırılmışdır. xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək ümumilikdə 1748,7 (min yeddi yüz qırx səkkiz manat 70 qəpik) manat məbləğində artıq vəsait ödənilmişdir. Həmin məbləğin 10 iş günü müddətində Fondun hesabına geri bərpa olunması tələb olunur”. Bildirir ki, səbəb isə həyat yoldaşı Nümayəndə1ağa oğlunun işlədiyi "xxxx" MMC-də əmək haqqı səhvən portalda 345 manat deyil, 84 manat kimi göstərilməsidir. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə **********925 nömrəli ərizəylə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, xx.xx.2023-cü il tarixdən iddiaçıya ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımın ödənilməsi dayandırılmışdır. “..... Eyni zamanda həmin Qaydaların 4.2-ci bəndində qeyd olunur ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. İş materiallarından İddiaçı xx.xx.2023-cü il tarixli müraciətinə əsasən qeyd etməyi zəruri hesab edirik ki, iddiaçının əri Nümayəndə1 aylıq gəlirinin VEMTAS tərəfindən müvafiq qurumların Altsisteminin yoxlamaları nəticəsində 345 manat deyil, 86,25 manat olduğu aşkar edilmişdir. İddiaçı iddia ərizəsində bu halı texniki səhv adlandırmış, eyni zamanda sosial yardımın dayandırılmasına əsas vermədiyini bildirmişdir. Sistem iddiaçının qeyri-qanuni gəlirini deyil də, rəsmi Altsistem məlumatlarını əsas götürməklə sosial yardımın məbləğini və ailənin aztəminatlı ailə kimi hesab olunubolunmadığını müəyyən etmişdir. Əlavə olaraq bildirir ki, iddiaçı iddia ərizəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maddi- X5 üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubuna istinad edərək 1748,70 manat məbləğin ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin sözügedən hissəsinə münasibətdə bildirir ki, inzibati orqan iddiaçının artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bu hal Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. Bu münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bildirir ki, sözügedən məbləğlə bağlı hal-hazırk tarixədək iddiaçının digər gəlirlərindən tutulma aparılmamışdır. Bu da sözügedən halın mübahisələndirilməsinə heç bir əsasın olmadığının göstəricisidir. xx.xx.2023-cü il tarixdə X1 nəticəsində aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Ünvan doğrudur. Təmsilçinin anası əmək pensiyası alır. Həyat yoldaşı 2023-cü ilin iyun ayından rəsmi çalışır. Bu müddətə qədər qeyri-rəsmi olaraq hər ay 300 manat məbləğində gəlir əldə edib. Əlavə və kənar yardım olmadığını bildirdi.” “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu 10.2-ci maddəsinə əsasən, sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir.. Ona görə də İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı müraciət hüququ xx.xx.2025-ci il tarixə qədər məhdudlaşdırılmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-1498/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh təşkilat tərəfindən ailəyə ünvanlı dövlət sosial yardım təyin edərkən, əməkadşaları tərəfindən tərtib edilmiş aktda qeyd edilən onun ərinin qeyri-rəsmi gəliri əsas gətirərək müvafiq yardımı təyin etmişdir. Cavabdeh təşkilat inzibati orqan olaraq araşdırma səlahiyyəti olmasına baxmayaraq, Nümayəndə1 aldığı rəsmi əmək haqqı məbləğini müəyyən etməmiş, şifahi ifadə əsasında onun əmək haqqısını 300 manat kimi rəsmiləşdirərək, ailəyə sosial yardım təyin etmişdir. Halbuki, geniş səlahiyyətləri olmuş, Nümayəndə1 işlədiyi müəssisədən onun hansı məbləğdə əmək haqqı aldığını qısa müddət ərizədə araşdıra bilərdi, ancaq müvafiq inzibati icraatı etməyərək, ailəyə yardım təyin etmişdir. Cavabdehin yanaşmasına görə qanunsuz təyin edilən yardımın vətəndaşdan geri qaytarılması anlaşılan deyildir. Yəni vətəndaşın səhvi ucbatından olmamış hərəkətlər nəticəsində ondan həmin məbləğin geri qaytarılması ədalətli hesab etmək olmaz. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, aylıq gəlirlərində mövcud ziddiyyətlərə aydınlıq gətirilməsi məqsədilə tərəflərindən Nümayəndə1 işlədiyi "xxxx" MMC-yə sorğu ünvanlanmışdır (halhazıradək sorğu cavablandırılmamışdır). Lakin birinci instansiya məhkəməsi mövcud uyğunsuzluq bağlı lazımi araşdırma aparmamış, ziddiyyətli məqamı aradan qaldıra biləcək sorğular göndərməmiş, yalnız formal mülahizələr əsasında qərar qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırılan digər vacib məqam ondan ibarətdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/1-40768/2024 nömrəli cavab məktubuna əsasən İddiaçı həyat yoldaşı - Nümayəndə1 mülkiyyətində olan “Naz LF7162C 620” **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında satışının həyata keçirildiyi müəyyən edilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmənin nəzərinə çatdırılır ki: - ailəyə məxsus nəqliyyat vasitəsinin satışı xx.xx.2023-cü il tarixdə həyata keçirilmiş; - xx.xx.2023-cü il tarixində İddiaçı ailəni təmsil edən şəxs kimi sosial yardımın təyin edilməsi məqsədilə VEMTAS-a müraciət etmiş lakin baş vermiş alqı-satqı barədə məlumatı “ailənin gəlirləri” bölməsində əks etdirməmiş; - xx.xx.2023-cü il tarixdən sözügedən yardımın təyin edilərək ödənilməsi başlamış; - xx.xx.2024-cü il tarixdə cavabdeh Nazirliyə ailəyə məxsus nəqliyyat vasitəsinin satışı məlum olmuş; - xx.xx.2024-cü il tarixdən isə İddiaçı təyin olunmuş sosial yardımın ödənilməsi dayandırılmışdır. Nəticədə, iddiaçıya xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək (02 ay üzrə) ödənilmiş 1748,70 manat məbləğində pul vəsaitinin sosial yardım almaq hüququ olmadığı halda ödənildiyi məlum olmuşdur. Bununla bağlı bildirilir ki, ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. Ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. Həmçinin gəlirin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”-nın (bundan sonra - Qaydalar) 4.2-ci bəndində qeyd olunur ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Belə ki, ailə üzvünün aldığı cari transfertlərə bütün növ pensiyalar, sosial müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla), təqaüdlər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla), qrantlar, kompensasiya xarakterli ödənişlər, aliment, sığorta ödənişi, həmçinin natural formada alınan sosial transfertlər aiddir. Əlavə olaraq bildirilir ki, iddiaçı iddia ərizəsində Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X1 üzr Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubuna istinad edərək 1748,70 manat məbləğin ləğv edilməsini xahiş etmişdir. İddia tələbinin sözügedən hissəsinə münasibətdə bildirilir ki, inzibati orqan iddiaçının artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bu hal Nazirliyinin büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir. Bu münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Bildirilir ki, sözügedən məbləğlə bağlı hal-hazırki tarixədək iddiaçının digər gəlirlərindən tutulma aparılmamışdır. Bu da sözügedən halın mübahisələndirilməsinə heç bir əsasın olmadığının göstəricisidir. “Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddi- X5nin və sosial yardım təyinatından sonrakı monitorinqlərin aparılmasına dair” Təlimatda qeyd olunur ki, müvafiq tapşırıq daxil olduğu halda Müayinə Qaydalar ilə müəyyən edilmiş müraciətlərin Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanl yardım” altsistemi (bundan sonra - VEMTAS) tərəfindən araşdırılma müddəti ərzində həyata keçirilir. Bölmənin və ya Mərkəzin müvafiq vəzifəl şəxsinə VEMTAS tərəfindən Müayinənin həyata keçirilməsi ilə bağlı tapşırıq verildikdə, həmin tapşırıq daxil olduğu iş günü ərzində əməkdaşlar; yönləndirilir. Əməkdaşlar birbaşa rəhbərləri ilə müayinənin vaxtını razılaşdırır və “Ərizə-bəyannamə”də qeyd olunan faktiki yaşayış ünvanına səfər edir. Əməkdaş mənzilə dəvət edildikdən sonra mənzildə olan şəxslərlə tanış olur və onların ailə ilə qohumluğunu və ya bağlılığını müəyyən edir. Əməkdaş Müayinə və Monitorinq keçiriləcək mənzilə daxil olmazdan əvvəl audio-videofoto çəkiliş aparmağa imkan verən texniki vasitəni işlək vəziyyətə gətirir. Video-foto çəkiliş zamanı yaşayış ünvanının yerləşmə yeri ətraflı göstərilməli, ünvana daxil olduqda evin (mənzilin) bütün otaqları, həyətyanı sahələr (əgər varsa) fasiləsiz şəkildə çəkilməlidir. Müayinə və Monitorinqin müddəti orta hesabla 20 dəqiqədən artıq olmamalıdır. Qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixdə X1 nəticəsində aşağıdakı məzmunda müayinə aktı tərtib edilmişdir: “Ünvan doğrudur. Təmsilçinin anası əmək pensiyası alır. Həyat yoldaşı 2023-cü ilin iyun ayından rəsmi çalışır. Bü müddətə qədər qeyri-rəsmi olaraq hər ay 300 manat məbləğində gəlir əldə edib. Əlavə və kənar yardım olmadığını bildirdi.” “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə əsasən, sosial yardım təyin edildikdər sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Sözügedən Qanunun 10.4-cü maddəsinə əsasən, ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Bildirilir ki, sözügedən maddələrin tələbləri nəzərə alınmaqla İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ila bağlı müraciət hüququ xx.xx.2025-ci il tarixə qədər məhdudlaşdırılmışdır. Beləliklə, yuxarıda qeyd olunanların qarşılıqlı təhlilindən belə bir nəticəyə gəlmək mümkündür ki: - İddiaçı sosial yardımın təyin edilməsi məqsədilə VEMTAS-a müraciəti zamanı “ailənin gəlirləri” bölməsində müraciət etdiyi ayın əvvəlində həyata keçirilmiş avtomobil satışı barədə məlumatı gizlətmiş; - ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi nəticəsində iddiaçı ailəsinə 2 ay ərzində (1748,70 manat məbləğində) qanunazidd şəkildə sosial yardımın təyin edilməsinə nail olmuşdur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. İddiaçı apellyasiya şikayətində göstərilən nəqliyyat vasitəsi ilə bağlı dəlillə bağlı izah etdi ki, cavabdeh orqanın istinad etdiyi nəqliyyat vasitəsi həyat yoldaşı tərəfindən atasına, yəni iddiaçının qaynatasına bağışlanmış və faktiki olaraq gəlir əldə edilməmişdir, bu səbəbdən həmin əqd ailənin gəlirləri kimi göstərilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.5. aztəminatlı ailə - orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; Maddə 1.0.6. ünvanlı dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə müvafiq icra hakimiyyəti orqanı (“müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir) tərəfindən təyin olunur. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. Maddə 10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. Maddə 10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallarbarədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” Bənd 1.2. Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1. ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2. əmək qabiliyyətli olan ailə üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi; 1.2.3. ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4. ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5. ailə üzvünün vəfat etməsi; 1.2.6. ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7. ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8. ailə üzvünün olduğu yerin məlum olmaması. Bənd 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Bənd 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X4 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Bənd 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Bənd 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. Bənd 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Bənd 3.8. VEMTAS tərəfindən sosial yardımın təyin olunması barədə qərar (5 nömrəli əlavə) çıxarıldığı hallarda sosial yardımın məbləği və təyin edilmə müddəti, təyin olunmasından imtina edilməsi barədə qərar (6 nömrəli əlavə) çıxarıldığı hallarda isə imtinanın səbəbləri göstərilməklə qərarın çıxarıldığı gün Təmsilçinin “Ərizəbəyannamə”də qeyd etdiyi əks əlaqə vasitələrinin birinə məlumat göndərilir. Bənd 4.3. Aşağıdakı məlumatlar istisna olmaqla sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir: 4.3.1. Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və sosial müavinətlərin, həmçinin vahid aylıq müavinətin məbləğinin artırılması barədə məlumatlar; 4.3.2. əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması və əmək pensiyalarının indeksləşdirilməsi barədə məlumatlar; 4.3.3. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar; 4.3.4. əmək müqaviləsi barədə məlumatlar; 4.3.5. sahibkarlıq fəaliyyəti, o cümlədən sadələşdirilmiş vergi ödəyicisi olması barədə məlumatlar; 4.3.6. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatlar. Bənd 4.4. Bu Qaydaların 4.3-cü bəndində göstərilən sosial yardımın dayandırılmasına və məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallardan biri baş verdikdə (4.3.1-4.3.3-cü yarımbəndlərdə qeyd olunan məlumatlar istisna olmaqla) VEMTAS tərəfindən sosial yardımın verilməsi dayandırılır və ailənin sosial yardım almaq hüququna 15 (on beş) iş günü müddətində yenidən baxılır. Bənd 4.6. Bu Qaydaların 4.4-cü və 4.5-ci bəndlərində göstərilən hal baş verdikdə sosial yardımın verilməsi dəyişikliyin baş verdiyi aydan sonrakı ayın 1-dən dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia tələbi qismən təmin edilməlidir. Hazırkı iş üzrə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvanlı sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi, alqı-satqıdan əldə edilən 7000 (yeddi min) manat məbləğ nəzərə alınmaqla ünvanlı sosial yardımın məbləğinin müəyyən edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının dövlət sosial yardımını ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbilə dayandırmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixindən etibarən ünvanlı dövlət sosial yardımı təyin edilərək ödənilmişdir. Sonradan isə Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının qərarı ilə iddiaçının ailəsinə həmin tarixdən təyin olunmuş ünvanlı dövlət sosial yardımının ödənişi dayandırılmışdır. Yardımın dayandırılmasına əsas kimi iddiaçı tərəfindən ailə üzvlərinin əmək haqqı məbləğinin düzgün göstərilməməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın bu istiqamətdə qəbul etdiyi qərar və həyata keçirdiyi hərəkətlər qanunsuzdur. Belə ki, cavabdeh özü də ünvanlı dövlət sosial yardımını təyin edərkən, iddiaçının ərinin əmək haqqına aid məlumatın portaldan götürüldüyünü bildirir. Əvvəla, həmin portala məlumatın yerləşdirilməsi iddiaçının və ya ərinin məsuliyyət sferasına aid məsələ deyildir. Cavabdeh inzibati orqan kimi müvafiq araşdırma aparmaq səlahiyyətinə malik olduğu halda, Nümayəndə1 rəsmi əmək haqqı məbləğini müəyyən etməmiş, yalnız şifahi izahata əsaslanaraq onun gəlirini 300 manat məbləğində rəsmiləşdirmiş və bu əsasla ailəyə sosial yardım təyin etmişdir. Sonradan isə həmin qeyridəqiq və araşdırılmamış məlumatlar əsas götürülərək yardımın dayandırılması barədə qərar qəbul edilmişdir. Daha sonra cavabdeh apellyasiya şikayətində əlavə olaraq iddiaçının ərinin mülkiyyətində olan avtomobilin ünvanlı sosial yardıın alınması üçün müraciətdən 1 ay əvvəl satıldığını, lakin bu barədə müraciətin “ailənin gəlirləri” bölməsində göstərilmədiyini və nəticə etibarı ilə müraciətin düzgün dəyərlindirilməməsini qeyd etmişdir. Bununla bağlı müvafiq sorğu verilmiş və müəyyən edilmişdir ki, iddiaçının ərinin mülkiyyətində olmuş NAZ LF7162C 620 markalı 01CC350 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə 7000 manata Əliyev Soltan-Əhməd Məmməd-Mirzə oğluna satmışdır. Tərəflər arasında bağışlama müqaviləsi deyil, məhz alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzərdə tutulmuşdur. Lakin hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Mövcud qanunvericliyin qeyd olunan normaları istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan tərəfindən maraqlı şəxsə məlumat verilməsini, habelə işin müəyyən edilmiş faktiki halları və bununla əlaqədar müvafiq tədbirlər haqqında maraqlı şəxsin mülahizələrinin dinlənilməsini tələb etsə də, hazırkı cavabdeh inzibati orqan tərəfindən ünvanlı dövlət sosial yardımın dayandırılması ilə bağlı aparılan inzibati icraatda bu tələblərə riayət edilməmiş və bununla da «İnzibati icraat haqqında» Qanunun yuxarıda qeyd olunan müddəalarının tələbləri pozulmuşdur. Nəzərə alınmalıdır ki, qanunun tələbinə görə maraqlı şəxsin inzibati icraat barədə məlumatlandırılması və onun mülahizələrinin dinlənilməsi bu halda mütləq xarakter daşıyır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Cavabdeh orqan ünvanlı dövlət sosial yardım ilə bağlı məsələləri tənzimləyən normaları, eləcə də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməli idi. Lakin cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlar (***) sırasına aid edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)- 2666/2023 saylı qərarında qeyd edilmişdir ki, “... 29. Kollegiya qeyd edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (ərinin əmək haqqı barədə məlumat - ailənin gəlirləri barədə məlumatın və ərinin əmək pensiyaçısı olması barədə məlumatın təsdiq edilməməsi) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. İşin hallarından da göründüyü kimi iddiaçının ərinin əmək haqqındakı fərq və onun əmək pensiyaçısı olmaması son nəticədə yalnız təyin ediləcək ünvanlı sosial yardımın məbləğinin müəyyənləşdirilməsində əhəmiyyət kəsb edə bilərdi, lakin həmin hallar bütövlükdə iddiaçıya “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun tələblərinə uyğun olaraq sosial yardımın təyin olunmasından ümumiyyətlə imtina edilməsinə əsas hesab edilə bilməzdi.

30. Həmçinin qeyd edilməlidir ki, qanunvericiliyə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Bu baxımdan, birinci instansiya məhkəməsinin cavabdeh orqanın hərəkətlərinin qanunsuzluğu barədə mövqeyi əsaslı hesab edilsə də, iddiaçının tələblərinin tam təmin edilməsi üçün kifayət qədər hüquqi əsaslar mövcud deyildir. Belə ki, ailənin nəqliyyat vasitəsi satıb 7000 manat gəlir etməsi hər halda onun ünvanlı sosial yardım almaq hüququnu məhdudlaşdırmadığından cavabdeh həmin məbləğ də nəzər alınmaqla ünvanlı sosial yardımın məbləğində dəyişiklik etmək səlahiyyətinə malik olmuşdur. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli və iş üzrə düzgün hüquqi nəticəyə nail olmaq üçün məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh orqan ünvanlı sosial yardımın bərpa edilməsi, alqı-satqıdan əldə edilən 7000 manat məbləğ də nəzərə alınmaqla ünvanlı sosial yardımın məbləğinin müəyyən edilməsi və yaranmış fərqin ödənilməsi barədə iddiaçının müraciətinə yenidən baxmalı və bu zaman qanunla nəzərdə tutulmuş bütün araşdırma tədbirlərini həyata keçirməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia tələbi qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 iyul 2025-ci il tarixli, 2-1(118)-1498/2025 nömrəli qərarı dəyişdirilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın dayandırıldığı tarixdən bərpa edilməsi, alqısatqıdan əldə edilən 7000 (yeddi min) manat məbləğ nəzərə alınmaqla ünvanlı sosial yardımın məbləğinin müəyyən edilməsi və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə müraciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar